ALLAHIN NEMƏTLƏRİNİ ƏSKİK SAYMAYIN

Möminə yaraşan ən gözəl xasiyyətlərdən biri də Allahın nemətlərini dəyərləndirmək, şükr etmək, müsibətləri səbrlə qarşılamaq-dır. Insan əldə etdiyi hər şeyin Allah tərəfindən bəxş edildiyini unutmamalıdır.

 

Allahın verdiklərini gözardına vurmaq, nəfsinin istəyinə uyğun olmayan hər şeyi ədalətsizlik kimi qəbul etmək, məhrumiyyətlə qarşılaşanda səbrsizlik edib şikayətə başlamaq nankorluğun əlamətidir. Unutmayaq ki, başımıza gələn yaxşılı-pisli hər bir hadisənin öz hikməti var. Bəla kimi qəbul etdiyimiz şey əslində bizim üçün çox xeyirli, rifah kimi anladığımız şey isə ziyanlı ola bilər. Çətinlik və sıxıntılar kimisi üçün sınaqdır, kimisi üçün günahlarının bağışlanma vasitəsidir, kimisi üçünsə pis əməllərinin əvəzidir.

Onuncu Imam Əli Nəqinin (ə) şagirdi Əbu Haşim deyir ki, bir zamanlar maddi vəziyyətim çox ağır idi. Imamın hüzuruna getdim; məqsədim bu idi ki, o həzrətdən kömək istəyim. Otağa girdim, Imam Nəqi (ə) ilə salamlaşıb yanında oturdum. Hələ söhbəti açmamışdım ki, o həzrət buyurdu: “Ey Əbu Haşim! Allahın sənə bəxş etdiyi nemətlərdən hansı birinin şükrünü layiqincə yerinə yetirməyə qüdrətin çatar?”. Mən cavab verməyə çətinlik çəkib susdum.

Imam sözünə davam etdi: “Ey Əbu Haşim! Allah sənə iman bəxş etdi, bununla da sənin bədənini axirətdə cəhənnəm alovunda yanmaqdan qorudu. Allah sənə sağlamlıq əta etdi, bununla da Ona ibadət etməyin üçün sənə imkan yaratdı. Allah sənə qənaətcillik xasiyyətini verdi, bununla da sənin abrını qorudu, başqalarının qarşısında əskilməyə qoymadı. Ey Əbu Haşim! Özüm əvvəlcə bu nemətləri sənin yadına saldım. Çünki bilirəm ki, yaşayışın çətinliyini söyləyib, bütün bu nemətləri verən Allahdan mənə şikayət edəcəkdin. Göstəriş vermişəm ki, sənə yüz dinar pul versinlər. Bu pulu götür, dolanışığını qaydaya sal. Amma Allahın verdiyi nemətlərin şükrünü yerinə yetirməyi də unutma”.

Bəzən insan xırda məsələlərlə başını qarışdırır, daha mühüm və məsuliyyətli sualların cavabı barədə düşünməkdən qaçmağa çalışır. Həyatın mənasını yalnız maddi rifahda, sərvətdə görən insan “dünyada necə yaşamaq lazımdır?” sualına cavab tapmaqdansa, “dünyadan bacardıqca çox şeyi necə qoparmaq lazımdır?” sualı ətrafında düşünməyə üstünlük verir. Imam Zeynül-abidinin (ə) öz tərəfdarlarından birinə tövsiyəsi bu baxımdan çox maraqlıdır.

Bir nəfər Imam Zeynül-abidinin (ə) yanına gəlib həyatından şikayət etdi. Imam onun sözünü dinləyib buyurdu: “Yazıqlar olsun insanın halına! Hər gün başına üç müsibət gəlir, amma bunlardan ibrət götürmür. Əgər bu müsibətlərdən ibrət alsaydı, dünyanın bütün çətinlikləri ona asan görünərdi. Müsibətlərin birincisi budur ki, hər gün insanın ömründən azalır. Əgər adamın mal-dövləti azalsa, tez qəmgin olur. Halbuki, sərvəti yenə qazanmaq mümkündür. Ömür isə bir daha geri qayıtmaz. Ikinci müsibət budur ki, insan hər gün rahatlıqla ona verilən ruzini yeyir. Düşünmür ki, əgər yediyi ruzi halaldırsa, qiyamətdə bunun hesabını verəcək. Əgər haramdırsa, cəzasını çəkəcək. Üçüncü müsibət bunlardan daha ağırdır. O da bundan ibarətdir ki, başa çatan hər gün insanı axirətə yaxınlaşdırır. Amma insan heç bilmir ki, cənnətə tərəf gedir, yoxsa cəhənnəmə tərəf?”.

Çətinliklər qarşısında səbr edib dözmək adamı həm Allahın nəzərində ucaldır, ona savab qazandırır, həm də camaatın gözündə vüqarlı edir. Daim narazı və şikayətçi olan, səbrsizlik edən, başqasından yardım uman adam camaatın yanında izzət və ehtiramını itirər, əskilər. Kasıblığı və məhrumiyyəti eyib bilənlər ona gülərlər, yardım edib əl tutanlar isə sonra bunu onun üzünə vurub minnət qoyarlar. Islam müqəddəsləri həmişə möminləri başqalarının qarşısında əyilməkdən, ətrafdakıların əlinə baxmaqdan, kiminlə gəldi öz sirrini bölüşməkdən çəkindirirdilər.

Bir gün Müfəzzəl ibn Ömər Imam Cəfər Sadiqin (ə) yanına gəldi. Bu, həmin Müfəzzəldir ki, dəhri (ateist) əqidəsində olan Ibn əbül-Övca ilə elmi mübahisə aparması üçün Imam Sadiq (ə) ona dörd gün tövhid mövzusunda məsələlər diktə etmiş, Müfəzzəl Imamın buyurduğu sübutlarla öz tərəf-müqabilinə qalib gəlmişdi. Imam Sadiqin (ə) Müfəzzələ diktə etdikləri “Tövhidi-Müfəzzəl” adı ilə məşhurdur.

O zamanlar Müfəzzəl həm maddi, həm də mənəvi sıxıntı içində idi. Bu üzdən Imamla söhbət əsnasında dolanışığından şikayət etdi. Həzrət Sadiq (ə) xidmətçiyə tapşırdı ki, dörd yüz dirhəm pul gətirsin. Imam pul kisəsini Müfəzzələ verib buyurdu: “Bu pulu götür, maddi vəziyyətini qaydaya sal”.

Müfəzzəl dedi: “Ay Peyğəmbərin övladı! Mənim məqsədim Səndən pul istəmək deyildi. Istəyirdim ki, məndən ötrü dua edəsən, Allah o duanın xatirinə vəziyyətimi düzəltsin”.

Imam Sadiq (ə) Müfəzzəlin barəsində dua etdi. Axırda belə buyurdu: “Ey Müfəzzəl! Vəziyyətinin çətinliyi barədə camaata danışma! Yoxsa xalq içində əskilib xar olarsan. Zillətdən uzaq olmaq istəyirsənsə, ürəyindəki dərdi hər adama demə”.

 

 


Yerləşdirilib:10 Sentyabr, 2012, Baxılıb:4625, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 18 Sentyabr, 2012  20:48
# Ответить
+1


]]>]]>

Salam aleykum.Canim feda Imam Ceferi Sadiqede(s),Imam Zeynulabidinede(s),Imam Aliyen Naqiyede(s) onlar olmasaydi biz muselmanlara Peyqamberden sonra kim doqru yolu gostererdi ve shukr Allaha ki
Imam Mehdini Allahin salami olsun o Hazretye bizim ucun saq saxlamishdir yoxsa biz kimi hesret ile gozleyerdik.Ezilsekde sevinsekde Sahibimiz olan Allaha shukr etmeliyik.Meqale ucun teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com