TƏMİZLİK İMANDANDIR. İslam şəxsi gigiyena barədə


TƏMİZLİK İMANDANDIR. İslam şəxsi gigiyena barədə
Dinimiz şəxsi gigiyenaya xüsusi əhəmiyyət verir. Bədəni təmiz saxlamaq, tez-tez yuyunmaq, kir və üfunət yaradan halları aradan qaldırmaq islami həyat tərzinin vacib tələblərindəndir. Gündə hər namaz üçün dəstəmaz və ya qüsl almaq təmizliyi qorumaq üçün gözəl tədbirdir. Hətta dəstəmaz və qüslə ehtiyac olmasa belə, müstəhəb niyyətlə bunu etmək İslamda xoş qarşılanır.
Müsəlmanın bədəni və geyimi həmişə təmiz və səliqəli olmalıdır. Gündəlik ibadətlər zamanı o, Allahın və mələklərin hüzurunda durmuş sayılır. Bu müqəddəs görüşə çirkin bədənlə getmək isə ən azı ədəbsizlikdir. Məhz buna görə, namazdan əvvəl ətir vurmaq da müstəhəb sayılıb.
Islam mənbələrinə diqqət yetirsək görərik ki, açıq rəngli, xüsusilə ağ çalarlı libaslar geyinmək daha çox bəyənilir. Çünki əvvəla, açıq rəng insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, ona nikbinlik gətirir. Əksinə, qara rəngi seyr edənlərdə bədbinlik, matəm düşüncəsi yaranır. Demək, ağ libas geyinən insan ətrafdakılara müsbət emosiyalar bəxş edir. Həm də ağ libas geyinmək insanın üzərinə bəzi məsuliyyətlər gətirir. Kir ağ rəngin üzərində daha aydın göründüyü üçün, libasın təmizliyinə daim diqqət yetirmək tələbatı yaranır. Bu yolla insan həm öz sağlamlığını qoruyur, həm də başqalarına narahatlıq vermir.
Bığ-saqqalın uzunluğunu həmişə səliqə ilə nizamlamaq, saqqalın bir qarışdan artıq qalan hissəsini kəsmək, yemək yeyərkən, su içərkən bulaşmasın və mikrob mənbəyi olmasın deyə, bığları saqqaldan daha qısa saxlamaq, ağarmış saç-saqqala həna qoymaq – bütün bunlar şəxsi gigiyena tədbiri olmaq etibarilə çox faydalıdır.

NURƏ
Bədəndəki artıq tükləri təmizləmək də şəxsi gigiyena tədbiri kimi İslamda çox təkid edilir. Bunun üçün nurə adlı maddədən istifadə etmək daha yaxşıdır. Qoltuğun altı, övrət üzvləri kimi tez kirlənən yerlərdə üfunət yaradan tükləri nurə ilə isladıb təmizləyirlər. Artıq çoxdan sübuta yetib ki, tükləri ülgüclə təmizləməkdənsə, nurədən istifadə etmək daha xeyirlidir. Çünki ülgücdən fərqli olaraq nurə dərini cızmır, qıcıqlandırma yaratmır, əksinə, dəriyə təravət və hamarlıq verir. İslam müqəddəsləri nurəyə böyük əhəmiyyət verirdilər. İmam Əli ibn Əbu Talib (ə) buyururdu ki, nurə dərinin nəfəs almasına kömək edir, bədəndən artıq şlakların çıxmasına şərait yaradır, dəriyə sağlamlıq və təmizlik gətirir. Həmçinin o həzrət müsəlmanlara ən azı 15 gündən-bir nurədən istifadə etməyi məsləhət görürdü. Nurənin digər faydalarına gəlincə, hədislərdən məlum olur ki, nurə görmə qabiliyyətini yaxşılaşdırır, çiyin və bel ağrılarını aradan qaldırır, cinsiyyət qüvvəsini artırır, bədəni gücləndirir, böyrəklərin fəaliyyətini qaydaya salır. Nurə çəkmək o qədər bəyənilən əməldir ki, hətta bəzi hədislərdə 40 gün bunu etməyən adam imansız adlandırılır.

DIRNAQLARI KƏSMƏK QAYDASIDırnaqları uzatmamaq və vaxtında kəsmək də dinimizdə təkid edilən əməllərdəndir. İmam Mühəmməd Baqirin (ə) buyurduğuna görə, dırnaqları kəsmək ona görə lazımdır ki, şeytan onların altında gizlənir. (Burada şeytan deyərkən, mikroblar nəzərdə tutulur). Deyirlər ki, Həzrət Mühəmməd Peyğəmbərə (s) vəhy bir müddət kəsilmişdi. Səhabələr bunun səbəbini soruşanda o həzrət buyurdu: “Mənə (sizdən ötrü) necə vəhy gəlsin ki, siz dırnaqlarınızı kəsmir və barmaqlarınızın arasını təmiz saxlamırsınız!”. Dırnaqları vaxtında kəsmək cüzam, bərəs (xora), dəlilik və göz ağrısı kimi xəstəliklərin qarşısını alır. Hədislərdən məlum olur ki, həftənin cümə axşamı və cümə günlərində (xüsusilə, namazdan əvvəl) dırnaqları kəsməyin xüsusi savabı var. Belə ki, bu zaman insanın ruzisi bollaşar, xəstəlikləri (xüsusilə, göz ağrıları) gedər, hafizəsi güclənər.
Dırnaqları çeynəmək dinimizdə bəyənilməz əməl sayılır. Hətta Peyğəmbər bunu vəsvəsəlrdən biri sayırdı. Yəni dırnaqları çeynəmək insanda vasvasılıq, yersiz şübhələr yaradır; vəsvəsə isə şeytanın hiyləsidir.
Dırnaqları kəsməyin ardıcıllığı barədə də rəvayətlərdə bəzi məlumatlar var. Mərhum Şeyx Səduq atasından rəvayət edirdi ki, dırnaqları kəsərkən sol əlin çeçelə barmağından başlayıb sağ əlin çeçelə barmağında qurtarmaq müstəhəbdir. Bunun əksini bəyan edən hədislər də var (yəni sağ əlin çeçelə barmağından başlayıb sol əlin çeçelə barmağında qurtarmaq).
Dırnaqları kəsərkən aşağıdakı duanı oxumaq da tövsiyə edilir: “Bismillahi və billahi və əla milləti rəsulillah” (Allahın adı ilə, Allahın yardımı ilə və Allahın Rəsulunun ümmətindən olmaqla bu işi edirəm). Bəzi hədislərdə həm cümə axşamı, həm də cümə günü dırnaq kəsməyin savabını qazanmaq üçün tövsiyə edilir ki, cümə axşamı dırnaqların birindən başqa hamısını kəsib, bir dırnağı kəsməyi cüməyə saxlayasan.
Müqəddəslərimizin dırnaqları uzatmamaq barədə göstərişləri kişilərə aiddir. Qadınların isə dırnaq saxlamalarına (təmizliyi qorumaq şərti ilə) icazə verilir və bu, onlar üçün bəzək sayılır.
Kəsilmiş dırnaqları torpağa basdırmaq da hədislərdə tövsiyə edilib.

DİŞLƏRƏ QULLUQ – MİSVAK

İslamda tövsiyə edilən əməllərdən biri də dişlərə qulluq etməkdir. Həqiqətən, dişlərin sağlamlığı orqanizmin ümumililkdə sağlam olmasının şərtlərindən biridir. Çünki qida ağızda yaxşı çeynənməzsə, həzm sisteminin işi çətinləşir və nəticədə mədə-bağırsaqla bağlı problemlər yaranır. Diş ağrısı əsəb sisteminə çox mənfi təsir göstərir.
İslam dişlərə qulluğun ən səmərəli üsulunu təklif edir. Bu, dişləri misvakla təmizləməkdən ibarətdir. Misvak unikal xüsusiyyətlərə malik bitkidir. Onun meyvəsi yeyilir, yarpaqlarından iltihab əleyhinə, yağından revmatizmə qarşı müalicə vasitəsi kimi istifadə edirlər. Çubuğu isə həm diş fırçasını, həm də diş məcununu uğurla əvəz edə bilir. C vitamini, flüor, efir yağları ilə zəngin olan misvak kariyesin, diş daşlarının qarşısını alır, damağı və mina təbəqəsini möhkəmlədir, ağızdakı pis qoxunu aparır, dişləri ağardır, damaqdakı qanaxmaları kəsir və s. Həmçinin, misvakdan istifadə edənlərin görmə qabiliyyəti, əsəb və həzm sistemi yaxşılaşır.
Həzrət Mühəmməd Peyğəmbər (s) buna görə dişləri misvakla təmizləməyi müsəlmanlara çox təkid edirdi. Hətta o həzrət buyururdu: “Cəbrail misvakdan istifadə etmək barədə mənə o qədər təkid etdi ki, bunun bir vacibat kimi əmr olunacağını güman etdim”. O həzrət buyururdu ki, əgər çətin olmasaydı, hər namazdan əvvəl dişləri misvakla təmizləməyi ümmətə vacib edərdim.
Peyğəmbər ömrünün son saatlarına kimi misvakdan ayrılmadı. Ölüm yatağında ikən, Əbu Bəkrin oğlu Əbdürrəhman əlində misvak çubuğu tutmuş halda Onun görüşünə gəlir. Aişə görür ki, Peyğəmbər Əbdürrəhmanın əlindəki misvaka baxır. Aişə misvakı Əbdürrəhmandan alıb Peyğəmbərə verir və o həzrət də dişlərini təmizləməyə başlayır.





islam.az


Yerləşdirilib:8 May, 2012, Baxılıb:8651, Çap
 

Son şərhlər : 4
Müəllif: Aytac | 23 May, 2014  20:48
# Ответить
0


]]>]]>

Nurəni nece hardan elde etmək olar ?
Müəllif: sevil | 1 Sentyabr, 2014  20:57
# Ответить
0


]]>]]>

nurəni hardan əldə etmək olar
Müəllif: Elmira | 5 İyun, 2018  14:43
# Ответить
0


]]>]]>

Misvakı haradan ala bilərik?
Müəllif: Elmira | 5 İyun, 2018  14:44
# Ответить
-1


]]>]]>

misvakı haradan tapa bilərik?
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com