Sünnəyə əsasən yeddi ən faydalı qida hansıdır?

Biz özümüzə qida seçərkən ilk növbədə onun faydalı xüsusiyyətlərinə diqqət yetiririk. Sirr deyil ki, təbiətin bu və ya digər nemətindən istifadə etmək xəstəlikləri sağaldır, bədən orqanlarının fəaliyyətini yaxşılaşıdırır, xəstəliklərə qarşı profilaktik tədbir rolunu oynayır.

Mübarək sünnədə ayrı-ayrı qida növləri barədə müsəlmanlara tövsiyələr verilir. Həzrət Mühəmməd Peyğəmbər (s) qida seçiminə özü diqqət yetirir, möminlərə də bunu məsləhət görürdü. Aşağıdakı məqalədə hədislərdə ən faydalı qida kimi xatırlanmış yeddi nemət barədə məlumat verilir.

1. Qara çörəkotu (qara zirə, tmin)

Bir çox ölkələrdə bu bitkidən ədviyyat kimi istifadə edilir. Onun toxumlarının tərkibinə çoxlu faydalı maddələr daxildir, bu da qara zirəyə müalicəvi özəllik verir.

Hələ qədimlərdən bəri Asiya və Afrikada qara zirənin toxumu və ondan hazırlanmış yağ dərman kimi işlədilib. Müsəlman mətbəxində onu ədviyyat kimi qənnadı məhsullarına və yeməklərə qatırlar. Həmçinin, qara zirədən ət və balıq basdırmasında, salatda da istifadə edilir.

Həzrət Mühəmməd Peyğəmbər (s) bu bitki haqqında buyurub: “Qara zirədən yemək zamanı istifadə edin, çünki o, ölümdən başqa bütün xəstəliklərin dərmanıdır” (Sünəni-Tirmizi, Sünəni-İbn Macə, Müsnədi-Əhməd).

Müasir alimlərin tədqiqatları Peyğəmbərin (s) bu kəlamının doğruluğunu sübuta yetirir. Həqiqətən, qara zirə soyuqdəymə, angina, damar xəstəlikləri, xərşəng şişləri, böyrək daşı, bağırsaq qurdları, babasil, diareya kimi geniş yayılmış xəstəlikləri sağaldır. Eləcə də, bu bitki xəstəliklərin neydana gəlməməsi üçün profilaktik vasitə rolunu oynayır.

2. Xurma

Xurmanın da insana çox faydası vardır. Onun ən mühüm özəlliyi sağlamlığı möhkəmləndirməsi və uzunömürlülüyə yol açmasıdır.

Xurmanın müalicəvi xüsusiyyətləri hələ qədim zamanlardan bəşəriyyətə məlumdur. Bu bitkinin meyvələrinin tərkibinə 23 növ amin turşusu daxildir, bu turşular digər meyvələrdə rast gəlinmir. Həmçinin, xurmanın tərkibindəki triptofan maddəsi orqanizmin qocalmasının qarşısını alır və beyin hüceyrələrinin fəaliyyətni təmin edir.

Xurma Ramazan ayında oruc tutan şəxslər üçün xüsusilə faydalıdır. Elə buna görə mübarək sünnədə orucun iftarını xurma ilə açmaq müstəhəb sayılır. Bir neçə ədəd xurma yedikdən sonra insanın aclığı zəifləyir, bu da onun çox yeməsinin qarşısını alır. Orucluq ayında axşam iftarı zamanı çox yeməyin nə qədər zərərli olduğunu yəqin ki, hamımız bilirik. İftar süfrəsindən qabaq yeyilən bir neçə xurma axşam namazlarını qılmaq üçün insana qüvvət verir.

Peyğəmbərin (s) xurma barədə bu hədisi məşhurdur: “Xurma zəhərlənməni sağaldır” (Sünəni-Tirmizi).

3. Zeytun

Zeytunun faydası barədə bunu xatırlatmaq kifayətdir ki, bu meyvənin adı Quranın bir neçə surəsində çəkilir. Allah Qurani-Kərimdə zeytuna and da içir: “And olsun əncirə və zeytuna” (Tiyn surəsi). Qurani-Kərimdə bu bitki adətən digər meyvələrlə yanaşı xatırlanır. Belə ki, zeytunun adı əncir, üzüm, nar, xurma kimi meyvələrlə birlikdə çəkilir. Ayələrin birində isə zeytunun mübarək Siyna dağında bitdiyi buyurulur (Möminun, 20. Siyna dağı Həzrət Musaya (ə) vəhy verildiyi yerdir).

Zeytunun tərkibində çoxlu miqdarda vitamin və mineral vardır. Öz tərkibinə görə zeytun aşağıdakı xəstəliklər zamanı əvəzolunmaz müalicə vasitəsi sayılır: ateroskleroz, həzm pozuntusu, anemiya, artrit, artroz, piylənmə və s. Bundan əlavə, zeytun insanın cinsiyyət üzvlərinin fəaliyyətini yaxşılaşdırır, qan dövranını normal hala gətirir.

Peyğəmbərin (s) hədislərində zeytun yağının faydaları barədə çoxlu tövsiyələrə rast gəlirik. Hədislərin birində buyurulur: “Zeytun yağından yemək zamanı istifadə edin, onu bədəninizə sürtün. Onda cüzam da daxil olmaqla yetmiş dərdin dəvası var” (Möcəmi-Təbərani). Başqa bir hədisdə oxuyuruq: “Zeytun yağını için, onu bədəninizə də sürtün. Çünki o, mübarək ağaclardandır” (Sünəni-Tirmizi, Müsnədi-Əhməd). Həqiqətən, Quranın məşhur Nur ayəsində zeytun ağacı “mübarək ağac” adlandırılır (Nur, 35).

(ardı var)


Yerləşdirilib:19 Sentyabr, 2019, Baxılıb:1492, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com