İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri

Müsəlmanların tarix mövzusunda qələmə aldıqları ilk kitablar "sirə", yəni Həzrəti Muhəmməd Peyğəmbərin (s) tərcümeyi-halı janrında olmuşdur. Sirələrdə Peyğəmbərin doğumundan başlayaraq vəfatına kimi həyatı araşdırılır, apardığı müharibələr təsvir edilir, o həzrətlə bağlı bütün lazımi informasiyalar (həyat yoldaşları, övladları, yaxın qohumları və səhabələri, hətta atları, silahları və s. barədə) verilirdi.

İlk mükəmməl sirənin müəllifi Əbu Abdullah Muhəmməd ibn İshaq Mütəllibi Mədəni sayılır. O, hicri 85 / miladi 704-cü ildə Mədinədə doğulmuş, 30 yaşında Misirə gedərək İsgəndəriyyə alimləri ilə görüşmüş, geri qayıdarkən Kufə, əl-Cəzirə, Rey, Yəmən və s. yerlərin elm adamlarını ziyarət etmişdi. Bağdaddan keçərkən, İbn İshaqı Abbasi xəlifəsi Mənsurla görüşdürürlər. Mənsur öz oğlu və vəliəhdi Mehdidən ötrü Həzrət Adəmdən (ə) öz dövrünə kimi baş vermiş hadisələri əhatə edən bir tarix kitabı yazmağı ona sifariş edir. İbn İshaq xəlifənin sifarişini yerinə yetirir. Lakin kitabın həcminin böyüklüyü Mənsuru narazı salır və o, müəllifə əsəri ixtisar etməyi tapşırır. İbn İshaq kitabı ixtisar edir. Mənsur əsərin ilkin variantını kitabxanaya qoyur, ixtisar olunmuş variantı isə Mehdiyə bağışlayır. Bəziləri İbn İshaqın öz əsərini bundan əvvəl - Misirdə olarkən yazdığını iddia edirlər. İbn İshaq hicri 150-153 / miladi 767-770-ci illər arasında Bağdadda vəfat etmişdir.

İbn İshaqın kitabını təqribən 50 ildən sonra Əbu Muhəmməd Əbdülməlik ibn Hişam Himyəri (vəf. hicri 213 və ya 218 / miladi 828 və ya 833) adlı bir tarix alimi yenidən işləmişdir. Bəsrədə doğulub, sonradan Misirə köçən İbn Hişam ərəb qrammatikasını və ənsab elmini (qəbilələrin əsil-nəcabəti və qolları barədə elm) mükəmməl mənimsəmişdi. O, İbn İshaqın kitabından Peyğəmbərin həyatına aid olan bölümü götürərək, bəzi mövcud qeyri-dəqiqlikləri islah etdi, artıq bildiyi hissələri əsərdən çıxarıb, lazım olan yerlərə öz əlavələrini artırdı. Beləliklə, İbn İshaqın kitabından xeyli fərqlənən yeni bir əsər meydana gəldi. Bu kitab tarixə İbn Hişamın "əs-Sirətu’n-nəbəviyyə" (Peyğəmbərin həyatı) əsəri kimi daxil oldu.

Həzrəti Muhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən kitablar arasında Vaqidinin "Məğazi" əsəri xüsusi diqqətə layiqdir. Əbu Abdullah Muhəmməd ibn Ömər ibn Vaqid Mədinədə anadan olmuş, lakin Bağdadda yaşayıb orada da vəfat etmişdir (vəf. hicri 207 / miladi 823). Vaqidi mükəmməl hafizəyə malik idi, tarix və rical mövzusunda yorulmadan tədqiqat aparırdı. Deyilənlərə görə, hərəsini iki nəfərin güclə qaldıra bildiyi 600 sandıq dolusu kitabı var imiş. Öz hafizəsi haqqında belə deyirmiş: "Camaatın kitablarındakı məlumatlar hafizəsində olanlardan çoxdur, mənim isə hafizəmdəkilər kitablarımda yazılanlardan daha artıqdır". Vaqidinin diqtələrini qələmə almağa təhkim olunmuş iki katib gecə-gündüz onun yanından kənara çəkilmir və söylədiklərini yazıya köçürürdü.

Vaqidinin "Məğazi" əsəri Həzrəti Muhəmməd Peyğəmbərin (s) zamanında baş vermiş döyüşlərin təsvirini əhatə edir. "Məğazi" ilkin tarixi qaynaqlardan olmaqla yanaşı, məlumatlarının dəqiqliyi baxımından çox mötəbər sayılır. Bundan əlavə, Vaqidi Afrika, əl-Cəzirə, İraq, Şam və Misir bölgələrinin fəth olunma tarixi barədə ayrı-ayrılıqda müstəqil kitablar yazmışdır. Onun Quran elmləri və rical mövzusunda da əsərləri vardır.

"Mədaini" kimi tanınan Əbül-Həsən Əli ibn Muhəmməd (vəf. Hicri 215 və ya 225 / miladi 830 və ya 840) əslən bəsrəli olsa da, Mədaində yaşamış və Bağdadda vəfat etmişdir. O, Abbasilər dövlətinin və müsəlman fəthlərinin tarixini, xəlifələrin, məşhur şairlərin və qadınların tərcümeyi-halını, Peyğəmbərin ana-nənələrinin, Əbu Talibin övladlarından şəhid olanların həyatını qələmə almış, Peyğəmbərin, Həzrəti Əlinin (ə) xütbə və məktublarını toplamışdır.

Abbasilər xilafətinin əvvəllərində tarixçi alimlərin bir çoxu "futuhat" janrında kitablar qələmə alırdılar. Onlar müsəlman ordusu tərəfindən məmləkətlərin fəth olunmasını, habelə, Bizansla müharibələrin tarixini salnamə şəklində qeydə almışlar.

Bu tarixçilər nəslinin ən görkəmli nümayəndəsi Əhməd ibn Yəhya Bəlazuri (vəf. hicri 279 / miladi 892) idi. Bəlazuri Mütəvəkkilin və ondan sonrakı bir neçə xəlifənin himayəsi altında Bağdadda fəaliyyət göstərirdi. O, fars dilini mükəmməl bilir, bu dildən kitabları ərəbcəyə tərcümə edirdi. Bəlazurinin ən məşhur əsərləri "Futuhu’l-buldan" ("Şəhərlərin fəthi") və "Ənsabu’l-əşraf"dır ("Şərəfli insanların əsil-nəcabəti").

"İbn Ə’səm Kufi" kimi tanınan Əbu Muhəmməd Əhməd (və ya Muhəmməd) ibn Əli Kufi (vəf. hicri 314 / miladi 926-927) məşhur tarixçilərdəndir. Onun "ət-Tarix" və "əl-Futuh" (fəthlər) əsərləri dəyərli mənbələrdən sayılır. "Ət-Tarix" kitabında Mə’munun hakimiyyətindən başlayaraq, Müqtədirin xilafətinin sonuna kimi ötən 100 illik dövr ərzində baş vermiş hadisələr işıqlandırılır. Bəzi tədqiqatçılar bunu müstəqil kitab deyil, müəllifin "əl-Futuh" əsərinin əlavəsi kimi qəbul edirlər. "Əl-Futuh" kitabı isə İslamın ilk dövrlərindən Harun ər-Rəşidin hakimiyyət illərinə kimi baş vermiş fəthlər barədə məlumatları özündə əks etdirir. Sonuncu əsərdə Azərbaycanla bağlı maraqlı məqamlara da işarə olunmuşdur. İbn Ə’səm şiə əqidəsini daşıyırdı. Öz əsərlərində daha çox şiə rəvayətlərinə müraciət etməsi də onu sair tarixçilərdən fərqləndirir. Müəllif tarixi hadisələri cəlbedici üslubda, hekayə şəklində təsvir edirdi.

Daha bir tarixçi - Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə Dinəvəri (vəf. hicri 276 / miladi 889) əslən xorasanlı olsa da, İraqda doğulmuşdu və Bağdadda dərs deyirdi. O, ərəb dili və ədəbiyyatını, fiqh və təfsiri mükəmməl mənimsəmişdi. Bir müddət Dinəvər şəhərində qazılıq etdiyi üçün, bu ləqəblə tanınırdı. Quran kəlimələrinin və çətin hədislərin izahı, şairlərin tərcümeyi-halı barədə kitabları vardır. Dinəvəri ərəb filologiyasında Bağdad qrammatika məktəbinin əsasını qoymuşdur. Onun "əl-Məarif" əsəri ən qədim tarix mənbələrindən sayılır. Lakin müəllifə dünya şöhrəti gətirən "əl-İmamə və’s-siyasə" kitabı olmuşdur. Xilafətin tarixinə, xəlifəlik qaydalarına və hakimlik şərtlərinə həsr olunmuş bu əsəri haqlı olaraq, ən dəyərli tarixi mənbələr sırasına aid edirlər.

"Dinəvəri" ləqəbi ilə tanınan daha bir alim Əbu Hənifə Əhməd ibn Davud (vəf. hicri 282 / miladi 895) olmuşdur. O, ən müxtəlif elm sahələrində eyni səviyyədə bacarıq nümayiş etdirirdi. Dinəvəri ərəb dilçiliyi, məntiq, nücum, hesab, həndəsə, tarix, botanika və fəlsəfə mövzularında dəyərli əsərlərin müəllifidir. Hərtərəfli istedadına və ensiklopedik biliyinə görə, çoxları onu Nəsrəddin Tusi ilə müqayisə edirlər. Dinəvəri İsfahan şəhərində rəsədxana tikdirmişdi və orada astronomik cədvəllərin tərtibi ilə məşğul olurdu. Onun botanikaya aid verdiyi məlumatlar xüsusilə qiymətli sayılır. Tarix mövzusunda qələmə aldığı "əl-Əxbaru’t-tival" kitabı dünyanın yaranışından Abbasi xəlifəsi Mu’təsimin hakimiyyətinin sonuna kimi keçən müddət ərzində baş vermiş hadisələrdən bəhs edir. Kitab tarixçilər üçün əvəzsiz mənbə rolunu oynayır.

Məlum olduğu kimi, ərəblər öz soy köklərini həmişə mühüm məsələlərdən hesab etmiş, hansı qəbiləyə mənsub olmaları ilə öyünmüşlər. Onların arasında ənsab (əsil-nəcabət) elmi geniş rəvac tapmışdı. Ənsab elmi öz tədqiqatçısından güclü hafizə və çalışqanlıq tələb edir. Həqiqətən, hər bir ərəb qəbiləsinin ən azı bir neçə yüz illik tarixini, qəbilələrin nəsil şəcərəsində mövcud olan şəxslərin müfəssəl tərcümeyi-halını, qəbilə qollarının təsnifatını yadda saxlamaq asan iş deyildir. Ənsab elmi ilə məşğul olan şəxsləri "nəssabə" adlandırırdılar. İlk Abbasi dönəmində yaşamış ən məşhur nəssabələr sırasında Kəlbi və İbn Kəlbi özünəməxsus yer tuturlar.

Əbu Nəsr Muhəmməd ibn Saib Kəlbi həm təfsir, həm də ənsab və tarix elmlərində bacarıq sahibi idi. O, ənsab barədə biliklərini Əbu Saleh adlı alimdən, o da Həzrəti Əlinin (ə) böyük qardaşı Aqil ibn Əbu Talibdən (ə) öyrənmişdi. Kəlbinin ənsab mövzusundakı əsərləri günümüzə qədər gəlib-çatmamışdır. Kəlbi hicri 146 və ya 148-ci ildə (miladi 763-764 və ya 765-766) Kufədə vəfat etmişdir.

Onun ən istedadlı tələbələrindən biri öz oğlu, "nəssabə" və "İbn Kəlbi" ləqəbli Əbu’l-Munzir Hişam ibn Muhəmməd Kufi idi. İbn Kəlbi müstəsna hafizəsi ilə seçilirdi. Özünün dediyinə görə, Qurani-Kərimi cəmi üç günə əzbərləyibmiş. Kəlbi deyir ki, xəstəlik üzündən bütün yaddaşımı itirmişdim. İmam Sadiq (ə) mənə bir qədəh su içirtdi. O həzrətin bərəkətindən bütün hafizəm bərpa olundu. İbn Kəlbi 150-dən artıq kitabın müəllifidir. O, Şam, İraq və İran torpaqlarının fəthi, Qureyş qəbiləsinin, Yəmən hökmdarlarının, Əshabi-Kəhfin, Loğmanın, Museyləmətu’l-Kəzzabın (peyğəmbərlik iddiası etmiş yalançı) tarixi, Cəməl, Siffeyn və Nəhrivan müharibələrinin gedişi, "hakəmeyn" hadisəsi, İmam Əlinin (ə) və İmam Hüseynin (ə) şəhadəti, Peyğəmbərin ana-nənələri və həyat yoldaşları, xəlifələrin övladları, Qureyşin əsil-nəcabəti, ərəblərin dini, ərəb bazarları və s. mövzularda öz qələmini sınamışdır. Hişam hicri 206-cı ildə (miladi 821-822) vəfat etmişdir.

Daha bir məşhur salnaməçi Əbu Mixnəf Lut ibn Yəhya Əzdi (vəf. hicri 157 / miladi 774) İmam Sadiqin (ə) səhabələrindən idi. O, Xorasan, Şam və İraq torpaqlarının fəthi, İmam Əlinin (ə) Cəməl, Siffeyn və Nəhrivan müharibələri, Səqifə əhvalatı (Əbu Bəkrin xəlifə seçkisi), xəlifə Osmanın, İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseynin (ə) şəhadətləri barəsində müstəqil kitablar yazmışdır. Əbu Mixnəfin Aşura faciəsindən bəhs edən "Məqtəlu’l-Hüseyn" əsəri daha məşhurdur. Onun digər əsərləri kimi, bu kitab da itmiş, yalnız bəzi hissələri Təbəri tarixinin səhifələrində iqtibas şəklində günümüzə qədər gəlib çatmışdır. Deyilənlərə görə, Əbu Mixnəf İraqın, Vaqidi Hicaz bölgəsinin, Mədaini də Xorasan, Hindistan və İranın tarixini daha yaxşı bilirmişlər; Şam fəthləri barədə isə hər üçünün məlumatı eyni səviyyədə imiş.

Əbu Mixnəfin tələbəsi Əbu’l-Fəzl Nəsr ibn Məzahim Təmimi (vəf. hicri 212 / miladi 827-828) Kufədə ətir alveri ilə məşğul idi; bununla yanaşı, tarixi mövzuda salnamələr də yazırdı. Sonralar Nəsr Bağdada köçüb, orada məskunlaşdı. Onun tarixi hadisələr barədə verdiyi məlumatlar təəssübdən uzaq və realdır. Buna görə də tədqiqatçılar Nəsr ibn Məzahimin kitablarını mötəbər mənbə kimi dəyərləndirirlər. O, Cəməl və Siffeyn müharibələri, İmam Hüseynin (ə) şəhadəti, Muxtarın qiyamı və s. mövzularda dəyərli əsərlər yaratmışdır. Bunlardan ilk ikisi daha çox şöhrət qazanıb.

ÜMUMİ TARİX KİTABLARI

Buraya qədər xatırlanmış müəlliflərin kitabları ümumi tarix janrında qələmə alınmamışdır. Bu kitablar ya tarixin konkret bir mərhələsini, ya da hər hansı ölkənin və ya şəxsin həyatını işıqlandırır (Əbu Hənifə Əhməd ibn Davud Dinəvərinin "əl-Əxbaru’t-tival" əsəri istisna olmaqla). Bunların arasında ümumi tarix janrında qələmə alınmış kitablar olmuşsa da, günümüzədək gəlib-çıxmamış və itib-batmışdır.

Lakin araşdırdığımız dövrdə yaşamış üç müsəlman müəllifi ümumi tarix sahəsində monumental əsərlər yarada bilmişlər. Onların kitabları yalnız bir tarixi mərhələ və ya coğrafi məkanla məhdudlaşmır. Hər üç müəllif ilk insanın yaradılışından başlayaraq, öz yaşadıqları zəmanəyə qədər baş vermiş hadisələri kağız üzərinə köçürmüşlər. Nəticədə, müsəlman tarixçiliyinin şah əsərləri olan monumental tarix salnamələri yaranmışdır. Aşağıda həmin üç müəllifin - Yəqubi, Təbəri və Məsudinin qələmindən çıxmış əsərlər barədə müxtəsər məlumat verilir.

1 - Yəqubi (vəf. hicri 284 / miladi 897)

Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qulamı idi. O, Bağdad şəhərinin salınmasında fəal iştirak etmiş, şəhərin böyük bir hissəsinin tikintisinə rəhbərliyi həyata keçirmişdi. Hicri 158 / miladi 775-ci ildə Mənsur onu Ərməniyyə vilayətinin valisi təyin etmiş, növbəti Abbasi xəlifəsi Mehdi isə Misirə vali göndərmişdi. Lakin az sonra Vazeh xəlifə Mehdinin əmri ilə edam olunmuşdur (hicri 169 / miladi 785-786; bəzi məlumatlara görə Vazehin edamı Harun ər-Rəşidin zamanında baş vermişdir).

Yəqubi, ehtimala görə, Bağdadda doğulmuş, gənclik illərini Ərməniyyə vilayətində (yəni Azərbaycan torpaqlarında) keçirmişdi. Onun Tahirilərin xidmətində olması barədə də ehtimallar vardır (Yəqubi Tahirilərin fəthləri barədə müstəqil kitab da yazmışdır). Təqribən hicri 260 / miladi 874-cü ildə Yəqubi əvvəlcə Hindistana, daha sonra Misirə və məğrib diyarına səfər edir. Çox güman ki, o, ömrünün sonuna kimi Şimali Afrikada yaşamış və Misirdə dünyasını dəyişmişdir.

Əsərlərindən məlum olduğuna görə, Yəqubi coğrafiya, nücum (astronomiya) və ədəbiyyatı yaxşı bilirmiş. Onun Bizans və Afrika tarixinə, habelə, digər mövzulara həsr olunmuş bir neçə əsəri itib batmışdır. Yəqubinin dövrümüzədək gəlib çatmış ədəbi irsi məşhur tarix salnaməsi və qismən qorunub-saxlanmış "əl-Buldan" (Şəhərlər) kitabı ilə məhdudlaşır.

Yəqubi hərtərəfli və ümumiləşdirilmiş tarix kitabı yazan ilk müsəlman müəllifi sayılır. O və "əl-Əxbaru’t-tival" əsərinin müəllifi Əbu Hənifə Dinəvəri monumental müsəlman tarixçiliyinin baniləridir. Yəqubinin əsəri Həzrəti Adəmin (ə) yaradılışından başlayaraq, müəllifin yaşadığı dövrə kimi keçən mərhələni əhatə edir. Müəllif kitabı iki cilddə hazırlamışdır. Birinci cild İslama qədərki tarixi əhatə edir. Burada qədim peyğəmbərlərin tarixi, Hindistan, Yunanıstan və Roma, İran (Sasanilər), Çin, Misir və Nubiya torpaqlarının tarixi, habelə İslamdan əvvəl Ərəbistanda baş vermiş hadisələr işıqlandırılır. İkinci cild isə Həzrəti Muhəmməd Peyğəmbərin (s) doğuluşundan 15-ci Abbasi xəlifəsi Mu’təmidin hakimiyyətinin əvvəllərinə (hicri 259 /miladi 873) qədərki xilafətin tarixini əks etdirir.

Yəqubi öz kitabında yalnız tarixi hadisələri sadalamaqla kifayətlənmir, yeri gəldikcə təsvir etdiyi dövrün ictimai-siyasi və mədəni mənzərəsini də verir. Əsərdə qədim dünya dövlətlərinin coğrafiyası, siyasi quruluşu, millətlərin adət-ənənələri və dini dünyagörüşləri barədə faydalı məlumatlara rast gəlirik. Məlumatlardakı bu zənginlik və dolğunluq yəqin ki, Yəqubinin müxtəlif bölgələrə etdiyi səyahətlər nəticəsində əldə olunmuşdur.

Yəqubi öz əsərində şiə əqidəsində olduğunu gizlətmir. O, Qədiri-Xum əhvalatını tam təfsilatı ilə təsvir etmişdir. Onuncu imama kimi (Yəqubinin kitabı bu dövrə kimi baş verənləri əhatə edir) hər bir imamın vəfatı kitabda öz əksini tapmışdır; üstəlik, imamların müxtəsər tərcümeyi-halı və şəhadətə çatdırılma şəraiti təvir olunmuş, hikmətli kəlamlarından nümunələr verilmişdir.

2 - Məs’udi (vəf. hicri 346 / miladi 957-958)

Əbu’l-Həsən Əli ibn Hüseyn Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Huzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yetişmişdir. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün, bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Ərməniyyə, Taliqan, Herat, Şam, Fələstin, Antakya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir.

Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. O, əsərlərinin bir neçəsinin hətta adından da göründüyü kimi, şiə əqidəsinə mənsub olmuşdur. Məsudinin "İsbatu’l-vəsiyyə" kitabı şiə ideologiyasının əsasları mövzusunda əvəzsiz mənbələrdən sayılır. İki hissəli əsərin birinci bölümündə qədim peyğəmbərlərin və onların vəsilərinin (canişinlərinin) tarixi işıqlandırılıb. İkinci bölümdə isə Həzrəti Muhəmməd Peyğəmbərin (s) və 12 imamın həyat salnaməsinə müxtəsər nəzər salınıb.

Məsudinin "ət-Tənbih vəl-işraf" və "Əxbaru’z-zəman" kitabları daha məşhurdur. Sonuncu kitabı müəllif əhatəli bir tarix məcmuəsi olaraq qələmə almışdı. (Kitabın həcminin 30 cild olduğu deyilir; təəssüf ki, əsər günümüzə qədər gəlib çatmamışdır). Sonralar o, əsəri bir az ixtisar etmiş, daha sonra bu variantı da yığcamlaşdırmışdır. Beləliklə, Məsudiyə dünya şöhrəti gətirmiş "Murucu’z-zəhəb" kitabı yaranmışdır. "Murucu’z-zəhəb" xilqətin əvvəlindən başlayaraq, 23-cü Abbasi xəlifəsi Mu’tinin (hicri 334-363 / miladi 946-974) hakimiyyətə gəlişinə kimi olan dövrün hadisələrini əks etdirir. Yəqubi tarixində olduğu kimi, "Murucu’z-zəhəb" kitabında da keçmiş ümmətlərin və xalqların adət-ənənələri və dini baxışları barədə ətraflı məlumat verilir.

3 - Təbəri (vəf. hicri 310 / miladi 923)

Əbu Cəfər Muhəmməd ibn Cərir Təbəri (vəf. hicri 310 / miladi 923) Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləyən Təbəri ilk təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə Misir və Şamda hədis ustadları ilə görüşür, sonra isə Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı.
Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı Cəririyyə məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin Cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib qısa müddət ərzində unuduldu.

"Təbəri tarixi" adı ilə məşhur olan kitabın bütöv adı "Tarixu’r-rusuli və’l-muluk"dur (Peyğəmbərlərin və hökmdarların tarixi). Yəqubi tarixindən və Məsudinin "Murucu’z-zəhəb" kitabından fərqli olaraq, Təbəri tarixi həcmcə daha genişdir. Müəllif kitabın əvvəlində keçmiş peyğəmbərlərin həyatı və İran şahlarının tarixi barədə məlumat verir. Daha sonra Həzrəti Muhəmməd Peyğəmbərin (s) ulu əcdadları barədə qiymətli məlumatlarla rastlaşırıq. Peyğəmbərin özünün həyatı kitabda kifayət qədər ətraflı şəkildə, bütün incəlikləri ilə təsvir edilib.

Ümumi tarix janrında qələmə alınmış bu üç kitab - Yəqubi tarixi, Təbəri tarixi və "Murucu’z-zəhəb" həm fərqli, həm də oxşar cəhətlərə malikdir. Onların oxşar cəhətlərindən biri əhatə etdikləri mövzularla bağlıdır. Kitabların hər üçü xilqətin əvvəlindən müəllifin zəmanəsinə qədər baş verənləri əhatə edir. Bununla belə, Yəqubinin və Məsudinin başqa ümmətlər barədə verdikləri məlumatlar Təbərininkindən daha artıq və rəngarəngdir. Belə ki, ilk iki müəllif qədim Babil, Hindistan, Çin, İran, Yunanıstan və Roma torpaqlarının tarixi barədə (qısaca da olsa) məlumat verdikləri halda, Təbəri yalnız Bəni-İsrail peyğəmbərlərinin və İran şahlarının xəbərləri ilə kifayətlənir.

Yəqubi və Məsudinin tarixləri coğrafi biliklər baxımından da böyük əhəmiyyətə malikdir. Onlar hər ölkənin və xalqın tarixini yazmaqla yanaşı, o yerlərin coğrafi şəraiti barədə də qənaətbəxş məlumatlar verməyə çalışırlar. Məsələyə bu baxımdan yanaşdıqda, Təbəri tarixi coğrafi biliklərdən uzaq sırf salnamə xarakteri daşıyır. Məsudi və Yəqubi ictimai-siyasi proseslər, millətlərin adət-ənənələri, məişəti və s. barədə informasiya sarıdan da Təbərini üstələyirlər. Təbəri öz tarixini qələmə alarkən, əsas etibarilə özündən əvvəlki tarixçilərin əsərlərinə və ayrı-ayrı şəxslərdən eşitdiyi şifahi rəvayətlərə əsaslanır, hadisələri hədis şəklində, hətta sənəd zəncirini göstərərək xatırladır. Onun şəxsi müşahidə və təəssüratları az gözə çarpır. Bu da Təbərinin qeyri-müsəlman məmləkətlərinə səfər etməməsindən irəli gəlir. Yəqubi və Məsudi isə nəinki müsəlman ölkələrini, hətta Hindistan, Çin, Afrika torpaqlarını da gəzib-dolaşmış və öz əsərləri üçün şəxsi müşahidəyə əsaslanan orijinal informasiyalar toplamışdılar. Buna görə də, onların əsərləri quru salnaməçilik ənənələrindən uzaqdır.

Hər üç müəllif xilafət tarixini xəlifələrin hakimiyyət ardıcıllığı üzrə işıqlandırmışlar. Bir xəlifənin hakimiyyət dövründə baş vermiş hadisələr təsvir edildikdən sonra növbəti xəlifədən söhbət açılır. Bu zaman Təbəri daha da xırdaçılığa vararaq, hadisələri həm də baş verdikləri illər üzrə qruplaşdırır. Yəni onun kitabının müsəlman xilafəti barəsində olan bölümü başdan-ayağa "filan ilin hadisələri" başlıqlarından ibarətdir. Yəqin ki, bunun səbəbi Təbəri tarixinin digər salnamələrdən həcmcə daha böyük olmasıdır. Əgər müəllif hadisələri illər üzrə bölüşdürməsəydi, konkret olaraq bu və ya digər hadisə barəsində informasiyanı kitabdan tapmaq çox çətin olardı.

Natiq RƏHİMOV (natiq@islam.az)


Yerləşdirilib:14 Oktyabr, 2007, Baxılıb:5754, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com