MÖMINİN SİFƏTLƏRİ (Quran və sünnə əsasında)-İkinci məqalə

MÖMINİN SİFƏTLƏRİ (Quran və sünnə əsasında)-İkinci məqalə
14. MÖMIN ZƏMANƏYƏ UYĞUNLAŞMAĞI BACARAR
Mömin kor-koranə şəkildə özünü təhlükəyə atmaz, zamandan geri qalmaz, dövrün tələbləri ilə ayaqlaşmağa çalışar. Mömin zamanın dəyişiklərinə çevik münasibət göstərməlidir ki, hər bir şəraitdə öz imanını, özünün və ailəsinin təhlükəsizliyini təmin edə bilsin. Dünya tərəqqi etdikcə fəsadın vasitələri də inkişaf edir, təkmilləşir. Mömin bu vasitələri vaxtında tanıyıb dəyərləndirməli və onlardan özünü qorumağın üsullarını tapmalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) bu problemə işarə edərək buyurub: “Mömin külək qarşısında durmuş sünbül kimidir. Külək güclənəndə əyilər, külək yatanda yenə dikələr. Kafir isə küknar ağacı kimidir. Küləyin qarşısında dik durar, ta ki sınar” (Biharül-ənvar, III, 134). Bu hədisdə möminin küfr və fəsad həmlələri qarşısında səbrli olması, lazım gələndə təqiyyədən istifadə etməsi tövsiyə edilir. Onun kafirdən fərqi budur ki, kafir təhlükə hesab etdiyi bütün qüvvələrə qarşı nadancasına müqavimət göstərməyə çalışar, tərslik edər, amma düşmənin gücünü düzgün qiymətləndirmədiyinə görə məğlub olub sınar.

15. MÖMIN ÖZÜNÜ ALÇALTMAZ
Mömin zillətə düşməyi qəbul etməz, həmişə vüqarlı və izzətli olar. Qurani-kərimin bir ayəsində deyildiyi kimi, ”Izzət Allaha, Onun peyğəmbərinə və möminlərə məxsusdur“ (Münafiqun, 8). Islam Peyğəmbəri buyurub ki möminin özünü alçaltması (zillətə salması) halal deyil. Imam Cəfər Sadiqin (ə) bu hədisi də möminləri öz izzət-nəfslərini qorumağa çağırır: “Allah möminin hər bir hərəkətini onun öz öhdəsinə (ixtiyarına) buraxıb; yalnız özünü alçaltmaqdan (zillətə salmaqdan) savayı” (Əl-Kafi, V, 63).
Bəs, möminin özünü alçaltması nə deməkdir? Imam Cəfər Sadiqin (ə) hədislərində bu suala iki cür cavabla rastlaşırıq: sonra üzr istəməsi gərəkən bir əməli etmək və öhdəsindən gələ bilmədiyi işə girişmək (Əl-Kafi, V, 64; Məhəccətül-beyza, IV, 108).
Nəinki özünü alçaltmaq, hətta buna səbəb olacaq bir şeyi istəmək də bəyənilməzdir: “Möminin, onu alçaldacaq, zəlil edəcək bir şeyi istəməsi nə pisdir!” (Imam Həsən Əsgəri (ə), Tühəfül-üqul, səh. 489). ”Möminin izzəti camaatdan ehtiyacsız olmağındadır. Çünki azadlıq və izzət qənaətdədir“ (Həzrət Mühəmməd Peyğəmbər (s); Məcmueyi-Vərram, səh. 169).
Mömin təkəbürlü olmamalıdır, özünü başqalarından üstün tutmamalıdır, amma başqaları tərəfindən alçaldılmağa da razı olmamalıdır. Yaltaqlıq, məddahlıq, sözbazlıq möminə yaraşan sifətlər deyil. Imam Əli (ə) buyururdu ki, elm öyrənməkdən başqa bir səbəbə görə yaltaqlıq etmək və həsəd aparmaq möminin əxlaqından sayılmaz (Tühəfül-üqul, səh. 207). Yəni yalnız sənə elm öyrətməyə razı olsun deyə kimi isə tərifləmək və elm cəhətdən səndən üstün olan adama həsəd aparmaq eyib sayılmır (paxıllıq deyil, müsbət mənada həsəd nəzərdə tutulur).

16. MÖMIN DÜNYAYA BAĞLANMAZ
Mömin dünya həyatının ötəriliyini dərk edər, əsl həyatı axirətdə axtarar. Bu dünya bütün çətinlikləri, haramları, hiylələri ilə onun üçün zindan kimi görünər: ”Dünya möminin zindanı, kafirin cənnətidir“ (Səhihü Müslim, hədis 2956; Sünənüt-Tirmizi, hədis 2324).
Imam Əli (ə) buyurub: ”Mömin odur ki, öz dinini dünyasının vasitəsilə qoruyar. Facir (günah etməkdə israrlı şəxs) isə odur ki, öz dünyasını dininin köməyi ilə qoruyar“ (Ğürərül-hikəm, 2160). Hədisin mənası budur ki, mömin bu dünyadakı imkanlarını axirət üçün azuqə yığmağa sərf edər, dünyadan axirət üçün körpü kimi faydalanar. Facir adam isə dünyanı əldə etmək üçün dinini qurban verər.
Tabiindən olan Həsən Bəsri möminin dünyaya münasibətini bu cür təsvir edirdi: ”Mömin dünyada qərib kimidir. Dünya nemətlərini əldə etmək üçün yarışa girməz, dünya tərəfindən əziləndə üzülməz. Camaat bir halda olar, o isə tamam başqa bir əhvalda“ (Müsənnəfü Ibn Əbi Şeybə, XIX, 371, hədis 36358).

17. MÖMIN ÖLÜMÜ UNUTMAZ və ÖLÜMDƏN QORXMAZ
Mömin həmişə ölümü yaxında hiss edər, dünyanın faniliyini, axirət hesabının zərurətini anladığı üçün günahlardan çəkinər, Allahın qarşısında alnıaçıq dürmağa çalışar. Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi, möminin vəsiyyətnaməsi həmişə qoltuğunun altında olar (Sünənüd-Darimi, hədis 3220).
Əsl mömin Allaha o qədər iman və məhəbbət bəsləyir ki, bu dünyanı özü üçün qəfəs sayır, bu qəfəsdən qurtulmağı və Allahın görüşünə nail olmağı arzulayır. Möminin gözündə ölüm – Allaha qovuşmaq üçün bir vasitədir. Imam Mühəmməd Baqir (ə) rəvayət edir ki, Imam Səccaddan (ə): “Ölüm nədir?” deyə soruşulduqda cavab vermişdi: “Mömin üçün ölüm – çirkin libası soyunmaq və ağır zəncirdən qurtulmaq kimidir”. Həzrət Mühəmməd Peyğəmbər (s) isə buyururdu ki, mömin ölümü ana bətnindən doğulub dünyaya gəlmək kimi qəbul edər.

18. MÖMIN ALLAH YOLUNDA ŞƏHID OLMAQDAN ÇƏKINMƏZ
Möminə xas olan sifətlərdən biri də Allah yolunda canı, malı və dili ilə cihad etmək, haqqı qorumaqdır. Mömin bunun naminə həyatını itirməkdən belə qorxmaz, həmişə şəhadət arzusunda olar. Quranda belə möminlərin barəsində buyurulur: “Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər” (Əhzab, 23). Başqa bir ayədə deyilir: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!” (Hücürat, 15).

19. BU SIFƏTLƏR MÖMINDƏ OLMAZElə mənfi xüsusiyyətlər var ki, onlar mömin insanın qəlbinə yol tapa bilməz. Əgər mömin bu cür əxlaqi rəzalətlərə düçar olsa, mömin sayılmaz. Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilmiş bir neçə hədisdən çıxan nəticə budur ki, mömində rast gəlinməsi mümkün olmayan sifətlər aşağıdakılardır: xəsislik, ruzidən ümidsiz olmaq (yəni Allahın ruzi verəcəyinə inanmamaq və bədbinliyə qapılmaq), hərislik, bəd əxlaq, yalan, xəyanət.
Imam Sadiq (ə) buyurub: ”Mömində altı xüsusiyyət olmaz: çətinliyə dözməmək, kobudluq, höcətkənlik, yalan, həsəd və haqsız yerə zor işlətmək“ (Tühəfül-üqul, səh. 377).

20. MÖMIN PEYĞƏMBƏRI, ƏNSARI və ƏLI IBN ƏBU TALIBI SEVƏR
Möminin sifətlərindən biri də Peyğəmbəri, ənsarı (Peyğəmbərin zamanındakı Mədinə müsəlmanlarını) və Imam Əlini (ə) sevməkdir. Quranda Peyğəmbəri sevmək barədə buyurulur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır” (Əhzab, 6). Əlbəttə, Peyğəmbərin, ənsarın və Əlinin zamanında yaşamayan və onları görməyən adam ruhlarını, xatirələrini sevməli, ürəyində onlardan razı olmalıdır (buna təvəlla deyirlər). Əksinə, bunları sevməyən adam münafiqdir. Bu barədə hədislərdən nümunələr:
”Sizlərdən heç kim məni övladından, valideynindən və bütün insanlardan çox sevməyincə mömin olmaz“. ” Sizlərdən heç kim məni malından, ailəsindən və bütün insanlardan çox sevməyincə mömin olmaz“ (Sünənün-Nəsai, hədis 5013-14).
”Münafiqin əlaməti ənsara kin bəsləmək, möminin əlaməti isə ənsarı sevməkdir“ (Səhihü Müslim, hədis 128).
Imam Əli (ə) buyurub: ”Allaha and olsun ki, ümmi (yazıb-oxumayan) peyğəmbər mənimlə bu əhdi bağlamışdı: ”Səni yalnız mömin sevər, sənə yalnız münafiq ədavət bəsləyər“ (Səhihü Müslim, hədis 131; Sünənüt-Tirmizi, hədis 3717; Sünənün-Nəsai, hədis 5018; Sünənü Ibn Macə, hədis 114 və s.).

21. MÖMINLƏRIN ƏN ÜSTÜNÜ KIMDIR?
Həzrət Mühəmməd Peyğəmbərdən (s): ”Möminlərin ən üstünü kimdir?“ deyə soruşulduqda belə cavab vermişdi: ”Allah yolunda canı və malı ilə cihad edən, ya da bir küncə çəkilib Allaha ibadət edən və camaata ziyan yetirməyən adam“ (Sünənü Əbu Davud, hədis 2485). Başqa bir hədisdə Peyğəmbər əxlaqı ən gözəl olan möminin ən üstün olduğunu buyurmuşdur. Daha bir hədisdə isə belə deyilir: ”Möminlərin ən kamili odur ki, müsəlmanlar onun dilindən və əlindən salamat olsunlar (ziyan görməsinlər)“ (Kənzül-ümmal, I, 36, hədis 64).
Imam Əli (ə) eyni sualı belə cavablandırmışdı: ”O mömin iman cəhətdən daha üstündür ki, verdiyi və aldığı, qəzəbi və sevinci Allaha xatirdir“ (Ğürərül-hikəm, 3278). ”Möminlərin ən üstünü – (Allah yolunda) özünü, ailəsini və malını daha yaxşı təqdim edəndir (yəni daha çox fədakarlıq göstərəndir)“ (Mizanül-hikmə, I, 211, hədis 1479).

22. MÖMININ XƏSTƏLIYI ALLAHIN ONA LÜTFÜDÜRAllah-təala möminin günahlarını azaltmaq və hesabını yüngülləşdirmək üçün bu dünyada ona bəzi bəlalar verər. Çəkdiyi əziyyətlərin, ağrı-acıların müqabilində onun günahlarının bir qismi silinər və beləliklə, qiyamətdə hesabı yüngül olar. Peyğəmbərin aşağıdakı hədisləri də bu fikri təsdiqləyir: ”Mömin kişi və qadın, müsəlman kişi və qadın xəstələnəndə Allah onun günahlarını yerə tökər (bağışlayar)“ (Müsnədü Əhməd ibn Hənbəl, hədis 14660; Müsnədü Əbi Yəla, IV, 200, hədis 2305). ”Xəstələnmiş möminin ah-naləsindən və şikayətindən təəccüb içindəyəm. Əgər o bilsəydi ki, xəstəliyə görə nə qədər savab qazanır, Allahla görüşənə (yəni ölənə) kimi bu xəstəlikdən sağalmağı istəməzdi“ (Şeyx Səduq. Ət-Tövhid, səh. 103).
Salmani-farsi bir xəstəni yoluxanda demişdi: ”Sənə müjdə verirəm. Çünki mömin xəstələnəndə Allah bu mərəzi onun günahlarının əvəzi və bağışlanma vasitəsi kimi qərar verər. Amma facir (günahda israr edən adam) xəstələnəndə sahibi tərəfindən bağlanan, sonra açılıb sərbəst buraxılan dəvəyə bənzəyər; anlamaz ki, onu niyə bağladılar, sonra niyə açdılar“ (Buxari. Ədəbül-müfrəd, hədis 493).


23. MÖMININ DƏYƏRI
Allah yanında mömin insan hər şeydən dəyərlidir. Allah heç nəyin içinə yerləşməz, yalnız möminin qəlbindən başqa. Hədisi-qüdsilərin birində deyilir ki, Allah-təala buyurub: ”Izzət və cəlalıma and olsun ki, mömin bəndəmdən sevimli bir varlıq yaratmamışam“ (Biharül-ənvar, LXXI, 158). Imam Cəfər Sadiq (ə) möminin Kəbədən daha hörmətli olduğunu deyirdi. Bunun səbəbi isə Peyğəmbərin hədisinə bağlıdır. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Kəbəyə tərəf üzünü çevirərək buyurmuşdu: ”Salam olsun bu evə! Sən Allah yanında nə qədər dəyərlisən! Allah yanında sənin hörmətin nə qədər ucadır! Amma Allaha and olsun ki, möminin hörməti səndən daha artıqdır. Çünki Allah səndən ötrü bir hərəm (qadağan) təyin edib. Amma mömindən ötrü üçqat haram müəyyən edib: onun həm malı, həm qanı, həm də barəsində sui-zənn etmək (pis niyyətdə olmaq) haramdır“ (Mizanül-hikmə, I, 205, hədis 1396) (hədisdə Kəbənin hərəmi deyərkən, Kəbə ətrafındakı müəyyən ərazinin müqəddəs sayılması və burada bəzi əməllərin qadağan olması nəzərdə tutulur).
Hədislərdə deyilir ki, mömin Allahın ən yaxın mələklərindən daha qiymətlidir. Peyğəmbər buyururdu: ”Insan öz arvadını və uşaqlarını necə tanıyırsa, mömini də səmada (mələklərin arasında) elə tanıyırlar“ (Şeyx Səduq. Üyunü əxbarir-Riza, II, 33).

24. MÖMINLƏRIN SAYI AZDIR
Həqiqi möminlərin sayı azdır. Həmçinin, mömin qadınların sayı mömin kişilərin sayından daha azdır. Bu, qadının kişiyə nisbətən daha emosional, daha həssas olması, təsir altına tez düşməsi və öz iffətini qorumaq üçün daim mübarizə aparmağa məcbur olması ilə izah edilə bilər. Qadın həm geyim, həm cəmiyyət içində davranış, həm də ailə daxili münasibətlərdəki yer baxımından bəzi hüdudlar içindədir. Bu hüdudları qorumadığı təqdirdə asanlıqla günaha düşə bilər. Imam Cəfər Sadiq (ə) bu məsələyə işarə edərək buyururdu: ”Mömin qadın mömin kişidən azdır. Mömin kişi isə qırmızı kibritdən də az tapılar“ (Əl-Kafi, II, 242). (Qırmızı kibrit (kibritül-əhmər) alximiya elmi ilə məşğul olanların əldə etmək üçün çalışdıqları fövqəl-adə xüsusiyyətə malik cövhərdir. Bu məzmunlu hədislərə əsasən, Islam irfanında övliyaları simvolik mənada kibritül-əhmər adlandırırlar).

25. MÖMINI INCITMƏK BÖYÜK GÜNAHDIR
Mömin Allah yanında bu qədər böyük dəyərə malik olduğu üçün onu incitmək də ağır günahlardan sayılır. Islam insanlar arasında mehribanlığı, sevgi və sayğını təbliğ edir, düşmənçiliyə, ədavətə, zülmə icazə vermir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Kim bir mömini incitsə, məni incitmiş kimidir. Məni incidən Allahı incitmişdir. Allahı incidən isə Tövratda və Incildə, Zəburda və Quranda lənətlənib“ (Biharül-ənvar, LXXII, 150). Hədisi-qüdsilərin birinə görə vəhy mələyi Cəbrail Allahın belə buyurduğunu rəvayət edib: “Hər kim mənim mömin bəndəmi təhqir etsə, mənimlə müharibəyə qalxmış kimidir” (Müstədrəkül-vəsail, II, 103).
Mömini nəinki incitmək, hətta bu niyyətdə olmaq da günahdır. Çünki əməllər niyyətlərə görədir. Buna görə Imam Cəfər Sadiq (ə) buyururdu ki, öz mömin qardaşına qarşı pis niyyətdə olan möminin heç bir əməlini Allah qəbul etməz (Əl-Kafi, II, 361).


Məqalədə aşağıdakı mənbələrdən istifadə edilib:
Qurani-kərim,
Biharül-ənvar,
Küleyni. Əl-Kafi,
Səhihül-Buxari.
Səhihü Müslim,
Sünənü Əbu Davud,
Sünənü Ibn Macə,
Sünənüt-Tirmizi,
Sünənün-Nəsai,
Müttəqi Hindi. Kənzül-ümmal,
Reyşəhri. Mizanül-hikmə,
Beyhəqi. Şüəbül-iman,
Ğürərül-hikəm,
Ibn Şöbə Hərrani. Tühəfül-üqul,
Hürr Amuli. Vəsailüş-şiə,
Buxari. Əl-Ədəbül-müfrəd,
və sairə mənbələr,


islam.az


Yerləşdirilib:3 Aprel, 2012, Baxılıb:6303, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com