Hər oxuyan Molla Pənah olmaz

Məşhur rus sərkərdəsi Suvorova aid edilən bir kəlam var: “General olmaq istəməyən əsgər pis əsgərdir”. Buna oxşar bir ifadəni Napoleon da demişdir: “Hər bir fransız əsgəri öz çantasında Fransanın marşal çubuğunu gəzdirir”.

Məqsəd, niyyət, istiqamət insanı ən uca məqamlara yüksəldə bilən amildir. Həyatda nəyə isə nail olmaq istəyiriksə, mütləq idealımız, zirvəmiz olmalıdır. İnsan bu cür yaradılıb; həmişə gözü irəlidə, ondan öndə gedəndədir, ona çatmaq, onu ötmək istəyir. Özünü kiməsə bənzətməyə çalışır. Bəlkə də elə buna görə Allah-təala Qurani-kərimdə bizə Öz Peyğəmbərini nümunə (üsvətül-həsənə) göstərib. İnsanlığın ən uca zirvəsini nümunə olaraq təqdim edib ki, gözümüz Onda olsun, Ona bənzəməyə çalışaq. Ucuz Hollivud filmlərinin qəhrəmanlarına yox, qalmaqallı şou verilişlərinin aparıcılarına yox, səsi qısır, əxlaqı ləkəli “ulduz”lara yox... Hər addımda Onu yamsılamağı özümüzə şərəf bilək, Onun kimi yaşayaq, yeyək-içək, yataq-duraq, sevinək-kədərlənək, sevək-qəzəbənək, Onun kimi ata, Onun kimi ər, Onun kimi dost, Onun kimi rəhbər, Onun kimi müsəlman olaq.

Başqa nümunələrimiz də var - Peyğəmbərin məktəbində dərs alan, vəhy və ilham çeşməsindən su içən imamlar, səhabələr, övliyalar, alimlər. Nümunəmiz onlar olmalıdır. Çünki onsuz da nə qədər onlar kimi olmağa çalışsaq da, bunu edə bilməyəcəyik. Bu zirvəyə aparan yolun müəyyən bir nöqtəsinə kimi gedə biləcəyik. Kimisi bu yolda bir addım atacaq, kimisi yüz addım, kimisi də yerində durub sayacaq. İrəli getdiyini düşünsə də, atdığı hər addım onu daha da geriyə aparacaq. Çünki istiqaməti səhv götürüb, üzünü yox, arxasını o zirvəyə çevirib. Çünki sıratəl-müstəqimə sarı getmir, yolu itirib. Sıratəl-müstəqimin üstü parlaq ulduzlarla doludur. Amma bu bədbəxtlər rastlarına çıxan hər zəif işartını ulduz sayırlar, bu işartıların apardığı mənzil başı Zülmət, Zəlalət, Zillət adlı qorxunc məkandır.

Yol getmək əsas deyil, yolu düzgün getmək əsasdır. Çox oxumaq mühüm deyil, lazım olanı oxumaq mühümdür. Neçə rükət namaz qılmaq şərt deyil, namazı necə qılmaq şərtdir. Əbəs deməyiblər ki, “hər oxuyan Molla Pənah olmaz”. Özünə parlaq ulduzu məqsəd seçənlər o ulduz qədər də olmasa, müəyyən Nura yetişəcəklər – çəkdikləri səyə, tutduqları niyyətə uyğun olaraq. Amma cılız bir şamı ulduz sayanların nə zamansa ən xırda işıq zərrəsinə yetişəcəklərinə inanmaq sadəlövhlük olar.

Deyirlər ki, məşhur ərəb ədibi Seyyid Əli Şərif Cürcani bir gün oğlu Mühəmməddən soruşur: “Oğlum, həyatda kimə bənzəməyi məqsəd seçmisən? Ülgün, nümunən kimdir?” Mühəmməd cavab verir: “Mən sənə bənzəmək istəyirəm, ata”. Şərif Cürcani təəssüflə söyləyir: “Heyf ki, məqsədin dayaz, himmətin azdır. Mən sənin yaşda olanda İbn Sinanın tayı olmaq istəyirdim. Bunun uğrunda gecə-gündüz çalışdım, amma buna nail ola bilmədim, gördüyün kimi Cürcani oldum. Sən mənə çatmağı qarşına məqsəd qoymusansa, deməli, məndən də aşağı bir məqama yetişib, həmin nöqtədə duracaqsan. Buna görə daha yüksək səmalarda pərvaz etmək eşqi ilə yaşa”.

islam.az

Yerləşdirilib:13 İyul, 2013, Baxılıb:3532, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 13 İyul, 2013  22:58
# Ответить
+3


]]>]]>

Qeleminize quvvet,ela yazidir,teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com