Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları

XIX əsrin əvvəllərindən etibarən müstəmləkə zülmünə qarşı mübarizə müsəlman xalqlarının qarşısında duran birinci dərəcəli problemə çevrilmişdi. Lakin bu mübarüzə təkcə sıyasi xarakter daşımırdı. əsas məqsəd Qərb istilası ilə daha da dərinləşən ümumislam tənəzülünün qarşısını almaq, onun tərəqqisini təmin etmək idi.

Avropa inkişaf etmiş ölkələri ilə mübadilədə müsəlman dünyası ikitərəfli təsirə məruz qalırdı. Hakim millətlərin assimiyatorluq fəaliyyətləri labüd şəkildə buna qarşı müqavimət doğururdusa, eyni zamanda Avropa sivilizasiyanın nailiyyətləri İslam aləminin dirçəlişinə təkanverici təsir də göstərirdi. Qərb istilası ilə yanaşı, bütövlükdə İslam dünyasının mədəni, siyasi, iqtisadi geriliyi qabaqcıl müsəlman zümrəsini yaranmış vəziyyətdən çıxış yolu aramağa vadar edirdi.

"Yarandığı ilk vaxtlardan etibarən Şərqin siyasi təfəkkürünün təkamülündə əsas amil rolunu oynayan İslam", nəinki həyatın "mənəvi-etik, eyni zamanda siyasi, iqtisadi, sosial sahələrinin tənzimləyicisi olduğuna görə" xalqın zehnində hakim mövqe tuturdu. Bu səbəbdən yeni intibahı onsuz təsəvvür etmək qeyri-mümkün idi. Eyni zamanda, İslamın bəşəri doktrina kimi bir sıra xüsusiyyətləri də yeni "yol aramaq deyil, sayəsində min üç yüz ildən bəri yaşadığımız himmətli sancaq ətrafında qüvvət toplamaq" fikirlərinə rəvac verirdi.

Həmin xüsusiyyətlər içərisində bu dini-fəlsəfi, siyasi, iqtisadi doktrinanın birləşdirmə bacarığı əsas yer tutur. Ə. Hüseynzadə deyirdi ki, "İslam meydana gəldiyi gündən özünün tam birliyi qayğısına qalmışdır". "Bütün atributları ilə İslamı qəbul etmək - birliyi qəbul etmək deməkdir".

Qabaqcıl zümrə İslamın düşdüyü ağır vəziyyəti onun bütün sahələrdə məruz qaldığı parçalanma və pərakəndəliyi ilə izah etdiyindən, birliyin əldə olunmasına can atırdı. Bununla yanaşı, müsəlmanların demək olar ki, eyni siyasi, iqtisadi, mədəni inkişaf səviyyəsi, ən əsası isə onların əksər hissəsinin Qərb istilası ilə üzləşməsi də birlik meyllərini gücləndirir, ittihad üçün ilkin şərt rolunu oynayırdı. İttihad ideyası isə öz növbəsində İslamın təməlindən- Tovhiddən, Allahın birliyinə inamdan doğurdu. Deməli, bir tərəfdən ilkin vəhdət, digər tərəfdən vahid aqibət bütün müsəlman dünyası üçün ümumi çıxış yolunun axtarılmasına, nəticədə bu aləmi birləşdirən dini nəzəriyyəyə, yəni İslama müraciətə səbəb olur.

İslamın cəlbedici xarakterik cəhətlərindən biri də onun bayrağı altına aldığı müxtəlif millətlərə inkişaf bəxş etməsidir. Müsəlmanlığı qəbul etmiş xalqların istər iqtisadi, istər mədəni dirçəlişinə təkan verən İslamın bu xüsusiyyəti ona çıxış yolu kimi baxmağın digər səbəbi idi.

Eyni zamanda, Qərbin öz mədəniyyətini, öz adət-ənənəsini olduğu kimi Şərqə aşılamaq siyasəti yolunda qarşıya çıxan ən böyük sədd də məhz İslam idi. İslamın qərb təsirinin mənfi tərəflərinə qarşı apardığı mübarizədə möhkəmliyi və bu təsirə qarşı yaratdığı immunitet dövrün mütəfəkkirlərinin nəzərindən yayına bilməzdi. Onlar məhz İslamın adət-ənənənin, mədəniyyətin, əxlaqın qorunması yolunda yeganə vasitə olduğunu dərk edirdilər.

Nəhayət, müsəlman ziyayılarını İslama bağlayan tellərdən biri "məzhəbimizdə ümumbəşəri mənəvi dəyərlərin hər hansı dindəkindən daha yükcək səviyyədə olması, onun ictimai ədalət idealına daha artıq uyğunluğu idi".

Ə.V.Hüseynzadə yazır: "İslamiyyətin məqsədi istiqlaliyyəti-insaniyyədir… zəkat qanunu vəz edən, "əl-kasibu həbibullah", "kulli muslim ixvətun"- deyən faiz və mürəccəhliyi, hər növ monopoliya və inhisarı haram buyuran islamiyyətdir".

Beləliklə, İslamın bütün yuxarıda göstərilən cəlbedici cəhətləri müsəlman xalqlarının istiqlal mübarüzəsinin nəzəri dayağını və tərəqqi yolunu kənarda deyil, məhz bu dini-siyasi, iqtisadi, hüquqi təlimin əsasında axtarmağa sövq etmişdir. "İqbal" qəzeti 1912-ci ildə yazırdı: "Enişli, yoxuilu həyat keçirmiş olan bəşəri hər cəhətdən həqiqi səadət və füyuzat yoluna çıxaracaq vasitə və kəmalat ilə əqsayi-amala doğru sövq edəcək vasitə nə ilədir? İslam ilə!".

Lakin İslam sosial-siyasi strukturu müsəlman tarixinin ilkin dövrlərində inkişafı stimullaşdıran amil kimi qiymətləndirilirsə, son 2-3 əsr ərzində Şərq aləminin tənəzzülü də bu dini-siyasi doktrina ilə əlaqələndirilirdi. Belə bir nəticə İslamın öz təbiətindən doğurdu. Yarandığı gündən müəlman həyatının bütün sahələrinin tənzimləyicisi rolunu ifa edən nəzəriyyə, məntiqi olaraq həmin həyatın geriliyinin əsas məsuliyyət daşıyıcısına çevrilməli idi və labüd şəkildə tənəzzülün səbəblərini də İslamda axtarmaq zərurətini doğururdu. Avropa ilə XVIII əsr Qərb istilası şəraitində başlamış birbaşa üzləşmə və müqayisə Şərqin doğrudan da acınacaqlı vəziyyətdə olmasını sübut edirdi. Avropa həm iqtisadi, həm siyasi, həm də mədəni inkişaf səviyyəsinə görə müsəlman Şərqini qat-qat üstələmişdi. əgər İslam bir tərəfdən adı çəkilən üstünlükləri ilə əvəzolunmaz, digər tərəfdən tənəzzülün səbəbi idisə, bu uyğunsuzluq onun nədən törəndiyi barədə düşünməyə vadar edirdi.

Müsəlman ideoloqlar öz yaşadıqları mühitin geriliyini İslam birliyinin olmamasında, mütləqiyyət üsul-idarəsində, məzhəb ayrılığının düşmənçilik səviyyəsinə qaldırılmasında, xürafat və mövhumatın hakimliyində görürdülər. Ə. Ağayev yazırdı: "Müsəlmanlar ibtidai İslamda özlərini bəhri-mühiti-elm və fünuna atıb, elmi-təbiiyyədə, riyazidə, nücumda və hikmətdə bu qədər kəşfiyyat və ixtiraat etdilər. O vaxt müsəlmanlar elm və fünunu, sənaye və hikməti tovhidin əsil əsası hesab edirdilər… Biz xurafatla məşğul olduqca mütərəqqi həmzadələr bizim əlimizdə olan elmi bizdən əxs etdilər. Yavaş-yavaş hamı elmlərimizə sahib oldular… Şimdiki Avropaya bu qədər tovfiq və səbqət verən elm tamamən İslam əlində idi. Lakin biz dəcəli-məcəllə məşğul olub bu elmi unutduq və biz unutduqca rəqiblər onları əxz edib təkamül etdilər, təkamül etdikcə güclənib bizə sahib oldular".

Lakin müsəlman həyatı zəminində meydana gəlmiş çatışmazlıqlar İslamın mütərəqqi xarakteri ilə uyuşmurdu. Bununla belə, müsəlman aləminin həyat strukturu kimi məsuliyyət də İslamın üzərinə düşürdü. Məhz bu istiqamətdə aparılan təhlillər, araşdırmalar belə bir fikrə, nəticəyə gətirib çıxarmışdı ki, İslam təhriflərə məruz qalmış, mənfəətpərəst din xadimləri Quran və şəriət müddəalarını qeyri-düzgün islah edib öz mənafelərinə uyğunlaşdırmışlar. 1917-ci ildə "Müsəlmanlıq" qəzeti yazırdı ki, "müsəlmanlığın ehkami - nəzəriyyəsi, məna və ruhu büsbütün dəyişdirilib, zülm və qara cəbriyyə hökmfərma olmuşdur, dini-İslamiyyətin nə günahı vardır".

Cəmaləddin əfqani israr edirdi ki, "aləmi-İslamın tənəzzülünün səbəbi nə İslam dini, nə Quran, nə də şəraitdir". Günahkar- "İslamı eybəcər hala salanlar"- üləmalar, "şəriəti yaramaz edənlər- qazılar və müsəlman dövlətlərinin müstəbid başçılarıdır". İslam maarif, mədəniyyət, demokratiya, azadlıq və bərabərlik kimi keyfiyyətlərlə əlaqədardır. İslam dövrün ruhuna zidd deyildir".

Beləliklə, İslamın ümumbəşəri mənəvi dəyərlərə əsaslanması, onun daimi mütərəqqi cəhətləri qabaqcıl müsəlman zümrəsi tərəfindən dönə-dönə təkrar edilir və nəticədə böhranın çarəsi də İslam elan olunurdu. "Əski payələrə qayıtmaq", müsəlman idealını bərpa eləmək əsas amal, qayəyə çevrilirdi. Bunun üçün isə İslamı mövhumat və xurafatdan təmizləmək, Quran və şəriət müddəalarının yeni, müasir dövrə uyğun təfsirini vernək lazım idi. Lakin bu yolda atılan hər bir addım xürafatla baş aldadan mollaların: "İctihadın qapıları bağlıdır"- tezisi ilə rastlaşırdı. Lakin İslamı dünyanın ən dinamik nəzəriyyəsi hesab edən mütərəqqi qüvvələr ortodoksların bu tezisi ilə heç cür razılaşa bilməzdilər. Ə. Hüseynzadə yazırdı ki, "ictihad səy etmək deməkdir, müasir həyatın tələblərinə uyğun şəkildə ağıl və azad düşüncə ilə qanunların şərhinə və yeniləşməsinə səy etmək isə müsəlman dünyasında mütərəqqi islahatlara və dirçəlişə aparan yeganə yoldur".

"İslamı nəinki iman gətirən bir din, eyni zamanda inkişaf və yaradıcılıq təlimi elan edən tərəqqipərvər şəxslər "ictihada, yeni yaranmış hər bir vəziyyətdə inkişaf xəttinin müəyyənləşdirilməsi üçün axtarış vasitəsi" kimi baxırdılar. Ə. Hüseynzadə qeyd edirdi ki, "ictihada səy etməklə məqsədimiz heç də yeni məzhəb çıxarmaq deyil, bəlkə həqayiqi-öblayi-diniyyəyi azlığın əlindən xilas edib külliyyəti-əhalinin malı etmək" demək idi. "İtihad" qəzetində qeyd edilirdi ki, "İslam məscidlərdə qül və yəqul deməklə heç bir şeyi başa düşməyən, zavallı ümməti- Mühəmmədi ağladan bir taqım saxta mollalarımızın etdikləri oxşama deyil", adətimizi, ənənəmizi, əxlaqımızı mənəviyyatımızı vücuda gətirən saf İslamdır".

Beləliklə İslamın yeni dövrə uyğun prinsiplərinin açıqlanması ilə bir tərəfdən "müasirləşdirilməsi", digər tərəfdən mövhumat və xurafatdan təmizləməklə ilkin mənəvi ruhunun dirçəldilməsi tərəqqinin yolu elan ediirdi. Bu cür İslam ideologiyası rolunu isə İttihadçılıq oynayacaqdı.

İttihad hər şeydən əvvəl İslama əsaslanan bir konsepsiya idi. İslamı yalnız din kimi deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi və s. norma kimi qiymətləndirən ittihadçılar, onu müsəlman həyatının fundamenti, bu həyatın strukturu hesab edirdilər. İnkişafı da məhz İslam normalarının təkmilləşdirərək həyatımız tətbiq edilməsində görürdülər. Lakin belə bir təşkilləşmə İslamın təhrifi deyildi. Çünki iddihadçıların fikrincə, o, artıq təhrifə məruz qalıb və indi isə mövhumat və xurafatdan təmizlənməli, yeni ictihad vasitəsilə əsil İslamın təlqin etdiyi qanunlar, qaydalar, həyat tərzi açıqlanmalı və bərpa olunmalıdır. İttihadçılar qeyd edirdilər ki, "ittihad öz daxili məzmununa görə geriyə dönməkdir. Köhnəliyə qayıtmaq yox, daha qüvvətlə irəliyə getmək üçün geriyə dönməkdir". İttihadçıların fikrincə, İslamın bərpası, maarif, elm və mədəniyyətin, sənaye və ticarətin yayılması, hürriyyət, müsavat və ədalətin bərqərar olması, vaxtilə yalnız müsəlmanlara mənsub olan iqtisadi və mədəni tərəqqiyə nail olmaq demək idi. "Müsəlmanlıq" qəzeti yazırdı: "Axır zamanlar Avropanın mütərəqqi və mədəni yol keçiciləri öz millətlərinə hürriyyət verib müsəlmanları əsarətə aldılar. Bunda İslamiyyətin nə günahı vardır? Təzə nə yol axtarırsınız? Hürriyyətin əsasını təmin edən, şurai-ümmət üsul-idarəsini vəsiyyət edən, müsavat, ədalət, üxüvvəti nəşr və təmin edən peyğəmbər və onun dini deyildimi? Xüləfai-raşidin intixabi-ümumi (ümumi seçki) üsuliylə rəsi-hökumət və xilafətə gəlmədilərmi? Milli və dini məsələlər heç yerdə olmadığı kimi ittifaq və ittihad üçün qoyulmamışdımı? İslam ehkamınca ümum insanlar müsavidirlər (bərabər), hürrdürlər. Həqqi-əhali, maarif, hüquq, işçi, torpaq və dövlət məsələləri İslamda tamamilə cumhuriyyəti-ənam, yəni respublika təşkilinə müvafiq surətdə həll olunubdur".

"İttihad" qəzetində qeyd edilirdi ki, "elmi bizdən əxz edən avropalılar bizə müstəbidlik edirlər", buna görə də bizim çağdaş Avropa elminə yiyələnməklə özümüzü inkişaf etdirməyimiz zəruridir. Ə. Hüseynzadə bu barədə yazırdı: "Biz bir sövqi-təbii ilə naqabili-təğyir, bir hökmi-qədrlə bütün ədyanın (dinlərin), əqvam və millətin getdiyi yollarla gediriz. Bu bir qanuni-təbiiyyədir ki, adına təkamül qanunu derlər. Biz də bu yol ilə gediriz, məqsədimiz, amalımız - ittihad, ittifaq, ictimai maarif, kəsb və var, sənaye, ticarət və sair qüvvələrdə kürreyi-ərz üzərində insanlara möv"ud olan səadətə nail olmaqdır".

Lakin "avropalaşım" şüarını bəyan edən Ə. Hüseynzadə eyni zamanda, bu məsələdə son dərəcə ehtiyatlı olmağa çağıraraq deyirdi: "Fəqət bu cəhətdən dəxi zəvahirə aldanmayıb, bu mədəniyyətlərin din və qövmiyyətlərə deyil, bəlkə bütün bəşəriyyətə aid əsaslarını mütaliə ilə əsbabi-tərəqqi və rifahiyyətlərini dini-İslama tovfiqə, millətimizin tərəqqiyatına tətbiq etməliyiz. Çünki əks təqdirdə türkün irtidad edib (dindən çıxıb) firəngləşməsi, firənglərin və ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk və ya müsəlman tərəqqisi demək deyildir"

Altay GÖYÜŞOV


Yerləşdirilib:21 Fevral, 2006, Baxılıb:5349, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com