Bilik var adamı kor edər, bilik də var kora şəfa verər

Əbu Bəkr Mühəmməd ibn Zəkəriyya ər-Razi (865-925) orta əsrlərin ən məşhur müsəlman təbib və filosoflarından sayılır. O, ilk dəfə heyvan bağırsağından cərrahi əməliyyatlar zamanı tikiş ipi kimi istifadə etmiş, gözdə katarakta əməliyyatının təsvirini vermiş, civə məlhəmi ilə müalicə üsulunu təklif etmişdir.

O, sidik kisəsi üzərində cərrahiyyə əməliyyatı aparır, sidik kisəsindəki daşları çıxarırdı. Razini spirtin və kükürd turşusunun ixtiraçısı sayırlar. Onun 20 cildlik “Əl-Havi” kitabını orta əsrlərdə Avropada ən yaxşı tibbi vəsait kimi qəbul edirdilər. “Əl-Havi” 1394-cü ildə Parisdəki tibb institutunun kitabxanasında mövcud olan 9 əsas kitabdan biri idi. Razi ilk dəfə çiçək və qızılca xəstəliklərini bir-birindən fərqləndirmiş və hər ikisinin ayrılıqda təsvirini vermişdir. Onun bu mövzuda yazdığı kitab 1498-1866-cı illər arasında Avropada ingilis dilində 40 dəfə nəşr edilmişdi.

Zəkəriyya Razinin tibb elminə gəlişinin maraqlı bir tarixçəsi var. Deyirlər ki, o, cavanlığında tibb, fəlsəfə kimi elmlərə az diqqət yetirir, əlkimya ilə maraqlanırmış. Əlkimya – müxtəlif kimyəvi maddələrin bir-birinə çevrilməsindən, xüsusilə də ucuz metallatdan qızıl və gümüşün alınmasından bəhs edir. Ümumiyyətlə, bu elmin həqiqi olub-olmaması barədə birmənalı fikir yoxdur. Əksər alimlər əlkimyanı fırıldaqçılıq sayırlar. Amma bəzi dini mətnlərdə müqəddəs şəxslərin bu elmi bildikləri və öz yaxın səhabələrinə öyrətdikləri xəbər verilir.

Razi əlkimya ilə ciddi maraqlanırdı, hətta bu barədə kitab da yazmışdı. Həmin kitabı Samanilər dövlətinin başçısı Məlik Mənsura hədiyyə edir. Mənsur çoxlu var-dövlət qazanacağını göz önünə gətirib sevinir, müəllifə min dinar mükafat verir, həm də ona tapşırır ki, tezliklə işə başlayıb qızıl hazırlasın. Razi deyir: “Bu iş asanlıqla baş tutan deyil. Əlkimyanın qanunları əsasında qızıl hazırlamaq üçün xeyli nadir vəsaitlər, maddə və bitkilər əldə etmək lazımdır”. Məlik Mənsur onun istədiyi hər şeyi tapıb gətirəcəyinə söz verir, bunun üçün xeyli pul da ayırır. Razi işə başlayır, amma nə qədər çalışırsa, kitabda yazdığı üsullarla qızıl əldə edə bilmir.

Məlik Mənsur qəzəblənib deyir: “Mən inanmazdım ki, alim yalandan kitab yazar. Sən öz yazdığını həyata keçirə bilmədin. Məlum oldu ki, yazdıqların yalan imiş. Üstəlik, bu məlumatları kitab şəklinə salıb mənə təqdim etmisən. Gələcək nəsillər bu kitabı oxuyub çaşqınlığa düşəcəklər”. Hökmdar əmr verir ki, kitabı cırılıb dağılana kimi Razinin başına vursunlar. Əlkimya haqqında olan kitabı müəllifin başına o qədər vururlar ki, axırda zərbələrdən gözləri zəifləyir. Razinin gözlərinə su gəlir, kor olmaq dərəcəsinə çatır. Onu təbibin yanına aparırlar. Təbib Razidən 50 dinar alır və müalicə edib gözlərini sağaldır, sonra deyir: “Əsil elm budur, sənin öyrəndiklərin deyil”. Razi anlayır ki, indiyə kimi məşğul olduğu elmin heç bir faydası yox imiş; əksinə, bu məşğuliyyət axırda onun başına bəla açdı. Amma onu müalicə edən təbib doğru və faydalı elmi oxuduğu üçün həm xəstələrə şəfa verir, həm də özünə çörək pulu qazanır. Sağalandan sonra Razi ciddi-cəhdlə tibb elmini öyrənməyə başlayır, axırda məşhur təbib kimi ad-san qazanır.

(Rəvəzatül-cənnat, səh. 101, Həkim Razinin tərcümeyi-halı).

islam.az

Yerləşdirilib:11 Oktyabr, 2013, Baxılıb:4002, Çap
 

Son şərhlər : 3
Müəllif: MeLeK | 12 Oktyabr, 2013  02:37
# Ответить
+5


]]>]]>

Maraqli idi. Allah razi olsun. Cox sag olun.
Müəllif: bimar | 25 Noyabr, 2013  22:44
# Ответить
+1


]]>]]>

Allah sizdən razı olsun, qardaş.
Müəllif: bimar | 25 Noyabr, 2013  22:44
# Ответить
+1


]]>]]>

Allah sizdən razı olsun, qardaş.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com