Ömürləri uzadan, ruziləri artıran - SILEYI-RƏHIM

Ərəb dilindən tərcümədə “silə” sözü bağlılıq, “rəhim” isə ana bətni mənalarını verir. Yəni sileyi-rəhim qohumların bir-birinə bağlılığı və yaxınlığı kimi mənalandırılır.

 

 

Dini termin olaraq, qohumlarla rabitə saxlamaq, qohumluq əlaqələrini diri tutmaq, yaxınlarla mütəmadi olaraq hal-əhval tutub görüşmək və onlardan uzaq durmamaq deməkdir. Ziddi “qəti-rəhim” (qohumlarla əlaqəni kəsmək) sözü ilə ifadə edilir.

Həm Quran ayələrində, həm də hədislərdə sileyi-rəhim hər bir müsəlmanın öhdəsində olan əsas vəzifələrdən biri kimi göstərilib. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, sileyi-rəhim dinin bir hissəsidir. Insan öz qohumunu ziyarət edərkən ibadət etmiş kimi savab qazanır. Qohumlarla rabitəni kəsən, onlardan uzaq qaçan şəxs həm bu dünyada, həm də axirətdə Allahın qəzəbinə düçar olar. Quranın Mühəmməd surəsinin 22-ci ayəsində qohumlarla rabitəni kəsən şəxsin ilahi lənətə düçar olacağı bildirilir. Peyğəmbərimiz buyurmuşdur: “Qiyamət günündə cəhənnəmin üzərindən hamının keçəcəyi sirat körpüsü qurulacaq. Körpünün başında duran mələklər insanlardan iki məsələ barədə soruşacaqlar: namaz və sileyi-rəhim. Namaz qılan, qohumlarla rabitəni unutmayan şəxs körpüdən salamat keçər, cəhənnəmə düşməz”. Rəvayət edirlər ki, Həzrət Mühəmməd Peyğəmbərdən (s)  soruşdular: “Allahı ən çox qəzəbləndirən günah hansıdır?”. Peyğəmbər buyurdu: “Allaha şərik qoşmaq”. Soruşdular: “Bəs ondan sonra?”. Peyğəmbər cavab verdi: “Qohumlarla əlaqəni kəsmək”.

Qohumlarla görüşməyə gedərkən onlara bəyəndiklər hədiyyəni aparmağın böyük savabı var. Islam Peyğəmbəri buyurub: “Bir-birinizə hədiyyə verin ki, aranızda sevgi yaransın”. Əlbəttə, qonaq gedərkən bahalı hədiyyə almaq vacib deyil. Hər kəs öz maddi imkanını nəzərə alaraq hədiyyə seçməlidir. Hədiyyə almağa imkan yoxdursa, gülər üz, xoş təbəssümlə də qonaq getmək olar. Çünki qohumları ziyarət etməkdən məqsəd onlar üçün hədiyyə aparmaqdan ibarət deyil. Əsas məqsəd könül almaq, qohumluq rabitəsini saxlamaq, bir-birinin sevincinə və kədərinə şərik olmaq, çətin vəziyyətlərdən çıxış yolunu birlikdə axtarmaqdır. Hədislərin birində buyurulur ki, quruca salamla olsa belə, qohumların ziyarətinə gedin. Sileyi-rəhmin faydaları barədə Imam Mühəmməd Baqir (ə) buyurub: “Sileyi-rəhim insanın əməllərini paklaşdırar, mal-dövləti artırar, bəlaları uzaqlaşdırar, qiyamət hesabını asanlaşdırar və əcəli yubadar”.

Günümüzdə vaxtın darlığını bəhanə gətirib qohumlarla maraqlanmayanlara bunu deyə bilərik ki, əgər canlı olaraq görüşüb hal-əhval tutmaq mümkün deyilsə, bunu heç olmazsa, telefon zəngi və ya məktubla da etmək olar.

Nəzərə almaq lazımdır ki, çətin vəziyyətə düşmüş, müsibətlə üzləşmiş, xəstələnmiş qohumların təsəlliyə daha çox ehtiyacı olduğu üçün, onların ziyarətinə daha tez-tez getmək lazımdır.

Bir-birinin görüşünə getməyi yalnız qohumlarla məhdudlaşdırmaq olmaz. Qonşulardan, yaxın dostlardan, iş və dərs yoldaşlarından da tez-tez xəbər tutmaq, onlarla mehriban və səmimi əlaqəni qorumaq lazımdır.

Peyğəmbərdən və imamlardan gələn çoxsaylı hədis və rəvayətlərdə “sileyi-rəhm” etmək, ömrü uzadan və ruzini artıran əməl, qohumlarla rabitəni kəsmək isə ömrü qısaldan və ruzini azaldan əməl kimi qeyd olunur.


 

 


Yerləşdirilib:22 İyul, 2012, Baxılıb:6239, Çap
 

Son şərhlər : 1
Müəllif: Bende | 23 İyul, 2012  12:14
# Ответить
+3


]]>]]>

Allah razi olsun.Dogrudan da qohumlarla elaqe kesilende gelecek ovladlarda yadlasma olur.Cox shahidi olmusam ki,dayiusagi bibiusagini tanimayib.Bir de efsuslar olsun ki,indi qonaq gedende esas ele baxilir ki,gorek ne getirib.Xoshlarina gelmese hamidan senin apardigin payin sedasini esidirsen.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com