QİDALARIN FAYDA VƏ ZƏRƏRİ İSLAM MƏNBƏLƏRİNDƏ

QİDALARIN FAYDA VƏ ZƏRƏRİ İSLAM MƏNBƏLƏRİNDƏ
ƏT YEMƏKLƏRİ
İmam Sadiq (ə): “Kim 40 gün ət yeməsə, əxlaqı pisləşər. Kimin əxlaqı pisləşsə, ona ət yedizdirin”.
İmam Rza (ə): “Mal ətini çox yemək zehni kütləşdirir, dərketmə qabiliyyətini azaldır və unutqanlıq (skeleroz) yaradır”.
İmam Sadiq (ə): “Mal əti xəstəlik yaradır, amma yağı şəfa gətirir, südü dərmandır”.
İmam Sadiq (ə): “Kimin ürəyi xəstə, bədəni zəifdirsə, quzu ətini südlə yesin”.
Həzrət Mühəmməd Peyğəmbər (s) qoyunun qabaq ayaqlarının ətini yeməyi xoşlayardı, arxa ayaqlarının ətini yeməyi bəyənməzdi.
Bir nəfər qanının çoxluğundan (yəni yüksək qan təzyiqindən) İmam Mühəmməd Baqirə (ə) şikayət etdi. İmam ona cavab yazdı ki, bədəndən qan aldırandan sonra təzə duzlu balıq yesin. Həmin adam bu məsləhətə əməl etdi və sağaldı.

YUMURTA
İmam Sadiq (ə): “Kimin övladı olmursa, çoxlu yumurta yesin”.
Bir nəfər İmam Rzaya (ə) şikayət etdi ki, yeməyə iştahası yoxdur. İmam ona yumurtanın sarısını yeməyi məsləhət gördü. Həmin adam yedi və iştahası artdı.
İmam Kazim (ə): “Yumurta, soğan və zeytun yeyən adamın cinsi qüvvəsi çox olar”.

DƏNLI BİTKİLƏR
a. Buğda
İmam Rza (ə): “Arpa çörəyinin büğda çörəyindən üstünlüyü biz Əhli-beytin başqa insanlardan üstünlüyü kimidir. Arpa çörəyi peyğəmbərlərin yeməyidir”.
b. Mərci
İmam Mühəmməd Baqirin (ə) kənizlərindən biri heyz vaxtı güclü qanaxmaya məruz qalmışdı, hətta az qalmışdı ki, qanaxmadan ölsün. İmam tapşırdı ki, ona mərci şorbası yedizdirsinlər. Kəniz mərci şorbasını yedi və sağaldı.
c. Düyü
İmam Sadiq (ə): “Ishal xəstəliyi olan adam üçün düyü faydalıdır. Vərəmə tutulmuş adam üçün də həmçinin. Düyü bədəndəki xəstəlikləri aparır”.
İmam Sadiq (ə): “Düyü yaxşı dərmandır. Onun təbiətində sərinlik var və xəstəlik yaratmır”.
Bir nəfər İmam Sadiqə (ə) dedi ki, qızım ishala düçar olub, bədənindəki bütün rütubət çəkilib. İmam buyurdu: “Niyə ona piylə qarışdırılmış (bişirilmiş) düyü yedizdirmirsən?”.
İmam Rza (ə): “Vərəmli xəstə üçün düyüdən bişirilmiş çörək qədər faydalı dərman yoxdur”.

MEYVƏLƏR
a. Xurma
Mühəmməd Peyğəmbər (s): “Acqarına xurma yemək bağırsaqdakı qurdları məhv edir”.
b. Alma
İmam Sadiq (ə): “Əgər insanlar almadakı faydaları bilsəydilər, öz xəstələrini yalnız alma ilə müalicə edərdilər”.
İmam Sadiq (ə): “Zəhərlənmiş adam üçün doğranıb yumşaq döyülmüş almadan yaxşı dərman yoxdur”.
c. Heyva
Mühəmməd Peyğəmbər (s): “Heyva yeyin ki, heyva hafizəni gücləndirər, sinədəki bəlğəmi yox edər, uşaqlarınızı yaraşıqlı edər” (sonuncu xüsusiyyət hamilə qadınlara aiddir; onlar çox heyva yesələr, bətndəki körpənin yaraşıqlı olacağı gözlənilir).
İmam Əli (ə): “Heyva yemək kişilik gücünü artırar, cinsi zəifliyi aradan qaldırar”.
ç. Nar
İmam Sadiq (ə): “Hər mömin bütöv bir narı yesə, Allah onun qəlbini nurlandırar və Şeytan 40 gün ona yaxın düşməz”.
İmam Sadiq (ə): “Kim yatmazdan qabaq nar yesə, səhərə kimi amanda qalar”.
d. İydə
İmam Sadiq (ə): “İydənin məti (meyvənin içi) insanın ətini artırır (adamı kökəldir). İydənin qabığı insanın dərisini artırır (yəni dərinin təravətini artırır, ölü hüceyrələri yeniləri ilə əvəz edir). İydənin tumu isə insanın sümüyünü bərkidir (böyüdür). İydə yemək vasitəsilə böyrəklər qızar, mədə yuyulub təmizlənər, babasilin qarşısı alınar, sidiyini saxlaya bilməyən adam sağalar. İydə baldırları gücləndirər, cüzamın kökünü kəsər».
e. Zeytun
Mühəmməd Peyğəmbər (s): “Zeytun yeyin. Bu, dalağı yaxşılaşdırır, bəlğəmi qovur, əsəbləri möhkəmlədir, mədənin zəifliyini və ağırlığını aradan qaldırır”.
ə. Yemiş
İmam Sadiq (ə): “Acqarına yemiş yemək iflicə səbəb olar”.
İmam Sadiq (ə): “Yemiş yeyin ki, sidik daşını əritsin”.
f. Kişmiş
Həzrət Əli (ə): “Səhər vaxtı acqarına 21 ədəd qırmızı kişmiş yemək ölümdən başqa bütün dərdləri aradan qaldırar” (Hədisdə 21 rəqəminin göstərilməsi zənnimizcə dəqiq sayı bildirmək üçün deyil, miqdarı göstərmək üçündür. Orta ölçülü 21 ədəd kişmişi bir əllə birdəfəyə götürmək olar, yəni bu, bir böyük çimdik qədərdir).
Mühəmməd Peyğəmbər (s): “Kişmiş dalağı sağaldır, bəlğəmi qovur, bədəni sağlam saxlayır, əxlaqı gözəlləşdirir, əsəbləri sakitləşdirir, zəifliyi və xəstəliyi aradan qaldırır”.
g. Əncir
Mühəmməd Peyğəmbər (s): “Əncir yemək adamı qulunc ağrısından qoruyar”.
Mühəmməd Peyğəmbər (s): “Həm təzə, həm də quru əncir yeyin. Bu, cinsi qüvvəni artırır, babasili sağaldır”.
Mühəmməd Peyğəmbər (s): “Əncir cənnət meyvəsidir. O, babasili sağaldır, podaqra (oynaq və toxuma xəstəliyi) üçün xeyirlidir”.
İmam Rza (ə): “Əncir ağızdakı pis qoxunu aparır, sümükləri bərkidir, saçların tez uzanmasına səbəb olur, xəstəlikləri aradan qaldırır. Əncir olan yerdə başqa dərmana ehtiyac yoxdur”.

TƏRƏVƏZ
İmam Rza (ə): “Xəstələrinizə çuğundur yedizdirin. Çuğundurda şəfa var və xəstəlik ondan uzaqdır”.
İmam Sadiq (ə): “Çığırtma şəklində bişirilmiş və zeytun yağında qızardılmış badımcan yeyin; bu, bərəs xəstəliyinin əlacıdır”. (Bərəs – dərinin piqmentləşməsindən yaranan xəstəlikdir; bu zaman dərinin üzərində ağ ləkələr yaranır. Xalq arasında buna qoturluq deyirlər).
İmam Rza (ə): “Kim yay fəslində zökəmə tutulsa, gündə bir ədəd xiyar yesin və günün altında oturmasın (gəzməsin)”.

GÖYƏRTİ
a. Kahı
İmam Sadiq (ə): “Kahı yeyin. Kahı qanı təmizləyir”.
Mühəmməd Peyğəmbər (s): “Kahı yeyin. Kahı yeməyi həzm etməyə kömək edir və yuxusuzluğu aradan qaldırır”.
b. Kəvər
İmam Mühəmməd Baqir (ə): “Kəvərdə dörd xüsusiyyət var: mədə yelini qovar, ağız qoxusunu təmizləyər, babasili sağaldar və hər gün kəvər yemək insanı cüzamdan qoruyar”.
İmam Kazimin (ə) qohumlarından bir cavan oğlan xəstələnmişdi. İmam onu yoluxmağa getdi və xəstəliyi ilə maraqlandı. Dedilər ki, dalağı ağrıyır. Imam buyurdu ki, ona üç gün ərzində kəvər yedizdirsinlər. Xəstəyə Imamın buyurduğu kimi üç gün kəvər yedizdirdilər, xəstəliyi sağaldı.
c. Reyhan
İmam Kazim (ə) həmişə süfrəyə reyhan gətirilməsini tələb edər və buyurardı: «Mən yeməyə reyhanla başlamağı xoşlayıram. Çünki reyhan damarları genişləndirir, iştahanı artırır, vərəmı sağaldır».
ç. Soğan və sarımsaq
İmam Sadiq (ə): “Soğan ağızdakı pis qoxunu aparır, beli möhkəmlədir, dərini yumşaldıb zərifləşdirir”.
Mühəmməd Peyğəmbər (s): “Hansı şəhərə daxil olsanız, oranın soğanından yeyin. Bu, həmin şəhərə məxsus olan xəstəliklərdən ..sizi qoruyar”.
İmam Rza (ə): “Bahar fəslində soğan, sarımsaq və turşu yeməkdən çəkinin”.
Mühəmməd Peyğəmbər (s): “Sarımsaqda yetmiş xəstəliyin şəfası var”.

DUZ
İmam Sadiq (ə): “Kim yeməyə duzla başlasa, yetmiş cür xəstəlik, eləcə də özünün bilmədiyi, yalnız Allaha məlum olan bəlalar ondan uzaqlaşar”.
Mühəmməd Peyğəmbər (s): “Duzdan istifadə etməyi sizə məsləhət görürəm. Duz cüzam, qoturluq və dəlilik də daxil olmaqla yetmiş cür xəstəliyin əlacıdır”.

BAL
İmam Rza (ə): “Kim qış vaxtı zökəm olmaq istəmirsə, hər gün 3 qaşıq bal yesin”.
İmam Sadiq (ə): “Bal qədər faydalı olan başqa dərman camaatın əlinə düşməz”.
İmam Əli (ə): “Üç şey hafizəni artırar..: Quran oxumaq, bal yemək və buxur (ətirli qatran) çeynəmək”.

SÜD
İmam Sadiq (ə): “Süd bədəni kökəldər, qanı artırar, ürəyi, beyini və onurğa beynini gücləndirər, cinsi həvəsi artırar. Sinə ağrısı və öskürək üçün də süd xeyirlidir”.

SU İÇMƏK QAYDALARI
İmam Rza (ə): “İsti xörək yeyəndən sonra soyuq su içmək dişləri korlayır”.
Həzrət Əli (ə): “Yağış suyundan bir az için. Yağış suyu bədənin daxilini təmizləyir, xəstəlikləri aradan qaldırır”.(Əlbəttə, bu, indiki ekologiyası korlanmış şəhər yağışlarına aid deyil, indiki yağışlar havaya buxarlanmış zərərli maddələrlə qarışdığı üçün ziyandır, yalnız təmiz havalı yerlərdə bundan istifadə etmək olar)
İmam Sadiq (ə): “Suyu və başqa içəcəkləri üç dəfəyə için; bu, birnəfəsə içməkdən daha yaxşıdır”.
Mühəmməd Peyğəmbər (s): “Suyu asta-asta için, birnəfəsə içməyin. Yoxsa qaraciyər xəstəliyinə tutularsınız”.
İmam Sadiq (ə): “Çox su içməkdən çəkin; bütün dərdlərin kökü budur”.

HAMİLƏ QADININ YEMƏYİNƏ AİD TÖVSİYƏLƏR
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hamiləliyin son ayında olan qadına xurma yedizdirin ki, övladı imanlı və təqvalı olsun”.
“Hamilə qadınlarınıza heyva yedizdirin ki, bətnlərindəki körpə yaraşıqlı olsun”.
“Toydan sonrakı birinci həftədə gəlinə süd, sirkə, yemiş və turş alma verməyin. Çünki ilk həftədə təzə gəlinin bətni soyuq olur. Əgər bu yeməkləri yesə, sonsuzluğa səbəb ola bilər”.

ÜMUMİ TÖVSİYƏLƏR
İmam Əli (ə): “Hər kəs acıyanda yesə, yeməyi çox çeynəsə, iştahası hələ küsmədən (doymadan) süfrədən əl çəksə, nəcasəti mədəsində çox saxlamasa, ölənə kimi heç bir xəstəliyə tutulmaz”.
Mühəmməd Peyğəmbər (s): “Qarın bütün dərdlərin məskənidir. Pəhriz bütün dərmanların başıdır”.
İmam Əli (ə): “Öz qəlbinizi çox yeyib-içməklə öldürməyin. Çünki ürək əkin torpağı kimidir. Torpağa həddən çox su verilsə ölər, əkin-biçinə yararlı olmaz, məhsul verməz”.
Mühəmməd Peyğəmbər (s): “Xəstəni zorla yeməyə məcbur etməyin. Xəstəni yedirib-içirən Allahdır”.
İmam Sadiq (ə): “Şam yeməyini tərk etməyin, şam vaxtı hətta duzla üç loxma çörək də olsa yeyin. Kim bir axşam yeməsə, bədənindəki damarlardan biri ölər və daha heç vaxt dirilməz (sağalmaz)” (burada damar deyərkən yəqin ki, kapilyarlar nəzərdə tutulur).
İmam Rza (ə): “Tox qarınla hamama getmək xəstəlik yaradar”.
İmam Əli (ə): “Qoz ləpəsi ilə pendiri birlikdə yesən – dərmandır, hər birini ayrı-ayrılıqda yesən – dərddir”.
İmam Rza (ə): “Yeməkdən sonra (imkan varsa) arxası üstə uzan və sağ qıçını sol qıçının üstünə qoy”.
İmam Rza (ə): “Dişləri misvakla təmizləmək gözün görmə qabiliyyətini gücləndirər, saçları uzadar, gözdən su axmasının qarşısını alar”.





islam.az


Yerləşdirilib:30 Yanvar, 2012, Baxılıb:27718, Çap
 

Son şərhlər : 3
Müəllif: Nigar | 21 İyul, 2012  11:41
# Ответить
+2


]]>]]>

Salam. Chox sagolun bele gozel
Melumatlar uchun. Allah haminin orucunu qebul etsin.
Müəllif: gulnar | 6 Mart, 2013  22:41
# Ответить
+1


]]>]]>

allah razi olsun.insallah ki, bu melumatlar etibarli menbelerden goturulmus melumatlar olar.
Müəllif: Nurane | 1 İyun, 2013  09:31
# Ответить
+2


]]>]]>

Ay cox saag olun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com