“Fatihə” surəsinin təfsiri

On üçüncü hissə

((Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html; http://az.islam.az/article/a-1049.html; http://az.islam.az/article/a-1050.html; http://az.islam.az/article/a-1051.html; http://az.islam.az/article/a-1055.html; http://az.islam.az/article/a-1056.html; http://az.islam.az/article/a-1063.html)

İkinci ayə: “əl-Həmdu lillahi Rəbbil-aləmin”

Allahın köməkçiyə və şərikə ehtiyacı yoxdur

Qədim Misirdə pərəstiş olunan tanrıların sayı iki mini ötüb-keçirdi! (M.Abadani. Dünya dinləri və məzhəbləri tarixi, 1-ci cild, səh. 96). Hər inzibati vahidin öz tanrılar aləmi vardı. Müəyyən tarixi dövrlərdə dini-əqidəvi, siyasi-iqtisadi səbəblər üzündən tanrılardan biri baş tanrı məqamına qaldırılır və onun kultu inkişaf etdirilirdi. Qədim Misirin ən məşhur rəbbün-növləri Osiris, Amon, Qor, Anubis, Set, Aton, Ra, Tot və s. adlarını daşıyırdı. Günəşin oğlu Qorun yerdəki təcəssümü və Osirisin varisi hesab olunan fironlara pərəstiş kultunu da bura əlavə etsək, qədim Misirin tanrılar aləminin nə qədər rəngarəng olduğu daha aydın görünər.

Qədim Yunansıtanda on iki mindən çox tanrıya pərəstiş olunurdu. Yağış, Günəş, dəniz, əkinçilik, müharibə, sevgi, axirət, od, heyvandarlıq, incəsənət və sairə sahələrin hər birini bir və ya bir neçə tanrı idarə edirdi. Onların içindən on iki tanrı aparıcı sayılır və Olimp adlı dağda yaşayırdı. Baş tanrı Zevs onlara rəhbərlik edirdi. Olimpin sakinləri bunlardan ibarət idi: Zevs (baş tanrı), Hera (Zevsin arvadı, evlənmək ilahəsi), Afina (zəka, istedad və incəsənət ilahəsi), Artemis (Ay tanrısı), Afrodita (gözəllik və eşq ilahəsi), Demetra (əkinçilik ilahəsi), Apollon (işıq tanrısı), Hermes (yağış tanrısı), Ares (müharibə tanrısı), Hefest (od və dəmirçilik tanrısı), Poseydon (dəniz tanrısı) və Hestiya (ailə, sənətkarlıq və elm ilahəsi).

Qədim yunanların tanrıları insan sifətində təsəvvür edilirdi, onlar yarıbəşəri-yarıilahi xüsusiyyətlərə sahib idilər. Tez-tez bir-birinin işinə qarışır, gah qalib gəlir, gah məğlub olur, sevir, evlənir, gülüb-ağlayır, bəzən insanlara yardım göstərir, bəzən də aranı qızışdırıb fitnəkarlıq edirdilər.

Qədim Romanın tanrılar aləmi bundan daha zəngin idi. Hətta onları iki qrupa bölürdülər: ailəvi (hamıya aid olan) tanrılar və hökumət tanrıları (hakimiyyətə qulluq edən qüvvələr). Sayı otuz mini ötüb-keçən bu böyük “tanrılar ordusu”nda kimə istəsən rast gəlmək olardı: əkinçilik, mətbəx, qida anbarı, od, meyvə, meşə, şəhər darvazası tanrıları və s.

Romalılar qədim yunanların tanrılarını mənimsəyərək, adlarını dəyişdirdilər və cüzi dəyişikliklə öz tanrılarına çevirdilər. Belə ki, yunanların Zevsi artıq Yupiterə çevrildi. Minerva (Afina), Yunona (Hera), Mars (Ares), Neptun (Poseydon), Merkuri (Hermes), Venera (Afrodita), Diana (Artemis), Pluton (Aid, yeraltı aləmin tanrısı), Saturn (Kronos) və s. aparıcı tanrılar hesab edilirdı. Bunların üçü daha əhəmiyyətli və güclü sayılır, “üçlüyü” təşkil edirdi: Yupiter, Yunona və Minerva (Təfsiri-nümunə, 1-ci cild, səh. 33; M.Abadani. Dünya dinləri və məzhəbləri tarixi, 1-ci cild, səh. 120-121).

Qədim zərdüşti dinində Zirvan baş tanrı, Hörmüz xeyir tanrısı və Əhrimən şər tanrısı sayılırdı. Hinduizmdə müqəddəs sayılan 3333 tanrıdan üçünə pərəstiş kultu çox güclü idi: Brahma, Şiva və Vişnu (yaxud Krişna).

İslamdan əvvəlki Ərəbistanda isə minlərlə bütə pərəstiş olunurdu. Hər məntəqənin, hər qəbilənin xüsusi bütləri vardı. Daş, ağac, qiymətli cəvahirat və sairə materiallardan yonulmuş bütlər insan, heyvan, quş, həndəsi fiqur və başqa formalarda idi. Elə yalnız Kəbədə 360 büt qoyulmuşdu; bunların ən böyüyü və üstünü Hübəl sayılırdı. Nəinki hər qəbilə, hətta qəbiləni təşkil edən hər ailə bütlərə malik idi. Ərəblər inanırdılar ki, bu məxsusi büt onların ailəsini himayə edir. Kasıb ailələr büt yondura bilmədikləri üçün əl altında olan materiallardan özləri üçün büt düzəldirdilər. Bəzi ailələrin bütü xəmirdən və ya xurmadan yoğrulub qurudulurdu. Həmin bütə pərəstiş edir, şiddətli aclıq vaxtı isə... onu yeyirdilər (!)

Bir şairin dediyi kimi:

Bəşərin böylə zəlalətləri var,

Bütünü kəndi yapar, kəndi tapar.

Yəni bəşəriyyət bəzən zəlalətə (azğınlığa) düşər. İnsan öz əlləri ilə büt hazırlayar və sonra o bütə tapınar.

Allah-Taala “Fatihə” surəsinin ikinci ayəsi ilə bütün batil əqidələrin üzərindən xətt çəkdi. “Əl-Həmdu lillahi Rəbbil-aləmin” ayəsi bizə qətiyyətlə bunu bəyan edir ki, məhdud qüdrətə malik olan tanrılara, rəbbün-növlərə inanmaq kökündən yanlış əqidədir. Bütün kainatın vahid Rəbbi vardır. Bu vahid qüvvə bütün aləmləri idarə edir. “Rəbbül-aləmin” adlı qüvvənin nüfuz dairəsi bir sahə ilə məhdudlaşmır. Amma insanlar cahillik üzündən elə güman etmişlər ki, vahid qüvvə bu qədər işin öhdəsindən gələ bilməz. Əslində isə tək olan Allah hər şeyə qadirdir və heç nə ilə məhdudlaşmaz.

Quranın digər ayələrində də Allahın sifətləri açıqlanır. Bütün qondarma tanrılardan daha üstün olan vahid qüvvənin ehtiyacsız, ən qüdrətli, ən elmli, ən hikmətli, hər şeyi görən, eşidən və bilən, ruzi verən, bağışlayan, rəhmli, eyni zamanda zalımlara qarşı sərt olduğu bildirilir. Quranın ilk surəsi olan “Fatihə”dən başlayaraq, son surələri olan “İxlas”, “Fələq” və “Nas” surələrinə kimi hər yerdə Allahın xüsusiyyətləri bəyan edilir. Bununla da Quranı oxuyan kəsdə Allah haqqında ətraflı və bütöv təsəvvür formalaşır.


Yerləşdirilib:8 Oktyabr, 2019, Baxılıb:627, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com