DÜNYANIN İBRƏT DƏRSLƏRİNDƏN BİRİ

“Dünya iki günlükdür: bir gün sənin xeyrinə, o biri gün sənin ziyanınadır. Sənin xeyrinə olanda qürrələnmə, sənin ziyanına olanda səbr et” (İmam Əli (ə))

 

“Dünya iki günlükdür: bir gün sənin xeyrinə, o biri gün sənin ziyanınadır. Sənin xeyrinə olanda qürrələnmə, sənin ziyanına olanda səbr et” (İmam Əli (ə), “Nəhcül-bəlağə”, 406-cı hikmət).

Abbasi xəlifələrinin zamanında Bərməkilər sülaləsindən olan vəzirlər böyük nüfuza sahib idilər. Əslən iranlı olan və deyilənlərə görə, kökü Sasani padşahlarına gedib-çıxan bu nəslin nümayəndələrindən biri xəlifə Osmanın hakimiyyəti dövründə Islamı qəbul etdi. Onun nəvəsi Xalid Bərməki iti zehni sayəsində Əməvi xəlifələrinin sarayına yol tapdı, sonra Abbasilərin xidmətinə keçdi və ilk Abbasi xəlifəsi Səffahın vəziri oldu. Xalidin oğlu Yəhya da sarayda böyük hörmətə malik idi. Harun ər-Rəşid onu özünə baş vəzir etmiş və qeyri-məhdud ixtiyar nişanəsi olan hakimiyyət üzüyünü ona vermişdi. Yəhyanın iki oğlu Fəzl və Cəfər xəlifənin sevimlisi idilər. Xüsusilə Fəzl Harun ər-Rəşidin süd qardaşı olduğuna görə, onun üzərində böyük təsirə malik idi. Deyilənlərə görə, Harun Fəzlin xatirini o qədər çox istəyirdi ki, heç bir məclisdə onsuz oturmurdu. Bərməkilərl özlərinə hədsiz sərvət toplamışdılar. Onların Xorasanda 500 min nəfərlik qoşunu vardı, bu qoşunun 20 min nəfərini Bağdadda yerləşdirmişdilər.

Harunun Fəzlə və ümumilikdə Bərməkilər soyuna münasibətinin nə zamansa pisləşə biləcəyini heç kəs ağlına belə gətirmirdi. Buna baxmayaraq, bu böyük sülalənin ehtişamına bircə gecənin ərzində son qoyuldu. Bərməkilərin artmaqda olan nüfuzundan qorxuya düşən Harun öz nökəri vasitəsilə Cəfərin başını kəsdirdi. Yəhya və oğlu Fəzl zindana salındılar. Onların bütün əmlakı müsadirə olundu. Xəlifə hətta Bərməkilərin adının çəkilməsini belə qadağan etmişdi. Yəhya ilə Fəzl ağır işgəncələr altında zindanda dünyalarını dəyişdilər. Bərməkilər Abbasilər xilafətində 17 ildən artıq vəzirlik etdilər. Onların yüksəliş və süqutunu tarixin ən ibrətli səhifələrindən hesab etmək olar. Bərməkilərin hakimiyyət dövranı ilə bu məqamı itirdikdən sonra düşdükləri vəziyyətin müqayisəsi barədə tarix kitablarında müxtəlif rəvayətlər vardır. Onlardan birini aşağıda diqqətinizə təqdim edirik:

O dövrün şairlərindən biri rəvayət edir ki, bir gecə Fəzl Bərməki məni sarayına çağırdı. Məlum oldu ki, həmin gecə oğlu olub, körpənin haqqında şeir deməyimi istəyir. Mən uşağın barəsində bir beyt şeir qoşub dedim. Fəzl mənə yüz min dirhəm ənam verdi, sonra tapşırdı ki, atası Yəhyanın və qardaşı Cəfərin də yanına gedib, şeiri onlara oxuyum. Elə də etdim, Yəhya ilə Cəfər də hər biri mənə yüz min dirhəm pul bağışladı. Öz-özümə dedim: “Bircə beytə görə 300 min dirhəm qazandım”.

Bu hadisənin üstündən illər keçdi. Bərməkilər qəzəbə düçar olub, tarix səhnəsindən silindilər. Onların sarayları viran qaldı, adlarını çəkməyə belə, cəsarət edən olmadı.

Ruzigar məni Misrə aparıb-çıxartdı. Yolun toz-torpağından təmizlənmək üçün hamama getdim. Bir cavan hamam xidmətçisi gəlib, kürəyimi kisələməyə başladı. Nədənsə, o an Fəzlin körpəsi haqqında dediyim beyt yadıma düşdü, həmin beyti ucadan oxudum. Hamam xidmətçisi şeiri eşidən kimi ürəyi gedib yıxıldı. Özünə gələndən sonra mənim bu şeiri haradan bildiyimi soruşdu. Dedim ki, mən beytin müəllifiyəm. Oğlan söylədi: “Mən isə Fəzlin həmin oğluyam, bu şeiri sən mənim doğum günümdə demisən”.

Şair Bərməkilərin verdiyi bəxşişi özünə sərmayə etmiş və gözəl şərait yaratmışdı. Cavana yaxşılıq etmək məqsədilə, Fəzlin vaxtilə verdiyi yüz min dirhəmi ona qaytarmaq istəyir. Amma oğlan etiraz edib deyir: “Atamın verdiyini mən geri almaram”.

 

 

 

 


Yerləşdirilib:4 Sentyabr, 2012, Baxılıb:4951, Çap
 

Son şərhlər : 1
Müəllif: Taleh | 6 Sentyabr, 2012  01:49
# Ответить
+6


]]>]]>

Allah ozu bizim dunya ve axiretimizi xeyirli etsin!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com