ASTARINA BAXIB BEZINI AL? Və ya, imamlar necə geyinərdilər

ASTARINA BAXIB BEZINI AL?  Və ya, imamlar necə geyinərdilər
İmam Əli (ə) bütün həyatı boyunca, xüsusilə, xəlifə olduğu illərdə həmişə sadə və ucuz libas geyinərdi. O həzrətin geyimi təmiz və səliqəli olardı. İmam Əli (ə) çox zaman paltarlarını özü yamayar və tikərdi. “Nəhcül-bəlağə”dəki kəlamların birində buyurur: ”Əbama o qədər yamaq vurmuşam ki, onu dərziyə aparmaqdan utanıram. Bir nəfər mənə rişxənd edib dedi ki, niyə bu köhnə paltardan əl çəkmirsən? Cavab verdim: ”Əl çək məndən! Səhər açılanda məlum olacaq ki, gecə zəhmət çəkənlərin əziyyəti nədən ötrü imiş? (Yəni qiyamət günü məlum olacaq ki, bu dünyada zahidanə yaşayanların səyləri nəyin xatirinə imiş)“. İmam Əli (ə) çarıqlarını da özü yamayardı. Hətta məşhur bir rəvayətə görə, o qədər köhnəlmiş çarıq geyinərdi ki, onlara bir dirhəm (xırda pul) qədər də qiymət qoyan olmazdı.

Əbu İshaq Səbii adlı şəxs rəvayət edir ki, kiçik yaşlarımda bir gün atamın çiyninə qalxıb Əli ibn Əbu Talibin (ə) xütbəsinə qulaq asmaq üçün getdim. Gördüm ki, o həzrət xütbə söyləyə-söyləyə əynindəki köynəyin yaxasını və ətəyini tərpədir. Atamdan soruşdum ki, xəlifə niyə belə edir, məgər ona istidir? Atam cavab verdi: ”Məsələ isti-soyuqda deyil. Xəlifənin bircə köynəyi var. Onu yuyub, amma qurutmağa macal tapmayıb. Indi köynəyin ətəklərini tərpədir ki, əynində tez qurusun“.
Qeyd edək ki, bu hadisəni ədaləti ilə tanınan yeganə Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz barəsində də rəvayət ediblər.

Bir gün Əli (ə) öz qulamı Qənbərlə birlikdə bazara gedir ki, geyim alsın. Bazarda paltar alveri edən birinə yaxınlaşıb soruşur: ”Səndə ikisi 5 dirhəmə iki köynək var?“. Satıcı hörmətlə cavab verir: ”Ey möminlərin əmiri, var“. Əli (ə) başa düşür ki, satıcı Onu tanıyıb. O həzrət istəmir ki, satıcı Ona xəlifə olduğuna görə ucuz paltar satsın. Çünki iki köynək üçün 5 dirhəm pul çox aşağı qiymət idi. Amma İmam özünə bundan artığını rəva görmürdü.

O həzrət başqa bir satıcıya yaxınlaşıb eyni sualı verir. Satıcının cavabından məlum olur ki, o İmamı tanımayıb. O deyir ki, iki ucuz köynəyi var, birinin qiyməti 3 dirhəm, o birininki 2 dirhəmdir. İmam köynəkləri alır, 3 dirhəmə olanını nökəri Qənbərə verib deyir ki, əyninə geyinsin. Qənbər etiraz edir: ”Siz xəlifəsiniz, minbərə qalxıb camaat üçün xütbə oxuyursunuz. Bahalı köynəyi geyinməyə Siz məndən daha layiqsiniz“. İmam cavab verir: ”Sən cavansan. Mən geyimdə özümü cavanlardan üstün tutmağa utanaram“. Sonra İmam ucuz köynəyi özü geyinir. Köynəyin qolları uzun olduğundan, satıcıya tapşırır ki, qayçı gətirib parçanın artığını kəssin. Satıcı köynəyin qolunu qısaldandan sonra soruşur ki, kəsilmiş yerləri qatlayıb tikimmi? İmam buyurur: ”Yox, çünki bundan da vacib işlərim var“.

Geyim mövzusunda hədislərlə tanış olarkən belə bir mənzərənin şahidi oluruq: Həzrət Mühəmməd Peyğəmbər (s) və Həzrət Əli (ə) nə qədər zahidanə, ucuz libaslar geyinsələr də, sonrakı imamlar camaat arasına nisbətən baha, yaraşıqlı geyimlərdə çıxırdılar. Xüsusilə, Abbasilər dönəmində yaşamış imamların geyimini heç də ucuz adlandırmaq olmazdı. Bunun səbəbini aşağıdakı amillərdə axtarmaq lazımdır. Əvvəla, Peyğəmbər (s) və Həzrət Əli (ə) ümmətin həm dini, həm də dünyəvi rəhbəri idilər. Yəni Həzrət Mühəmməd (s) – ilk müsəlman icmasının lideri, Əli ibn Əbu Talib (ə) – xəlifə idi. Onlar bütün davranışları ilə özlərini cəmiyyətin ən kasıb təbəqəsinə bərabər tutmağa çalışırdılar. Dəfələrlə buyururdular ki, əgər Mədinədə ac yatan müsəlman varsa, biz bu gecə doyunca yeyib yata bilmərik. Onlar zəngin yaşayış tərzindən imtina etmişdilər ki, kasıblar öz ehtiyaclarını görüb ümidsizliyə düşməsinlər, özlərini hökumətdən ayrı saymasınlar. Amma sonrakı imamların öhdəsində dünyəvi hakimiyyət yükü yox idi.

Ikincisi, İslam tarixinin ilk dövrlərində müsəlmanlar kasıb yaşayırdılar. İslamın güclənməsi, hücumlardan qorunması üçün onilliklərin keçməsi lazım gəldi. Bu dövrdə ac-susuz, çılpaq qalmaq, hətta aclığı dəf etmək üçün öz qarnına daş bağlamaq adi hal sayılırdı. İslam hələ Ərəbistan yarımadasında tam möhkəmlənməmişdi. Amma sonrakı dövrlərdə xilafət ərazisi genişləndi, yeni-yeni torpaqlar fəth edildi, xəzinəyə gələn vergilərin miqdarı artdı. Camaatın yaşayış səviyyəsi də nisbətən yüksəldi. Həm də sonrakı imamlar tez-tez xəlifələr tərəfindən saraya dəvət edilirdilər. Cah-cəlallı saraylarda rişxənd mənbəyi olmamaq üçün onlar da öz geyimlərində dəyişikliklər etməyə məcbur idilər.

Amma bütün bunlar imamların zahiri geyimlərinə aid olan məsələ idi. Onlar yuxarıdakı məsələləri nəzərə alaraq, əyinlərinə üstdən bahalı libas geyinirdilər. Bunun altından geyindikləri və camaatın gözündən gizli qalan libas isə elə Peyğəmbərin libası kimi qaba və ucuz idi.

Kamil Mədəni adlı bir nəfər İmam Həsən Əsgəri (ə) ilə görüşməyə gəlir. O, İmamın əynindəki keyfiyyətli nazik parçadan olan libası görəndə narahat olur və deyir: ”Siz bizim ağamızsınız, bizə dünyaya aldanmamağı, zahidliyi tövsiyə edirsiniz. Amma özünüz bahalı parçadan paltar geyinirsiniz?“. İmam təbəssümlə paltarının ətəyini azacıq yuxarı qaldırır. Kamil Mədəni görür ki, o həzrət bahalı geyimin altından çox kobud və qalın parçadan köynək geyinib və təbii ki, bu paltar bədənə rahatlıq verə bilməz. İmam hər iki geyimə işarə edib buyurur: ”Bu (altdan geydiyim) geyim Allah üçündür, bu isə (üstdən geydiyim) sizdən ötrüdür (yəni rişxənd edən insanların qabağında utanmamaq üçündür)“.



islam.az


Yerləşdirilib:4 Mart, 2012, Baxılıb:2344, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com