QONAĞA XIDMƏT SÜNNƏTDIR (ikinci məqalə)


QONAĞA XIDMƏT SÜNNƏTDIR (ikinci məqalə)
Islam ənənəsində qonaq müvəqqəti də olsa evin ən əziz sakini sayılır. Onu diqqətsiz qoymaq, onunla məşğul olmamaq, qonağı ev işlərinə cəlb etmək bəyənilməz işdir və ədəbsizlikdir. Qonaq evin ən hörmətli hissəsində əyləşdirilir, evdəki ən yaxşı təamlar ona təklif olunur, ev sahibi hər vasitə ilə qonağı razı salmağa çalışır, qonağın xoşladığı və bəyəndiyi yeməkləri, əyləncələri ona təqdim edir. Qonaq uzun müddət qalmalı olursa, evin ən gözəl və rahat otağını onun üçün ayrırlar. Hətta keçmişdə hər bir Şərq ailəsi evin bir otağını gözəl bəzəyir və həmişə hazır saxlayırdı ki, qonaq gələndə onu həmin otaqda yerləşdirsinlər.
Evin qonaq-qaralı olması Islamda o qədər təbii hal sayılır ki, hətta bəzi hədislərə görə, evin dəyəri və ev sahibinin axirətdəki yeri həmin evdə qəbul edilən qonaqlarla ölçülür. Imam Əli ibn Əbu Talib (ə) xəlifə olduğu dövrdə Əla ibn Ziyad adlı silahdaşının Bəsrədəki evinə gəlir. Evin çox geniş olması Imamın gözündən yayınmır və O, Əlaya müraciət edərək buyurur: ”Bu qədər geniş evi bu dünyada neyləyirsən? Halbuki, qiyamətdə bu cür məskənə daha çox ehtiyacın olacaq. Amma bu evin vasitəsilə də qiyamətdə özünə gözəl bir yer qazana bilərsən. Bu şərtlə ki, bu evdə qonaq qəbul edəsən, qohumlarla ünsiyyət saxlayasan, haqqı lazımi istiqamətlərdə əda edəsən. Belə olan halda bu evin köməyi ilə gözəl axirətə yetişə bilərsən“.
Həzrət Mühəmməd Peyğəmbər (s) evinə gələn qonağı möhtərəm yerdə əyləşdirər, altına döşək salardı. Hətta bəzən öz döşəyini ona təklif edərdi. Imam Əlinin (ə) qonağa ehtiramını ifadə etmək üçün bir rəvayəti misal çəkmək kifayətdir. Bir nəfər öz oğlu ilə birlikdə Əlinin (ə) evinə qonaq gəlir. Yeməkdən əvvəl Əli (ə) aftafa-ləyən gətirib, qonağın əlinə su tökür. Sonra Imam Həsənə (ə) tapşırır ki, o da qonağın oğlunun əlinə su töksün. Imam öz hərəkətini bu cür izah edir ki, özü yaşlı olduğu üçün yaşlı qonağa xidmət etdi, oğlu nisbətən cavan olduğu üçün ona cavan qonağın xidmətində durmağı tapşırdı.

QONAQ QALMAĞIN MÜDDƏTI

Qonaq nə qədər möhtərəm olsa da, Islam dini ev sahibinin diqqət və qayğısından sui-istifadə etməyi məsləhət görmür. Bir şeirdə deyildiyi kimi, ”Qonaq nəfəs kimi əziz və qiymətlidir. Amma nəfəs də bədəndən çıxmasa bədənə əziyyət verər“.
Hədislərdə qonaq qalmaq üçün bəyənilən müddətin son həddi 2 gecə-gündüz müəyyən edilib. Ilk iki gecə-gündüz ərzində qonağın ”nazını çəkmək“, daim onu diqqət mərkəzində tutmaq tövsiyə edilib. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, ”qonağa iki gecə hədsiz lütf edilər. Üçüncü gecəyə keçəndə artıq qonaq ev əhli sayılar, tapdığını yeyər“. Son ifadənin mənası budur ki, ilk iki gün müddətində adətən ev sahibi ən əziz tikəsini qonağa təqdim edər, onun bəyəndiyi yeməkləri hazırlamağa çalışar, hətta qonağın xatirinə öz gündəlik mətbəxinə də dəyişikliklər və əlavələr edər. Amma bu müddət bitdikdən sonra qonağın xatirinə xüsusi mətbəx tədarükü görmək tələb edilmir. Başqa bir hədisdə deyilir ki, üç gündən sonra qonağa verilən yemək ehtiyaclı şəxsə verilən sədəqə kimi öz sahibinə savab gətirər. Demək, qonaq ehtiyac olmadığı təqdirdə ev sahibinə əziyyət verməmək xatirinə çalışmalıdır ki, o evdə 3 gündən artıq yubanmasın (əlbəttə, zərurət halında uzun müddət qonaq qalmağın heç bir ziyanı yoxdur).

islam.az


Yerləşdirilib:20 Mart, 2012, Baxılıb:3889, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com