HANSI MUSİQİLƏR HALALDIR? Halal və haram musiqinin meyarı (Birinci məqalə)

HANSI MUSİQİLƏR HALALDIR?  Halal və haram musiqinin meyarı  (Birinci məqalə)
İncənətin istər ayrı-ayrı fərdlər, istərsə də ümumilikdə cəmiyyət üzərindəki təsiri danılmazdır. Siyasi, iqtisadi, hüquqi vasitələrlə yanaşı, incəsənət də müəyyən mənada insanları idarə edir. Cəmiyyəti istiqamətləndirmək, tərbiyə etmək, zövqünü formalaşdırmaq, asudə vaxtını təşkil etmək... İncəsənətin nüfuz dairəsinə aid olan bütün bu məsələlər əslində cəmiyyətin idarə olunması kimi dəyərləndirilə bilər. Bu mənada incəsənətin əsas tərkib hissələrindən olan müsiqinin rolu əvəzsizdir. Xüsusilə, son dövrdə musiqinin insanlara, ən əsası da yeniyetmə və gənclərə təsirini daha qabarıq formada hiss edirik.
Əlbəttə, İslam bu qədər həyati əhəmiyyətə malik bir məsələni diqqətdən kənarda qoya bilməzdi. Təsadüfi deyil ki, İslam mənbələrində müsiqiyə münasibət və musiqinin dini hökmləri barədə xeyli məlumatlar mövcuddur. Dinimiz bu məsələdə də bəzi dəyərlər müəyyən etmiş və hökmlər ortaya qoymuşdur. Əlbəttə, zaman keçdikcə, bir çox başqa sahələrdə olduğu kimi, musiqiyə münasibət sahəsində də yeniliklər meydana çıxmış, islahatlar aparılmışdır. Etitraf edək ki, müsiqiyə münasibət hal-hazırda dini mühitdə ən çox müzakirə edilən və ən çox mübahisələrə səbəb olan məsələlərdən bir sayılır.
Musiqi barədə dini polemikalarda əsasən, iki mövqeyin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini dillə desək, «ğina» və haram olduğunu söyləyir və hər cür müsiqini ifa etməyi, dinləməyi günah sayır. Bu cəbhənin müqabilində yer tutan başqa bir dəstə isə bəzi müsiqilərin halal, bəzilərinin isə haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayır. Lakin halal və haram musiqilərin ayırd edilməsində hansı göstəricilərin əsas götürülməsi daha yeni mübahisələrə və fikir ayrılıqlarına gətirib-çıxarır. Musiqi alətlərində ifa etmək, qadının ifasında müsiqini dinləmək, hansı məclislərdə musiqiyə qulaq asmağın icazəli olması, dini musiqilərdə (ilahilərdə) hansı meyarların izlənməsi kimi məsələlər bu problemlərin yalnız bir hissəsidir.
Aşağıdakı məqalədə İslam dininin müsiqiyə baxış tərzini müəyyən ardıcıllıqla izləməyə və adı çəkilən mövzuları araşdırmağa çalışacağıq.

ĞİNA NƏDİR?
Müsəlman fəqihlərin böyük əksəriyyəti ğinanı haram hesab etmişlər (haram hesab etməyənlər isə onu ya başqa cür adlandırıb qadağan saymış, ya da haram saydıqları cəhətlərin əslində ğinada mövcud olmadığını bildirmişlər). Ğinanın nədən ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətlərdə bu sözə verilən mənalarla tanış olmaq, daha sonra müctəhid alimlərin fətvalarını incələmək və sünnəyə müraciət etmək yerinə düşər.

ĞİNA LÜĞƏTDƏ
Fəyyuminin «əl-Misbahül-münir» kitabında yazılıb ki, ğina – səs deməkdir (Fəyyumi. Əl-Misbahül-munir, səh. 173).
Digər məşhur bir lüğətdə – İbn Farisin «Möcəmü məqabisül-lüğət» kitabında (IV, 398) bildirilir: «Ğina – səsdəndir (yəni səsin bir növüdür)».
Firuzabadi də «əl-Qamusül-mühit»də bunu aşağıdakı əlavə ilə təkrar edir: «Ğina səsdəndir və coşqu (tərəb) gətirir» (səh. 1319).
Məşhur müsəlman alimi İbn əl-Əsir «ən-Nihayə fi ğəribil-hədisi vəl-əsər» kitabında ğinaya bu cür tərif verir: «Kim səsini yüksəltsə və uzatsa, ərəblər onun səsinə ğina deyərlər» (III, 391).
Cövhəri «əs-Sihah» lüğətində ğina barədə yazır: «Ğina simadandır» (VI, 2449). Sima isə ərəb dilində «dinləmək» mənasını bildirməklə yanaşı, həm də təsəvvüf ayinlərindən biri sayılır. Əbu Hamid Qəzzali kimi alimlər sima ilə ğinanı eyniləşdirmişlər (məqalənin növbəti bölümlərində bu barədə məlumat veriləcək).
Türeyhi isə «Məcməül-bəhreyn» lüğətində ğinanı daha geniş ifadə ilə təsvir edir: «Ğina – boğazda qaynadılan (zəngulə edilən) və insanı coşduran səsdir. Habelə, insanı coşdurmasa belə, ürfdə (adət-ənənədə) ğina sayılan səslərə şamildir. İstər şeirdə, istər Quran qiraətində, istərsə də başqa sahələrdə olsun...» (Türeyhi. Məcməül-bəhreyn, I, 321).
Göründüyü kimi, lüğətlərdə ğinaya verilən təriflər fərqli və rəngarəngdir. Bunların bir qismində insanı coşduran səslər ğina sayılıb. Bir qisim təriflərdə səsin ucaldılması və uzadılması ğina hesab edilib. Daha bir qisim təriflərdə isə ğinanın əlamətləri sırasına zəngulə ilə ifa edilməsi də əlavə olunub. Ğinanı təyin edən meyarlar sırasında ürf də əhəmiyyətli yerə malikdir. Bu təriflərin arasındakı ziddiyyətləri həll etmək üçün məşhur fəqihlərin ğina barədəki fikirləri ilə tanış olmaq məqsədə uyğundur.

ĞİNA KLASSİK FİQH MƏNBƏLƏRİNDƏ
Miladi XIII əsrdə yaşamış məşhur cəfəri fəqihi Mühəqqiq Hilli «Şərayeül-İslam» kitabında, «Şəhadat» bölümündə şahidliyi qəbul edilməyən təbəqələrdən danışarkən, onların sırasında beşinci yerdə bunu qeyd edir: «Səsi uzatmaq; bu, insanı coşduran zənguləyə şamil edilir. Bu əməl, onu edən şəxsi günaha salar, şahidliyinin rədd olmasına səbəb olar. Onu eşidənin də hökmü budur...» (Mühəqqiq Hilli. Şərayeül-İslam, IV, 913).
Mühəqqiq Hillinin bacısı oğlu və şagirdi olmuş digər görkəmli şiə fəqihi Əllamə Hilli də ğinanı oxşar şəkildə dəyərləndirirdi: «Ğina haramdır və onu edəni günaha aparar. Bu, səsin boğazda qaynadılması (zəngulə halına salınması) və uzadılmasıdır. Ğina, onu eşidəni də günaha salar; istər Quranda olsun, istərsə də şeirdə» (Əllamə Hilli. Qəvaidül-ehkam, III, 495).
XVI əsrdə yaşamış «Mühəqqiqi-sani» ləqəbli Əllamə Kərəki «Cameül-məqasid» kitabında bir çoxlarından fərqli olaraq, səsin hər cür uzadılmasını haram saymağı düzgün hesab etmir: «Mütləq şəkildə səsin uzadılması, hətta insanın ürəyini özünə sarı cəzb etsə belə, haram deyil. Lakin bu məsələ (ğina) adətən, coşqu gətirən zənguləyə şamil olunduğu üçün, səs də coşqu gətirmək xüsusiyyətinə malik olmadıqca, haram sayılmaz» (bax: Hüseyn Mirzəxani. Musiqinin fiqhi mənbələrinə yeni baxış, səh. 14).
Ğina barədə «ər-Rövzətül-bəhiyyə» kitabındakı qeydlər də maraqlıdır. Bu kitabı məşhur şiə alimi, məzhəbi mənsubiyyətinə görə XVI əsrdə qətlə yetirilmiş «Şəhidi-sani» (ikinci şəhid) ləqəbli Şeyx Zeynüddin ibn Əli Cəbəi-Amuli, özündən iki əsr əvvəl yaşamış və «Şəhidi-əvvəl» (birinci şəhid) kimi tanınan Şeyx Şəmsüddin Mühəmməd ibn Məkkinin qələmə aldığı «əl-Lümətüd-Diməşqiyyə» kitabına şərh kimi yazmışdır. Şərhçi «Rövzətül-bəhiyyə»də haram ticarətlər bölümündə ğina alətlərinin hazırlanmasını günah sayan müəllifin sözlərinə izah verərək yazır: «Ğina – səsin uzadılmasıdır və insana coşqu gətirən zəngulələrə şamil edilir. Həmçinin, ürfdə (ənənədə) ğina adlandırılan səslərə də, - hətta insana coşqu gətirməsə belə, - şamil olur. Bunun şeir, Quran ya başqa sahələrdə olması fərq etməz. Müəllif və başqaları dəvələri otaran zaman oxunan «hida» adlı nəğmələri istisna edirlər. Bir çoxları, o cümlədən, müəllif də öz dərslərində buyurmuşlar ki, qadınların gəlin gətirmə mərasimində ifa etdikləri ğina da bura aid deyil. Bir şərtlə ki, bu zaman batil sözlər deyilməsin (oxunmasın), günah əməllər edilməsin. Hətta bu zaman dəf və sinc (Şərqə məxsus simli müsiqi alətidir; farslar ona «çəng» deyirlər) də çalına bilər. Başqa alətlərin çalınmadığı və qadınların səsinin naməhrəmlər tərəfindən eşidilmədiyi halda, bunun eybi yoxdur» (Şəhidi-sani. Ər-Rövzətül-bəhiyyə fi şərhil-Lümətid-Diməşqiyyə, II, 5).
Maraqlıdır ki, XIX əsrin məşhur mərceyi-təqlidi Şeyx Mühəmməd Həsən Nəcəfi («Sahibi-Cəvahir» kimi tanınır) fundamental «Cəvahirül-kəlam» əsərində ğinaya dəqiq tərif verməkdən çəkinərək bunu bəyan edir: «Ğina – özəl xüsusiyyətə malik səsdir və onu ayırd etmək ürfün (ənənənin) öhdəsindədir» (Hüseyn Mirzəxani. Musiqinin fiqhi mənbələrinə yeni baxış, səh. 16).
Cəfəri məzhəbində yeni bir mərhələnin əsasını qoymuş Şeyx Mürtəza Ənsari «əl-Məkasibül-mühərrəmə» kitabında ğina və haram musiqi mövzusuna ətraflı şəkildə aydınlıq gətirmişdir. Müəllif yazır: «Haram olan – fisq və günah əhlinə məxsus elə avazlardır ki, Quranı onların əsasında oxumaq qadağan edilmişdir. İstər bu avaz ğina ilə eyni olsun, istər onunla ümumi cəhətlərə malik olsun, istərsə də ondan seçilsin. Fəqihlərin və lüğət alimlərinin fikirləri fərqli olsa da, zahirən belə görünür ki, ğina bundan başqa bir şey deyil» (Şeyx Mürtəza Ənsari. Əl-Məkasibül-mühərrəmə, I, 291).
Kitabın başqa bir yerində deyilir: «Keyfiyyət baxımından ləhv (əyləncə, vaxt keçirmək) sayılan, fisq və günah avazlarından hesab edilən hər bir səs haramdır; hətta onun ğina olmaması fərz edilsə belə. Əksinə, ləhv sayılmayan heç bir musiqi haram deyil; hətta onun ğina olması qeyri-dəqiq şəkildə fərz edilsə belə» (Şeyx Mürtəza Ənsari. Əl-Məkasibül-mühərrəmə, I, 296).
Göründüyü kimi, Şeyx Ənsari səs və musiqinin haram sayılmasının meyarı kimi, onun günah əhlinə aid edilməsini şərt qoymuşdur. Hal-hazırda da müctəhidlər kef və əyləncə məclislərinə xas olan musiqiləri haram bilirlər. Şeyx Ənsarinin fikrincə, hətta bir müsiqi fiziki baxımdan ğina şərtlərinə malik olsa belə (səsin uzadılması, nazikləşdirilməsi, boğazda qaynadılması və s.), əgər əyləncə məclislərinə xas deyilsə, günah sayılmaz.
Mərhum İmam Xomeyni bu istiqamətdə fikirləri daha da dərinləşdirərək, ğinaya belə tərif verir: «Ğina – insana məxsus olan elə səsdir ki, onun mahiyyətində az da olsa naziklik və gözəllik vardır. Bu səs öz quruluşu (ölçüləri) ilə adi insanı coşdurmaq xüsusiyyətinə malikdir» (İmam Xomeyni. Əl-Məkasibül-mühərrəmə, I, 202).
İmam Xomeyni ğina üçün təklif etdiyi tərifdə özündən əvvəlki alimlərdən fərqli olaraq, nə səsin uzadılmasını, nə boğazda qaynadılmasını (zəngulə və cəhcəh edilməsini), nə səsin nazikləşdirilməsini, nə də gözəlliyini əsas meyar saymır. Bunların bir çoxu Quran oxunuşunda da istifadə edilir. Peyğəmbərdən və imamlardan rəvayət edilmiş hədislərdə Quranı gözəl səslə oxumaq tövsiyə edilib. Aydındır ki, gözəl səslə oxunuş zamanı səsin uzadılması, nazikləşdirilməsi və boğazda qaynadılması da tələb olunacaq. Müəllifin fikrincə, bunların heç biri ayrı-ayrılıqda səsin ğina sayılması üçün yetərli deyil. Səsə ğina xüsusiyyətini bəxş edən – onun müsiqi ölçüsünə (tənasübə) malik olmasıdır. Bu, elə bir xüsusiyyətdir ki, insana həqiqi coşqu gətirir. Özü də bu coşqunun dərhal və ani olması, az və ya çox olması şərt deyil. Məsələn, şərab insanı sərxoş edib fikrini dumanlandırmasa belə, haramdır. Şərabın bir damcısını da içmək günahdır. Ğina sayılan musiqi də öz-özlüyündə haramdır. Onun insan psixologiyasına təsiri şərabın təsiri kimi ani yox, tədricidir.

ƏHLİ-SÜNNƏ MƏZHƏBLƏRİ BAXIMINDAN ĞİNA
Əhli-sünnənin məzhəb başçıları ğinanı haram bilir və ondan çəkinirdilər. İmam Malik ibn Ənəs müğənni kənizləri satın almamağı məsləhət görürdü. İmam Şafii müğənni kənizləri camaatın qarşısında oxutduran və özü də buna qulaq asan şəxslərin şahidliyini qəbul etmirdi. İmam Əbu Hənifə də ğinaya qulaq asmağı gunah sayırdı (Əbu Hamid Qəzzali. Ehyaü ülumid-din, II, 267). Bununla belə, məşhur səhabələrdən Abdullah ibn Cəfər, Abdullah ibn Zübeyr, Müğeyrə ibn Şöbə və Muaviyənin ğinaya qulaq asdıqları barədə rəvayətlər vardır (bax: yux. mənbə).
Əhli-sünnə məzhəbində ğinanın nədən ibarət olduğu barədə məlumatlar sırasında İmam Şafiinin fikri xüsusi əhəmiyyətə malikdir: «Ğina gözəl və nazik səslə qiraət etməkdir» (İbn əl-Əsir. ən-Nihayə fi ğəribil-hədisi vəl-əsər, III, 391). Göründüyü kimi, bu tərifdə İmam Şafii ğinanın əhatə dairəsini Quran qiraəti ilə məhdudlaşdırır.
Əbu Hamid Qəzzali «Ehyaü ülumid-din» kitabında simanın (bu, Qəzzalinin görüşündə ğina deməkdir) zatən haram olmadığını yazır və simaya haramlıq gətirən xüsusiyyətlərin kənardan gəldiyini bildirir. Yəni nə qədər ki, simaya kənardan əlavə haram cəhətlər əlavə olunmayıb, o, halaldır: «Sima mübahat (icazə verilən) qismindəndir. Çünki sima gözəl, mütənasib (ritmik) və anlaşıqlı səsdir. Ona haramlıq verən cəhətlər onun zatından qaynaqlanmır və kənardan gəlir» (Qəzzali. Ehyaü ülumid-din, II, 281). Qəzzali simanı haram edən kənar xüsusiyyətləri sayaraq bunları 5 qrupda xülasə edir:
1) Qadının dilindən eşidi¬lərsə, yəni sima avazını qadın oxuyarsa;
2) Musiqi alətlərində (rübab, çəng, bərbət və s.) ifa edilərsə;
3) Simanın sözlərində söyüş, həcv və din əhlinə təhqir olarsa;
4) Simanı eşidən cavandırsa və şəhvət ona qalib gəlib, Allahın yolundan döndərərsə;
5) Avam ca¬maat simanı özünə peşə edib, əyləncə və eyş-işrət vasitəsinə çevirərsə.
Əhli-sünnə mənbələrində Peyğəmbər zamanında rəqs və musiqi məclislərinin təşkil edildiyi və hətta Peyğəmbərin şəxsən (çox zaman həyat yoldaşları ilə birlikdə) həmin məclislərə tamaşa etdiyi barədə rəvayətlər də vardır (məqalənin növbəti bölümlərində bunlara münasibət bildirələcək).

SƏS HARAMDIR, YOXSA SÖZ?
Alimlər arasında fikir ayrılığına səbəb olan cəhətlərdən biri də müsiqinin səsinin (avazının), yoxsa oxunan sözlərin ğina sayılması və haram olması mövzusudur. Şeyx Ənsari kimi elm nəhəngi müsiqidə sözü nəzərə almadan səsin haram sayıldığını bildirir. Onun fikrincə, hər hansı musiqiyə haramlıq gətirən cəhət əsas etibarilə onun avazıdır, müsiqi üzərində hansı sözlərin oxunması əsas şərt deyil. Yuxarıda sadaladığımız lüğət müəllifləri də ğinanın tərifini verərkən, onu hər şeydən öncə səs kimi dəyərləndirmişlər.
Ürfdə (ənənədə) də bu düşüncənin hakim olduğunu görürük. Məsələn, uzaqdan bir musiqi sədası eşidəndə, adətən, onun avazına və ritminə uyğun olaraq ğina sayılıb-sayılmadığını və ona qulaq asmağın caiz olub-olmadığını aydınlaşdırırıq. Hətta nəğmənin sözlərini ayırd etməsək belə, müsiqi əsasında hökm çıxarmaq kifayət edir. Heç kəs bu halda söyləmir ki, qoy yaxına gedib nəğmənin sözlərinə qulaq asım, sözlərin batil olub-olmadığını yoxlayım.
Bunu sübut edən hədislərə gəlincə, onlardan bir neçəsini Şeyx Ənsari öz kitabında rəvayət etmişdir. Hədislərin birində deyilir ki, bir nəfər İmam Cəfər Sadiqə (ə) ğina barədə sual verir və Ondan guya Peyğəmbərin: «Biz sizə gəldik, bizə xoşgəldin deyin, biz də sizə xoşgəldin deyirik» sözlərini oxumuş olduğu barədə camaat arasında (hədisdə bunların əhli-sünnədən olduğuna işarə vurulur) gəzən söz-söhbət barədə soruşur. İmam onun bu sözünə: «Yalan deyirlər» deyə cavab verir və «Ənbiya» surəsinin 16-18-ci ayələrini sübut gətirir: «Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. Əgər Biz (özümüzə) əyləncə etmək istəsəydik, onu mütləq öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!» (Hürr Amuli. «Vəsailüş-şiə», XVII, 307).
Hədisdən aydın olur ki, İmam Cəfər Sadiqin (ə) Həzrət Mühəmməd Peyğəmbərə (s) yaraşdırmadığı hərəkət məhz həmin sözlərin müəyyən avazla, ahənglə oxunmasıdır. Çünki bu sözlər öz-özlüyündə günah məzmunlu deyil və onların deyilməsi insana əskiklik gətirməz. Lakin İmamın hüzurunda ğina barədə söhbət düşərkən həmin misalın çəkilməsi bunu göstərir ki, məhz həmin sözlər deyil, oxunan avaz ğina və haram sayılır.
Ğinanı musiqi deyil, söz qəbilindən hesab edənlərin əsas sübutu isə Qurani-kərimin aşağıdakı ayələrinin təfsiridir: «Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin» (Həcc, 30). «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar.» (Loğman, 6). «O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçərlər» (Fürqan, 72). Birinci ayədəki «qövlüz-zur» (yalan sözlər), ikinci ayədəki «ləhvül-hədis» (mənasız sözlər), üçüncü ayədəki «zur» (yalan) ifadələrini təfsirçilər məhz ğina kimi izah etmişlər (bax: Hürr Amuli. Vəsailüş-şiə, XVII, 307-310; Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 349; Şeyx Küleyni. Əl-Kafi, VI, 431-435).
Hədislərə gəlincə, bir nəfər İmam Zeynül-abidindən (ə) soruşdu ki, gözəl səsi olan kənizi almaq olarmı? İmam ona belə cavab verdi: «Əgər o kəniz cənnəti sənin yadına salacaqsa, belə kənizin alınması günah deyil» (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, IV, 60, 5097-ci hədis). Hədisin şərhində deyilir ki, burada «cənnəti yada salmaq» ifadəsi «ğina sayılmamq şərti ilə Quran qiraət etmək, zöhd (dünyaya aludə olmamaq) və fəzilətlər (əxlaqi üstünlüklər) barədə sözləri oxumaq» kimi qəbul edilməlidir.
Dərin və hərtərəfli araşdırma nəticəsində hər iki tərəfin mövqeyinin natamam və nöqsanlı olduğu aydın olur. Çünki ğinanın əsas meyarı kimi sözü qəbul etsək, onda yüksək əxlaqi dəyərləri təbliğ edən, elmi məsələləri öyrədən şeirləri də insanı coşduran əyləncə tipli ahənglər üzərində oxumağa haqq qazandırmalı və bu kimi müsiqiləri halal bilməliyik. Yox, əgər ğinanın əsas meyarı kimi səsi götürsək, onda insanı coşdurmayan hər bir avaz üstündə oxunmuş cəfəngiyyatı (məzmunu günah olsa belə) halal saymalıyıq.
Müasir tədqiqatçıların bir qismi ğinanın əsil mahiyyətini nə sırf sözlə, nə də sırf musiqi ilə məhdudlaşdırmağı düzgün saymırlar. Növbəti bölümlərdə həmin tədqiqatçıların görüşləri, eləcə də, musiqi barədə müasir müctəhidlərin fətvaları barədə məlumat veriləcək, musiqinin hansı hallarda caizliyi və musiqi alətlərindən istifadənin hökmü barədə söhbət açılacaq.


Natiq RƏHİMOV


Yerləşdirilib:16 Noyabr, 2011, Baxılıb:11202, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com