Günahları tanıyaq

Üçüncü hissə

(Əvvəli:  http://az.islam.az/article/a-1057.htmlhttp://az.islam.az/article/a-1068.html)

8. Cihaddan qaçmaq:

“Kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir. Ora nə pis dönüş yeridir” (Ənfal, 16).

9. Sələm (faiz) yemək:

“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!” (Bəqərə, 278-279).

10. Zina etmək:

“Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar” (Furqan, 68-69).

11. Sehr və cadu ilə məşğul olmaq:

“Həqiqətən, onlar belə şeyləri satın alanların (sehr-cadu ilə məşğul olanların) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (Bəqərə, 102).

12. Günah iş üçün yalandan Allaha and içmək:

“Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir” (Ali-İmran, 77).

13. Döyüş qənimətlərinə xəyanət etmək:

“Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz” (Ali-İmran, 161).

14. Vacib olan zəkatı ödəməmək:

“O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)” (Tövbə, 35).

15. Yalandan şahidlik etmək və haqqı gizlətmək:

“Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir” (Bəqərə, 283).

16. Şərab içmək:

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız” (Maidə, 90).

17. Allahla bağlanmış əhdə vəfa etməmək və sileyi-rəhmi pozmaq (qohumlarla rabitəni kəsmək):

“Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir” (Rəd, 25).

18. Namazı və ya şəriətin hər hansı vacib əmrini inkar etmək.

Bu barədə Peyğəmbərimiz (s) buyurmuşdur:

“Qəsdən namazı tərk edən şəxs Allahın və Peyğəmbərin əhdindən bizar olmuş (yəni bunların itaətindən çıxmış) kimidir”.

Qeyd edək ki, bu günahları Həzrət İmam Cəfər Sadiq (ə) hədislərinin birində buyurmuşdur. Səhabələrdən Əmr ibn Übeyd o həzrətdən xahiş etmişdi ki, böyük günahları ona Quran əsasında tanıtdırsın. Onun istəyinə cavab olaraq, İmam Sadiq (ə) bu günahları müvafiq Quran ayələri ilə əsaslandırdı. Əmr ibn Übeyd İmamın elm və fəsahəti qarşısında heyran qalıb söylədi: “Öz rəyi əsasında danışan (Qurana şərh verən), sizinlə fəzilət və elm barəsində mübahisə edən adam həlak olmağa məhkumdur” (Üsuli-Kafi, 2-ci cild, səh. 285-287).

 

(məqalədə Möhsin Qiraətinin “Günahtanıma” kitabından istifadə edilmişdir).


Yerləşdirilib:8 Noyabr, 2019, Baxılıb:1263, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com