Satılmış KİV və real İraq: daxildən baxış

Son onilliklər ərzində dünya siyasətinin əsas hadisələrini, xüsusən də Yaxın Şərqdə baş verənləri nəzərdən keçirdikdə, ənənəvi müstəmləkəçi xətt qabarıq şəkildə təzahür edir: parçala və hökm et.

Bu gün də regionun əsas problemi etnik və dini müstəvidə süni surətdə yaradılan düşmənçilikdir. Hərçənd, faktlar sübut edir ki, əsrlər boyu burda sakin olan insanlar sülh və əminamanlıq içində yaşayıblar.

2003-cü ildə 1 aydan az müddət İraqda davam edən müharibənin əsas səbəb kimi ölkənin diktatoru Səddam Hüseynə qarşı kimyavi silaha malik olması ittihamı göstərilirdi. Sonda bu silah tapılmadı. Amma məqsədə nail olundu: ABŞ və müttəfiqləri qədim Mesopotamiya torpaqlarını zəbt etdilər. 8 il davam edən işğal zamanı dünya KİV-i İraqdan çox müdhiş və fərqli məlumatlar yayırdı: qarşıdurmalar, qan gölü və s.

Amma İraq xalqı seçimini etdi və nəhayət işğalçı qüvvələr ölkə ərazisini tərk etmək məcburiyyətində qaldılar.

Bu il İraqa səfərim zamanı ölkənin bir sıra yüksək hökumət nümayəndələri və dini liderlərlə görüşdüm. Şəxsi müşahidələrimə əsasən tam qətiyyətlə deyə bilərəm ki, bu gün dünya KİV-ində təsvir olunan və real İraq arasında çox böyük fərq var. Bəli, zaman-zaman terror hadisələri baş verir. Lakin qurbanların sayı məqsədyönlü şəkildə dəfələrlə şişirdilir. 2010-cu ildə “Human Rights” hüquq müdafiə təşkilatı İraq qurbanları haqqında məlumat dərc etdi. Təşkilatın bildirdiyinə görə, 2003-2010-cu illər aralığında İraqda 1,3 milyon nəfərdən çox insan həyatını itirib. Belə çıxır ki, bu müddət ərzində ölkədə hər gün 600 nəfər həlak olub. Təbii ki, bu real rəqəmlər deyil. Qeyd edim ki, işğal illərində ən çox qurbanla nəticələnən terror aktı zamanı 120 nəfər həlak olub, 200 nəfər isə yaralanıb. Terrorun əsas hədəfi isə İraq şiələrinin liderlərindən biri – Məhəmməd Baqir əl-Həkim olub. O, partlayış zamanı məscidin dağıntıları altında qalaraq həlak olmuşdu.
İraq hökuməti isə hərbi əməliyyatlar başlayandan bu günə qədər 100-150 min nəfərin öldürüldüyünü açıqlayıb. Bu rəqəmləri müqayisə etdikdə, şişirtmələrin kimə sərf etdiyi barədə sual yaranır. Cavab isə sadədir. İraq, neft ehtiyatlarına görə, dünyanın 2-ci ölkəsidir. Eyni zamanda, olduqca vacib strateji mövqeyə malikdir. Deməli, əsas səbəbi siyasi maraqlarda aramaq lazımdır.

Bu ölkə azad şəkildə inkişaf etsə və müxtəlif təzyiqlərə məruz qalmasa, çox qısa bir zamanda regionda liderə çevrilməyə qadirdir. Amma hadisələrin belə axarı yalnız ABŞ deyil, İraqın bəzi qonşu dövlətlərinin da maraqlarına cavab vermir. Odur ki, İraqda çox ustalıqla süni gərginlik yaradılır. Bir tərəfdən ölkə ərazisində müstəqil kürd dövlətinin yaradılması təhdidi irəli sürülür, digər tərəfdən isə “Əl-Qaidə” terror təşkilatı hücumlarına son vermir. Bir sözlə, müəyyən dairələr İraqda süni gərginlik yaradaraq, vətəndaşları daxili çəkişmələrə və qırğınlara sövq etməyə çalışırlar.

İraq probleminin digər tərəfi isə ölkə iqtisadiyyatına, xüsusən də neft sektoruna xarici investisiyaların qoyuluşuna süni maneələr yaratmaqdan ibarətdir. KİV-də mütamadi baş verən və külli-miqdarda insan tələfatı ilə müşahidə edilən terror aktları barədə yayılan xəbərlər də elə buna hesablanıb. İraqın neftinə nəzarət uğrunda aparıcı dövlətlər arasında gərgin mübarizə gedir. Neft hasilatına əsasən ABŞ şirkətləri cəlb edilib. Ən maraqlısı isə, onların hər birinin Birləşmiş Ştatların yüksək rütbəli siyasətçilərinə bağlı olmasıdır: Məsələn, "Carlyle Group" – böyük Buş, "Harkins Oil" – kiçik Buş, "Chevron" – Kondoliza Rays, "Occidental" - Donald Ramsfeld.

İraqın neft yataqlarının hasilatı ABŞ hökumətinə çox qısa müddət ərzində bu ölkədə müharibəyə xərclədiyi vəsaitləri geri qaytarmağa imkan yaradacaq. Ən maraqlısı isə budur ki, rəsmi Bağdad dağıdılan infrastrukturu öz vəsaitləri hesabına bərpa etmək məcburiyyətində qalacaq. Bu işə isə yenə də Amerika şirkətləri cəlb olunacaq, pullar yenə də okeanın o tayına axacaq. ABŞ-a bu planın həyata keçirilməsində isə, əvvəllər olduğu kimi, yenə də satılmış KİV yardım edəcək.

Fərdin İsazadə, xüsusi olaraq islam.az üçün


Yerləşdirilib:18 Dekabr, 2012, Baxılıb:3734, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com