Alimlərin nüfuzu

Bir gün Şah Abbas zəmanənin ən savadlı alimlərindən biri kimi tanınan, amma saraydan uzaq gəzib sadə yaşayan Fazil Tuninin mədrəsəsinə yollanır. Şah görür ki, mədrəsə boşdur, Fazil Tuninin dərslərinə gələn yoxdur. Bunun səbəbini soruşanda alim deyir ki, cavabını başqa bir vaxt söyləyərəm.

Ertəsi gün Fazil Tuni saraya gəlir. Şah Abbas onu hədsiz mehribanlıqla qarşılayır və deyir: “Ürəyiniz hər nə istəyirsə, sizə verməyə hazıram. Hər nə arzu etsəniz, yerinə yetirməyi özümə şərəf bilərəm”. Fazil Tuni cavab verir: “Bircə xahişim var. İstəyirəm ki, mən atın belində, siz isə mənim yanımda piyada halda şəhəri gəzək”.

Şah verdiyi sözü yerinə yetirməyə məcbur idi. Əmr verir ki, Fazil Tuni üçün at gətirsinlər. Alim atın tərkinə minir, Şah Abbas da pay-piyada onun yanına düşüb gəzintiyə çıxırlar. Bütün İsfahan əhalisi küçələrə tökülüb onlara tamaşa edir. Hər yerə səs yayılır ki, Fazil Tuni şahı öz üzəngisinin yanında piyada gəzdirir.

Şəhəri dövrə vurub saraya qayıdırlar. Fazil Tuni atdan düşüb şahla vidalaşır və evinə qayıdır. Bir neçə gündən sonra Şah Abbasa xəbər göndərib, onu mədrəsəyə dəvət edir. Bu dəfə şah gözlərinə inanmır. Mədrəsə tələbə ilə dolu idi.

Şah Abbas bu dəyişikliyin səbəbini soruşanda Fazil Tuni deyir: “Sizinlə şəhəri gəzdiyimiz gündən mədrəsəyə axın başladı. İsfahanın bütün cavanları, hətta ətraf məntəqələrin sakinləri də mədrəsəyə gəlib elm oxumaq istədiklərini bildirdilər. Səbəbini soruşanda deyirdilər ki, biz bu gün elmin gücünü gördük. Alim şahı öz yanında pay-piyada şəhəri dolaşmağa məcbur edəcək gücə malikdir. Biz də elm oxuyub, bu cür nüfuza sahib olmaq istəyirik”.

 

Alimlərin nüfuzunu hökmdarların dilindən bəyan edən başqa bir əhvalat XIX əsrdə baş vermişdi. 1848-96-cı illər arasında hakimiyyət sürmüş İran hökmdarı Nasirəddin şah Qacar bir neçə dəfə Avropaya səfər etmişdi. İranın o zamanlar siyasi nüfuzu və iqtisadi gücü zəif olduğu üçün, Qərb ölkələrinin başçıları şaha bol rüşvət və hədiyyələr verməklə özləri üçün müxtəlif imtiyazlar qazanır, əslində İran üzərində nəzarəti ələ keçirirdilər.

Nasirəddin şah Londonda İngiltərə kraliçəsi Viktoriyanın qonağı olarkən kraliçə onu heyrətləndirmək qərarına gəlir. Şahın şərəfinə İngiltərə ordusunun möhtəşəm paradı təşkil edilir. Bu yolla İngiltərə sarayı öz gücünü İran şahına nümayiş edirmək istəyirdi.  O zaman üçün ən yeni sayılan silah-sursatla təchiz olunmuş əsgərlər şahın qarşısından keçərkən kraliçə Viktoriya özündən razı halda ondan soruşur: “Sizin də ordunuz bu qədər güclüdürmü?” Şahı müşayiət edən Iran dövlətinin məmurları xatırlayırdılar ki, biz hamımız şahın nə cavab verəcəyini gözləyirdik. Əgər Nasirəddin şah İran ordusunun həqiqətən acınacaqlı vəziyyətdə olduğunu etiraf etsəydi, öz ölkəsini alçaltmış və kraliçənin qarşısında özünü sındırmış olardı. Yox, əgər yalan söyləyib İran ordusunun çox güclü olduğunu desəydi, casusları vasitəsilə kifayət qədər dəqiq məlumatlar əldə etmiş kraliçə yəqin ki, onun yalanını üzə çıxarardı.

Amma Nasirəddin şah özünü sındırmadan İngiltərə kraliçəsinə belə cavab verir: “Sizin ordunuz həqiqətən çox güclüdür. Amma bizim bu cür ordu saxlamağa ehtiyacımız yoxdur. Bizim elə ruhani alimlərimiz var ki, bircə fətva ilə milyonlarla insanı ayağa qaldıra bilərlər. Əgər onlar cihad fətvası versələr, kişili-qadınlı bütün ölkə əhalisi əlinə silah götürər. Hətta mən də şah olmağıma baxmayaraq, sıravi bir əsgər kimi bu fətvaya tabe olaram”.

islam.az

Yerləşdirilib:17 İyun, 2013, Baxılıb:3894, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com