Hüsni-zənn

"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin! Şübhəsiz ki, zənnin bəzisi günahdır".

(Hücurat, 12).

Müsəlmanın malik olması gərəkən əxlaqi məziyyətlərdən biri də hüsni-zənndir. Hüsni-zənn başqalarının haqqında yaxşı gümana düşmək, qəti bilmədiyin məsələləri xeyrə yozmaq, insanların niyyətində və əməlində xeyirli cəhətləri görməyə çalışmaq deməkdir. Müsəlman tanımadığı adamın haqqında yaxşı niyyətdə olmalı, şayiələrə inanmamalı, eyib və nöqsanların üstnü açıb ifşa etməkdən çəkinməli, başqasında gözəl sifətlər axtarmağa meyl göstərməlidir. Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində deyilir: “Bu üç xüsusiyyətə sahib olan müsəlmanın ürəyində kin və xəyanət olmaz: Hər əməli Allah naminə ixlasla etmək, bütün müsəlmanlara hüsni-zənlə yanaşıb nəsihət etmək, həm düşüncə, həm də əməl sarıdan müsəlmanlarla həmrəy olmaq”. İmam Əli (ə) bunun əksini (yəni sui-zənni, insanlara qarşı bəd fikirdə olmağı) iman üçün təhlükəli hesab edərək buyururdu: “İmanla sui-zənn birlikdə olmaz”.

İslam müqəddəslərindən biri buyurub ki, Allahın bəndələri ilə rastlaşanda səndən böyük ya kiçik olmalarından asılı olmayaraq, hamı ilə təvazökar ol, hamıya ehtiram gös¬tər. Yaşca səndən kiçik olanları görəndə elə təsəvvür et ki, onlar səndən daha az ömür sürdüklərindən, sənə nisbətən daha az günah ediblər. Böyüklərlə qarşılaşanda onları da özündən artıq bil. Təsəvvür et ki, onlar sən¬dən çox yaşadıqları üçün səndən çox savab qazanıblar.

Hüsni-zənn insanda mənəvi rahatlıq, aramlıq yaradır. İnsan başqalarının hərəkətində yaxşı cəhətləri görməyə çalışanda qəlbindəki kin-küdurət, həsəd, paxıllıq, düşmənçilik hissləri itir, intiqam yanğısı sönür. Hüsni-zənnlə davranan insan başqaları tərəfindən də sevilir, onun dostlarının sayı çoxalır.

İmam Buxarinin “Səhih”ində və Təbəraninin “Əl-Möcəmül-övsət”ində qeyd edilən bir hədisdə deyilir ki, bir gün səhabələr Həzrət Mühəmməd Peyğəmbərin (s) bir qadınla təklikdə söhbət etdiyini gördülər. Səhabələr elə güman etdilər ki, Allahın Rəsulu naməhrəm qadınla danışır. Onun haqqında bədgüman oldular, hətta Onu bir-birinə göstərib pıçıldaşmağa başladılar. Peyğəmbər qadınla söhbətini başa vurandan sonra onların yanına gəldi, buyurdu: “Qərar verməyə tələsməyin. Bu qadın Səfiyyə bint Hüyeyy (Peyğəmbərin həyat yoldaşı) idi”. Səhabələr utanıb dedilər: “Sübhan Allah, ey Allahın Rəsulu!” (Yəni biz Sənin haqqında pis fikirdə olmarıq). Peyğəmbər onlara cavab verdi: “Şeytan Adəm oğlunun damarlarındakı qanın içində dolanır. Qorxdum ki, qəlbinizdə şər fikirlər yaranar” (Səhihül-Buxari, hədis 2038).

Hüsni-zənn haqqında təsəvvüf ədəbiyyatında da maraqlı rəvayətlər qeyd edilib. Deyirlər ki, bir nəfər haram yolla qazandığı pulla bir inək alır. Sonra peşman olur, qərara alır ki, inəyi sufi xanəgahlarından birinə sədəqə versin və bu yolla günahını Allah dərgahında bağışlatsın. Bu niyyətlə inəyi də götürüb məşhur sufi Hacı Bəktaş Vəlinin yanına gəlir. Vəziyyəti anladıb xahiş edir ki, inəyi ondan qəbul edib kəssinlər, ətindən xörək bişirib həm xanəgahdakı sufilərə, həm də sair fəqirlərə ehsan etsinlər. Amma Hacı Bəktaş Vəli “haramla qazanılmış malı qəbul edə bilmərəm” deyə rədd cavabı verir.

Bu dəfə adam Mövlana Ruminin dərgahına gəlir, ona da eyni vəziyyəti danışır və inəyi qəbul etməsini xahiş edir. Mövlana onun xahişinə müsbət cavab verir, dərvişlərə tapşırır ki, inəyi kəsib, ətrafdakı kasıbları ehsana çağırsınlar. İnəyi gətirən adam heyrət içində qalır. O gözləyirdi ki, Mövlana da Hacı Bəktaş Vəli kimi rədd cavabı verəcək. Anlamırdı ki, bu iki məşhur övliya niyə bir-birinin ziddinə qərar verdilər?

Özünü saxlaya bilməyib, Hacı Bəktaş Vəli ilə olan söhbətini Mövlanaya danışır, axırda sual verir: “Niyə o, inəyi qəbul etmədiyi halda, siz qəbul etdiniz? Olmaya, Hacı Bəktaş Vəli səhv etdi?” Mövlana mehribanlıqla ona cavab verir: “Xeyr, bizim hər ikimiz öz halımıza uyğun hökm veririk. Hacı Bəktaş Vəli şahin quşu kimidir, biz onun yanında qarğaya bənzəyirik. Şahin quşu leşə qonmaz, qarğa üçün isə leş yemək ayıb deyil”.

Adam oradan qalxıb Hacı Bəktaş Vəlinin dərgahına qayıdır, Mövlana ilə olan söhbətini ona anladır. Hacı Bəktaş Vəli cavab verir: “Mövlana düz deyib. Biz hər ikimiz öz halımıza uyğun rəftar edərik. Mövlananın qəlbi mərifət dəryasıdır, bizim qəlbimiz isə xırda gölməçədir. Bizim qəlbimiz bir haram zərrəsi ilə kirlənər. Mövlananın qəlbi isə nəinki murdar zərrədən kirlənməz, əksinə, həmin murdarlığı pak edər”. İnəyi gətirən adam bu iki Allah dostunun bir-birinə olan hüsni-zənninə heyran qalır, səhv yoldan tövbə edib halal həyata üz çevirir.

islam.az

Yerləşdirilib:8 İyul, 2013, Baxılıb:4832, Çap
 

Son şərhlər : 2
Müəllif: bende | 8 İyul, 2013  20:56
# Ответить
+6


]]>]]>

salamun aleykum ALLAH razi olsun cox gozel meqaledi
Müəllif: zehra | 6 Aprel, 2014  17:23
# Ответить
0


]]>]]>

ALLAH razi olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com