NOVRUZ bayramının tarixçəsi haqda


NOVRUZ  bayramının tarixçəsi haqda

Təbiətin bayramı

Min ilə yaxındır ki, müsəlman alimlər öz əsərlərində Novruz bayramının mənşəyi, mahiyyəti və müstəhəb əməlləri barədə məlumat verməkdədirlər. Əbu Reyhan Biruni ”əl-Asarül-baqiyə“ və ”ət-Təfhim“ kitablarında, Ömər Xəyyam ”Novruznamə“ risaləsində bu bayramdan ətraflı bəhs etmişlər. Klassik İslam alimləri Şeyx Tusi (”Müxtəsərül-Misbah“), İbn İdris (”əs-Sərair“), Şeyx Bəhai (”Camei-Abbasi“), Əllamə Məclisi (”Zadül-məad“ və ”Biharül-ənvar“), Ayətullah Yəzdi (”əl-Ürvətül-vüsqa“), Şeyx Abbas Qummi (”Məfatihül-cinan“) və başqaları öz əsərlərində təqvim günlərinə məxsus şəriət əməllərindən bəhs edərkən, Novruzun ibadət və mərasimlərinə də geniş yer ayırmışlar.

Dünya xalqlarına çoxdan məlumdur ki, Novruz (fars dilində ”yeni gün“ deməkdir) konkret astronomik hadisə ilə bağlı gündür. Bu gün şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Astronomiya dili ilə desək, Günəş şərq zodiak sistemindəki Hut (balıq) bürcündən çıxıb, Həməl (qoç) bürcünə daxil olur.

Bəzi din və etiqad məktəbləri Novruzun cahanşümul mahiyyətini təsdiqləmiş, onu dini bayram səviyyəsində qəbul etmişlər. Novruz tarix etibarilə atəşpərəstlik (zərdüştilik) dinindən daha qədim olsa da, bu dinin daxilində özünün ən parlaq inkişaf dövrünü yaşamışdır. Zərdüştilər Novruzu öz əqidələrinə uyğunlaşdırmış, bir növ onu özününküləşdirmişlər. Məhz buna görə də həm keçmişdə, həm də indi bir çoxlarının zehnində Novruz atəşpərəstlərin bayramı kimi təsəvvür edilir. (Halbuki, bu fikir həqiqətə uyğun deyil və məqalənin növbəti bölümlərində bu barədə məlumat veriləcək).


Novruz haqda Islam mənbələrində

Novruz elə nadir milli bayramlar sırasına aiddir ki, Islam dini nəinki onu rədd etməmiş, əksinə, ona yeni ruh və təravət bağışlamışdır. Əlbəttə, Novruzun mənşəyini İslamla bağlamaq düzgün deyil. Novruz heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır. Dünyanın bir çox xalqları bu günü baharın gəlişi, təbiətin oyanışı kimi qeyd etmişlər. Maraqlıdır ki, ruslar xristianlığı qəbul etməzdən əvvəl yaz gecə-gündüz bərabərliyi günündən (yəni Novruzdan) bir həftə əvvəl və bir həftə sonra Maslenitsa bayramını keçirirdilər. Xristian kilsəsi sonralar bu bayramın vaxtını bir qədər irəliyə - Böyük Orucun (Velikiy Post) başlanğıcından əvvələ çəkdi. Yaz gecə-gündüz bərabərliyi bayramı hətta Yaponiyada da dövlət səviyyəsində qeyd olunur.

İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruz gününü xoş sözlərlə yad etmişlər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibin (ə) xilafət illərində Ona Novruz hədiyyəsi gətirdilər (bu hədiyyənin farslara məxsus paludə (ərəbləşdirilmiş variantı faluzəc) adlı xörək olduğunu yazırlar). Əli (ə) bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söylədilər. Imam hədiyyəni qəbul edib buyurdu: ”Hər günümüzü Novruz edin“. Bu hədisin fərqli variantlarını Şeyx Səduq ”Mən la yəhzürühül-fəqih“ (III, 300), Beyhəqi ”əs-Sünənül-kübra“ (IX, 392), Səmani ”əl-Ənsab“ (III, 37) kitablarında qeyd etmişlər. Bəzi məlumatlara görə, Həzrət Əliyə (ə) hədiyyə gətirən adam – əslən fars mənşəli olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş.

Qeyd edək ki, bəzi mənbələrdə Novruz bayramını tənqid atəşinə tutan və bu günü bayram kimi qeyd etməyi haram sayan rəvayətlərə də rast gəlirik. Amma bu rəvayətlərin bir qisminin sənədi Peyğəmbərə qədər gedib-çıxmır (Beyhəqinin ”əs-Sünənül-kübra“ kitabındakı kimi), bəzi rəvayətlər isə zəif sayılır.
Novruz bayramının mənşəyi və ibadətləri barədə Əllamə Məclisinin ”Biharül-ənvar“ (LIX, 91 və 119) və Şeyx Hürr Amulinin ”Vəsailüş-şiə“ (V, 172-174) kitablarında bir neçə irihəcmli hədis verilmişdir. Bu hədislər Müəlla ibn Xüneys adlı səhabənin vasitəsilə İmam Cəfər Sadiqdən (ə) rəvayət edilib. Həmin hədislərdən məlum belə çıxır ki, bir sıra tarixi hadisələr, (məsələn, guya Həzrət Nuh Peyğəmbərin (ə) gəmisinin tufandan sonra quruya oturması, Həzrət İbrahim Peyğəmbərin (ə) öz şəhərindəki böyük bütü sındırması, Həzrət Mühəmməd Peyğəmbərə (s) ilk vəhyin nazil olması, Qədir-Xümm hadisəsi və s.) məhz Novruz gününə təsadüf etmişdir.

Bəzi alimlər Müəlla ibn Xüneysin bir ravi kimi etibarını şübhə altında qoymaqla bu hədisə əsaslanmağı düzgün saymamışlar. Əlbəttə, hədisin mətnində sadalanan hadisələrin heç də hamısının Novruz günündə baş verdiyinə inanmaq düzgün olmazdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatına aid hadisələr nisbətən yaxın dövrdə baş verdiyi üçün onların vaxtını hesablamaq çətinlik törətmir. Bu hesabatlardan məlum olur ki, hədisdə sadalanan bütün hadisələrin Novruz günündə baş verməsi təqvim baxımından qeyri-mümkündür. Amma bu hadisələrdən birinin – Qədir-Xümm olayının məhz Novruz gününə və yaxud ondan bir gün qabağa (Novruz bayramı axşamına) təsadüf etməsi hesablamalara əsasən düz çıxır.



Novruz və Qədir-Xümm

Xalq şüurunda Novruz – ”İmam Əlinin (ə) taxta çıxdığı gün“ sayılır. Bəzi mənbələrdə (məsələn, Azərbaycan Sovet Ensiklopediyası) şiələrin Novruz bayramını Həzrət Əlinin (ə) hakimiyyətə gəlişinin ildönümü kimi qeyd etmələri tənqid edilir və göstərilir ki, İmam Əlinin (ə) xilafətə gəlişi miladi 656-cı ilin yay fəslində baş vermişdir. Lakin həmin mənbələr bunu unudurlar ki, Novruz – Həzrət Əlinin (ə) Osmanın qətlindən sonra hakimiyyətə gəlişi ilə deyil, Qədir-Xümm çölündə Peyğəmbər tərəfindən dini və dünyəvi hakimiyyətə gətirilməsi ilə üst-üstə düşüb.
Əlbəttə, heç kim iddia etmir ki, Novruz bayramı hər il Qədir-Xümm günü ilə üst-üstə düşməlidir. Çünki hicri-qəməri və şəmsi təqvimlər arasındakı illik fərq bunu qeyri-mümkün edir. Məlum olan budur ki, məhz həmin il (hicri 10-cu il) zilhiccə ayının 18-i şəmsi təqvimdəki yeni ilin yeni ayının 1-nə (miladi təqvimlə 632-ci il mart ayının 19-na və ya 20-nə) təsadüf etmişdi.
Hicri və miladi təqvimlər arasında çevirmə üçün nəzərdə tutulmuş sinxron cədvəllər vasitəsilə də bunu yoxlamaq olar (qeyd edək ki, həmin cədvəllərdə bir gün xəta ehtimalı mümkündür). Mühəmməd Mühit Təbatəbai bu barədə yazırdı: ”Şah Abbas Səfəvinin zamanında Novruz həqiqi həyat və əbədilik qazandı. O dövrün münəccimləri çox sadə hesablamalarla hicri 10-cu il zilhiccə ayının 18-nin Yəzdcürdi təqvimlə (qədim Iran təqvimi ilə) 9-cu il fərvərdin ayının ilk gününə təsadüf etdiyini tapdılar“.

(Novruzun halal və haramları haqda məqalənin 2-ci hissəsində)

Natiq Rəhimov, islam.az


Yerləşdirilib:16 Mart, 2012, Baxılıb:8757, Çap
 

Son şərhlər : 3
Müəllif: nazile | 10 Mart, 2015  18:16
# Ответить
+1


]]>]]>

ok guzel
Müəllif: Oxuoyren | 21 Mart, 2015  11:23
# Ответить
-4


]]>]]>

Ay Millet Sefeviler dovrunden Azerbaycan Ve Iran Mecburi Sekilde I sah Ismayil Terefinden wielesdirilib, ona gorede Wieler kecirdiyi ucun Elebilirler Muselmanlarin hamsi bunu bayram edir Ozde burda yazilan hedisler sehih yeniki dogru deyil, Sunnuler Bunu Bayram
Etmir , Amma nefslerine uygun hereket eden Wielerdensizse bayram eleyin Allah ozu herseyi bilendir . Allahu Ala,
Müəllif: Muselman | 25 İyul, 2017  13:39
# Ответить
0


]]>]]>

"Ruslan Qorciyev" Siz ne vaxtdan muselman olmusunuzsa,farslar da ele o vaxtdan muselman olub,ixtilaf salan munafiq.....
Novruz bayraminin halal oldugunu hech muzakire etmeye de etiraz yoxdur,bunu yalniz cahil ve axmaqlar haram hesab edir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com