CƏNNƏT ƏHLININ BƏZI XÜSUSIYYƏTLƏRI

Cənnətə layiq olmağın bir yolu da dünyaya aludə olmamaq, özünü həmişə ölümə hazır etməkdir. Bir gün Peyğəmbər yanın-da-kılardan soruşdu ki, sizə cənnətin yolunu göstərməyimi istəyirsinizmi?

 

 

1.Dünyaya aludə olmamaq insanı cənnətə aparar

Cənnətə layiq olmağın bir yolu da dünyaya aludə olmamaq, özünü həmişə ölümə hazır etməkdir. Bir gün Peyğəmbər yanındakılardan soruşdu ki, sizə cənnətin yolunu göstərməyimi istəyirsinizmi? Hamı dedi: ”Bəli, istəyirik“. O həzrət buyurdu: ”Elə isə arzu-xəyallarınızı azaldın, əcəli həmişə göz önündə tutun və Allahdan layiqincə həya edib utanın“. Ölümü tez-tez yad etmək insanı sövq edər ki, öz əməllərinə daha məsuliyyətli yanaşsın, günah etməsin. Əgər belə olsa, Allahın razılığını qazanar və axirətdə mükafata layiq görülər.

 

2. Insanlara yaxşılıq etmək cənnətə düşməyə səbəb olar

Imam Mühəmməd Baqirin (ə) kəlamlarının birində cənnətə düşmək üçün insanlara yaxşılıq etməyin, cəmiyyətə faydalı olmağın mühüm şərt olduğunu görürük: ”Hər kimdə bu dörd xüsusiyyət olsa, Allah ondan ötrü cənnətdə yer (ev) ayırar: yetimə nəvaziş göstərmək, zəifə rəhm etmək, valideynlə şəfqətli davranmaq və özünü xidmətçilərə (kölələrə) bərabər tutmaq“.

Bir ərəb Peyğəmbərin yanıa gəlib soruşdu ki, hansı əməli etməklə cənnətə düşə bilərəm? Peyğəmbər buyurdu: ”Get, təzə bir su tuluğu al, tuluq deşilənə kimi onunla susuz evlərə su daşı. Bil ki, sənin cənnətə girməyin təmin olmayınca tuluq deşilməz“ (Vəsailüş-şiə, IX, 474).

 

3. Əxlaq gözəlliyi cənnətin qapılarını insanın üzünə açar

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Siz altı məsələyə riayət edəcəyiniz barədə mənə söz verin, mən də bunun əvəzində cənnətə düşəcəyinizə zəmanət verim: danışanda yalan söyləməyin, vədə verəndə xilaf çıxmayın, sizə əmanət tapşırılanda xəyanət etməyin, gözlərinizi harama yumun, cinsiyyət üzvünüzü zinadan qoruyun, əllərinizə və dilinizə yiyə durun” (Əmaliyi-Səduq, XX məclis, hədis 2).

Imam Əlinin (ə) aşağıdakı hədisi də diqqətəlayiqdir: “Yalnız öz nəfsi ilə cihad edən kəs cənnəti qazanar” (Ğürərül-hikəm, 7421).

Allahın Rəsulu buyururdu ki, üç cür adam cənnətə istədiyi qapıdan daxil olar: əxlaqını gözəlləşdirən şəxs, gizlində və aşkarda (yəni təklikdə və camaat arasında) Allahdan qorxan adam və hətta haqlı olsa belə, mübahisədən qaçan şəxs (Əl-Kafi, II, 300).

 

4.Şəhidlər və haqq uğrunda savaşanlar cənnətə düşərlər

Öz dinini, müqəddəsatını, vətənini, ailəsini, namusunu qorumaq uğrunda döyüşən və bu yolda şəhid olan adam behiştdə özünə əbədi yer qazanar. Quranda şəhidlərin Allah dərgahında xüsusi nemətlərə layiq görüldükləri vurğulanır (Ali-Imran, 169). Peyğəmbərə məxsus olan məşhur hədisdə deyilir: ”Cənnət qılıncların kölgəsindədir“. Yenə Peyğəmbər buyururdu: ”Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, bunları daha da artırmaq üçün 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər“. Islam Peyğəmbəri cənnətə hamıdan tez girəcək dəstənin içində şəhidlərin də olacağını xəbər verirdi: “Cənnətə hamıdan əvvəl girəcək bu üç nəfər (meracda) mənə göstərildi: şəhid, iffətini qoruyan adam və ibadətini gözəl şəkildə yerinə yetirən, ağasına qarşı xeyirxah olan kölə” (Sünənüt-Tirmizi, hədis 1642).

 

5.Xalq içində hörməti olan və öləndən sonra xoş sözlərlə yad edilən adam cənnətlikdir

Cənnətə layiq olmağın bir yolu da cəmiyyətdə müsbət ad qazanmaq, xalqın sevimlisi olmaqdır. Insan həm fərdi, həm də ictimai yönə malik bir varlıqdır. O, həm fərdi əməllərinə (ibadət, əxlaq təmizliyi və s.), həm də cəmiyyət içindəki davranışına və insanlarla münasibətinə görə Allah qarşısında cavabdehdir. Rəvayət edirlər ki, bir gün Peyğəmbər öz səhabələri ilə söhbət edərkən, camaatın bir cənazəni dəfn etmək üçün qəbristanlığa apardığını gördülər. Səhabələr mərhumu xoş sözlərlə yad etdilər. Peyğəmbər buyurdu: “Ona vacib oldu”. Daha sonra başqa bir cənazə mərasimi göründü. Bu dəfə səhabələr mərhumun barəsində mənfi fikir söylədilər. Peyğəmbər yenə buyurdu: “Ona vacib oldu”. Səhabələr bu sözlərin mənasını soruşduqda o həzrət cavab verdi: “Siz birinci cənazəni xeyirlə andınız; buna görə ona cənnət vacib oldu. Ikinci cənazə haqqında pis fikir söylədiniz; buna görə də ona cəhənnəm vacib oldu. Siz Allahın yer üzündə şahidlərisiniz” (Səhihül-Buxari, hədis 1367).

 

 


Yerləşdirilib:30 Avqust, 2012, Baxılıb:4661, Çap
 

Son şərhlər : 2
Müəllif: Ayten | 2 Sentyabr, 2012  12:03
# Ответить
+4


]]>]]>

Melumata gore cox sagolun..Allah razi olsun inwallah...
Müəllif: aydin | 11 Avqust, 2016  13:40
# Ответить
0


]]>]]>

HaqiqTan bucur hadislar insanin ruhunu tamizliyir agar amalda etsak cox gozaldi tawakkurlar
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com