ZIYAFƏT VERİLMƏSİ QAYDALARI

ZIYAFƏT VERİLMƏSİ QAYDALARI


Əgər ev sahibi hər hansı münasibətlə evində qonaqlıq (ziyafət) verirsə, bu halda bəzi şərtlərə riayət etməlidir. Əvvəla, 5 münasibətlə məclis təşkil edib süfrə açmaq bəyənilir: evlənəndə, ailədə uşaq doğulanda, oğlan uşağını sünnət etdirəndə, təzə ev alanda (tikəndə) və həcc ziyarətindən qayıdanda. Ikincisi, qonaqlıq zamanı israfdan mütləq çəkinmək lazımdır. Yemək süfrəsi ifrat təmtəraqdan uzaq olmalıdır. Üçüncüsü, qonaqlığın müddəti iki gündən artıq olmamalıdır. Hədislərdə deyilir ki, ardıcıl olaraq iki gün qonaqlıq vermək yaxşı əməldir, amma üçüncü gün bu, riya və özünü göstərmək sayılır. Dördüncüsü, qonaqlığa yalnız varlı adamları çağırmaq günahdır. Süfrə arxasında əsas etibarilə kasıblar və ehtiyaclılar yer tutmalıdırlar. Peyğəmbər buyururdu: ”Ziyafətlərin ən pisi odur ki, orada yalnız toxlar cəmləşər, kasıblar bura buraxılmazlar“. Həmçinin, Peyğəmbər yalnız varlılara qonaqlıq verən, yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etməyi məkruh (xoşagəlməz) sayırdı.
Doğrudur, qonaq çağırılan zaman dəvəti qəbul etmək dinimizdə çox tövsiyə edilib. Bununla belə, insan kimin evinə qonaq getdiyini və kimin süfrəsində əyləşdiyini düşünməlidir. Peyğəmbər Əbuzərə tapşırmışdı ki, fasiqlərin yeməyndən yeməsin. Fasiq – ardıcıl olaraq günah edən və tövbə haqqında düşünməyən şəxsdir. Həmçinin, Islam Peyğəmbəri Allah xatirinə sevdiyin adama yemək ikram etməyi və səni Allaha xatir sevən adamın süfrəsindən çörək yeməyi məsləhət görürdü. Haram məqsədlər üçün təşkil edilən, haram yeməklər yeyilən, şərab içilən qonaqlıq məclislərində iştirak etmək möminə yaraşmaz.
Ev sahibinin qonağa iş buyurması, onu işlətməsi bəyənilməzdir. Rəvayət edirlər ki, bir gün Imam Cəfər Sadiqin (ə) evinə qonaq gəlmişdi. Qonaq ayağa durub ev işlərində Imama kömək etmək istəyəndə o həzrət etiraz edib buyurdu: ”Peyğəmbər qonağa iş buyurmağı qadağan edib“.
Imam Sadiq (ə) tövsiyə edirdi ki, yemək vaxtı çatanda ev sahibi qonaqdan yemək yeyib-yeməyəcəyini soruşmasın. Çünki qonaq utandığı üçün ac olsa da yeməyəcəyini deyəcək. Buna görə də qonaqdan soruşmadan onu süfrəyə dəvət etmək lazımdır. Həzrət Mühəmməd Peyğəmbər (ə) müsəlmanlarla birlikdə yemək yeyəndə hamıdan əvvəl əlini süfrəyə uzadıb yeməyə başlayar, hamıdan sonra süfrədən əlini çəkərdi. Əlbəttə, bu ona görə deyildi ki, o həzrət başqalarından çox yeyərdi. Sadəcə olaraq, Peyğəmbər süfrə yoldaşlarının utanmaması xatirinə bu cür hərəkət edirdi. Çünki sıravi müsəlmanlar yeməyə Ondan əvvəl əl uzatmağı, Ondan sonra yeməyə davam etməyi ədəbsizlik sayırdılar. Buna görə də, el adətinə görə, ev sahibi qonaqdan qabaq süfrəyə əl uzadır, qonaqdan sonra yeməyi qurtarır.
Müqəddəslərimiz qonağı yola salanda onu qapıya kimi ötürərdilər.
Qonaq da getdiyi evdə bəzi qaydalara riayət etməlidir. Getdiyi yerin hər hansı şəraitinə ağız büzmək, yeməyi bəyənməyib bunu üzə vurmaq ən böyük tərbiyəsizlikdir. Qonaq ev sahibinin göstərdiyi yerdə oturmalıdır, evin künc-bucağına baş vurmamalı, heç nəyə icazəsiz toxunmamalı, xüsusilə, dəvət olmadan evin o biri otaqlarını gəzməməlidir. Imam Mühəmməd Baqir (ə) buyururdu ki, ”kim din qardaşının evinə qonaq getsə, ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz evinin məhrəm yerlərini (yəni özgənin görməli olmadığı cəhətləri) qonaqdan daha yaxşı bilir“. Həmçinin, qonaq çağırılan adamın dəvətsiz olaraq övladını da özü ilə aparması yaxşı əməl deyil. Hətta Peyğəmbər bu hərəkəti günah və qəsb kimi dəyərləndirirdi.

islam.az


Yerləşdirilib:6 Aprel, 2012, Baxılıb:2358, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com