“Fatihə” surəsinin təfsiri

Onuncu hissə

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html; http://az.islam.az/article/a-1049.html; http://az.islam.az/article/a-1050.htmlhttp://az.islam.az/article/a-1051.html)

(İkinci ayə - “Əlhəmdu lillahi Rəbbil-aləmin”)

Aləmlərin Rəbbi

Ayədəki “aləmin” (aləmlər) sözünün mənasını müxtəlif təfsirçilər fərqli şəkillərdə izah etmişlər. Məlumdur ki, zaman, məkan və başqa xüsusiyətlər baxımından bir-biri ilə əlaqəsi olan cisimlərin məcmusuna “aləm” deyilir. Məsələn, cəmadat aləmi (cansız aləm) və heyvanat aləmi (canlı aləm), uşaqlıq aləmi, dünya aləmi, axirət aləmi və s.

Bəzi təfsirçilər ayədəki “aləmin” kəlməsini bu aləmdə yaşayan insanlara aid etmişlər. Yəni onların fikrincə, “rəbbül-aləmin” bu aləmdəki insanların rəbbi deməkdir. Şeyx Mühəmməd Rəşid Riza “əl-Mənar” təfsirində bu fikrin sübutu üçün bir neçə hədis göstərir və Quranın Fürqan surəsinin birinci ayəsində “aləmin” sözünün insanlar mənasında işləndiyini bildirir. Həmin ayədə deyilir:

“Aləmləri (Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Mühəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur!” (Fürqan, 1).

Bəzi təfsirçilər “aləmin” kəlməsinin çox geniş mənalar daşıdığını iddia edərək, Quranın aşağıdakı ayələrini sübut gətirmişlər:

“Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (Casiyə, 36).

“Firon dedi: “Aləmlərin Rəbbi nədir?” (Musa: ) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!” – deyə cavab verdi” (Şüəra, 23-24).

Göründüyü kimi, bu ayələr Allahı nəinki insanlardan ibarət olan aləmin, həm də müxtəlif canlı növləri və cansız cisimlərlə dolu olan səmaların, yerin və bütün kainatın rəbbi kimi tanıtdırır. İmam Əliyə (ə) aid olan bir hədisdə də bu fikrin təzahürünü görürük: “Aləmlər hər növ cansız və canlı məxluqatın məcmusudur” (Nurüs-səqəleyn təfsiri, 1-ci cild, səh. 17).

Alimlərin bir qismi ayədəki “aləmin” ifadəsini dünya və axirət aləmləri kimi təfsir etmişlər. Bəziləri isə müasir makro-aləm və mikro-aləm anlayışlarına uyğun gələn bir nəzəriyyə ilə çıxış etmişlər. Bu nəzəriyyəyə görə, hər insan kiçik aləmdir, ətraf mühit isə böyük aləmi təşkil edir. Həqiqətən, insan nizam-intizamla qurulmuş və müxtəlif tərkib hissələrindən ibarət aləmə bənzəyir. Həzrət İmam Əli ibn Əbutalib (ə) öz şeirlərinin birində (Divani-Əmirəl-möminin, 599-600-cü beytlər) insana üz tutaraq buyururdu:

Dərman sənin öz içindədir, amma dərk etmirsən,

Dərd də sənin özündədir, amma görmürsən.

Elə zənn edirsən ki, sən xırda bir zərrəsən?

Halbuki, səndə böyük bir aləm gizlənib!

Hətta bir qədər də irəli gedib deyə bilərik ki, insan müxtəlif aləmlərin məcmusunu xatırladır. Eyni bir orqanizmdə həzm, sinir, əsəb, cinsiyyət, ifrazat, tənəffüs, qan dövranı kimi bir neçə sistem (aləm) tam əlaqəli surətdə fəaliyyət göstərir. Elə insanın emosional aləmi təklikdə götürülsə, nə qədər zəngin və mürəkkəb olduğu aşkara çıxar!

Nəhayət, bəzi müfəssirlər bu ayəni başqa bir neçə ayə və hədislə birlikdə yerdənkənar sivilizasiyaların mövcudluğuna sübut kimi göstərmişlər. Onların fikirncə, ayədəki aləmin – bizim yaşadığımız Yer planetindən əlavə, başqa canlı aləmlərin də varlığına işarədir. Qeyd edək ki, Qurani-Kərimin daha bir neçə ayəsi də bu fikrin doğruluğuna sübut kimi istifadə edilə bilər. Yerdənkənar sivilizasiyaların mövcudluğuna işarə kimi dəyərləndirilə bilən ayələrdən bəziləri bunlardır:

“Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!” (Şura, 29).

“Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!” (Nəhl, 49-50).

“Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!” (İsra, 44).


Yerləşdirilib:23 Avqust, 2019, Baxılıb:1425, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com