ISLAM QANUNLARI İNSAN HAQLARINI QORUMUR?

Gəlin müasir beynəlxalq hüquq prinsipləri ilə müqayisə edək

ISLAM QANUNLARI İNSAN HAQLARINI QORUMUR?


«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi barədə Avropa Konvensiyası» həyatın bütün sahələrində insanların malik olduğu hüquqların əsas istiqamətlərini müəyyən edən humanist və demokratik prinsiplərdən ibarət ən ali beynəlxalq hüquq sənədlərindən biri sayılır. Maraqlıdır ki, Konvensiyanın hər bir maddəsini İslam dininin ana mənbələrində – Quranda və hədislərdə yazılanlarla müqayisə etsək, son dərəcə oxşar paralellər görərik. Misallara müraciət edək:

- Konvensiyanın 2-ci maddəsində hər kəsin yaşamaq hüququnun qanunla qorunduğu bildirilir. Məhkəmə tərəfindən tətbiq edilən edam hökmündən savayı, heç kəsi qəsdən həyatdan məhrum etmək olmaz. Eyni qadağanla Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisində rastlaşırıq: «Qiyamət günündə hər şeydən öncə haqsız tökülən qanlar barədə sorğu-sual ediləcək». Qurani-kərimdə problem daha qabarıq və qlobal səviyyədə qoyulur: Bircə nəfəri öldürmüş şəxs bütün bəşəriyyəti məhv etmiş kimidir. Eləcə də, bircə nəfərə nicat vermiş şəxs bütün insanlığı xilas etmiş kimidir.

- Konvensiyanın 3-cü maddəsi diskriminasiyanın bütün növlərini qadağan edir: «Heç kəs işgəncəyə, heysiyyatı alçaldan qeyri-insani münasibətə və cəzaya məruz qoyula bilməz». Eyni fikir hələ 1400 il bundan əvvəl Qurani-kərimdə və hədislərdə vurğulanırdı. Müqəddəslərdən birinin dediyi kimi, əsil mömin odur ki, qarışqaya da əziyyət verməsin.
İslam qanunlarına görə nəinki diri insan, hətta cansız meyyit də işgəncəyə və təhqirə məruz qoyula bilməz. Islamın gəlişindən əvvəl ərəblər döyüşdə öldürdükləri düşmənin cəsədini alçaldır, müxtəlif bədən üzvlərini kəsib doğrayır, qanını içirdilər. Çox vaxt ölmüş şəxsin düşmənləri onun qəbrini açır və cəsədini təhqir edirdilər (buna «müslə» deyilirdi). Dinimiz bütün bunları qəti surətdə qadağan etdi. Həzrət Əli (ə) sui-qəsd nəticəsində həlak olarkən, ölümqabağı vəsiyyətində buyurmuşdu: «Qatilimə işgəncə verməyin! Allah Rəsulundan eşitmişəm ki, buyurub: «Hətta köpəyə də işgəncə verməkdən çəkinin!».

- Konvensiyanın 4-cü maddəsi quldarlığı və qanunda nəzərdə tutulmamış icbari əməyi qadağan edir. Islam müqəddəsləri bütün həyatları boyunca bu insani dəyərə riayət etmişlər. Ərəbistanda quldarlıq quruluşu hökmran olduğu bir vaxtda istər Həzrət Mühəmməd Peyğəmbər (s), istərsə də ondan sonrakı xəlifə və imamlar öz vəsaitləri hesabına qulları azad edir, onlara hürriyyət bağışlayırdılar. Bu mənada ikinci xəlifə Ömər ibn Xəttabın müsəlmanlara ünvanlanmış çağırışı diqqətə layiqdir: «Başqalarını özünüzə qul etməyin, çünki anaları onları azad insan kimi dünyaya gətirib!». Həzrət Əli (ə) eyni mənanı daha qabarıq şəkildə ifadə edib: «Başqalarına qul olma, anan səni dünyaya azad insan kimi gətirib».

- Insan haqları barədə Konvensiyanın 7-ci maddəsində deyilir ki, heç kəs etmədiyi cinayətə görə məhkum edilə bilməz və heç bir cinayətkara, qanunda nəzərdə tutulan cəzadan ağır cəza verilə bilməz. Eynilə bu prinsipləri Islam tirixində də görürük. Rəvayət edirlər ki, İmam Əlinin (ə) hakimiyyət illərində bir nəfər etdiyi günaha görə şallaq cəzasına məhkum edilmişdi. Hökmü icra edən şəxs (bu, imamın sevimli qulamı Qənbər idi) səhvən məhkuma bir neçə zərbə artıq vurur. İmam Əli (ə) dərhal Qənbərə, həddi aşdığına görə həmin sayda şallaq vurulmasını əmr edir.

- Konvensiyanın 8-ci maddəsi bunları bəyan edir: «Heç kəsin şəxsi və ailə həyatı, yaşayış yeri və yazışmaları barədə məlumatlara, qanunda nəzərdə tutulmuş hallardan savayı, müdaxilə edilə bilməz». Dinimizdə də hər kəsin özünəməxsus şəxsi və fərdi informasiyaları başqalarından gizlətmək hüququ vardır. Bir kəsin eyiblərini, ailə sirlərini açıb faş etmək ən böyük günahlardan sayılır. İslam müqəddəslərinin buyurduğu kimi, hər kim başqalarının gizli sirlərini və eyiblərini açıb desə, Allah onun öz eyiblərinin üzərindən pərdəni götürər, həm bu dünyada, həm də qiyamətdə onu camaatın gözü qarşısında rüsvay vəziyyətə salar.

- Konvensiyasının 9-cu maddəsinə görə, hər kəsin fikir, vicdan və dini etiqad azadlığı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 48-ci maddələrində deyilir: «Hər kəsin fikir və söz azadlığı, vicdan azadlığı vardır». Islam dinində də məsələyə eyni münasibəti müşahidə edirik. Müsəlmanlar tərəfindən fəth edilmiş əcnəbi ölkələrdə yürüdülən tolerant siyasət buna sübutdur. İslam fəthlərinin ən parlaq dövründə Əndəlusdan Çinə, Sibirdən Hindistana kimi nəhəng əraziyə malik olan müsəlman xilafətində hər bir xalqın öz dilini, dinini, milli adət-ənənəsini qoruyub-saxlamaq hüququ vardı. İslam dininin əsaslarına zidd olmamaq və başqalarının azadlığına təcavüz etməmək şərti ilə hər kəs öz düşündüyünü bəyan etmək, düzgün saymadığı hərəkətlərə etirazını bildirmək azadlığına sahib idi. Bu barədə saytımızdakı bəzi məqalələrdə də məlumat ala bilərsiniz (məsələn, «Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət»).

- «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi barədə Avropa Konvensiyası»nın 10-cu maddəsində belə deyilir: «Hər kəs öz fikrini azad şəkildə ifadə etmək hüququna malikdir». Konstitusiyamızın 47-ci maddəsinin əsasında da bu ideya durur: «Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz». Tarixə müraciət etsək görərik ki, İslam sivilizasiyasının çiçəklənmə mərhələsində müsəlman icması bütün dünyaya nümunə ola biləcək demokratiya şəraitində yaşayırdı. Peyğəmbərimiz dövlət idarəçiliyi, döyüş, sülh və sairə məsələlərdə bütün müsəlmanların fikrini öyrənir, deyilən sözləri ümumiləşdirərək qərar verirdi. Çünki Qurani-kərimdə möminlərin xüsusiyyətləri sadalanarkən, iman gətirmək, namaz qılmaq, öz sərvətini Allah yolunda xərcləməklə yanaşı, «işlərini öz aralarında məşvərətlə görmək» keyfiyyəti də vurğulanır. Həzrət Mühəmməd Peyğəmbər (s) bütün həyatı boyunca qarşıya çıxan irili-xırdalı hər bir məsələdə insanların rəyini soruşur, onların məsləhətlərinə hörmətlə yanaşırdı. O həzrət buyururdu: «Ağıllı insanlarla məşvərət edin, onların məsləhətinə zidd çıxmayın, yoxsa peşman olarsınız».
Həzrət Mühəmməd Peyğəmbər (s) ən müxtəlif məsələlərdə – istər sosial-iqtisadi, istərsə də hərbi mövzularda öz səhabələri ilə məsləhətləşirdi. Bu zaman o, müsəlman icmasının bütün üzvlərinin rəyini eşitməyə çalışır, söylənilən fikirləri həmin yığıncaqda müzakirəyə çıxarır, hər bir görüşün müsbət və mənfi cəhətlərini araşdırırdı. Peyğəmbər heç vaxt öz üstünlüyünə arxalanaraq, başqalarını öz fikrinə təslim etməyə çalışmırdı. Hətta səs çoxluğu ilə üstünlük qazanmış fikir onun şəxsi qənaətinə uyğun gəlməsə belə, çoxluğa tabe olurdu.
Bu ənənə Peyğəmbərdən sonra da davam etdirilirdi. Birinci xəlifə Əbu Bəkr hakimiyyət başına keçdikdən sonra söylədiyi ilk xütbədə belə demişdi: «Ey insanlar! Mən sizə rəhbərlik edəcəyəm, halbuki, mən sizin ən yaxşınız deyiləm. Əgər haqq yolda olduğumu görsəniz, mənə tabe olun. Əgər batilə uyduğumu duysanız, məni islah edin! Əgər Allaha itaət etsəm, əmrlərimə boyun əyin. Əgər Allaha itaətdən uzaqlaşsam, siz də mənə tabe olmaqdan əl çəkin!».
Ikinci xəlifə Ömər ibn Xəttab isə müsəlmanlara xitabən belə söyləmişdi: «Hər kim eyiblərimi görsə, məni islah etsin!». Bu zaman onu dinləyən insanlardan biri cəsarətlə dedi: «Ey Xəttabın oğlu! Allaha and olsun ki, əgər sənin haqq yoldan döndüyünü görsək, səni öz qılınclarımızın tiyəsi ilə islah edəcəyik». Bu misallar xəlifələrin öz ətraflarındakı insanların fikir və düşüncəsinə nə qədər hörmət və məsuliyyətlə yanaşdıqlarını göstərir. Sıravi icma üzvünün xilafət başçısı üzərində nəzarət ixtiyarına və onu cəzalandırmaq hüququna malik olması, Islam dininin dünyaya bəxş etdiyi uca dəyərlərdən sayılır.

- Konvensiyanın 12-ci maddəsində deyilir ki, nikah yaşına çatmış hər bir kişinin və qadının qanunvericiliyə uyğun olaraq, ailə qurmaq hüququ vardır. İslam dininə görə də, ailə qurulan zaman hər iki tərəfin fikri əsas götürülür. Bu gün formalaşan səhv təsəvvürün əksinə olaraq, İslam dinində qızın zorla, öz istəyinin ziddinə ərə verilməsi tam yolverilməz sayılır. Dinimiz ailə quran gənclərin öz valideynlərindən xeyir-dua almasını bəyənməklə yanaşı, valideynlərdən də övladların seçiminə hörmətlə yanaşmağı tələb edir.

- Konvensiyanın 13-cü maddəsi bu prinsipi irəli sürür: «Heç kəs cinsi, irqi, milli və ya dini ayrı-seçkiliyə, sosial mənsubiyyət və ya siyasi təfəkkür baxımından təzyiqə məruz qoyula bilməz». Sanki bu tezis Həzrət Mühəmməd Peyğəmbərin (s) bir kəlamının müasir ifadə tərzidir. Peyğəmbərdən rəvayət edilən məşhur hədisdə deyilir ki, insanlar Allah qarşısında darağın dişləri kimi bərabərdirlər. Ərəbin əcəm, ağın qara üzərində heç bir üstünlüyü yoxdur. Hüquq baxımından varlı ilə kasıb, qoca ilə cavan, hakimlə rəiyyət eynidir. Qurani-kərimdə buyurulduğu kimi, «Allah qarşısında sizin ən hörmətliniz – təqvası ən çox olandır» (Hücürat, 13).



islam.az


Yerləşdirilib:9 Yanvar, 2012, Baxılıb:2653, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com