AZƏRBAYCAN ŞEYXÜL-ISLAMLARI

“Şeyxül-Islam” sözünün ərəb dilindən tərcüməsi “Islamın başçısı” və ya “Islamın ağsaqqalı” mənalarını verir. Keçmişdə bəzi məşhur ruhani alimlərə bu ləqəbi verirdilər.

 

Məsələn, təfsirçi Imam Fəxr Razi, şair Əbdürrəhman Cami, cəfəri alimi Hürr Amuli, öz qeyri-adi fətvaları ilə məşhur olan Ibn Teyyimiyyə, görkəmli əhli-sünnə alimləri Əbu Ishaq Şirazi, Ibn Həcər Əsqəlani və başqaları mənbələrdə şeyxül-Islam ləqəbi ilə xatırlanırlar.

Şeyxül-Islam vəzifəsi Osmanlı imperiyasında ali ruhani məqam sayılırdı. Ilk dəfə 1424-25-ci illərdə Əllamə Şəmsəddin Mühəmməd ibn Həmzə Fənarinin bu vəzifəyə təyin edildiyi ehtimal olunur. 498 il ərzində Osmanlı dövlətinin şeyxül-Islamı vəzifəsinə 129 (və ya 131) nəfər təyinat almışdır ki, bunlardan 54 nəfəri həmin vəzifəyə fasilələrlə bir neçə dəfə seçilmişdir. Osmanlı şeyxül-Islamları arasında Əbus-süud Əfəndi, Ibn Kəmal kimi nüfuzlu dövlət xadimləri olmuşdur. Onlar siyasi hadisələrə fəal təsir edir, dövlətin daxili və xarici siyasətində həlledici rol oynayırdılar. Məsələn, Osmanlıların Misrə hücumunu, Venesiyaya muharibə elan etməsini dəstəkləyən fətvaları o zamanın şeyxül-Islamları vermişdilər.

498 il davam etmiş şeyxül-Islamlıq təsisatının son nümayəndəsi Mədəni Nuri Əfəndi 1922-ci il sentyabrın 26-da öz vəzifəsindən istefa vermişdir. O zamandan bəri bu səlahiyyəti Diyanət Işləri Vəqfi icra edir.

Şeyxül-Islamlıq həm də Qafqaz üçün regional xarakter daşıyan bir təsisatdır. Belə ki, XIX əsrin əvvəllərində çar Rusiyası Qafqaz bölgəsindəki müsəlmanlar üzərində nəzarəti həyata keçirmək, Azərbaycan müsəlmanlarını Irandakı müctəhidlərin təsirindən qoparmaq, eləcə də, Şimali Qafqazda çar üsul-idarəsinə qarşı başlamış hərəkatlardan Azərbaycan müsəlmanlarını təcrid etmək məqsədilə dini qurum təşkil etməyi qərara aldı. Bu məqsədlə 1823-cü ildə Tiflisdə şiə məzhəbli müsəlmanların lideri kimi şeyxül-Islam vəzifəsi təsis edildi. 1832-ci ildə isə Tiflisdə Qafqazın sünni məzhəbli müsəlman-larına liderlik edən müfti vəzifəsi yaradıldı. Şeyxül-Islam və müfti ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərirdilər. Qafqazın ilk şeyxül-Islamı Axund Mühəmməd Əli Hüseynzadə (1823-46-cı illər) məşhur siyasi xadim, publisist Əli bəy Hüseynzadənin ulu babası idi. Ondan sonra həmin vəzifəni dünya şöhrətli cəfəri müctəhidi, mərceyi-təqlid Fazil Irəvani (1847-72-ci illər) yerinə yetir¬mişdir. Ilk müfti Kazan tatarlarından olan Tazutdin Əfəndi Mustafin (1832-40-cı illər) olmuşdur. Ondan sonra Osman Əfəndi Vəlizadə (1841-56-cı illər; şair Molla Vəli Vidadinin oğlu), daha sonra isə Osman Əfəndinin oğlu Mühəmməd Əfəndi Müftizadə-Vidadov (1857-72-ci illər) bu vəzifəyə təyinat almışlar.

1872-ci ildə çarın xüsusi fərmanı ilə Qafqaz canişinliyinin nəzdində Zaqafqaziya Müsəlmanları Ruhani Idarəsi təsis edildi. Idarə¬nin rəhbəri şeyxül-Islam idi, onun müavini isə müfti titulunu daşıyırdı.

1917-ci ilin fevralında baş vermiş Rusiya burjua inqilabı Zaqafqaziya Müsəlmanları Ruhani Idarəsinin də fəaliyyətini dondurdu. Bu dövrə kimi Axund Əhməd Hüseynzadə (1873-84-cü illər; ilk şeyxül-Islam Mühəmməd Əli Hüseynzadənin oğlu), Axund Həsən Tahirzadə (1885-93-cü illər), Axund Əbdüssalam Axundzadə (1894-1907-ci illər), Axund Mühəmməd Həsən Mövlazadə Şəkəvi (1907-09-cu illər; azərbaycan dilində “Kitabül-bəyan” təfsirinin müəllifi), Axund Mühəmməd Pişnamazzadə (1909-18-ci illər) şeyxül-Islam vəzifəsini icra etmişlər. Müftilik vəzifəsini isə Hacı Həmid Əfəndi (1873-83-cü illər) və Hüseyn Əfəndi Qayıbov (1884-1917-ci illər) yerinə yetirmişlər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra şeyxül-Islam və müfti “məşixə” adlı vahid qurumda birləş¬dilər. Məşixəyə onlardan başqa daha 31 nəfər ruhani (16 nəfər şiə və 15 nəfər sünni bölgə qazisi) daxil idi.

1918-ci ilin dekabrında şeyxül-Islam Pişnamazzadə vəzifəsindən istefa verdi və onun yerini Axund Mollaağa Əlizadə tutdu (1918-20-ci illər). Bu dövrdə müftilik səlahiyyətlərini Hacı Ibrahim Əfəndi Əfəndizadə icra edirdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Zaqafqaziya Müsəlmanları Ruhani Idarəsinin fəaliyyətinə son qoyuldu. Böyük Vətən müharibəsinin sonuna yaxın dini ayinlərin icrası üzərindəki qadağanın nisbətən yumşaldılması fonunda Idarənin fəaliyyəti bərpa olundu (1944-cü ilin may ayı). Bu zaman Axund Mollaağa Əlizadə yenidən şeyxül-Islam vəzifəsinə (1944-54-cü illər), Hacı Ibrahim Əfəndi Əfəndizadə isə müfti vəzifəsinə (1944-56-cı illər) təsdiq edildilər.

Sonrakı illərdə Axund Möhsün Həkimzadə (1955-66-cı illər), Axund Əliağa Süleymanzadə (1968-76-cı illər), Axund Mir Qəzənfər Ibrahimov (1977-79-cu illər) şeyxül-Islam seçilmişlər. Müfti vəzifəsini Əsədulla Əfəndi Dibirov (1957-59-cu illər), Şərif Əfəndi Vəlizadə (1959-66-cı illər), Əhməd Əfəndi Bozgöziyev (1968-69-cu illər) və Hacı Ismayıl Əfəndi Əhmədov (1969-86-cı illər) icra etmişlər.

1980-ci ildə şeyxül-Islam vəzifəsinə Hacı Allahşükür Paşazadə seçilmişdir və hal-hazırda həmin vəzifəni icra edir. H.A.Paşazadə ilk şeyxül-Islamdır ki, yalnız Zaqafqaziya müsəlmanları deyil, bütünlükdə Qafqaz müsəlmanları onu öz dini liderləri kimi qəbul edirlər. 1989-cu ildən bəri müfti vəzifəsini Hacı Salman Əfəndi Musayev daşıyır.

Şeyxül-Islam Qafqaz müsəlmanlarının qurultayında seçilir və Qafqazın müsəlman əhalisinin dini lideri sayılır. Onun rəhbərlik etdiyi Qafqaz Müsəlmanları Idarəsinin nəzdində fəaliyyət göstərən Qazilər Şurası dini-ictimai məsələlər barəsində fətva vermək səlahiyyətinə malikdir.

 


 


Yerləşdirilib:4 Avqust, 2012, Baxılıb:4998, Çap
 

Son şərhlər : 1
Müəllif: aydin | 31 Avqust, 2017  23:42
# Ответить
0


]]>]]>

Man waxsan onu qabul etmiram belalarinin amali goz qabagindadi
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com