GÖZƏL XASIYYƏT DININ YARISIDIR

GÖZƏL XASIYYƏT DININ YARISIDIR
Əxlaq və mənəviyyat mövzusunda qələmə alınmış kitablarda gözəl xasiyyət (buna ”hüsni-xülq“ deyilir) müsəlman üçün ən mühüm keyfiyyətlərdən biri kimi xatırlanır. Hədislərdəki ”hüsni-xülq“ ifadəsində insanın başqaları ilə ünsiyyətcilliyi, mülayim xasiyyətə malik olması, ətrafdakılarla mehriban davranması, gülərüzlülüyü və sairə xüsusiyyətlər nəzərdə tutulur. Yəni dini mətnlərdə bütün bu gözəl keyfiyyətlər ümumilikdə əxlaqın gözəlliyi kimi dəyərləndirilir. Ona görə dini mətnlərdəki ”pis əxlaq“ ifadəsini də müasir anlamdakı əxlaqsızlıq, əxlaq pozğunluğu kimi deyil, kobudluq, qabalıq, başqalarını incitmək, ünsiyyətdən qaçmaq kimi qəbul etməliyik.

Maraqlıdır ki, hüsni-xülq bütün əxlaqi keyfiyyətlərin əsası sayılır. Qalan əxlaqi və mənəvi dəyərlər sanki bu xüsusiyyətin kölgəsində qalır. Çünki insan əgər başqaları ilə münasibətini helm (mülayimlik) əsasında qurarsa, bütün qalan xülqləri də özündə tərbiyə etməyə qadir olar. Təvazökarlıq, səbr, qəzəbi udmaq, doğruculluq, xeyirxahlıq, ədalət, qənaətcillik, həya və sairə kimi əxlaqi dəyərlərin hər birinin kökündə məhz yuxarıdakı mənada hüsni-xülq durur. Yaxşı xasiyyət sahibi həmişə hörmət və sayğı ilə əhatələnər, onun ailəsi möhkəm, dostları sədaqətli olar. Amma pis xasiyyət sahibi heç kim tərəfindən sevilməz, hətta ailə üzvləri və yaxınları belə, ondan uzaq qaçmağa çalışarlar.
Gözəl əxlaq o qədər böyük əhəmiyyətə malikdir ki, Islam Peyğəmbəri onu dinin yarısı adlandırır və buyururdu: “Islam gözəl əxlaq deməkdir”. Imam Əli (ə) möminin əməl dəftərinin sərlövhəsini gözəl xasiyyət hesab edirdi. Imanın kamil olmasının nişanəsi də xasiyyətin gözəlliyidir: “Möminlər içində imanı ən kamil olan – əxlaqı ən gözəl olandır”.
Həzrət Mühəmməd (s) məhz insanlardakı gözəl əxlaqi dəyərləri tamamlamağı özünün peyğəmbərliyə təyin olunmasının səbəblərindən biri kimi göstərirdi. Həmçinin, o həzrət buyururdu ki, “sizlərdən mənə ən çox bənzəyən – əxlaqı ən gözəl olandır”.

Gözəl xasiyyət insana həm bu dünyada, həm də axirətdə fayda yetirər. Imam Əli (ə) buyururdu: “Gözəl xasiyyət ruzini artırar və ünsiyyəti möhkəmlədər”. Imam Cəfər Sadiq (ə) isə yaxşılığın və gözəl xasiyyətin ölkələri abad etdiyini, ömürləri uzatdığını bildirirdi. “Qiyamət günündə mizan tərəzisində heç bir əməl gözəl xasiyyətdən daha ağır olmayacaq” (Həzrət Mühəmməd Peyğəmbər (s)).

Əksinə, pis xasiyyət insana hər iki dünyada zərər və xəcalət gətirər. Məşhur hədislərin birində deyilir ki, sirkə balı xarab etdiyi kimi pis əxlaq da əməlləri zay edər. Islam Peyğəmbəri buyurub: “Bəndə öz əxlaqının pisliyi üzündən cəhənnəmin ən aşağı qatına yuvarlana bilər”. Imam Əli (ə) isə yaxşı və pis xasiyyətin insan taleyinə təsiri barədə belə buyurub: “Nə çoxdur elə izzət sahibləri ki, (pis) xasiyyət onları zillətə salıb. Və nə çoxdur elə zəlillər ki, (yaxşı) xasiyyət onları izzətli edib”.

Müsbət əxlaqi dəyərlər insanın batini aləminin gözəlliyi deməkdir. Əgər insanın zahiri görünüşü Allahın əlindədirsə, batini dünyasının vəziyyəti onun öz ixtiyarındadır. Peyğəmbər öz səhabələrindən birinə buyurmuşdu: “Allah səni xilqətdə gözəl yaradıb, sən də öz əxlaqını gözəlləşdir”. Insan özünü tərbiyə etməklə, pisliklərdən təmizlənməklə öz batini dünyasını saflaşdırmağa qadirdir. Bu məqama çatmış insanların barəsində deyirlər ki, onların qəlbi Allahın təcəlli yerinə çevrilər.

Insanın dəyəri onun fərdi ibadətləri ilə deyil, əxlaqının gözəlliyi ilə ölçülür. Çünki əvvəla, ibadət Allahdan ötrü edilir və cəmiyyətə aidiyyatı az olur. Ikincisi, ibadət riya niyyəti ilə də edilə bilər, bunu isə bilən yalnız Allahdır. Amma gözəl xasiyyət, insanlarla ünsiyyətdə ölçünü gözləmək birbaşa cəmiyyətdaxili münasibətlərə təsir göstərir. Bir gün Həzrət Mühəmməd Peyğəmbərə (s) dedilər ki, filan qadın gündüzlər oruc tutub gecələr namaz qılır, amma xasiyyəti pisdir və dili ilə qonşularını incidir. Peyğəmbər buyurdu: “O qadında yaxşı bir xüsusiyyət yoxdur və o, cəhənnəm əhlindəndir”.
Müsbət xasiyyətlərin (xülqlərin) hər biri bəyənilən və arzuediləndir, özü də bunların istisnasız olaraq hər kəsdə olması tövsiyə edilir. Amma müəyyən xüsusiyyətlər məhz bəzi təbəqələrə mənsub şəxslərdə olanda daha üstün dəyər qazanır. Həzrət Mühəmməd Peyğəmbər (s) bu məsələyə işarə edərək buyurub: “Ədalət gözəl xüsusiyyətdir, amma hökmdarlarda olanda daha gözəldir. Səxavət gözəldir, amma sərvətlilərdə olsa, daha gözəl olar. (Günahlardan) çəkinmək yaxşıdır, amma alimlərdə bunun olması daha yaxşıdır. Səbr gözəl cəhətdir, amma kasıblarda daha gözəl görünür. Tövbə yaxşdır, amma cavanlarda olanda daha yaxşıdır. Həya da gözəl xasiyyətdir, amma qadın həyalı olanda daha gözəl olur”.

(Hədislər ”Mizanül-hikmə“ kitabındandır; I, 797-809, ”xülq“ babı).



islam.az


Yerləşdirilib:16 Aprel, 2012, Baxılıb:4521, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com