QƏLBIMIZI MƏNƏVI XƏSTƏLIKLƏRDƏN QORUMAĞIN YOLLARI (birinci hissə)

QƏLBIMIZI MƏNƏVI XƏSTƏLIKLƏRDƏN QORUMAĞIN YOLLARI (birinci hissə)
Həzrət Mühəmməd Peyğəmbərdən (s) soruşdular: «Allah haradadır: yerdə ya göydə?» Cavab verdi: «Allah öz mömin bəndələrinin qəlbindədir».
Hədisi-qüdsidə buyurulur: «Mən nə yerə, nə də səmaya sığaram. Yalnız mömin bəndəmin yumşaq və aram qəlbinə yerləşərəm».
(Mizanül-hikmə, III, 2601).

Ərəb dilində «qəlibə» feli hər hansı şeyi dəyişdirmək, tərsinə şəklə salmaq mənasını verir. Hətta şeir sahəsində «qəlb» adlı ədəbi üsul vardır ki, bir sözün hərflərinin yerini dəyişdirərək, ondan təzə söz yaradırlar. Məsələn, mərg-gərm, əsb-səba, səlah-hasil və s.
Həmçinin, bir şeyin mərkəzinə, məğzinə, əslinə də «qəlb» deyilir. Məsələn, «qəlbül-ceyş» - qoşunun mərkəzi hissəsi və s.
Könülə də «qəlb» deyilməsinin səbəbi budur ki, o, haldan-hala düşür, dəyişir. Novruz bayramı il təhvil olanda oxunan duada deyilir: «Ya müqəllibəl-qülubi vəl-əbsar». (Ey ürəkləri və gözləri haldan-hala salan).
Qurani-kərimdə «qəlb» kəlməsi və ondan törəyən sözlər təqribən 20 dəfə, «qülub» (cəm halda) kəlməsi və ondan törəyən sözlər isə 112 dəfə işlənib.
Qurani-kərimdə «qəlb» sözünün bir neçə mənası verilib:
- Ağıl və dərk. «Şübhəsiz, bu sözdə qəlbi olan şəxs üçün, yaxud söz eşitdiyi zaman qulaq asan kəs üçün ibrət vardır» (Qaf, 37).
- Ruh və can. «O zaman ki, gözlər hədəqəsindən çıxıb, qəlblər boğaza yetişmişdi» (Əhzab, 10).
- Hissiyyatların mərkəzi olan üzv. «Mən kafirlərin qəlblərinə qorxu salacağam» (Ənfal, 12). «Əgər sərt, qaba qəlbli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər» (Ali-Imran, 159).
Təfsir alimləri Quranda «qəlb» sözünün niyə müxtəlif mənalarda işlənməsini belə izah edirlər: Baş verən hər bir hadisə insan bədənində iki üzvə təsir edir. Düşüncəyə və analizə ehtiyacı olan hadisələr beynə ötürülür, orada saf-çürük edilir, qiymətləndirilir. Lakin hissiyyatla bağlı olan, qəzəb, qorxu, məhəbbət, nifrət, inciklik və s. yaradan hadisələr isə ürəyə təsir edir, orada müvafiq reaksiya yaradır (ya ürək sıxılır, ya şiddətlə döyünür, ya da rahatlaşır). Lakin bunların hamısı son mənada ruh üzərində təsir buraxır. Yəni insan nə yalnız ağıl və təfəkkür, nə də yalnız hissiyyat və emosiya əsasında qərar qəbul edir. Insanın hərəkətlərinə və son qərar verməsinə hər iki amil təsir göstərir. Həm beyin, həm ürək, həm də onların məcmusu olan ruh bir-biri ilə çox sıx əlaqəli olduqları üçün, Qurani-kərimdə onların hər biri «qəlb» anlayışı ilə bərabər tutulur («Təfsiri-nümunə»dən).

QƏLB HANSI XÜSUSIYYƏTLƏRƏ MALIKDIR

Həzrət Mühəmməd Peyğəmbər (s):
«Allah qəlbi elə yaradıb ki, ona yaxşılıq edəni sevər, ona pislik edənə düşmən olar» (Tühəfül-üqul, səh. 36).
«Qəlb padşahdır və onun qoşunu var. Padşah salamat olsa, qoşunu da salamat olar. Padşah sıradan çıxsa, qoşunu da dağılıb sıradan çıxar» (Mizanül-hikmə, hədis 16911). Burada qəlbin qoşunu – sair bədən üzvləri deməkdir.
«Allah sizin sifətinizə və mal-dövlətinizə baxmaz, qəlbinizə və əməllərinizə baxar» (Mizanül-hikmə, hədis 16917).
Həzrət Peyğəmbər (s) buyurub: «Hər bəndənin sifətində iki gözü var, bunlarla dünya hadisələrini seyr edir. Onun qəlbində də iki gözü olur ki, axirət məsələlərini bunlarla görər. Allah öz bəndəsinə yaxşılıq etmək istəsə, qəlbindəki iki gözü açar, bəndə Allahın ona vəd etdiyi qeyb məsələlərini görər, əlamətlərin əsasında qeybə iman gətirər» (Mizanül-hikmə, hədis 16942).

Imam Əli (ə):
«Qəlb fikrin kitabıdır» (Ğürərül-hikəm, hədis 1087).
«Xoş o kəsin halına ki, qəlbini fikr, dilini zikrlə məşğul edir» (hədis 5943).
«Qəlb pislikləri yadında saxlayıb kin tutar, amma ağıl bunları onun yadından çıxarar» (hədis 3433).
«Möminin dili qəlbinə tabe olar, münafiqin isə qəlbi dilinə» (Nəhcül-bəlağə, xütbə 175).
«Hər qəlbi olan ağıllı deyil, hər qulağı olan eşidən deyil, hər gözü olan görən deyil» (Nəhcül-bəlağə, xütbə 87).
«Qəlb də bədən kimi yorulur. Onu hikmətli kəlamlarla dincəldin» (Nəhcül-bəlağə, hikmət 89).
«Qəlblərin iqbalı (yüksəliş dövrü) və idbarı (üz çevirib getmək vaxtı) var. Iqbal dövründə onu nafilə (əlavə) ibadətlərlə yükləyin. Idbar vaxtında isə yalnız fərizələrlə (vacib ibadətlərlə) kifayətlənin» (Nəhcül-bəlağə, hikmət 318). (Çox güman ki, burada Həzrət Əli (ə) insanın bioritmlərini nəzərdə tuturmuş. Tibb elmi də sübut edir ki, gün ərzində insanın əhval-ruhiyyəsi və daxili orqanlarının fəaliyyəti bəzən yüksək həddə çatır, bəzən isə çox passiv olur).
Imam Əli (ə) bir gün Kümeyl ibn Ziyadın əlindən tutub onu səhraya apardı və atəşin bir xütbə söylədi. Xütbənin lap əvvəlində Imam belə buyurdu: «Ey Kümeyl ibn Ziyad! Qəlblər qab kimidir. Onların ən yaxşısı ən çox tutumu olandır» (Nəhcül-bəlağə, hikmət 143).

Imam Cəfər Sadiq (ə):
«Dağları yerindən oynatmaq qəlbi hərəkətə gətirməkdən daha çətindir» (Mizanül-hikmə, hədis 17074).
«Bədən üçün qəlb – camaat üçün imam kimidir» (Iləlüş-şəraye, səh. 109).
«Qəlbin dörd halı var: yüksəliş, açılış (fəth), eniş və qapanma. Qəlb Allahı zikr etməklə yüksələr, Allahdan razı olmaqla açılar, Allahdan başqası ilə məşğul olmaqla enər, Allahdan qafil olmaqla qapanar» (Mizanül-hikmə, hədis 16928).

Həzrət Isa Peyğəmbər (ə):
«Qəlblərinizi təqva üçün məskən qərar verin; onları şəhvət üçün məskən etməyin!» (Tühəfül-üqul, səh. 393).

MÖMINLƏRIN QƏLBI

Qurani-kərimdə və Islam müqəddəslərinin hədislərində möminlərin qəlbi üçün aşağıdakı xüsusiyyətlər sadalanır:
Onlar Allahın və Peyğəmbərin düşmənləri ilə dostluq etməzlər (hətta qohumları olsa belə) (Mücadələ, 22).
Allaha iman gətirənlərin qəlbi Allah tərəfindən hidayət olar (Təğabün, 11).
Möminlərin imanını artırmaq üçün Allah onların qəlbinə arxayınlıq verər (Fəth, 4).
Allahı xatırlayanda möminlərin qəlbi aram olar (Rəd, 28).
Imam Cəfər Sadiq (ə) buyurub: «Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki cür nur olmasın: qorxu nuru və ümid nuru. Bunların hər birini ayrı-ayrılıqda tərəzidə çəksən, bərabər gələrlər» (Üsulül-Kafi, Kitabül-imani vəl-küfr, bab 33, hədis 13). Burada Allahın cəzasından qorxmaq (xovf) və Allahın mərhəmətinə ümidvar olmaq (rəca) nəzərdə tutulur).
Həzrət Əli (ə) buyurub: «Pak bəndələrin qəlbi Allahın nəzər məkanıdır. Hər kim qəlbini paklaşdırsa, Allah onun qəlbinə nəzər salar» (Ğürərül-hikəm, hədis 6777).
Quranda möminlərin qəlbi iki əsas sifətlə xatırlanıb: qəlbi-səlim (sağlam qəlb) və qəlbi-münib (tövbəkar qəlb).
«O gün ki, nə mal-dövlət, nə də övlad fayda verməz. Yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən savayı» (Şüəra, 88-89).
«Cənnət o kəs üçündür ki, Rəbbini görmədən Ondan qorxur və tövbə-inabə edən qəlblə Onun hüzuruna gəlir» (Qaf, 33).

QƏLBI-SƏLIM HANSI QƏLBDIR?

Peyğəmbərdən (s) soruşdular: «Qəlbi-səlim nədir?» Cavab verdi: «Şəkkdən və nəfsin istəklərindən uzaq olan din, yalan və riyadan uzaq olan əməl» (Mizanül-hikmə, hədis 16929).
Imam Sadiq (ə) buyurub: «Qəlbi-səlim Allahla görüşən qəlbdir. Onda Allahdan savayı heç nə olmaz. Içində şirk və şəkk olan hər bir qəlb naqisdir» (Üsulül-Kafi, II, 16).
Imam Sadiq (ə) buyurub ki, qəlbi-səlim dünya məhəbbətindən salamat qalan qəlbdir (Nurüs-səqəleyn, IV, 58).
Həzrət Əli (ə) buyurub: «Özün üçün istədiyini möminlər üçün istəməyincə qəlbin səlim olmaz» (Biharül-ənvar, 78, 8).
Imam Əli (ə): «Allah bir bəndəsini sevəndə ona sağlam qəlb və sarsılmaz əxlaq bəxş edər» (Ğürərül-hikəm, hədis 4112).
Imam Həsən (ə): «Qəlblərin ən sağlamı – şübhələrdən təmiz olan qəlbdir» (Tühəfül-üqul, 235).

KAFIRLƏRIN QƏLBI

Kafirlərin qəlbi aşağıdakı xüsusiyyətlərə malikdir:
- Qəlbləri kor olar (Həcc, 46).
- Allah onların qəlbinə möhür vurar (Bəqərə, 7 və s. ayələr).
- Onlar qəlbləri ilə anlamazlar (Əraf, 179).
- Kafirlərin qəlbi pas atar (Mütəffifin, 14). Imam Baqir (ə) buyurub: «Elə bir mömin bəndə yoxdur ki, qəlbində ağ nöqtə olmasın. Əgər günah etsə, həmin ağ nöqtənin ortasında qara bir ləkə əmələ gələr. Əgər tövbə etsə, qara ləkə aradan qalxar. Yox, əgər günahına davam etsə, qara ləkə artıb ağı bürüyər. Ağ nöqtə tamamilə qara ləkə ilə örtüləndə artıq həmin adam bir daha xeyr və səadətə sarı qayıda bilməz. «Onların əməlləri qəlblərini paslandırıb» ayəsində Allahın demək istədiyi də elə budur» (Üsulül-Kafi, Kitabül-imani vəl-küfr, Günahlar babı, hədis 20).
- Kafirlərin qəlbi daş kimi sərt olar. Həzrət Əli (ə) buyurub: «Kafirin qəlbi daşdan da sərt olar» (Mizanül-hikmə, hədis 6996).


islam.az


Yerləşdirilib:5 Yanvar, 2012, Baxılıb:2766, Çap
 

Son şərhlər : 1
Müəllif: azer | 25 Mart, 2013  22:19
# Ответить
0


]]>]]>

oxumağın asan yolları.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com