Peyğəmbərin mövlud günlərində, Peyğəmbərdən (s) nəsihətlər eşidək.

Peyğəmbərin mövlud günlərində, Peyğəmbərdən (s) nəsihətlər eşidək.
İslam Peyğəmbərinin diqqətinizə təqdim edilən buyruqları Şeyx Rəziyyəddin Təbrisinin “Məkarimül-əxlaq” kitabındakı böyük bir hədisdən ixtisarla tərcümə edilib. Hədisin sonunda deyilir ki, İmam Cəfər Sadiq (ə) bu hədisi Peyğəmbərin diqtəsi ilə Həzrət Əlinin (ə) öz xətti ilə yazıya aldığı dəftərdən toplayıbmış. Hədisin bəzi hissələrini “Peyğəmbər bunları qadağan edib” başlığı altında Sizə artıq təqdim etmişik.

Hədisi oxumazdan qabaq bir məsələyə diqqət yetirməyinizi xahiş edirik. Burada bəzi günahların əvəzi olaraq göstərilən cəzalar və bəzi savabların qarşılığı olaraq təqdim edilən mükafatlar məcazi məna daşıyır. Xüsusilə, axirətə aid olan cəza və mükafatların təsvirində məcazi, alleqorik ifadələrə rast gəlirik. Bəzən isə hər hansı əməlin qarşılığı konkret ədədlərlə ölçülüb. Bu kimi ifadələri zahiri mənası ilə qəbul etməməliyik. Göstərilən ifadə üsulları əslində sözün təsirini artırmaq, oxucunun diqqətini cəlb etmək və məsələnin mühümlüyü barədə təsəvvür yaratmaq məqsədi daşıyır.


“Hər kim öz müsəlman qardaşına ehtiram göstərsə, izzət və cəlal sahibi olan Allaha ehtiram göstərmiş kimidir”.

“Kim Allahın ruzisindən və ruziləri bölməsindən razı qalmasa, buna səbr etməsə, əksinə, şikayət etsə, heç bir savab əməli ilahi dərgaha yüksəlməz (yəni hesaba alınmaz). Əgər tövbə etməsə, qiyamət günündə Allahın qəzəbi ilə rastlaşar”.

“Kim fəqir (kasıb, ehtiyaclı) müsəlmanı təhqir etsə, sanki öz hüququnu əskiltmiş kimidir (yəni müsəlman qardaşının hüququ da insanın öz hüququ kimidir). Əgər tövbə etməsə, Allah qiyamət günündə o adamın özünü təhqir edər. Hər kim fəqir müsəlmana hörmət etsə, qiyamət günündə ilahi dərgaha gətiriləndə Allah ondan razı olar”.

“Kim qonşusuna əziyyət versə, Allah cənnətin ətrini ona haram edər və onun yeri cəhənnəm olar. Nə pis yerdir cəhənnəm! Kim qonşusunun haqqını tapdalasa, bizdən (yəni müsəlmanlardan) deyil. Cəbrail qonşunun haqqı barədə mənə o qədər tövsiyə etdi ki, elə bildim axırda qonşuların bir-birinə varis olduqlarını söyləyəcək. Cəbrail kölələrlə yaxşı rəftar etməyi o qədər tapşırdı ki, düşündüm elə bir vaxt təyin edəcək ki, ondan sonra bütün kölələr azad sayılacaqlar. Cəbrail misvakla dişləri təmizləməyi o qədər tapşırdı ki, Allah tərəfindən bunun vacib ediləcəyini zənn etdim. Cəbrail gecə namazı qılmağı o qədər tövsiyə etdi ki, elə bildim ümmətimin ən yaxşı adamları daha gecələr yatmayacaqlar (və gecə namazı qılacaqlar)”.

“Hər kəs ürəyində bir müsəlmana qarşı hiylə olduğu halda gününü axşam eləsə və tövbə etmək fikrində də olmasa, bütün gecəni Allahın qəzəbi içində keçirər, bu vəziyyətdə səhərə çıxar”.

“Kim zülm etməkdə zalıma yardım göstərsə, cəhənnəmdə fironun zalım vəziri Hamanla birlikdə olar. Hər kim riyakarlıqla və özünü göstərmək məqsədilə özünə imarət tikdirsə, qiyamət günündə bu imarəti onun çiyninə yükləyər və yerin yeddinci qatının hərarətindən düzəldilmiş zəncirlə boğazına halqa vurarlar. Bu halda alovun ən dərin qatına yuvarlanar. Amma bu dünyada tövbə etsə, cəzadan qurtarar”. Soruşdular ki, riyakarlıqla və özünü göstərmək məqsədilə imarət tikdirmək nə deməkdir? Həzrət buyurdu: “Qonşularının və din qardaşlarının qarşısında lovğalanmaq üçün öz ehtiyacından artıq olan bina tikdirmək”.

“Kim muzdla işlətdiyi işçinin pulunu qəsdən verməsə, Allah onun bütün yaxşı əməllərini puça çıxardar, cənnətin ətrini ona haram edər. Halbuki, cənnətin ətri 500 illk məsafədən duyular. Kim öz qonşusunun bir qarış torpağını qəsb etməklə (mənimsəməklə) ona xəyanət etsə, qiyamət günündə Allah yerin yeddi qatının sərhəddini halqa kimi onun boynuna dolayar və o adam həmin vəziyyətdə Allahın hüzuruna gətirilər. Amma tövbə etsə, cəzadan amanda qalar”.

“Hər kim başqalarına Quran öyrətsə, amma özü Quranın hökmünə əməl etməsə, qiyamət günündə qolları bağlı halda Allahın hüzuruna gətirilər. Allah hər ayənin əvəzində ona ilan sifətində elə dəhşətli bir əzab göndərər ki, cəhənnəm alovunun içində də bu əzab onu müşayiət edər. Amma tövbə edib günahını bağışlatsa, əzabdan amanda qalar”.

“Hər kim Quran oxusa, bununla yanaşı şərab içsə və ya dünyanın haram ləzzətlərinə üstünlük versə, tövbə etməyincə Allahın qəzəbinə düçar olar. Əgər tövbə etmədən ölsə, qiyamət günündə Quran onunla mübahisəyə qalxar və onu məhkum edər”.

“Kim müsəlman, yaxud yəhudi, xristian və ya məcusi qadınla zina etsə, tövbə etməsə, əksinə, ürəyində zinaya meylli olsa, öləndən sonra Allah onun qəbrinə 300 qapı açar. Bu qapılardan ilanlar, əqrəblər və qorxulu həşəratlar onun qəbrinə dolar və qiyamət gününə kimi ona əzab verərlər. Qiyamət günündə qəbirdən qalxanda məhşərdəkilər onun bədənindən gələn üfunət iyindən əziyyət çəkərlər və bu adamın dünyada hansı günahı etməsini həmin pis qoxudan bilərlər. Sonra Allahdan əmr gələr və onu alovun içinə atarlar”.

“Kim zərurət halında (yəni boşananda və ya arvadı tələb edəndə) həyat yoldaşının mehriyyəsini verməsə, Allah yanında zinakar kimidir. Qiyamət günündə Allah ona deyər: “Ey mənim bəndəm! Mən öz bəndəmi öz əhdimə (yəni kəbin qaydasına) əsasən sənə ərə verdim. Amma sən öz əhdinə vəfa etmədin və mənim bəndəmə zülm etdin”. Allahın əmri ilə həmin adamın savabından həyat yoldaşına çatacaq miqdarda götürülüb həyat yoldaşına verilər. Əgər o adamın buna bəs edəcək qədər savabı yoxdursa, əhdi pozduğuna görə onu cəhənnəmə atarlar. Çünki Allah Quranda buyurub: “Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində cavabdehdir” (Isra, 34).

“Hansı qadın öz ərini dili ilə incitsə, ərini razı salmayınca Allah onun heç bir yaxşı əməlini qəbul etməz; hətta gündüzlər oruc tutub, gecələr namaz qılsa, kölələri azad etsə və Allah yolunda cihad edənlərə qoşulsa belə. O qadın cəhənnəmə düşənlərin əvvəlincisi olar. Arvadına zülm edən kişinin də vəziyyəti bu cür olar”.

“Hər bir qadın öz əri ilə yola getməsə və ondan imkanı çatmayan işləri tələb etsə, Allah onun heç bir yaxşı əməlini qəbul etməz və qiyamətdə onu qəzəbli halda qarşılayar”.

“Hər bir kişi öz pis xasiyyətli arvadına səbr edib dözsə və bunun hesabını Allaha buraxsa, Allah ona şükr edənlərin savabını verər”.

“Kimin qarşısına günah etmək və ya şəhvətə uymaq imkanı çıxsa, amma bundan imtina etsə, Allah cəhənnəm atəşini ona haram edər və ən böyük əzabdan (cəhənnəm əzabından) onu amanda saxlayar. Allah o adama Quranda buyurduğu bu neməti verməklə əhdinə vəfa edər: “Şübhəsiz ki. Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət gözləyir” (Rəhman, 46).

“Kim dünyanı ya axirəti seçmək seçkisi qarşısında qalsa və dünyanın haram ləzzətlərini axirətdən üstün tutsa, qiyamət günündə Allahın hüzuruna elə bir vəziyyətdə gətirilər ki, onu cəhənnəm atəşindən qoruya biləcək heç bir savabı olmaz. Hər kim axirəti seçsə və dünyanın haramlarından uzaq dursa, Allah ondan razı qalar, onun pis əməllərini bağışlayar. Hər kim gözlərini haramla doydursa (yəni həmişə harama baxsa) və tövbə etməsə, Allah qiyamət günündə onun gözlərini alovla doydurar”.

“Kim ticarətdə bir müsəlmanı aldatsa, bizdən deyil”.

“Kim (haqsız yerə) bir müsəlmanın üzünə sillə vursa, qiyamət günündə Allah onun sümüklərini sındırar. O adam əlləri bağlı halda məhşərə gətirilib oradan cəhənnəmə salınar. Amma tövbə etsə, bu cəzadan amanda qalar”.

“Hər kim qəzəbini büruza verə bildiyi halda gizlətsə, Allah ona şəhidin savabı qədər savab verər”.

“Kim din qardaşının qeybəti edilən məclisdə dili ilə onu qorusa və ya qeybətin qarşısını alsa, Allah bu dünyada və axirətdə min bəlanın qapısını onun üzünə bağlayar. Əgər qeybətin qarşısını almağa imkanı olduğu halda bunu etməsə, 70 qeybətin günahını qazanar”.

“Kim başqasının əleyhinə yalandan şahidlik etsə, münafiqlərlə birlikdə cəhənnəmin ən dərin qatından asılar. Hər kim xəyanətlə əldə edilmiş malı (bunu bildiyi halda) satsa, özü də xəyanət etmiş kimi sayılar”.

“Hər kim başqasının günahını eşidib yaysa, həmin günahı özü etmiş kimidir”.

“Kimin müsəlman qardaşı ondan borc istəsə, o isə imkanı ola-ola borc verməsə, Allah cənnətin ətrini ona haram edər”.

“Hər kim sileyi-rəhmi qorumaq (qohumlarla rabitə saxlamaq) məqsədilə yaxınlarının yanına getsə və bu yolda malını xərcləsə, Allah ona yüz şəhidin savabını verər. Atdığı hər addıma görə ona 40 min savab yazılar və əməl dəftərindən 40 min günah silinər, məqamı da bir o qədər yüksələr. O qədər savab qazanar ki, sanki Allaha yüz il səbrlə ibadət edib”.

“Kim bir xəstənin dünya işlərinə aid çətinliyini həll etmək üçün çalışsa və bu işi sona çatdırsa, Allah onu nifaqdan və cəhənnəmdən uzaq edər, onun dünyaya aid 70 istəyini yerinə yetirər. O, həmin xeyirxah işlə məşğul olduğu zaman Allahın mərhəmətinə qərq olar”.

“Hansı xəstə bir gccə-gündüz ərzində onu yoluxmağa gələnlərin yanında xəstəlikdən şikayətlənməsə, Allah onu öz dostu Həzrət İbrahim Peyğəmbərlə (ə) birlikdə məhşərə gətirər və o, sırat körpüsünün üstündən ildırım sürəti ilə keçər”.

“Hər kim bir möminin dünyaya aid çətinliyini həll etsə, Allah onun axirətə aid 72 çətinliyini və dünyaya aid 72 çətinliyini həll edər...”

“Kim bir haqlının haqqını zay etsə (bu haqqı qorumağa imkanı olduğu halda), yol kəsib bac-xərac alan quldur qədər günah qazanar”.

“Hər kəs öz din qardaşına yaxşılıq edib sonra boynuna minnət qoysa, Allah həmin yaxşılığın savabını silər, amma minnət qoymağının günahını saxlayar, onun səylərini cavabsız qoyar. Allah buyurub ki, minnətçi, paxıl və sözgəzdirən adama cənnəti haram etdim”.

“Kim sədəqə versə, hər dirhəmin əvəzində Ühüd dağı boyda cənnət neməti qazanar. Hər kim sədəqəni ehtiyacı olan adama çatdırsa, sədəqə verənin özü qədər savab qazanar, həm də sədəqə verənin savabından heç nə əskilməz”.

“Kim Allahın əzabının qorxusundan ağlasa, göz yaşının hər damlası üçün ona cənnətdə ləl-cəvahiratla bəzənmiş, gözlərin görmədiyi, qulaqların eşitmədiyi, təsəvvürə gəlməz saraylar verilər”.

“Hər kim camaat namazı qılmaq niyyəti ilə məscidə getsə, hər addımına görə ona 70 min savab yazılar, 70 min günahı silinər, Allah yanında məqamı da bu qədər artar. Əgər bu halda ölsə, Allah 70 min mələyə tapşırar ki, qəbirdə onun görüşünə getsinlər, onu tənha qoymasınlar və bağışlanması üçün dua etsinlər”.

“Şər (günah) gözünüzdə nə qədər xırda görünsə də, onu kiçik saymayın. Həmçinin, günah gözünüzdə nə qədər böyük görünsə də, onu şişirtməyin. Çünki istiğfar edilən yerdə böyük günah qalmaz, israr (təkrar) edilən yerdə isə kiçik günah qalmaz”.
(Hədisin mənası budur ki, insan həmişə qorxu ilə ümid (xovf və rəca) arasında olmalıdır. Yəni həm günahlarını yada salıb Allahın əzabından çəkinməli, həm də bunların bağışlanacağına ümid etməlidir. Əgər insan bu iki tərəfin tən ortasında durmasa, tərəflərdən birinə üstünlük versə, günaha düşər. Yəni əgər Allahın mərhəmətindən ümidini üzsə, onu günah etməkdən heç nə saxlamayacaq. Düşünəcək ki, onsuz da cəhənnəmə düşəcəyəm, elə isə istədiyimi edim. Əksinə, əgər Allahdan qorxmasa və özünü tam bağışlanmış kimi hiss etsə, yenə heç bir qadağana məhəl qoymayacaq. Fikirləşəcək ki, onsuz da Allah sonsuz mərhəmət sahibidir, hər nə etsəm, bağışlayacaq.
Hədisin ikinci hissəsinin açıqlaması budur ki, günah nə qədər böyük olsa da, səmimi qəlbdən edilmiş tövbə ilə silinər və yox olar. Amma hər kim kiçik bir günahı ardıcıl olaraq təkrar etsə, yaxud tövbəyə səhlənkar yanaşsa və hər dəfə tövbəsini pozsa, qazandığı günahlar üst-üstə yığılar və axırda böyük günah boyda olar. Məhz buna görə də bəzi alimlər günahları böyük və kiçik olmaq üzrə növlərə ayırmağı düzgün saymamışlar).




islam.az


Yerləşdirilib:9 Fevral, 2012, Baxılıb:5366, Çap
 

Son şərhlər : 2
Müəllif: Nazim | 25 Yanvar, 2013  22:04
# Ответить
+7


]]>]]>

Hazreti Muhammed Alehisselamin ozunede nesihetlerinede canim feda,qurban olum onun nesihet veren diline.
Müəllif: YALCIN | 12 Dekabr, 2016  18:46
# Ответить
+1


]]>]]>

AMIN .gardaw.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com