Allaha təvəkkül – bağlı qapıların açarı

Allaha təvəkkül – bağlı qapıların açarı

Keçən mövzuda biz Allaha təvəkkülün əhəmiyyəti və məzmunu, imanın ən yuxarı dərəcələrindən biri olması barədə danışdıq. Bu dəfə isə Allaha təvəkkül barədə bir neçə misala nəzər salaq.

İbrahim Xəlilullahın Allaha təvəkkülü
Təvəkkülün ən yaxşı nümunələrindən biri də bütpərəstlərin onu tonqala atmaq qərarına gəldiyi zaman Allaha arxalanıb təvəkkül edən İbrahim Xəlil(ə)-dır.
“Qurani-Kərim”də əhvalat belə göstərilir:
Dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!” (“Ənbiya”-68).
Bəziləri belə yazırlar:
“...Bir ay odun yığdılar. Tonqal yanan zaman alovun dilləri elə şölələnirdi ki, heç quşlar da oradan ötüb keçə bilmirdi. Çünki qol-qanadları yanırdı.”

Onların bu cəhdləri haqda Təbərsi yazır:
“...Xəstə olanlar, sağ qalmaqlarına ümid bəsləyənlər belə vəsiyyət edirdilər ki, qoyub getdiyi mallarının bir hissəsini İbrahimin yandırılması üçün odun almağa sərf etsinlər, hətta yun əyirən və bununla da gündəlik tələbatlarını əldə edən bəzi qadınlar da öz gəlirləri ilə odun alıb yığırdılar.”

Fəxr Razi yazır:
“Bir qadın xəstələnən zaman nəzir etmişdi ki, əgər sağalarsa, İbrahimin yandırılması üçün odun alar”
Bacardıqları qədər odun yığdılar. Tonqala od vurduqdan sonra istədilər, həzrəti İbrahimi odun içinə atsınlar, alovun istisindən yaxına gedə bilmədilər. Şeytan onlar üçün mancanaq düzəltdi. İbrahimi mancanağa qoyub tonqala atdılar.

İmam Sadiq(ə) buyurur:
İbrahimi mancanağa qoyub tonqala tərəf atarkən Cəbrail onun görüşünə gəlib salam verdikdən sonra öz köməyini təklif etdi, lakin Hz. İbrahim onun cavabında belə dedi: “Mənim köməyə ehtiyacım var, amma sənə yox!” (“Məcməül-bəyan” IV c/ s-55).
Cəbrail həzrəti-İbrahimə təklif etdi ki, belə isə öz ehtiyacını Allahdan dilə.
İbrahim dedi: “Allahın mənim halımdan xəbərdar olması kifayət edər.”

Nəhayət, öz işini Allaha həvalə edib, Ona arxalandığına görə tonqal Peyğəmbər (s) üçün gülüstana çevrildi:
"Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq”: (“Ənbiya” -69).
Tonqal o qədər soyuqlaşdı ki, əgər Allah-təala atəşə: “İbrahimə qarşı zərərsiz ol! ” - deməyib, təkcə “soyuq ol!” desəydi, İbrahim təhlükəyə düşərdi.
Bəli, Allaha bu dərəcədə təvəkkül edəni uca Yaradan çətinlik və bəlalardan üzüağ çıxarıb tonqalı gülüstana çevirər.

Allahdan başqasına təvəkkül etdiyinə görə
Yusif (s) bir neçə il zindanda qaldı.

Yusif peyğəmbər “Quran”da buyurulduğu kimi (“O bizim xalis bəndələrimizdən idi”), böyük məqama və ali mənəvi dərəcəyə yetişmişdi. Amma buna baxmayaraq, zindan yoldaşlarından birinin azad olacağını bildikdə, Misir sultanına onun (Yusif) haqqında da danışmağı rica etdi. “Qurani-Kərim”də bu haqda belə buyurulur:
“ (Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərab paylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.” (Yusif - 42).
“...Bir neçə müddətdən sonra yadına düşdü ki, Yusif neçə illərdir zindandadır.” (Yusif - 45).

İmam Sadiq(ə) Yusifin Allahdan başqasına sığındığı haqda buyurur:
Cəbrail Yusifin yanına gəlib dedi:
-Kim səni insanların ən gözəli etdi?
Yusif dedi:
-Allah.
Cəbrail:
-Kim sənin məhəbbətini atanın qəlbinə saldı?
Yusif:
-Allah.
Cəbrail:
-Səni quyudan çıxarmaq üçün karvanı sənə sarı kim yolladı?
Yusif:
-Allah.
Cəbrail:
-Səni (quyunun ağzından atılan) daşdan kim qorudu?
Yusif:
-Allah.
Cəbrail:
-Səni quyudan kim çıxartdı?
Yusif:
-Allah.
Cəbrail:
-Misir qadınlarının məkr və hiyləsini səndən kim uzaqlaşdırdı?
Yusif:
-Allah.
Cəbrail dedi:
-Allahın soruşur ki, bəs niyə məndən başqasına rica etdin, amma məndən istəmədin? Bax, buna görə də gərək bir neçə il zindanda qalasan.

Allaha arxalanmamağın nəticəsi
Keçən bəhslərdən uca Tanrıya təvəkkül edib arxalanmağın nə kimi əhəmiyyət kəsb etdiyi məlum oldu. İndi isə sonda Allaha təvəkkül etməməyin və Ona arxalanmamağın nəticəsi haqda İmam Sadiq(ə)-dən nəql olunmuş bir hədislə açıqlamalar veririk.
İmam Sadiqin belə bir söz dediyini rəvayət edirlər: “… Allah-təala öz izzəti, əzəməti, şərəfi, böyüklüyünə və sairəyə and içərək buyurur ki, məndən başqasına ümid edənə zəlalət libası geydirib öz dərgahımdan qovaraq fəzilətimdən məhrum edərəm. Çətinliklər mənim əlimlə həll olduğu halda, məndən başqasınamı əl açıb yalvarır? Məndən başqasına ümid bəsləyir, mənim evimdən başqa bir evin qapısını döyür? Halbuki bütün bağlı qapıların açarları mənim yanımda və evimin qapısı da məni çağıranın üzünə açıqdır.

Varmı elə şəxs ki, çətinə düşəndə mənə ümid bəsləyib, mən onun ümidini kəsmişəm?
Mən bəndələrimin arzu və istəklərini öz dərgahımda qoruyub saxladım. Onlar isə buna razı olmadılar. Göyləri mənə zikr etməkdən yorulmayan mələklərlə doldurdum. Onlara əmr etdim ki, mənimlə bəndələrim arasındakı qapıları bağlamasınlar. Lakin onlar (bəndələr) mənim sözümə inanmadılar.

Məndən başqasına ümid bəsləyən bilmirmi ki, əgər ona bir çətinlik üz versə, başqası mənim icazəm olmadan onun çətinliyini aradan qaldıra bilməz? Bəs niyə məndən üz döndəribdir? Halbuki öz kərəm və fəzilətimdən istəmədiyi bir şeyi ona əta edir, sonra ondan alıram. Onun yenidən qaytarılmasını isə məndən yox, başqasından istəyir.

Bəndə mənim haqqımda nə fikirləşir? Məndən istəməyə-istəməyə ona əta etdiyim halda, yəni məndən istəyərkən ona öz nemətimdən əta etmərəm? Məgər məni paxıl sanırmı? Bütün səxavət və kəramətlər məndən deyilmi? Bağışlamaq və əfv etmək mənim əlimdə deyilmi? Məgər mən arzu və istəklərin ünvanı deyiləmmi? Belə isə məndən başqa kim arzu və istəkləri kəsə bilər? Məndən başqasına ümid bəsləyənlər qorxmurlarmı?

Əgər bütün yer və göy əhli mənə ümid bəsləyərsə və mən də onların hər birinə hamısının ümidvar olduğu qədər nemət əta edərəmsə, qarışqanın bir bədən üzvi qədər olsa belə, qüdrət və dövlətimdən azalmaz. Malik olduğum dövlət heç azalarmı?
Vay olsun o şəxslərin halına ki, mənim mərhəmətimə ümid bəsləmirlər. Vay olsun o şəxslərin halına ki, mənim qarşımda günah edir, məndən qorxmurlar.”
Buna görə də yalnız Allaha bağlanmaq lazımdır. Əmirəl-möminin Əli(ə) buyurur:
“...Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər...”
“....Allaha təvəkkül edirəm. Tövbə və ona tərəf qayıdışla yanaşı olan təvəkkül.”

islam saytları


Yerləşdirilib:3 May, 2012, Baxılıb:2705, Çap
 

Son şərhlər : 1
Müəllif: Carol | 4 Noyabr, 2012  09:05
# Ответить
0


]]>]]>

Gfczel haber ne olcaak f6dfcl şimdiden merak ettim. Tabi nasıl bi yarışma olcaak Anaokullu e7ocukların sevecegi tfcrden bir f6dfcl olcaak sanırım. Yarışmaya katılan herkeze başarılar dilerim
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com