ŞƏFAƏT – günahkarların ümid qapısı

Qiyamət günündə ilahi məhkəmədə bəzi günahkarların bağışlanması barədə müqəddəs şəxslərin, eləcə də möminlərin vasitəçilik etməsinə deyilir.

 

Ərəb dilində “şəf” sözü “cüt” anlamını verir və bir şeyi başqasına qoşmaq mənasında işlədilir. Şəf namazı da iki rükət olduğu üçün ona bu ad verilib. Şəfaətə bu ad verilməsinin səbəbi də budur ki, şəfaət istəyən adam özünü daha layiqli bir adama qoşur və onun sayəsində əzabdan xilas olmaq istəyir.

Bu dünyada bəzən elə insanlara rast gəlirik ki, onların ürəyində iman vardır, saleh əməllər edir, savab işlər görürlər. Bununla belə, bəzən öz nəfslərinə aldanır və günaha bulaşırlar. Bu cür şəxslər məhşər məhkəməsində təqsirli bilinib müvəqqəti cəzaya məhkum olunsalar da, peyğəmbərlər, imamlar, övliyalar, böyük alimlər, şəhidlər onların bağışlanması barədə Allahdan xahiş edəcəklər. Allah bu müqəddəs şəxslərin istəyini yerinə yetirib həmin günahkar bəndələri bağışlayacaq və cənnətə daxil edəcək. Bağışlanma haqqında bu xahişə şəfaət deyilir.

Qurani-kərimdə “şəfaət” və ondan qaynaqlanan kəlmələr 31 dəfə işlənib. Bu ayələrin bir qismində şəfaətin mahiyyəti açıqlanır, kimlərə şəfaət etmək ixtiyarı veriləcəyi bildirilir və kimlərin şəfaət qazanmaq haqqından məhrum ediləcəkləri xəbər verilir. Ayələrdən məlum olur ki, qiyamət günündə şəfaət yalnız və yalnız Allahın izni ilə baş verəcək və Allahın razılığı olmadan heç kəs şəfaət etmək ixtiyarına malik olmayacaq: “Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər?” (Bəqərə, 255). “Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz” (Səba, 23). “Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edərlər” (Ənbiya, 28).

Şəfaət haqqında istər şiə, istərsə də əhli-sünnə mənbələrində yüzlərlə hədis vardır. Həzrət Mühəmməd Peyğəmbər (s) qiyamət günündə şəfaət etmək səlahiyyətinə malik olacaq şəxsləri belə tanıtdırır: “Şəfaət ixtiyarı peyğəmbərlərə, vəsilərə, möminlərə və mələklərə məxsusdur”. “Şəfaətimə inanmayanları Allah mənim şəfaətimə nail etməz”. Peyğəmbər Həzrət Fatiməyə (ə) buyurmuşdur: “Qiyamət günü gəlib-çatanda sən qadınlar üçün şəfaət edərsən, mən də kişilər üçün şəfaət edərəm”. Imam Cəfər Sadiq (ə) isə Islam Peyğəmbərinin şəfaətinin əhatəliliyi barəsində buyurub: “Nə keçmişdəkilərdən, nə də gələcəkdəkilərdən elə bir adam yoxdur ki, qiyamət günündə Həzrət Mühəmmədin (s) şəfaətinə möhtac olmasın”. Bir çox tədqiqatçılar Həzrət Mühəmməd Peyğəmbərin (s) qiyamət günündə sahib olacağı məqami-mahmud mərtəbəsini də məhz çoxlu şəfaət edə bilmək səlahiyyəti ilə izah etmişlər.

Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara öz şəfaəti ilə müjdə verirdi: “Qiyamət günündə mənim şəfaətimlə xoşbəxt olanların ən səadətisi xalis niyyətlə ürəkdən “la ilahə illəllah” deyən kəsdir”. “Behiştdə şəfaət edənlərin əvvəlincisi və ardıcıllarının çoxluğuna görə peyğəmbərlərin birincisi mən olacağam”. “Hər peyğəmbərin duası olmuşdur; öz ümməti üçün həmin duanı etmiş və müstəcab olmuşdur. Istəyirəm ki, öz ümmətim üçün duamı şəfaət şəklində qiyamət gününə kimi təxirə salım”. “Qiyamət günündə əvvəlcə peyğəmbərlər, sonra alimlər, sonra da şəhidlər şəfaət edəcəklər”. “Şəfaətim ümmətimdən böyük günah edənlər üçündür”. “Şəfaətçilər beşdir: Quran, qohumluq (sileyi-rəhim), əmanət, peyğəmbəriniz və peyğəmbərinizin Əhli-beyti”.

Mərhum Ayətullahül-üzma Seyid Əbül- Qasim Xoyi yazır ki, əhli-sünnənin ən geniş hədis məcmuəsi olan “Kənzül-ümmal”da şəfaət barədə 80-dan artıq hədis vardır və bu mövzü mütəvatirdir.

Əlbəttə, qiyamətdə heç də bütün günahkarlara şəfaət edilməyəcək. Allaha və peyğəmbərə iman bəsləməyən, məadı danan, xalqa zərər vuran, zülm törədən şəxslər şəfaətdən məhrumdurlar. Qurani-kərimdə onların şəfaətdən kənarda qalmalarının səbəbi öz dillərindən bu cür izah edilir: “Onlar deyərlər: “Biz namaz qılanlardan deyildik, yoxsulu da yedizdirməzdik. Boş-boş danışanlara qoşulub, ölüm bizi haqlayanadək hesab gününü yalan sayardıq”. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz” (Müddəssir, 43-48). Zülm törətmək də insanın şəfaətdən faydalanmasına maneçilik yaradacaq: “Zalımların nə bir dostu, nə də sözü keçən şəfaətçisi olar” (Mömin, 18).

Həzrət Mühəmməd Peyğəmbər (s) qiyamətdə şəfaətdən məhrum qalacaq insanları bu cür tanıtdırırdı: “Şəkk və şirk əhli üçün şəfaət olmaz. Küfr və inad əhlinə də şəfaət yoxdur. Şəfaət tövhid əhlindən olan möminlər üçündür”. “Şəfaətim böyük günah əhli üçündür; amma gərək şirkə və zülmə bülaşmış olmasınlar”. “Vallahi, namazı əskik sayanlara mənim şəfaətim yetişməyəcək. Onlar cənnət hovzunun kənarında mənim hüzuruma varid olmayacaqlar. Vallahi, məstedici içki içənlərə mənim şəfaətim yetişməyəcək. Onlar cənnət hovzunun kənarında mənim hüzuruma varid olmayacaqlar”. Imam Cəfər Sadiq (ə) də son nəfəsində belə vəsiyyət etmişdi: “Namaza yüngül münasibət bəsləyənlər bizim (yəni imamların) şəfaətimizə nail olmayacaqlar”.

Şəfaətə ümid bəsləmək insanda arxayınlıq yaratmamalıdır. Əgər insan şəfaətin ona şamil olacağına yəqin bəsləsə, əməllərinə cavabdeh olmaz, onda məsuliyyətsizlik və qudurğanlıq yaranar. Imam Cəfər Sadiq (ə) bu təhlükəni nəzərdə tutaraq öz tərəfdarlarından birinə məktubunda yazmışdı: “Hər kim şəfaətçilərin şəfaətinə nail olmaq istəyirsə, gərək elə etsin ki, Allah ondan razı olsun”.

Bəzilərinin düşündüyünün əksinə olaraq, şəfaət etmək Allahın qüdrətinə şərik olmaq deyil. Günahları bağışlayan Allahdır. Peyğəmbərlər, imamlar, alim və şəhidlər isə bunun üçün yalnız vasitəçi rolunu oynayacaqlar. Çünki onlar Allahın sevimli bəndələridir; onların dua və xahişləri Allah dərgahında məqbuldur.

 


 


Yerləşdirilib:25 İyul, 2012, Baxılıb:4574, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 26 Sentyabr, 2012  13:56
# Ответить
+3


]]>]]>

Men shexsen qiyemet ve mehsherde Ehli-Beytin xatirine Allahin shefaetine umid edirem.Teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com