Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış

İmam Hüseynin (ə) şəhadətindən sonra zahirdə Bəni-Üməyyənin hakimiyyəti qarşısında hər hansı ciddi maneə qalmamışdı. Yezidin bacarıqsızlığı Hicazda Abdullah ibn Zübeyrə hökumətə qarşı mübarizəyə qalxmaq cürətini verdi.

Abdullah vaxtilə Cəməl savaşının baiskarlarından biri olsa da, İmam Hüseyn (ə) Məkkədə olduğu müddət ərzində siyasi mənfəət üzündən onunla yaxşı münasibətlər qurmağa çalışmışdı. Əslində Abdullahın arzusu bu idi ki, İmam Hüseyn (ə) Kufəyə getsin və Hicaz torpaqları ona (Abdullaha) qalsın. Hadisələr onun istəyincə baş verdi, İmamın (ə) şəhadətindən sonra Hicazda Abdullaha rəqib ola biləcək bir şəxs qalmadı. Amma ilk dövrlərdə Abdullah açıq şəkildə mübarizə səhnəsinə qədəm qoymağa çəkinirdi. Hətta öz məqsədini ört-basdır etmək üçün belə təsəvür yaradırdı ki, guya hakimiyyətə təklikdə yiyələnmək istəmir və seçkini şuranın öhdəsinə buraxmaq niyyətindədir. Bununla yanaşı, Abdullah gizlində Hicaz əhalisindən özü üçün beyət alırdı.

Yezid Kərbəla faciəsinin yarada biləcəyi nəticələrdən narahat olduğu üçün Abdullah ibn Zübeyrlə barışıq əldə etməyə cəhd göstərdi. O, Abdullah üçün hədiyyələr yolladı, amma Abdullah bu addımdan cürətlənib, danışıq təklifini rədd etdi və açıq müxalifətə başladı. Məkkə və Mədinə camaatının bir hissəsi ona beyət etdi.

Yezid ikinci dəfə Abdullahın yanına elçi göndərib, onu yarıxoş-yarızor tabeçiliyə çağırdı. Abdullah bu dəfə də imtina etdi. O, Yezidin hakimiyyətə layiq olmadığını söyləyib, əslində onun zülmündən Məkkəyə pənah gətirdiyini və burada özünü hərəm göyərçinlərindən biri kimi (amanda) hiss etdiyini bildirdi.

Yezid Abdullahın qarşısında sakit durmağın ziyana işlədiyini başa düşüb, qətiyyətli addım atmaq qərarına gəldi. Vaxt itirmək Abdullahın Hicazda güclənməsinə səbəb ola bilərdi. Yezid Mədinə valisi Səid ibn Asa göstəriş verdi ki, Abdullaha qarşı hərəkətə keçsin. Mədinə valisi Abdullah ibn Zübeyrin atabir qardaşı Əmr ibn Zübeyri (onun anası Bəni-Üməyyədən idi və özü də Yezidin xidmətində idi) qoşunun başında Məkkəyə yolladı. Məkkə yaxınlığında tərəflər qarşılaşdı. Döyüşdə Əmr məğlub olub əsir düşdü və Abdullahın zindanında öldü.

Bundan sonra Hicazda Abdullahın mövqeyi daha da möhkəmləndi, Mədinə camaatının da əksəriyyəti ona qoşuldu. Yezid Səid ibn Asın bacarıqsızlığını görüb, Bəni-Üməyyədən olan Vəlid ibn Ütbəni onun yerinə Mədinəyə vali təyin etdi. Zübeyr bu qərarla razılaşmayıb Yezidə xəbər yolladı ki, şəhərə layiqli birini vali qoysun. Yezid onunla hesablaşmalı oldu və bu dəfə onun əmisi oğlu Osman ibn Mühəmməd ibn Əbu Süfyan Mədinə hakimi seçildi. Zübeyr Hicazı qarış-qarış ələ keçirməkdə davam edirdi. Tezliklə Məkkə, Mədinə, Taif kimi şəhərlər tamamilə onun ixtiyarı altına keçdi və buradakı Əməvi tərəfdarları təzyiq qarşısında qaçmağa məcbur oldular. Bundan sonra Yezid anladı ki, Abdullaha Hicazdakı qoşunlarla qalib gəlmək mümkün deyil, bunun üçün Hicaza Şamdan ordu yeridilməlidir.

Tarixdə Hərrə faciəsi kimi qalmış dəhşətli qırğın həmin dövrdə baş verdi. Hərrə Mədinə şəhərinin ətrafında, həm şərq, həm də qərb tərəfdə yerləşən daşlı-çınqıllı əraziyə deyilir. Hicri 63-cü ilin zilhiccə ayının sonlarında (miladi 683-cü il) Mədinənin qərb tərəfindəki daşlıq yerdə (Hərrədə) şəhər müdafiəçiləri ilə Şam qoşunu arasında amansız döyüş baş verdi.

Hərrə faciəsinin səbəbləri barədə bir neçə nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə (bunu Yəqubi və İbn Qüteybə qeyd edirlər) Yezidin Mədinə valisi şəhərdəki külli miqdarda qiymətli əşyanı Yezid üçün Şama aparmaq istəyərkən əhali buna etiraz etmiş və qarşıdurma yaranmışdı. Nəticədə, Mədinədəki bütün Əməvi soyunun nümayəndələri qovuldu və Yezid Mədinəyə qoşun yeritdi.

İkinci nəzəriyyəyə görə (bu nəzəriyyəni Təbəri müdafiə edir), Yezidin təyin etdiyi yeni Mədinə valisi Osman ibn Mühəmməd narazılığı yatırmaq üçün qərara gəldi ki, şəhər böyüklərindən ibarət bir nümayəndə heyəti toplayıb Şama göndərsin. Məqsəd bu idi ki, Yezid bu şəxslərlə görüşüb onlara hədiyyələr versin və öz tərəfinə çəksin. Lakin Şamdan qayıdan nümayəndələr nəinki Yezidi tərifləmədilər, əksinə, onun heç müsəlman adına layiq olmadığını söylədilər: “Onun heç dini də yoxdur, onun yanında mahnı çalıb-oxuyurlar, özü də şərab içir, itlərlə oynayır!”

Üsyan qaldırmış Mədinə camaatının kimin tərəfində olması barədə fikir ayrılığı vardır. Bəzi tarixçilər (Bəlazuri, Əbulfərəc kimi) onların Abdullah ibn Zübeyrə beyət etdiklərini və bu beyət üzündən Yezidə qarşı döyüşdüklərini yazmışlar. Hətta Hərrə faciəsindən sonra Abdullahın öz silahdaşlarına belə dediyi rəvayət edilib: “Sizin dostlarınız bu faciədə öldürüldülər”. Bəzi alimlər isə onların İbn Zübeyr tərəfdarı olmalarını inkar edir.

(məqalə Rəsul Cəfərianın “Xəlifələr tarixi” kitabının əsasında hazırlanmışdır)


Yerləşdirilib:18 Oktyabr, 2019, Baxılıb:1512, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com