Nə zaman onların ayaqqabısını cütləsən...

Öz dövrünün böyük ariflərindən olan Mirzə Cavad ağa Mələki Təbrizi irfan aləminə qədəm basdığı günləri belə xatırlayırdı:

Mirzə Cavad ağa Nəcəf şəhərində iki il böyük arif Molla Hüseynqulu Həmədaninin tələbəsi olur, ondan seyrü-süluk yolunun qaydalarını öyrənməyə çalışır.

Amma hiss edir ki, bu yolda hələ də ciddi nailiyyət qazanmayıb, nəfsi ilə mübarizədə qalib gəlməyib. Ustadının rəftarı və mənəvi halı ilə özünü müqayisə edəndə nə qədər geridə qaldığını başa düşür. Nəhayət, bir gün Molla Hüseynqulu Həmədaninin yanına gəlib, düşündüklərini etiraf edir: “Ustad, iki il Sizin hüzurunuzda oldum, yolunuzu izlədim, məsləhətlərinizə əməl etməyə çalışdım. Amma hiss edirəm ki, hələ də bir yerə gəlib-çatmamışam”. Ustad onun ailəsi, əsil-nəsəbi ilə maraqlanır. Təbrizdən olduğunu biləndə soruşur: “Sənin təbrizli Mələkilər nəslindən filankəslərlə qohumluğun varmı?” Mirzə Cavad ağa Mələkinin həmin adamlarla münasibəti yaxşı deyildi. Daha doğrusu, o, həmin qohumlarını dindən və əxlaqdan uzaq adamlar kimi tanıyır, onlarla rabitə saxlamırdı. Buna görə də, ustadının sualına könülsüz cavab verir. Həmədani onun öz qohumları ilə çox da mehriban olmadığını sezir. Belə bir məsləhət verir: “Nə qədər ki, sən həmin qohumlarının ayaqqabılarını cütləməmisən, seyrü-süluk yolun yarımçıq olacaq, mənim dediklərimi də tam anlaya bilməyəcəksən. Əgər bu təvazökarlığı edə bilsən, bəyənmədiyin adamların ayaqqabılarını cütləməyi bacarsan, içində bir aramlıq və yüngüllük duyacaqsan. O zaman mən şəxsən sənin tərbiyənlə məşğul olaram”.

Mirzə Cavad həmin gündən öz təkəbbürünü sındırmağa, mənəm-mənəmliyini məğlub etməyə çalışır. Əvvəlcə dərs zamanı hamıdan aşağı başda oturmağa başlayır. Tələbə yoldaşlarına xidmət göstərir, hamı ilə təvazökar davranır. Onun qohumlarından və ustadın dediyi nəsildən olan bəzi cavanlar da Nəcəfdə təhsil alırdılar. Mirzə Cavad onlarla dostluq münasibətləri qurur, bir-birinin hücrəsinə get-gəl etməyə başlayırlar. Bir gün yenə qohumları Mirzə Cavadın hücrəsinə qonaq gəlirlər. Sağollaşıb gedəndə Mirzə Cavad əyilib onların ayaqqabılarını cütləyir. Qohumları bu münasibətdən xeyli təsirlənirlər, Təbrizə məktub yazıb Mirzə Cavadın onlara hədsiz ehtiram göstərdiyini xəbər verirlər. Həmin cavanların Təbrizdəki ailə üzvləri və qohumları da Mirzə Cavadgilin ailəsi ilə barışığa gəlirlər. Beləliklə, uzun illər davam edən küsülülük aradan qalxır.

Mirzə Cavad barışıq yarandığını eşidəndə çox sevinir. Üstəlik, indi o, xeyli mənəvi rahatlıq qazanmışdı, içindəki təkəbbürün, mənəm-mənəmliyin yox olduğunu hiss edirdi. Bunu xəbər vermək üçün ustadının yanına gəlir. Molla Hüseynqulu Həmədani onu dunlədikdən sonra sakit halda deyir: “Səndə yaranan dəyişiklik qəribə bir şey deyil. Mən səni dinləyən kimi anlamışdım ki, bu halın əlacı özündən əskik bildiyin bir adamın yanında öz təkəbbürünü sındırmağı bacarmaqdadır. Bu üsul keçmiş ariflər tərəfindən dəfələrlə təcrübədən keçirilib. Çalış ki, bu halı gələcəkdə itirməyəsən”. Daha sonra ustadı Mirzə Cavada əxlaqi mövzuda bir neçə kitabı oxumağı tövsiyə edir.

islam.az

Yerləşdirilib:16 Avqust, 2013, Baxılıb:3787, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com