MÖMIN KİMƏ DEYİLƏR? (Quran və sünnə əsasında) Birinci məqalə

MÖMIN KİMƏ DEYİLƏR?  (Quran və sünnə əsasında)    Birinci məqalə
Qurani-kərimdə “mömin” və bundan törəmə sözlər 231 dəfə işlənib. Müqəddəs Kitabın 23-cü surəsi “Möminun”, 40-cı surəsi “Mömin” adlanır (40-cı surəyə həm də Ğafir surəsi deyirlər). Möminlərlə bağlı hədislərin sayını isə təyin etmək çətindir. Irili-xırdalı bütün hədis kitablarında möminlərin xüsusiyyətləri ilə bağlı hədislər mövcuddur.
Bu məqalədə Qurani-kərim ayələrinə, Peyğəmbərin və Əhli-beytin hədislərinə əsaslanaraq, möminlərin ən vacib keyfiyyətlərinin mövzular üzrə təsnifatı verilib. Məqsədimiz budur ki, oxucular həmin keyfiyyətləri özlərində tərbiyə etməyə və gücləndirməyə çalışsınlar, imana zərbə vuracaq təhlükələrdən çəkinsinlər. Qeyd edirik ki, yazının həcmi uzanmasın deyə, bütün məsələlərə qısa baxış verilib.

1. MÖMIN ALLAHA SIDQ ÜRƏKLƏ IMAN EDƏR
Möminin ən mühüm keyfiyyəti onun səmimi, ixlaslı imanıdır. Mömin Allahı bütün sifətləri ilə qəbul edər, Ona təvəkkül bəsləyər, Ondan qorxar, Onun mərhəmətinə ümidvar olar. Bu barədə ayə və hədislər həddən çox olduğuna görə onları təkrar etməyə ehtiyac görmürük. Yalnız möminin Allaha münasibəti barədə bəzi cəhətləri diqqətinizə təqdim edirik:
Mömin Allaha və Rəsuluna iman gətirər, bundan sonra şəkk-şübhəyə düşməz (Hücürat, 15).
Mömin Allaha və Rəsuluna itaət edər, onların hökmünü əsas tutar (Ənfal, 1). Imam Sadiqdən (ə) soruşdular ki, bir adamın mömin olması nədən bilinər? Buyurdu: ”Allah qarşısında təslim olmasından, düçar olduğu sevinc və kədərlə razılaşmasından“ (Tühəfül-üqul, səh. 442).
Mömin mübahisəli məsələnin həllini Allaha və Peyğəmbərə həvalə edər (Nisa, 59).
Mömin Allahın və Rəsulunun razılığını hər şeydən üstün sayar (Tövbə, 62).
Mömin yalnız Allahdan qorxar (Ali-Imran, 175; Maidə, 57).
Allahın adı çəkiləndə möminin qəlbi qorxudan titrəyər; o, Allahın ayələrini oxuyanda imanı artar (Ənfal, 2).
Mömin Allahı çox sevər (Bəqərə, 165).
Mömin Allaha təvəkkül edər (Maidə, 23) və s.

2. MÖMIN XOVF ILƏ RƏCA ARASINDA OLAR
Xovf – Allahın əzabından qorxmaq, rəca isə Onun mərhəmətinə umidvar olmaqdır. Bu iki xüsusiyyət möminin qəlbində tarazlıq halında olmalıdır. Çünki əgər insan Allahın əzabından qorxmasa, ilahi mərhəmətə arxayın olsa, heç bir günahdan çəkinməz, hər nə etsə bağışlanacağını düşünər. Əksinə, əgər mərhəmətdən naümid olsa, ürəyinə yalnız qorxu hakim kəsilsə, bu halda düşünər ki, onsuz da cəhənnəmə düşəcəyəm; elə isə bu dünyada istədiyimi edim. Bu mövzuda yerinə düşən bir hədisi Imam Cəfər Sadiq (ə) öz atası Imam Mühəmməd Baqirdən (ə) rəvayət edib: “Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nur olmasın: qorxu nuru və ümid nuru. Əgər bunları tərəzidə çəksələr, nə bu ondan, nə də o bundan artıq gələr” (Əl-Kafi, II, 67).

3. MÖMIN VACIB IBADƏTLƏRI YERINƏ YETIRƏR
Mömin o adamdır ki, Allahın vacib buyurduğu ibadətləri vaxtında və diqqətlə yerinə yetirər, Yaradana şükran borcunu verməyə çalışar. Qurani-kərimdə möminlər bu cür təsvir edilirlər: “O kəslər ki, namazlarında müti olub (Allaha) boyun əyərlər. O kəslər ki, zəkat verərlər. Namazlarına riayət edərlər” (Möminun, 2,4 və 9). “Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir” (Fəth, 29).

4. MÖMIN ƏN GÖZƏL ƏXLAQI KEYFIYYƏTLƏRIN SAHIBIDIR
Möminin əxlaqında bütün müsbət xüsusiyyətlər cəmləşər. Həzrət Əli (ə) buyurub: ”Möminin əməl dəftərinin baş hərfi gözəl əxlaqdır“ (Biharül-ənvar, XV, 97). Peyğəmbər buyurub: “Imanı daha kamil olan mömin – əxlaqı daha gözəl və öz ailəsinə daha mehriban olandır” (Məhəccətül-beyza, III, 98).
Möminə gərəkən əxlaqi keyfiyyətlərin ən mühümləri ədalətə riayət etmək, orta həddi gözləmək, günahdan çəkinmək, tərəfkeşlik etməmək, çətinliklərə sinə gərmək, ehtiyaclılara yardım göstərmək, bağışlamaq, öz şəhvətini cilovlamaq və s.-dir.
“O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər. O kəslər üçün ki, böyük günahlardan, rəzil işlərdən (zinadan) çəkinər, qəzəbləndikləri zaman bağışlayarlar. O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər (Şura, 36-38).
Islam Peyğəmbəri buyurub:
”Mömin, onu qəzəbləndirmiş adama zülm etməz, sevdiyi adama görə günaha düşməz. Zülm etməz və həddi aşmaz. Öz dostundan batil sözü götürməz, öz düşməninin haqq sözünü də rədd etməz“ (Biharül-ənvar, XV, 82).
Imam Sadiq (ə) buyurub: ”Mömin o kəsdir ki, kəsbü-karını (iş və qazancını) pak (halal) etsin, əxlaqını gözəlləşdirsin, niyyətini sağlamlaşdırsın, malının artığını paylasın, çox danışmaqdan çəkinsin, camaata ziyan yetirməsin və camaatla sanki özü ilə rəftar edirmiş kimi davransın“ (Şeyx Səduq. Əl-Xisal, II, 7).
Imam Riza (ə) buyurub: ”Mömində üç xüsusiyyət olmayınca o, mömin sayılmaz. Bu xüsusiyyətlərin biri Allaha, biri Peyğəmbərə, biri də vəliyə (imama) məxsusdur. Allah məxsus olan sifət – sirləri gizlətməkdir. Peyğəmbərdən gələn xüsusiyyət – camaatla xoş rəftar etməkdir. Vəliyə məxsus olan sifət isə bəla və sıxıntılara səbr etməkdir“ (Tühəfül-üqul, səh. 442).
Bunlardan əlavə, həmişə dəstəmazlı olmaq, namaza diqqətlə yanaşmaq, gecə namazlarını qılmaq, qonağa ehtiram göstərmək, qonşu ilə mehriban olmaq, çox Quran oxumaq, möminlərlə dostluq etmək, sadə və təmtəraqsız dolanmaq, faizdən (sələmçilikdən) uzaq olmaq möminin sifətlərindən sayılır.

5. MÖMIN XOŞ SIMALI OLAR
Möminin xüsusiyyətlərindən biri də budur ki, o, başqaları ilə ünsiyyətdə mehriban və istiqanlı olar, insanlara xoş sifət göstərər, camaatı özündən uzaqlaşdırmaz. Imam Əli ibn Əbu Talib (ə) buyurub ki, möminin sevinci üzündə, kədəri qəlbində olar (Nəhcül-bəlağə, 333-cü hikmətli kəlam). Islam Peyğəmbəri buyururdu: “Insanlarla qaynayıb-qarışan, onların əziyyətinə dözən möminin Allah yanında savabı adamlardan qaçan və onların əziyyətinə səbr etməyən möminin savabından daha çoxdur” (Sünənü Ibn Macə, hədis 4032). ”Mömin ünsiyyət qurar və onunla ünsiyyət qurulmağa şərait yaradar. Ünsiyyət qurmayan və ünsiyyətə girməyən adamda xeyir-bərəkət olmaz. Insanların ən xeyirlisi camaata daha çox faydası dəyəndir“ (Kənzül-ümmal, I, 142, hədis 679).

6. MÖMIN QEYRƏTLIDIR
Mömin qeyrət sahibidir, öz namusunun keşiyində durar, məhrəmlərini qoruyar, başqasının namusuna da təcavüz etməz. Peyğəmbər buyurub ki, mömin qeyrətli olar (Səhihü Müslim, hədis 2761). Quranda möminlərin iffət və həyası barədə buyurulur: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; ancaq zövcələri və cariyələri istisna olmaqla...” (Möminun, 5-6).

7. MÖMIN ÇOX və MƏNASIZ DANIŞMAĞI SEVMƏZ
Mömin az danışar, danışanda da söyüşdən, qeybətdən, yalandan çəkinər, mənasız və hərzə-hədyan sözlər söyləməyi özünə rəva bilməz. Qurani-kərimdə möminlərin lağlağı söhbətlərdən uzaq olduqları bildirilir (Möminun, 3). Peyğəmbər buyurub: ”Mömin az danışıb çox iş görər. Münafiq isə çox danışıb az iş görər“ (Beyhəqi. Şüəbül-iman, IV, 268, hədis 5048). ”Mömin başqasına tənə vurmaz, lənət etməz, söyüş söyməz, nalayiq söz danışmaz“ (Buxari. Əl-Ədəbül-müfrəd, hədis 312).

8. MÖMIN TƏVAZÖKARDIR
Mömin bütün davranışlarında təvazökar olar, özünü başqalarından üstün tutmaz. Hətta salam verəndə belə, birinci olmağa çalışar və tərəf-müqabilini qabaqlayar. Amma münafiq təkəbbürlü olduğu üçün gözləyər ki, qoy əvvəlcə ona salam versinlər (Kənzül-ümmal, I, 156, hədis 778).
Hədislərdə deyildiyi kimi, möminin xasiyyəti o qədər yumşaq və mülayim olar ki, camaat onun ağlının az olduğunu düşünər (Beyhəqi. Şüəbül-iman, VI, 273, hədis 8130; Kənzül-ümmal, I, 143, hədis 690). Təəssüf ki, bu gün də bəziləri hiyləgərlik etməyən, sadə davranan, haram fürsəti qənimət bilməyən adamı ağıldan kəm sayıb məsxərəyə qoyurlar.

9. MÖMIN ƏMANƏTDARDIR
Qurani-kərimdə möminlər haqqında deyilir: “O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub-saxlayarlar” (Möminun, 8). Həzrət Mühəmməd Peyğəmbər (s) möminin əmanətdarlığı barədə buyurub: ”Mömin o kəsdir ki, insanlar canları və malları baxımından ondan arxayındırlar“ (Sünənü Ibn Macə, hədis 3934).
Hətta bəzi hədislərdə ”mömin“ sözünün əmin-amanlıq, arxayınlıq kökündən törədiyi bildirilir. Yəni mömin əmin-amanlıq içində olan, ətrafındakılara da bunu vəd edən, camaat üçün narahatçılıq törətməyən adamdır (Mizanül-hikmə, I, 204-205, hədis 1392).

10. MÖMIN ÖZ IMANINI ƏMƏLINDƏ GÖSTƏRƏR
Islam dininə görə iman, elm və əməl bir-biri ilə sıx əlaqəsi olan məfhumlardır. Qəlbindəki imanı hərəkət və davranışlarında nümayiş etdirməyən, öz elmini cəmiyyətin xeyri naminə əməldə tətbiq etməyən adam həqiqi mömin sayılmaz. Imam Cəfər Sadiq (ə) buyururdu ki, möminin imanı yalnız əməllə möhkəmlənər; əməl də imanın bir hissəsidir (Əl-Kafi, II, 38).

11. MÖMIN ÖZ NƏFSINI CILOVLAMAĞI BACARAR
Imam Sadiq (ə) buyurub: ”Adamlar möminin əlindən asudə (rahat) olarlar, nəfsi isə onun əlindən əziyyət çəkər“ (Biharül-ənvar, LXVII, 314). Həzrət Əli (ə) isə belə buyurub: ”Mömin... öz şəhvətini həyası ilə, öz həsədini sevgisi ilə, öz kin-küdurətini əvfi ilə cilovlayar“ (Səfinətül-bihar, I, 410).

12. MÖMIN HƏR BIR HALDA ÖZ IMANINI QORUYAR
Mömin istər rifah, istərsə çətinlik, istər qüdrət, istərsə acizlik, istər qəzəb, istərsə şadlıq halında öz müvazinətini qoruyub saxlayar. Dünyanın nemətləri onu qudurtmaz, çətinliklər onu məyus etməz. Imam Əli (ə) buyurub: ”Mömin sevinəndə şükr edər, bəlaya düşəndə səbr edər, rahatlığa çatanda qorxar (ki, bu rahatlıq onu Allaha itaətdən uzaqlaşdırmasın)“ (Ğürərül-hikəm, 1743). ”Mömin daim zikr halında olar, çox fikirləşər, nemətlərə şükr edər, bəlaları səbrlə qarşılayar“ (Ğürərül-hikəm, 1933).
Bu mənada Imam Zeynül-abidinin (ə) aşağıdakı hədisi də yerində səslənir: ”Möminin 5 əlaməti var: Gizlində (yəni gözlərdən uzaq olanda) günahdan qaçmaq, kasıblıq (qıtlıq) vaxtında sədəqə vermək, müsibətlə üzləşəndə səbr etmək, qəzəblənəndə bağışlamaq (mülayim olmaq) və qorxanda (təhlükə ilə qarşılaşanda) doğru danışmaq“ (Biharül-ənvar, LXVII, 293).

13. MÖMIN INSANLARI YAXŞI IŞLƏRƏ ÇAĞIRAR, PIS IŞLƏRDƏN ÇƏKINDIRƏR
Mömində olması gərəkən sifətlərdən biri də cəmiyyətin islahı yolunda səy göstərməkdir. Mömin dinin ən vacib əmrlərindən olan əmr bil-mərufa (insanları yaxşı işlərə çağırmaq) və nəhy ənil-münkərə (pis işlərdən çəkindirmək) həmişə riayət edər: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər” (Tövbə, 71).
Islam Peyğəmbəri buyurdu: ”Allah dini olmayan zəif möminə nifrət edər“. Soruşdular ki, dini olmayan mömin kimdir? Buyurdu: ”Başqalarını pis işlərdən çəkindirməyən mömin“ (Əl-Kafi, V, 59).










Natiq Rəhimov


Yerləşdirilib:25 Mart, 2012, Baxılıb:10518, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com