Ehtiyaclılara yardım etmək alimin borcudur

Axund Xorasani kimi tanınan Ayətullah Mühəmməd Kazim Xorasani XIX əsrin sonu-XX əsrin əvvəllərində Nəcəf dini elmlər mərkəzinin ən məşhur ustadlarından və şiə dünyasının ən ünlü müctəhidlərindən sayılırdı.

Elmi məqamına və yaşının çoxluğuna baxmayaraq, sadə həyat tərzi sürür, tələbələrə ata kimi qayğı göstərirdi. Tələbələrinə tapşırmışdı ki, çətinlikləri olsa kömək üçün ya onun özünə, ya da ev işlərini idarə edən xidmətçiyə müraciət etsinlər.

Bir gecə Axund Xorasaninin şagirdlərindən birinin hamilə arvadı bari-həmlini yerə qoymalı olur. Onlar Nəcəfdə gəlmə olduqlarından, şəhəri yaxşı tanımırdılar. O zamanlar qadınların doğuşu bir qayda olaraq, evdə baş verirdi və evə qabilə (mamaça) çağırırdılar. Əlacsız qalan tələbə gecəyarı kimə müraciət edəcəyini bilmir; birdən ağlına gəlir ki, Axund Xorasaninin evinə gedib xahiş etsin ki, müəllimin xidmətçisi qabilənin evini tapmaqda ona kömək göstərsin. Tələbə bu fikirlə Axundun evinə yollanır, qapını döyür. Bir azdan ustadın özü gəlib qapını açır. Axund Xorasani adətən gecələr elmi fəaliyyətlə məşğul olurdu. Bu dəfə də əlində qələm tutmuş halda qapıya gəlir. Tələbə özünü itirib nə deyəcəyini yaddan çıxarır. Axund Xorasani mehribanlıqla onu dindirir, nə üçün gəldiyini soruşur. Tələbə özünü toplayıb vəziyyəti danışır, axırda deyir: “Ustad, xahiş edirəm, xidmətçinizə deyəsiniz ki, qabilənin evini mənə göstərsin”. Axund Xorasani bildirir: “Xidmətçim indi yatır”. Tələbə israr edir: “Oyatmaq olarmı?” Hər zaman ədaləti gözləyən və heç kəsə münasibətdə həddi aşmağı xoşlamayan ustad cavab verir: “Xeyr, oyada bilmərəm. O mənim evimdə günün müəyyən hissəsini işləməyə vəzifəlidir. Onun iş vaxtı qurtarıb, buna görə onu şirin yuxudan qaldıra bilmərəm”. Tələbə ümidinin üzüldüyünü güman edirdi ki, Axund Xorasani sözünə davam edir: “Sən məni bir dəqiqə qapıda gözlə, indi gəlirəm”. Ustad bunu deyib içəri keçir, bir dəqiqədən sonra əbasını çiyninə salmış və çarıqlarını geyinmiş halda qayıdır. Gecə qaranlıq olduğu üçün əlində çıraq da tutmuşdu.

Axund Xorasani qabağa düşüb tələbəni də ardınca çağırır. Heyrətdən və xəcalətdən özünü itirmiş tələbə ustadın ardınca düşür. Beləcə gəlib qabilənin evinə çatırlar. Axund qabiləni qapıya çağırtdırıb tapşırır ki, tələbə ilə birlikdə evə getsin və hamilə qadının doğuşunu qəbul etsin. Qabilənin zəhmət haqqısını da verməyi unutmur. Tələbə qabiləni götürüb evə yollanır, Axund Xorasani də öz evinə qayıdır. Ertəsi gün sübh tezdən xidmətçisinə pul verib tapşırır ki, bazardan ərzaq və parça alsın, aparıb həmin tələbəyə versin və övladının dünyaya gəlməsi münasibətilə onu təbrik etsin.

Axund Xorasani siyasi hadisələrə fəal müdaxilə edir, rusların və ingilislərin İrana hücumu, məşrutə hərəkatı və sairə hadisələr zamanı siyasi məzmunlu fətvalar verirdi. Buna görə bəzi qüvvələr ona qarşı çıxır və əleyhinə təbliğat aparırdılar. (Hətta alimin Irandakı məşrutə hərəkatını dəstəkləmək üçün Nəcəfdən İrana yola düşməyə hazırlaşarkən düşmənləri tərəfindən zəhərlədilib dünyasını dəyişdiyini yazırlar).

Alimin əleyhinə təbliğat aparan ruhanilərdən biri külli miqdarda borca düşür. Borcunu qaytarmaq üçün evini satmağa məcbur olur. Onun evini almaq istəyən müştəri isə Axund Xorasaninin müqəllidlərindən idi. Həmin adam evini satan ruhaninin qarşısında şərt kəsir ki, gərək Axund Xorasani bizim bu alış-verişimizi təsdiqləsin və sənədlərin altında öz möhürünü qoysun. Evini satan ruhani əvvəlcə bununla razılaşmır, amma sonra borc sahibinin təkidini göz önünə gətirib Axundun yanına getməyə məcbur olur.

Gözlədiyinin əksinə rəğmən, Axund Xorasani onu mehribanlıqla qarşılayır, aralarında heç nə olmamış kimi səmimi söhbətə başlayır. Evini satan ruhani düşdüyü vəziyyəti, alıcının qoyduğu şərti Axunda danışır, sonra alqı-satqı sənədlərini ona təqdim edib xahiş edir ki, bunlara imza atıb möhür vur un. Axund Xorasani sənədləri alıb oturduğu döşəyin altına qoyur. Qarşı tərəf onun bu hərəkətindən qorxuya düşüb öz-özünə deyir: “Nə qədər kinli adam imiş. Nəinki sənədlərə möhür vurmadı, hələ üstəlik, onları məndən alıb gizlətdi. Yəqin mənim işimə bu yolla mane olmaq istəyir”.

Bu an Axund Xorasani onun nə qədər borcu olduğunu soruşur, sonra heç nə demədən otağın o biri tərəfinə keçib, xüms-zəkat pullarını saxladığı mücrünü açır. Mücrüdən bir pul kisəsi götürüb yerinə qayıdır, həmin kisəni ruhaniyə təqdim edib söyləyir: “Bu kisənin içində sizə lazım olan məbləğ var. Mən razı ola bilmərəm ki, sizin kimi savadlı bir ruhani çətinliyə düşüb evini satsın, özünü və ailəsini fəlakətə salsın. Bu pulu borc sahibinə verin, evi satmaq fikrindən də əl çəkin”.

Həmin ruhani Axund Xorasaninin bu rəftarını görəndən sonra onun haqqındakı fikrini dəyişir, həmin gündən etibarən onun dostuna və yardımçısına çevrilir.

Müəllif: islam.az

 


Yerləşdirilib:18 Mart, 2013, Baxılıb:3392, Çap
 

Son şərhlər : 2
Müəllif: Asya | 18 Mart, 2013  17:56
# Ответить
+1


]]>]]>

Allah razi olsun. Deyerli meqaledi.
Müəllif: Ruqeyye | 24 Mart, 2013  10:58
# Ответить
+1


]]>]]>

Melumata gore tesekkur edirem Allah razi olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com