Günahları tanıyaq

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1057.html)

İmam Əli ibn Əbutalib (ə) günahları üç təbəqəyə bölərək buyurmuşdur:

“Günahlar üç qismdir: bağışlanan günahlar, bağışlanmayan günahlar və o günahlar ki, onun sahibinin həm bağışlanmasına ümid edir, həm də cəzalandırılmasından qorxuram”.

Daha sonra İmam bu üç qismə izah verərək buyurdu:

“Bağışlanan günahlar o günahlardır ki, Allah onu edən adama bu dünyada cəza verir. Allah öz bəndəsini (bir günaha görə) iki dəfə cəzalandırmayacaq dərəcədə hikmətli və kəramətlidir.

Bağışlanmayan günahlar bəndələrin bir-birinə rəva gördükləri zülmlərdir (haqqunnnasa aid olan günahlardır). Allah-Taala qiyamət günündə bəndələri üçün and içib buyurar: “İzzətimə və cəlalıma and olsun ki, hətta əli ələ vurmaq qədər olsa belə, heç bir zülmdən keçmərəm. Allah pozulmuş hüququ elə tam şəkildə bərpa edər ki, bir kəsin başqasında zərrəcə haqqı qalmaz. Yalnız bundan sonra Allah bəndələri (digər əməllərinə görə cavab vermək üçün) hesab yerinə göndərər.

Üçüncü qismə aid olan o günahlardır ki, Allah onların üstünü örtmüş və bəndəsinə tövbəni nəsib etmişdir. Bəndə həm öz günahından qorxar, həm də öz Rəbbinin mərhəmətinə ümid bəsləyər. Biz də bu bəndənin özü kimi onun barəsində həm ümid edir, həm də qorxuruq” (Biharül-ənvar, 6-cı cild, səh. 30).

Əllamə Məclisi Şeyx Bəhaiyə istinadən qeyd edir ki, bir əməlin böyük günah sayılması üçün aşağıdakı meyarlar mövcuddur:

Bir qism əməllərin əvəzində Quranda və rəvayətlərdə (hədislərdə) axirət əzabı vəd edildiyi üçün böyük günah sayılır.

Bir qism əməllərə görə bu dünyada hədd (şəriət cəzası) təyin edildiyi üçün böyük günah adlandırılır.

Bəzi günahların isə böyük və dəhşətli olması ağıl və məntiq yolu ilə sübuta yetir.

Bəzi əməllər, onu edən şəxsin dinə etinasız və sayğısız yanaşdığını göstərdiyinə görə böyük günah hesab edilir.

Bəzi əməllər isə ona görə böyük günah kimi qəbil edilir ki, Quran və sünnədə insanlar bu əməllərdən qəti şəkildə çəkindirilir (“Üsuli-Kafi”yə Əllamə Məclisinin yazdığı şərhdən).

İndi isə bəzi əməllərin böyük günah olmasının Qurani-Kərimdən sübutları ilə tanış olaq.

1. Ən böyük günah – Allaha şərik qoşmaq:

“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır” (Nisa, 116).

2. Allahın rəhmətindən ümidsiz olmaq:

“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər” (Yusif, 87).

3. Allahın əzabından qafil olmaq:

“Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz” (Əraf, 99).

4. Ağvalideyn olmaq:

Həzrət İsa Peyğəmbərin (ə) dilindən Quranda buyurulur:

“O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, zülmkar, asi eləmədi” (Məryəm, 32).

5. Nahaq yerə insanı öldürmək:

“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (Nisa, 93).

6. İffətli qadına zina iftirası atmaq:

“Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir” (Nur, 23).

7. Yetim malı yemək:

“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər” (Nisa, 10).

(məqalədə Möhsin Qiraətinin “Günahtanıma” kitabından istifadə edilmişdir).


Yerləşdirilib:29 Oktyabr, 2019, Baxılıb:1259, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com