Tarixə nümunə olan alimlər

Yeni dərs ili başladı. Şagird və tələbələrin təhsilə maraq və sevgisini artırmaq üçün, onlara nümunə olsun deyə, böyük alimlərin elmə münasibəti barədə bəzi misalları diqqətinizə çatdırmaq qərarına gəldik.

Bəşəriyyətin hər bir yeni elmi kəşfi bu kəşfə doğru gedən, bəzən əsrlərlə davam edən hazırlıqların nəticəsi olaraq meydana çıxır. Hər bir nəsil özündən əvvəlkilərin irsini araşdırır, saf-çürük edir, lazım bildiyini mənimsəyib, lazım bilmədiyini kənara qoyur. Beləcə, elm inkişaf edir, bəşər şüuru tərəqqiyə doğru yüksəlir. Bütün elm sahələrində olduğu kimi, dini sahədə də vəziyyət belədir. Keçmiş alimlərin, fəqih və müctəhidlərin kitabları, fətvaları Allahın buyurduqlarını daha yaxşı anlamaq yolunda bizlərə çıraq tutur.

Bizdən əvvəl yaşamış alimlərin həyatına, yaradıcılığına nəzər salanda heyrətə düşməmək olmur. Elm yolunda çəkdikləri əziyyət, göstərdikləri fədakarlıq insanda qürur qarışıq təəccüb doğurur. Onlar az qala bir ömrün bəs etməyəcəyi qədər məhsuldar yaşamışlar. Təbəri, İbn Kəsir, Xətib Bağdadi, Şeyx Bəhai, Əllamə Məclisi kimi alimlərin məlum olan kitablarının həcmini yaşadıqları günlərin sayına bölsək, hər gün onlarla səhifə yazdıqları məlum olar. Bu böyük insanlar heç bir maneə qarşısında təslim olmamış, özlərini yalnız elm və biliyə həsr etmişlər. Nə maddi sıxıntı, nə gərgin siyasi vəziyyət, nə də yaxınlarının vəfatı onları ruhdan sala bilməmişdir. XIX əsrdə yaşamış ən məhsuldar müctəhidlərdən biri, “Cəvahirül-kəlam” adlı nəhəng fiqh ensiklopediyasının müəllifi Şeyx Mühəmməd Həsən Nəcəfi hətta oğlu vəfat etdiyi gün belə, elmi fəaliyyətini təxirə salmamışdı. Oğlunun cənazəsinin yanında oturduğu halda adı çəkilən kitabı yazmaqda davam etmişdir. Bunun bərəkətindəndir ki, “Cəvahirül-kəlam” kitabı 150 ildir müctəhidlərin ən çox müraciət etdikləri və faydalandıqları mənbələrdən biri sayılır.

XVIII əsrdə yaşamış Seyyid Nemətullah Cəzairi mədrəsədə təhsil aldığı müddət boyunca öz hücrəsində işlətmək üçün şam almağa imkanı olmadığından, mədrəsənin ümumi otaqlarında dərsini oxuyurmuş. Bəzən buna da imkan tapmayanda açıq havada oturub mütaliə edirmiş. Xatirələrində yazırdı ki, Ay bədirlənmiş olduğu gecələrdə dərslərini Ay işığında oxuyar, Ay hilala döndüyü gecələrdə isə öyrəndiklərini təkrarlayarmış.

Tarixə nümunə olan bu alimlər “Elm öyrənmək hər bir müsəlman kişi və qadına fərzdir” hədisini rəhbər tutaraq, vaxtlarını elmdən başqa bir məşğuliyyətə həsr etməkdən çəkinirdilər. Deyirlər ki, bir dəfə Əllamə Hilli ziyarət məqsədi ilə öz şəhərindən Kərbəlaya yola düşür. Ziyarəti başa vurub qayıdandan sonra alim görür ki, oğlu camaat namazlarında daha ona iqtida etmir. (Əllamə Hillinin oğlu hələ atasının sağlığında yüksək elmi səviyyəyə çatmışdı; sonralar ona “Fəxrül-mühəqqiqin”, yəni “tədqiqatçı alimlərin fəxri” ləqəbini vermişdilər). Əllamə oğlunu çağırıb bu hərəkətin səbəbini soruşur. Oğlu cavab verir: “Mən artıq sizdə ədalət sifətinin pozulduğunu güman edirəm, ona görə də sizə iqtida etmirəm. Səhih hədislərə görə, elmlə məşğul olmaq vacib işdir, ziyarət isə müstəhəb əməldir. Siz bu bir neçə gündə müstəhəbbatdan ötrü vacibatı tərk etmisiniz”. Əllamə əl atıb yanındakı əlyazmaları götürür, oğluna göstərib deyir: “Oğlum, narahat olma, mən vacibatı tərk etməmişəm. Ziyarət səfəri boyunca da elmi fəaliyyətdən uzaq qalmamışam, bu gördüyün kitabı yazmaqla məşğul olmuşam”. Fəxrül-mühəqqiqin bu cavabı eşidəndə atasından üzr istəyib, yenə namazlarda ona iqtida etməyə davam edir.

islam.az

Yerləşdirilib:16 Sentyabr, 2013, Baxılıb:4898, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com