Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

- İbrahim, İsmayılını qurban kəs! Daha qətiyyət və əzmlə!

Yozmaq ikiqat çətinləşdi. İndi həqiqətin aydınlığı və məsuliyyət yükü geriyə yol buraxmayacaq dərəcədə aşkar və inkaredilməzdr.

İbrahim anlayırdı ki, əmrə qulaq asmamaq şeytanı təsdiq etməyə bərabərdir.

Uçurumun kənarında… İbrahimin enişi…

Bütləri qıran böyük peyğəmbər, İslamın yaradıcısı, xalqın rəhbəri İbrahim tövhid zirvəsindən şirk bataqlığına doğru…

Nə deyim?!

Şirkmi dedim? Yox! Şirk - çoxtanrılıqdır, Allahdan başqasına və ya başqalarına sitayiş etməkdir.

İndi, Quranın ibadət, tövhid və şirk haqqında danışdığı dillə desək, İbrahim Allah əvəzinə İblisə sitayiş etmək uçurumunun lap kənarına qədər gəldi. Budur, Mina cəbhəsində, göz qabağında İblis Allahla üz-üzə durmuşdur!

Birini seçməlisən! Hansı hiyləni işlətsən də, bunların hər ikisindən yaxanı qurtara bilməyəcəksən. Nə həmrəylik var, nə də bitərəflik!

Ah, nə qədər çətin və dəhşətli əhvalatdır! Bir əmrlə kainatın altını üstünə çevirə biləcək Allahın yer üzündəki nəfəsi olan insan nə qədər gücsüzdür! Doğrudur, onda Allahın ruhu var, amma çox zəif yaradılmışdır.

"İnsan zəif yaradılmışdır" (Nisa, 28).

Heç bir məqamın sahibi yüksəlişdən və enişdən sığortalanmayıb. Həyatı boyunca yeriməyi yenicə öyrənmiş körpə kimi uçurumlara diqqət etməlidir. Tövhid peyğəmbərlərinin sonuncusu, məsumların birincisi də özünü qorumasa, sarsılıb, bütün əldə etdiklərini bir anda itirə bilər. O, hətta şirkdən belə qorunmuş deyildir.

Böyük peyğəmbərlərin atası, bəşər tarixinin büt qıranı və şirkin qatili İbrahim ömrünün son mərhələsində, bəşəri qüdrətinin və ilahi etibarının zirvəsində ikən, yalnız övlad məhəbbəti üzündən İblisin uçurumunun astanasına kimi sürüklənmişdir.

Tövhidin ən güclü qəhrəmanı, Allah elçilərinin əcdadı, yüz il boyunca İbrahim kimi yaşadıqdan, təpədən-dırnağa kimi öz üzərində ilahi izləri daşıdıqdan, etibar nişanələri ilə təltif olunduqdan və yəqinlik hasil etdikdən sonra, indi İblisin oyuncağınamı çevriləcək?! Artıq sənin üçün qaçmağa heç bir yol qalmadı. Bir tərəfində Allah, o biri tərəfində isə şeytan durub. Hansını seçirsən, İbrahim?!

Hüccət İbrahimin gözü önündə açılıb-sərilib. Mesacın Haqdan gəlməsinə şübhə yoxdur. Bu da şübhəsizdir ki, mesacı qəbul etməkdə tərəddüd göstərmək şeytani bir tərəddüddür.

İbrahim cavabdehdir. Bunu özü də yaxşıca dərk edir. Lakin bu məsuliyyət heç bir atanın təsəvvür edə bilməyəcəyi qədər acı və çətindir.

Üstəlik, yaşı ötmüş, tənha bir ata - İbrahim.

Üstəlik, qurban kəsiləcək yeganə oğul - İsmayıl.

Kaş, İsmayılın əlində İbrahim qurban kəsilməli olaydı! Necə asan, necə rahat olardı!

Amma xeyr! Gənc İsmayıl ölməli, qoca İbrahim isə qalmalıdır, tənha, kədərli və yaralı qəlblə yaşamalıdır. Qocalmış, qanlı əlləri ilə!

İbrahimin bütün vücudunu sarmış qorxu, çarəsizlik və zəifliyi görən, bu acıların ona nələr etdiyini bilən İblis iştahaya düşür. Çünki İblis - Adəmin yer üzünə enişindən bəri işi-gücü onun övladlarına tor qurmaq olan kinli düşməndir. Harada bir Adəm oğlunun qoxusunu duysa, orada hazır olar. Hər kimdə qorxu, zəiflik, tərəddüd, ümidsizlik, həsəd, mənəm-mənəmlik, cəhalət, hətta ifrat könül bağlılığı olduğunu sezsə, dərhal işə başlayar.

…İblis yenə ümid içindədir. Yenidən kədərli İbrahimi şirnikləndirdi. Bir daha onun qabağına çıxdı, gizlicə şüurunun dərinliklərinə baş vurdu və əvvəl söylədiklərini eynilə təkrarladı.

İblisin məntiqi həmişə eynidir, dəyişməzdir. Yüzlərlə rəngə və örtüyə bürünsə də, eyni sözü təkrar edir: "Bu əmri mən yuxuda almışam!.."

Xeyr! Daha bəsdir, İbrahim!

İbrahim qərara gəldi, seçimini etdi.

İbrahimin hansı yolu seçməsi artıq məlumdur, baş sındırmağa lüzum yoxdur.

Hansını?

Allaha qulluq etməklə mütləq hürriyyəti!

İsmayılı qurban kəsməyi!

Özünü özünə bağlayan son əlaqəni, son zənciri qoparmağı!

Əvvəlcə əhvalatı oğluna xəbər verməyi qərara aldı.

Oğlunu yanına çağırdı, oğlu gəldi.

Ata öz qurbanını təpədən-dırnağa kimi süzdü!

Gözqamaşdırıcı bir qurbandır İsmayıl!



* * *

…Ata bıçağı əlinə aldı. İtiləmək üçün var gücüylə daşa sürtdü. Həyatındakı ən qiymətli könül meyvəsinə duyduğu atalıq şəfqətini bu hərəkəti ilə göstərirdi. Oğluna o an göstərə biləcəyi yeganə məhəbbət əlaməti bu idi. Əvvəlcə eşqin ruha bəxş etdiyi qüvvə ilə öz içində özünü öldürdü, öz şah damarını kəsdi. İçi, özündən azad olub, Allahla doldu. Yalnız Allahla nəfəs alan bir canlı idi o!

Sonra Allahın gücü ilə ayağa qalxdı. Rahat və üzüyola halda durmuş gənc qurbanını qurbangaha gətirdi. Yerə uzandırdı. Tərpənməsin deyə, onu öz altına aldı, yanağını yerə dayadı, saçlarını xışmalayıb əlinə doladı, şahdamarı görünənə kimi başını geriyə əydi. Allaha təvəkkül edib, bıçağı qurbanın boğazına dayadı və basdı. Qəzəbli bir hərəkət…

Ah, bu bıçaq! Bu bıçaq… kəsmir, incidir. Bu nə qəddar işgəncədir!

İbrahim bıçağı qəzəblə daşlara çırpır. Dərdli, qəzəbli, yaralı aslan kimi kükrəyib coşur. Qorxur, sarsılır, ata olmağından dəhşətə gəlir. Şimşək kimi atılıb bıçağı götürür, sakit və qımıldanmadan uzanmış qurbanına ikinci dəfə hücum edir.

Birdən… bir qoç görünür. Və xəbər gəlir:

"Ey İbrahim! Allah İsmayılın qurban kəsilməsindən vaz keçdi. Onun əvəzinə qurban verəsən deyə, bu qoçu göndərdi. Sən əmri yerinə yetirdin!".

Allahu əkbər!

Demək, Allah yolunda insan qurban etmək qadağandır?! Keçmişdə isə bu, geniş yayılmış bir adət və ibadət idi!

İbrahimin millətində insan əvəzinə qoyun qurban edilir. Aydın oldu ki, İbrahimin Allahı digər tanrılar kimi qana susamamışdır. Aclar, ət üçün ac olanlar - Allahın qullarıdır!

Daha incə bir nöqtə:

Allah lap əvvəldən İsmayılın qurban kəsilməsini istəmirdi.

İstəyirdi ki, İbrahim İsmayılı qurban kəsməyə razılıq versin.

O, İbrahimi "İsmayılı qurban etmək" zirvəsinə kimi yüksəldir. Amma İsmayılı qurban verdirmədən bu zirvəni ona fəth etdirir!

İsmayılı də "Allahın böyük qurbanı" məqamına yüksəldir. Amma bu məqama onu heç incitmədən çatdırır.

Bu, dini bir əhvalatdır, insana işgəncə verməkdən, özünü əziyyətə salmaqdan, tanrıların qana susamasından bəhs etmir. Bu, insanın formalaşmasından, instinktlərin insan üçün zəncir olmasından və insanın mənəm-mənəmik zindanından qurtuluşundan bəhs edən dastandır. Bu, ruhun uçuşudur, eşqin meracıdır, insan iradəsinin möcüzəvi gücüdür. Həqiqət qarşısında cavabdehlik daşıdığın halda, səni dustaq edən və acizləşdirən hər cür zəncirdən qurtuluşunun hekayəsidir.

Qısası, İsmayıl kimi, şəhadət mərtəbəsinə yetməkdir. İbrahim kimi, şəhadətdən daha uca bir məqama çatmaqdır. Bu məqamı heç bir sözlə ifadə etmək mümkün deyil.

Hekayətin sonu nədir? Qurban edilən qoç.

Demək, ən möhtəşəm bəşər faciəsində Allahın istədiyi nə imiş? Bir neçə ac insandan ötrü bir qoç qurban etmək!



* * *

Ey İbrahim kimi bu gün Minaya yetişən insan! Buraya öz qurbanınla birlikdə gəlməlisən. Minada qurban kəsəcəyin İsmayılını əvvəlcədən seçib ayırmalısan. Bəs, sənin İsmayılın kimdir yaxud nədir?

Bunun başqasının bilməsinə ehtiyac yoxdur. Sən və Allah bilsə, bəsdir. Ola bilər ki, sənin İsmayılın övladın deyil, bircə oğlun da deyil. Amma həyat yoldaşın, ərin, məsləkin, ad-sanın, şəhvətin, gücün, məqamın… ola bilər.

Mən bilmirəm. Sənin gözünü tutan nədirsə, odur sənin İsmayılın!

İbrahimin gözündə İsmayıl nə yerdə idisə, sənin də gözündə eləcə bir İsmayıl vardır. Öz vəzifələrini daşıyarkən, həqiqət uğrunda çabalarkən, sənə badalaq gələn, müstəqilliyinə mane olan, səni özünə bağlanmağa çağıran, özünə məşğul edən hər şeydir o. İsmayılını qoruyasan deyə, İblislə eyni cəbhədə çalışan, Haqqın xəbərlərinə qulağını tıxayan, zehnini korşaldan, qəlbini çirkinləşdirən hər şeydir. İmanın əmrinə qarşı çıxmağın və ağır məsuliyyət yükündən qaçmağın üçün sənə ustalıqla yozumlar öyrədən hər şeydir.

İsmayılını qoruyasan deyə, səni qoruyan və himayə edən hər şey və hər kəsdir!..

İsmayılın xüsusiyyətləri budur. Öz həyatında bunları axtar tap. İndi - Allaha yaxınlaşdığın anda, Minada onları qurban et!

Əvəz olaraq gələn qoyunu özün seçmə. Qoy onu Allah seçsin və İsmayılının əvəzinə sənə bağışlasın.

Belə olarsa, bir qoyunu kəsməyini qurban kimi qəbul edər.

İsmayılın əvəzinə bir qoyun kəsmək "qurban" deməkdir. Amma yalnız kəsmək naminə qoyun kəsmək isə, "qəssablıq"dır!


Dilimizə çevirən: Natiq RƏHİMOV (natiq@islam.az)


Yerləşdirilib:15 Dekabr, 2007, Baxılıb:5908, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 2 Fevral, 2013  20:07
# Ответить
+1


]]>]]>

Salam aleykum.Natiq qardasha tercume ucun teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com