Ariflərdən əxlaq dərsləri

Təvazökar müəllim

XIX əsrin ən böyük müctəhidlərindən olan Axund Xorasaninin Nəcəf şəhərindəki dərsləri çox izdihamlı keçərmiş.

Deyilənlərə görə, onun dərs məclislərində iştirak edən 1200 tələbənin ən azı 500 nəfəri gələcəkdə yüksək səviyyəli müctəhid kimi tanınmışdı. Axund Xorasaninin gur səsi vardı, heç bir səsucaldıcı vasitədən istifadə etmədən səsini hamıya çatdıra bilirdi. Onun vüqar və əzəməti qarşısında tələbələr özlərini kiçik sayardılar, ustada etiraz etmək, sözünə düzəliş vermək ağıllarına gəlməzdi.

Bir gün dərs zamanı tələbələrdən biri – o zamanlar çox gənc olan, sonralar isə nəhəng mərceyi-təqlid kimi tanınacaq Seyyid Hüseyn Birucerdi – müəllimin sözünə düzəliş vermək cəsarətini özündə tapır. Tələbələr yerbə-yerdən onu danlamağa başlayırlar. Hamı gözləyirdi ki, tələbənin bu hərəkəti Axund Xorasaninin acığına gələcək və onu danlayacaq. Amma gözləntilərə rəğmən, müəllim tələbədən xahiş edir ki, sözünü təkrar etsin. Seyyid Hüseyn Birucerdi işkalını (etirazını) bir də söyləyir. Axund Xorasani onu diqqətlə dinləyir, sözünün doğru olduğunu anlayınca minbərdə ayağa qalxır və hamının eşidəcəyi uca səslə deyir: “Allaha şükür olsun ki, ölmədim bu günü gördüm. Allah mənə öz şagirdimdən bəhrələnməyi nəsib etdi”.

 

Yardımı belə də etmək olar

 

Nəcəf şəhərinin böyük alimlərindən biri də əxlaq sahəsində yüksək məqama çatan Seyyid Əli Qazi Təbatəbai idi. O, Əllamə Təbatəbainin, Ayətullah Xoyinin və Ayətullah Behcətin müəllimi olmuşdur. Müasirləri xatırlayırlar ki, Seyyid Əli Qazi Təbatəbai bazarlığı özü şəxsən edərdi. Nəcəf şəhərinin bazarına gedər, amma bəzən başqaları kimi yetişmiş və keyfiyyətli məhsulları deyil, heç kimin almadığı çürük meyvələri alardı.

Bir gün dostlarından biri bu hərəkətin səbəbini ondan soruşur. Alim cavab verir: “Mənim alver etdiyim adam çox dindar, amma həm də kasıb adamdır. Ticarəti zəif getdiyi üçün malları çürüyür. Mən ona maddi kömək etmək üçün məhsulların içindən ən xarablarını seçib alıram. Ona köməklik kimi təmənnasız olaraq pul da verə bilərdim. Amma əvvəla, bu zaman utanıb xəcalət çəkər, mənim yanımda minnətli olardı. İkincisi, istəmirəm ki, onu havayı pul almağa öyrədib tənbəlləşdirim. Ona görə bu yolla həmin adama yardım edirəm”.

 

Padşahların və peyğəmbərlərin mirası

 

Keçmiş zamanlarda Misirdə iki əsilzadə yaşayırdı. Bunlar uşaqlıqda mədrəsə dostu olmuşdular. Sonralar onlardan biri hökumət işlərinə cəlb edildi, vəzifədə qabağa çəkildi, axırda Misirin hökmdarı oldu. O biri əsilzadə isə özünü elm və biliyə həsr etdi, gündən-günə savadını artırdı, zəmanəsinin ən böyük alimlərindən birinə çevrildi.

Bir gün dostlar qarşılaşdılar. Hakimiyyətə çatmış dost var-dövlət içində üzürdü, ətrafını qul-qaravaş bürümüşdü, saysız-hesabsız ordusu vardı. O biri dost isə kasıbyana yaşayır, müəllimliklə güzəran sürürdü, dünya malından heç nəyi yox idi. Padşah öz alim dostunun əyin-başını istehza ilə süzüb dedi: “Gördünmü, mən səltənət qazandım, sən isə miskin vəziyyətə düşdün”. Alim isə öz qudurğan dostuna belə cavab verdi: “Bəli, sən fironların mirasını, yəni Misir taxt-tacını qazandın, mən isə peyğəmbərlərin mirasına, yəni elm və biliyə yiyələndim”.

islam.az

Yerləşdirilib:13 İyun, 2013, Baxılıb:4829, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 24 İyun, 2013  13:55
# Ответить
+2


]]>]]>

Maraqlidir ve ibretamiz.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com