AİLƏ QURMAQ BARƏDƏ TÖVSİYƏLƏR (ikinci məqalə)

 

Qızınızı bu cür adama ərə verin...

Imam Sadiq (ə) buyururdu ki, möminlər bir-birinə (izdivac üçün) həmtaydırlar; həmtay isə o adamdır ki, iffəti var.

 

Müqəddəslərimiz dönə-dönə təkid edirdilər ki, zinakarlıqda ad çıxarmış və ya zina cəzası tətbiq edilmiş adamla (istər kişi olsun, istərsə də qadın) ailə qurmasınlar. Amma əgər bunlar tövbə etmiş olsalar və tövbələri sübuta yetsə, yəni öz pis əməllərindən çəkinmələrini əməldə sübuta yetirsələr, bu qadağan aradan götürülər. Bu hökmün əsas dayağı Quranı-kərimin aşağıdakı ayəsidir: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir” (Nur, 3).

Qız atası özünə kürəkən seçərkən onun dindarlığı ilə yanaşı, əxlaqına və xasiyyətinə də diqqət yetirməlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hər kim öz qızını fasiqə ərə versə, yaxın qohumu (yəni qızı) ilə rabitəni birdəfəlik qırmış kimidir”. Burada fasiq – ardıcıl günah edən, mərəviyyatdan uzaq bir həyat tərzi yaşayan, tövbə haqqında heç düşünməyən şəxs deməkdir. Hədislərdə şərab (spirtli içki) içən, əyyaşlıq edən adama qız vermək də ciddi surətdə qadağan edilib. Peyğəmbər buyururdu ki, şərab haram edildikdən sonra hər kim onu içsə, o adama qız vermək olmaz (hədislər “Məkarimül-əxlaq” kitabındandır, I, 390). Imam Rza (ə) isə atanın öz qızını şərabxora ərə verməsini, onu zinaya sürükləməsi kimi dəyərləndirirdi.

Dindar oğlana qız verməyin xeyrini və müsbət nəticəsini Imam Həsənin (ə) aşağıdakı hədisindən öyrənə bilərik. O həzrətin tərəfdarlarından birinin evinə elçi gəlir və həmin adam qızını ərə verib-verməmək barədə Imamla məsləhətləşir. Həzrət Həsən (ə) ona məsləhət verir: “Qızını təqvalı (Allahın halal-haramını bilən, Allahdan qorxan) adama ərə ver. Əgər o adam sənin qızını sevsə, ona hörmət edər və onu əziz tutar. Əgər qızına qəzəblənsə, ona zülm etməz” (Məkarimül-əxlaq, I, 379-380).

Oğlanın xasiyyətini də izdivac zamanı nəzərə almaq lazımdır. Pis xasiyyətli, hər hansı mənfi vərdişə aludə olan, başqaları ilə yola getməyən, ətrafındakıları incidən adamla qohum olmaq dinimizdə bəyənilmir. Hüseyn ibn Bəşar adlı səhabə Imam Musa Kazimə (ə) məktub yazıb soruşur ki, qohumlarımdan biri qızımı məndən istəyir, amma o adamın xasiyyəti pisdir. Nə məsləhət görürsünüz? Imam cavab yazır: “Əgər xasiyyəti pisdirsə, qızını ona vermə” (Məkarimül-əxlaq, I, 387).

 

4. Qadının gözəlliyi və sərvəti deyil, dindarlığı əsasdır

Islam dini hər şeydən əvvəl ailənin möhkəm və sağlam mənəvi təməllər üzərində qurulmasına təkid edir. Doğrudur, ailənin qurulması və yaşaması fizioloжi, sosial, iqtisadi amillərdən də asılıdır. Amma bunların sırasında dini-əxlaqi amil birinci yerdə durur. Ailə quran tərəflərin əxlaqlı, mənəvi cəhətdən sağlam və dindar olması Islamda əsas şərtlərdən sayılır. Həzrət Mühəmməd Peyğəmbər (s) ailə quruluşunun əsasını təşkil edən səbəbləri açıqlayarkən dini amilə üstünlük verirdi: “Qadınla dörd səbəbdən evlənərlər: mal-dövlətinə görə, dininə görə, gözəlliyinə görə və əsil-nəsəbinə görə. Sən dindar qadını seç” (Kənzül-ümmal, hədis 44602). Həmçinin, Peyğəmbər müsəlmanlara tövsiyə edirdi ki, qadının gözəlliyini dindarlığından üstün tutmasınlar, yəni evlənərkən sadəcə görünüşcə yaraşıqlı qadınları dindar qadınlardan üstün bilməsinlər (yux. mənbə, hədis 44590).

Islam Peyğəmbəri buyururdu ki, əgər qadınla gözəlliyinə görə evlənsən (belə ki, əgər bu gözəllik onda olmasaydı, onunla evlənməzdin), bil ki, onunla razılıq içində yaşamazsan. Əgər qadınla yalnız sərvətinə görə ailə qursan (belə ki, əgər sərvəti olmasaydı, onunla evlənməzdin), Allah səni o qadınla və həmin sərvətlə baş-başa buraxar. Allah hər kimi Özündən kənar edib özbaşına buraxsa, o adam həlak olar.

Mal-dövlət amili üzərində qurulan ailələr bir qayda olaraq möhkəm olmur. Çünki əvvəla, mal-dövlət ötəridir, daimi deyil. Ailə qurulduqdan sonra varlı tərəf öz sərvətini itirib müflisləşəndə, bu, həmin ailənin təməllərinin sarsılmasına səbəb olur; axı ailə məhz bu təməlin üzərində qurulmuşdu. Ikincisi, var-dövlətə görə qurulan ailələrdə səmimiyyət və sevgi olmur. Varlı tərəf adətən özünü qarşı tərəfdən üstün tutur və bu cəhət onların münasibətində həmişə özünü büruza verir. Qudurğanlıq, əldə edilənə qane olmamaq, israf kimi hallar da belə ailələrin bünövrəsinə ciddi zərbə vurur.

Qadınla yalnız gözəlliyinə görə evlənən adam da özünü həqiqi xoşbəxt saya bilməz. Çünki gözəllik zamanla birlikdə gedir, illər gözəlliyi məhv edir. Həmçinin, gözəlliyin özü də nisbi məfhumdur. Hər bir gözəl qadından daha gözəli vardır. Qadına yalnız gözəlliyinə görə dəyər verən insan daha yaraşıqlı biri ilə rastlaşsa, ona meyl edəcək. Nəhayət, gözəl qadınla evlənən kişi onu qorumağın və qeyrətini çəkməyin əziyyətini də daha çox hiss edəcək. Çünki gözəllik qadın üçün üstünlük olduğu kimi, günahlara düşmək vasitəsi də ola bilər. Yaraşıqlı qadın daha çox Şeytanın vəsvəsələrinə hədəf olur və bu gözəllik onun həyat yoldaşı üçün bəzən nemətdən daha çox sınağa çevrilir.

Allahın buyurduğu dəyərləri – dini, əxlaqı, mənəviyyatı əsas tutaraq evlənən şəxs Allahın lütfü ilə bütün başqa nemətlərə də sahib çıxar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, əgər qadını dininə görə alsan, Allah gözəlliyi və mal-dövləti də sənin ailənə bəxş edər.

 

(ardı var)

 


Yerləşdirilib:4 İyul, 2012, Baxılıb:7273, Çap
 

Son şərhlər : 3
Müəllif: xedice | 3 İyul, 2012  23:43
# Ответить
+10


]]>]]>

SALAM ALLAH RAZI OLSUN EZIYETE GORE. INSALLAH HER BIR MUSELMAN AILESININ MOHKEMLIYI DEVAMLI OLSUN AMIN
Müəllif: Zamin | 14 İyul, 2012  10:14
# Ответить
+1


]]>]]>

Dəyərli və həyatda sübuta yetmiş kəlamlara görə çox təşəkkürlər.
Müəllif: nigar | 6 Noyabr, 2015  23:14
# Ответить
0


]]>]]>

Salam yazan elleriniz var olsun...ALLAH razi olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com