ISLAM TARIXINDƏ “SONUNCU”..LAR

ISLAM TARIXINDƏ “SONUNCU”..LAR
Ötən məqalələrin birində Islam tarixində hər hansı sahədə zaman etibarilə birinci sayılan şəxslərdən və hadisələrdən söhbət açmışdıq. Indi isə həmin silsilənin davamı olaraq, müəyyən xüsusiyyətlərinə görə zaman etibarilə sonda duran şəxslər və hadisələr barədə məlumat veririk.


1. Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuş son ayənin hansı olduğu barədə təfsir alimləri arasında fikir ayrılığı vardır. Bəziləri vida həcci zamanı – yəni Peyğəmbərin vəfatından təqribən 70 gün əvvəl Qədir-Xümdə nazil olmuş aşağıdakı ayəni ən sonda nazil olmuş vəhy sayırlar: ”Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq Islamı bəyənib seçdim“ (Maidə, 3). Əksər alimlər bu ayədən sonra halal və haram (şəriət) mövzusunda heç bir ayənin endirilmədiyini bildirmişlər. Bəzi tədqiqatçılar isə Bəqərə surəsinin 281-ci ayəsini ən son nazil edilmiş ayə sayırlar: ”Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (həqsız yerə) zülm olunmayacaqdır“ (Bəqərə, 281). Ən sonda nazil olmuş ayə barədə başqa nəzəriyyələr də mövcuddur.

2. Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında son və yeganə həcc səfəri vida həccidir. Hicrətdən sonra o həzrət Məkkəyə ümrə niyyəti ilə səfər etsə də, vida həccinə kimi həccə getməmişdi. Vida həcci hicri 10-cu (miladi 632-ci) ildə Peyğəmbərin vəfatından təqribən 3 ay əvvəl baş vermişdir.

3. Həzrət Mühəmməd Peyğəmbərin (s) evləndiyi son qadın ümmül-möminin Meymunə bint Haris olmuşdur. O, məşhur səhabə Abdullah ibn Abbasın xalasıdır. Meymunənin əsl adı Bərrə idi, Peyğəmbər onun adını dəyişdirib ”Meymunə“ (uğurlu, bərəkətli) qoymuşdu. Peyğəmbərdən qabaq iki dəfə ərdə olmuş, dul qalmış, hicri 7-ci ilin sonlarında (miladi 629-cu il) Peyğəmbərlə ailə qurmuşdu.

4. Həzrət Mühəmməd Peyğəmbərin (s) övladları arasında ən axırda vəfat edən qızı Fatimeyi-Zəhra (ə) olmuşdur. Peyğəmbərin Xədicədən olan iki oğlu Qasim və Abdullah körpə ikən vəfat etdilər. Mariyeyi-qibtiyyədən doğulan oğlu Ibrahim də iki yaşına çatmadan dünyasını dəyişdi. Peyğəmbərin daha üç qızı Zeynəb, Rüqəyyə və Ümmi-Külsum da o həzrətin sağlığında dünyalarını dəyişdilər. Fatimə (ə) isə atasından 75 və ya 95 gün sonra vəfat etdi.

5. Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşları arasında zaman etibarilə ən gec vəfat edən ümmül-möminin Ümmi-Sələmə olmuşdur. Peyğəmbərin bibisi qızı olan Ümmi-Sələmə bundan əvvəl bir dəfə ərdə olmuş, əri Ühüd savaşında aldığı yaralardan vəfat etdikdən sonra Ümmi-Sələmə Islam Peyğəmbəri ilə ailə qurmuşdu (hicri 4-cü, miladi 626-cı il). Ümmi-Sələmə Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra 50 ildən artıq yaşamış, hicri 62-64-cü (miladi 681-684-cü) illər arasında dünyasını dəyişmişdir.

6. Həzrət Mühəmməd Peyğəmbərin (s) son sözləri Həzrət Əlinin (ə) rəvayətinə görə ”əs-səlah, əs-səlah“, yəni ”namaz, namaz“ olmuşdur. Bu sözlərlə Peyğəmbər namazın əhəmiyyətini bir daha diqqətə çatdırmaq istəyirdi. Ümmül-möminin Aişənin sözlərinə görə, peyğəmbərlər vəfat edərkən onlara son dəfə yaşamaq və ya ölmək təklifi edilir. Peyğəmbər hansı yolu seçsə, taleyini Allah o cür həll edir. Həzrət Mühəmməd Peyğəmbərə (s) də ömrünün son anlarında bu təklif edilmiş və o həzrət gözlərini səmaya tərəf qaldıraraq: ”bəl ər-rəfiqül-ə’la“, yəni ”uca dostu (Allahı) seçirəm“ sözləri ilə ölməyi üstün tutmuşdu.

7. Həzrət Əli ibn Əbu Talib (ə) Kufə məscidində Əbdürrəhman ibn Mülcəmin zəhərli qılıncı ilə yaralanarkən son sözləri “fuztu və rəbbil-Kəbə” olmuşdur. Tərcüməsi ”Kəbənin Rəbbinə (Allaha) and olsun ki, xilas oldum“ deməkdir. Həzrət Əli (ə) bununla dünyadan köçüb öz Rəbbinə qovuşmağı xilas olmaq kimi dəyərləndirirdi.

8. Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələri arasında ən gec vəfat edən Əbut-Tüfeyl Amir ibn Vasilə Leysidir. Hicri 100-110-cu (miladi 718-729-cu) illər arasında vəfat etdiyini yazırlar. Hansı şəhərdə dünyasını dəyişdiyi dəqiq məlum deyil. Əgər Məkkədə vəfat etməsi barədə rəvayət doğrudursa, bu halda Əbut-Tüfeyl həm də Məkkədə rəhmətə getmiş son səhabə sayılmalıdır. Əgər bu rəvayət qəbul edilməzsə, Məkkədə ən gec vəfat etmiş səhabə Abdullah ibn Ömərdir. Abdullah hicri 73-cü və ya 74-cü ildə (miladi 693-694-cü illərdə) həcc zamanı Kəbəni təvaf edərkən Həccacın əmri ilə bir nəfər zəhərli əsa ilə onu ayağından yaralamış və Abdullah zəhərin təsirindən dünyasını dəyişmişdi.


9. Mədinədə vəfat etmiş son səhabənin kim olduğu barədə məlumatlar fərqlidir. Bəziləri bunun Cabir ibn Abdullah Ənsari olduğunu yazırlar. Cabir hicri 78-ci (miladi 697-ci) ildə 94 yaşında rəhmətə getmişdir. Yeri gəlmişkən, ikinci Əqəbə beyətində iştirak etmiş 75 nəfər içində ən gec dünyasını dəyişən də o sayılır.
Bəzi tədqiqatçılar səhabə Saib ibn Yezidi, bəziləri isə Səhl ibn Sədi Məkkədə ən gec vəfat etmiş səhabə sayırlar. Halbuki, daha mötəbər rəvayətlərə görə Mahmud ibn Rəbi hicri 99-cu ildə (miladi 717-718-ci illər) vəfat etmək etibarilə bunların hamısını geridə qoymuşdur.

10. Bəsrə şəhərində vəfat etmiş son səhabə Ənəs ibn Malikdir. Ənəs kiçik yaşlarından Peyğəmbərə xidmət etmiş, o həzrətin duası ilə uzun ömür yaşamış və çoxlu övlad sahibi olmuşdu. 80 oğlu və 2 qızı var idi. 100 ildən artıq yaşamışdır. Vəfat tarixi mənbələrdə fərqli göstərilsə də, ən geniş yayılmış məlumata görə hicri 93-cü (miladi 712-ci ildə) dünyasını dəyişmişdir.

11. Ümumiyyətlə, Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələri içində zaman etibarilə ən gec vəfat edənlər yuxarıda adı çəkilənlərdən əlavə bunlardır:
Abdullah ibn Əbu Ovfa (hicri 86 və ya 88-ci, miladi 705 və ya 707-cı illər), Əmr ibn Hüreys (hicri 85 yaxud 98-ci, miladi 704 və ya 716-717-ci illər; bu iki nəfər Kufənin ən son səhabələri sayılırlar), Abdullah ibn Büsr Mazini (hicri 88-ci, miladi 707-ci il; Şamın ən son səhabəsi sayılır), Vasilə ibn Əsqa Leysi (hicri 85-86-cı, miladi 704-705-ci illər; Diməşqdə ən gec vəfat etmişdir), Ürs ibn Ümeyrə Kindi (Cəzirənin son səhabəsi), Qeys ibn Səd ibn Übbadə (hicri 85-ci, miladi 704-cü il; Fələstində ən axırda vəfat etmiş səhabə sayılır), Bəsrənin qocaman sakini Abdullah ibn Haris ibn Cəz (hicri 85-89-cu, miladi 704-708-ci illər).

12. Həzrət Mühəmməd Peyğəmbərin (s) son savaşı hicri 9-cu (miladi 630-cu) ildə baş vermiş Təbuk qəzvəsi sayılır. Bizanslılarla müttəfiq olan və Şamda (Suriyada) hökm sürən Qəssani hökmdarı böyük qoşun toplayıb Mədinənin üzərinə yürümək istəyirdi. Peyğəmbər düşməni qabaqlamaq üçün özü onun düşərgəsinə – indiki Səudiyyə Ərəbistanının şimalındakı Təbuk məntəqəsinə hücum etdi. Müsəlmanlar çox çətinliklə yolu qət etdilər, amma Təbuka çatanda məlum oldu ki, düşmən əsgərləri onların gəlişindən qorxuya düşüb geri qayıdıb. Bu qəzvədən sonra Həzrət Mühəmməd Peyğəmbər (s) heç bir hərbi yürüşə çıxmamışdır.

13. Həzrət Mühəmməd Peyğəmbərin (s) dəfni zamanı cənazəsini son dəfə görən şəxs əmisi oğlu Qüsəm ibn Abbas olmuşdur. Qüsəm atası Abbas ibn Əbdülmüttəlib, qardaşı Fəzl ibn Abbas, Əli ibn Əbu Talib (ə), Üsamə ibn Zeyd ibn Harisə və Peyğəmbərin nökəri Şəqranla birlikdə cənazəni qəbrə endirmişdir. Amma Müğeyrə ibn Şöbə adlı səhabə iddia edirdi ki, Peyğəmbərin cənazəsini qəbrə qoyduqdan sonra o, guya üzüyünü qəbrin içinə atmış, sonra üzüyü götürmək bəhanəsi ilə məzara enmiş və əlini cənazəyə toxundurmuşdu. Müğeyrənin bu iddiası səhih mənbələrdə etibarsız sayılır.

14. Sonuncu raşidi xəlifəsi Imam Əli ibn Əbu Talibdir (ə). Sonuncu Əməvi xəlifəsi inadkarlığına görə ”himar“ (uzunqulaq) ləqəbi qazanmış II Mərvandır. O, miladi 750-ci ilin əvvəllərində Böyük Zab çayı döyüşündə Abbasilərə məğlub olaraq qaçdı və bir neçə aydan sonra Suriyada gizləndiyi qadın monastırlarının birində öldürüldü. Axırıncı Abbasi xəlifəsi Əbu Əhməd Abdullah Müstəsim miladi 1258-ci ildə Bağdadı ələ keçirmiş monqollar tərəfindən qətlə yetirildi. Xəlifə titulunu daşıyan axırıncı Osmanlı sultanı II Əbdülməcid olmuşdur (1922-24). 1924-cü ildə Türkiyədə xilafət quruluşu rəsmi olaraq ləğv edildi və II Əbdülməcid ölkəni tərk etməyə məcbur oldu. Sonuncu xəlifə ömrünün sonuna kimi mühacir həyatı sürərək 1944-cü ildə Parisdə dünyasını dəyişdi və Mədinədə dəfn edildi.

15. Yer üzündə Allahın son hüccəti və axırıncı imam Həzrət Mehdidir (ə). Adı Peyğəmbərin adı ilə, künyəsi Peyğəmbərin künyəsi ilə eyni olan Həzrət Mehdi (ə) şiə inancına görə on birinci Həsən Əsgərinin (ə) oğludur. O, hicri 255-ci (miladi 869-cu) ildə anadan olmuş, 5 yaşında ikən qeybə çəkilmişdir. Hal-hazırda qeyb halındadır. Dünyanın sonuna yaxın Allahın əmri ilə zühur edəcək və yer üzündəki ədalətsizliyin kökünü kəsəcək.

islam.az


Yerləşdirilib:23 Fevral, 2012, Baxılıb:2339, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com