Haqq yolun axtarışında

Dini ədəbiyyatda Allah-təalanın verdiyi işarələrlə insanın haqq yolu tapmasını hidayət adlandırırlar. Ərəb dilindən tərcümədə “bələdçilik etmək, yol göstərmək” mənalarını verir.

Hidayət etmək Allah-təalaya məxsus olan bir xüsusiyyətdir. Qurani-kərimdə Allah hidayət etmək vəzifəsinin hətta Peyğəmbərə də aid olmadığını bildirir: “İnsanları hidayət etmək sənin borcun deyil. Allah kimi istərsə, onu hidayət edər” (Bəqərə, 272). Quranda dönə-dönə vurğulanır ki, Allah-təala istədiyi bəndəsini hidayət edər, istədiyini də zəlalətə salıb azdırar: “Allah istədiyi kimsəni zəlalətə salar, istədiyini də hidayət edər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir” (İbrahim, 4).

İslam alimləri hidayəti iki qrupa ayırmışlar: təkvini hidayət və təşrii hidayət.

Təkvini hidayət Allah-təala tərəfindən bütün canlılara fitrətən bəxş edilib. Quranda buyurulur: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da onu hidayət edəndir” (Ta-Ha, 49-50). Məhz təkvini hidayətin sayəsində bütün canlılar (hətta heyvanlar və quşlar da) özlərinə lazım olan əlverişli həyat şəraitini tapır, təhlükədən xilas olurlar. İnsanın daxilində yerləşdirilmiş fitri allahpərəstlik hissi də təkvini hidayətin bir növüdür.

Təşrii hidayət yalnız insanlara xasdır. Əvvəla, Allah insana şüur verib ki, onun vasitəsilə haqqı batildən, pisi yaxşıdan ayırsın. İkincisi, insanlara peyğəmbərlər göndərmiş, müqəddəs kitablar nazil etmişdir. Bu dəvətlərə cavab verib-verməmək ixtiyarı insanın özünə məxsusdur. Bəziləri iman gətirib mömin olur, bəziləri isə hidayətə tabe olmayıb zəlaləti seçirlər. Quranda bu barədə buyuru-lur: “Biz onu (insanı) haqq yola hidayət etdik; istər minnətdar olsun, istər nankor” (İnsan, 3).

Bəzi tədqiqatçılar (məsələn, mərhum Ayətullahül-üzma Xoyi) isə hidayətin ayrı-ayrı şəxslərə münasibətdə də fərqli olduğunu söyləmişlər. Bu nəzəriyyəyə görə, Allahın hidayəti iki cürdür: ümumi və xüsusi hidayət. Təkvini və təşrii növlərə bölünən də ümumi hidayətdir. Lakin Allah öz bəndələri içindən bəzilərini xüsusi növ hidayətə layiq bilir. Bəzi mömin şəxsləri azğınlıqdan qorumaq üçün Allah onları daha qüvvətli dəlillərlə haqq yola yönəldir. Bir çox ayələrdə başqa insanlardan seçilərək hidayət olunduqları bildirilən şəxslər də məhz bunlardır: “(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə azmağa layiq görüldü” (Əraf, 30). “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq” (Ənkəbut, 69).

Hidayətə nail olmaq müəyyən dərəcədə insanın özündən də asılıdır. Əgər bir şəxs (və ya qövm) öz arzusu ilə günah girdabında qərq olmuşsa, Allah onu hidayət etməkdən vaz keçər. Quranda zalım, fasiq (günahkar) və kafir cəmiyyətlərin Allah tərəfindən hidayətə layiq görülmədiyi vurğulanır (Maidə, 51, 67; Tövbə, 80). Əksinə, mənəvi tərəqqi naminə çalışan, Allahın razılığını qazanmaq üçün zəhmət çəkən şəxsləri Allah-təala hidayət edər və onların hidayətini daha da gücləndirər: “Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini hidayət edər” (Təğabün, 11). “Hidayət olanlara gəldikdə isə, Allah onların hidayətini daha da artırar və onlara təqvalarının mükafatını verər” (Mühəmməd, 17). Bəziləri bu növ hidayəti tövfiqi (qazanılan) hidayət adlandırmışlar.

Qurani-kərimin ilk sürəsində müsəlmanlar Allahdan istəyirlər ki, onları doğru yola hidayət etsin: “Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna. Qəzəbə düçar olmuşların və (haqdan) azmışların yoluna yox!” (Fatihə, 6).

islam.az


Yerləşdirilib:21 Sentyabr, 2013, Baxılıb:4478, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com