Günahları tanıyaq

Birinci bölüm

Qurani-Kərimin müqəddəs ayələrində günah məfhumu bir neçə fərqli kəlmələrlə ifadə edilmişdir. Quran mütəxəssislərinin fikrincə, Müqəddəs Kitabda günah anlayışını ifadə edən 17 sözə rast gəlirik: zənb, məsiyət, ism, səyyiə, cürm, həram, xətiə, münkər, fahiş, şərr, vizr və s. Bu ifadələrin hər birinin öz məna incəliyi vardır və günahın fərqli aspektlərini özündə ehtiva edir. Məsumların hədislərində isə bunlardan əlavə, günah mənasını verən “cərirə”, “zillət”, “cinayət” kimi sözlərə də rast gəlirik.

Hansı əməllərin günah sayılmasının meyarları çoxdur. Bu meyarlardan biri də Quranda bəzi əməl sahiblərinə lənət deyilməsidir. Allahın lənət oxuduğu bir əməlin günah olması inkaredilməzdir. Allahın rəhməti böyükdür və hər şeyi əhatə edər: “Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!” (Əraf, 156).

Lakin günahkarlar bu rəhmətdən uzaq və məhrumdurlar. Lənət – ilahi rəhmətdən məhrum qalmaq deməkdir. Günahkar insan dənizin ortasına düşmüş top kimdir. Hər tərəf su olsa da, topun daxilinə su keçməz və quru qalar. Günahkar insan rəhmət dənizinin ortasında qərar tutsa da, bundan faydalana bilməz. Qurani-Kərimdə 18 dəstəyə lənət deyilir: kafirlər və müşriklər, inadkar yəhudilər, mürtədlər (dindən dönənlər), qanunu pozan hiyləgərlər, əhdi pozanlar, haqqı gizlədənlər, fəsad yayanlar, çoxsifətli münafiqlər, Peyğəmbərə (ə) əzab-əziyyət verənlər, zalımlar, qatillər, İblis, iffətli qadınlara zina böhtanı atanlar, doğru yolun rəhbərlərinə qarşı çıxanlar, şayiə yayanlar, yalançılar və kirli qəlbə malik olanlar.

Günahlar ağırlıq dərəcəsinə görə iki qismə bölünür: böyük günahlar (kəbirə) və kiçik günahlar (səğirə). Bu təsnifat Qurani-Kərimə əsaslanlır. Quranda buyurulur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq” (Nisa, 31).

Başqa bir ayədə də günahların böyük və kiçik olmaq üzrə iki qrupa bölündüyünün şahidi oluruq: “(Qiyamət günündə günahkarlar öz əməl dəftərlərini görüb) belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” (Kəhf, 49).

Daha bir neçə ayədə də böyük günahlardan bəhs edilir (məsələn: Nəcm, 32; Şura, 37). Nisa surəsinin 48-ci ayəsində Allaha şərik qoşmaq böyük günah kimi təqdim olunur.

“Üsul əl-Kafi” kitabında böyük günahlar mövzusuna ayrıca bab həsr edilmişdir ki, burada 24 hədis mövcuddur. Hədislərdən məlum olur ki, Allahın cəhənnəm əzabı vədəsi verdiyi əməlləri məsumlarımız böyük günahlardan hesab etmişlər. Müxtəlif hədislərdə yeddi, on doqquz, qırx və ya əlli iki əməl böyük günah adlandırılır. Nümunə kimi qeyd edək ki, “Üsul əl-Kafi”dəki bir hədisə əsasən, Əmr ibn Übeyd İmam Cəfər Sadiqdən (ə) böyük günahlar barədə soruşmuş və onları Quran əsasında tanıtdırmağı xahiş etmişdi. İmam Sadiq (ə) bu xahişə cavab olaraq, on doqquz əməlin adını çəkdi və bunların hər birinin böyük günah olmasını Quran ayələri ilə əsaslandırdı. Həmin əməllər aşağıdakılardır: Allaha şərik qoşmaq, Allahın rəhmətindən ümidsiz olmaq, Allahın əzab vədəsindən qafil qalmaq (yəni Allahın əzab vədəsinə etinazsız yanaşıb, günahlara davam etmək), valideynə ağ olmaq, günahsız insanı qətlə yetirmək, ismətli qadına zina iftirası atmaq, yetim malını yemək, cihad cəbhəsindən qaçmaq, sələmçilik etmək, sehr və cadu ilə məşğul olmaq, zina etmək, günah məqsədi ilə yalandan and içmək, müharibə qənimətlərinə xəyanət etmək (haqsız yerə qəniməti mənimsəmək), vacib olan zəkatı ödəməmək, yalandan şahidlik etmək və haqqı gizlətmək, şərab içmək, namazı və ya vacib olan başqa bir şəriət hökmünü qəsdən tərk etmək, əhdi pozmaq və qohumlarla əlaqəni kəsmək (əl-Kafi, 2-ci cild, səh. 285-287).

(məqalədə Möhsin Qiraətinin “Günahtanıma” kitabından istifadə edilmişdir).


Yerləşdirilib:4 Sentyabr, 2019, Baxılıb:1174, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com