Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış

Dördüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-1047.html; http://az.islam.az/article/a-1048.htmlhttp://az.islam.az/article/a-1053.html)

Nəcəfi-əşrəfdə Azərbaycanla bağlı ikinci mədrəsə isə İrəvani mədrəsəsidir. Mədrəsə hicri 1305-ci ildə (miladi 1887/88-ci illərdə) əslən irəvanlı olan Hacı Mehdi İrəvani adlı imkanlı bir şəxsin maddi yardımı ilə tikilməyə başlamışdı. Deyirlər ki, Hacı Mehdi Nəcəfdə öz həmyerlisi Fazil İrəvaninin görüşündə olarkən, azərbaycanlı bir tələbə Fazil İrəvaninin yanına gəlir və öz şikayətini böyük alimə çatdırır. Sən demə, Nəcəf mədrəsələrindən birində məskunlaşmış bu azərbaycanlı tələbəni sair tələbələr incidir və mədrəsədən uzaqlaşdırmaq istəyirlər. Məlum olur ki, Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi də bu problemlə üz-üzə qalıb. Hacı Mehdi İrəvani elə oradaca yeni bir mədrəsə tikdirmək niyyətini elan edir, mədrəsəyə rəhbərlik ixtiyarını da Fazil İrəvaniyə həvalə edir. Yalnız bunu şərt qoyur ki, özü vəfat etdikdən sonra həmin mədrəsədə dəfn edilməsinə icazə verilsin.

Fazil İrəvani bu mədrəsəni azərbaycanlı, məxsusən, irəvanlı tələbələrə vəqf etmişdi. Lakin alimin özünə mədrəsə tikintisinin tamamlanmasını görmək qismət olmur. Fazil İrəvani hicri 1306-cı (miladi 1888-ci) ildə dünyasını dəyişir və həmin mədrəsədə torpağa tapşırılır. Mədrəsəni inşa etdirən Hacı Mehdi İrəvani də, öz vəsiyyətinə və şərtinə əsasən, mədrəsənin şimal qapısının yaxınlığında dəfn edilib.

İrəvani mədrəsəsi təqribən iki ilə tikilir. Hicri 1307-ci ildə (1889/90-cu illər) mədrəsənin ikinci mərtəbəsinin tikintisi başa çatır. İkimərtəbəli mədrəsə 300 kv.m. sahəyə və 19 hücrəyə malik idi. Bina mərhum mərceyi-təqlid Ayətullah əl-üzma Seyyid Əbülhəsən İsfahaninin evinin yaxınlığında yerləşir. Cəfər əl-Xəlili “Mövsuət əl-ətəbat əl-müqəddəsə” kitabında (VII cild, II hissə, səh. 141) yazır ki, bu mədrəsədə 24 nəfər tələbə məskunlaşmışdı ki, onların da əksəriyyətini türklər (yəni azərbaycanlılar) təşkil edirdi. Sonralar mədrəsə İraq rejimi tərəfindən dağıdılmışdır.

Bunlardan əlavə, Nəcəfi-əşrəfdəki Türklər məscidi də azərbaycanlı tələbələrin mühərrəm ayında əsas əzadarlıq məkanlarından sayılırdı. Məscidin tikintisi “xatəm əl-füqəha və-l-müctəhidin” (fəqihlərin və müctəhidlərin möhrü) ləqəbi ilə tanınan mərhum Şeyx Mürtəza Ənsarinin (1799-1864) adı ilə bağlıdır. Yüksək elmi mövqeyinə baxmayaraq, Şeyx Ənsari son dərəcə sadə və zahidanə həyat sürərdi. Hətta daimi evi belə, yox idi və kirayə etdiyi evdə yaşayırdı.

Şeyx Ənsariyə təqlid edən şəxslərdən biri həcc ziyarətinə gedərkən yolüstü Nəcəfdən keçir. Həmin adam Şeyx Ənsari ilə görüşüb ona bir miqdar pul verir və deyir: “Bu pulu halal zəhmətimlə qazanmışam, xümsünü və zəkatını da vermişəm. Sizin evsiz olduğunuzu eşitdim. Bu pulu sizə verirəm ki, özünüzə ev alıb rahat yaşayasınız. Bu qədər tələbəniz və qonağınız olduğu üçün, şəxsi evə ehtiyacınız var”.

Şeyx Ənsari təşəkkür edib pulu alır, həmin adam yoluna davam edib həccə gedir. Alim isə həmin pulla Nəcəfin məhəllərindən birində məscid tikdirir. Həmin məhəllənin sakinləri yaxınlıqda məscid olmadığı üçün camaat namazı qılmağa çətinlik çəkirdilər.

Pulu verən adam Məkkədən qayıdanda yenə yolunu Nəcəfdən salır, Şeyxin yanına gəlir. Söhbət əsnasında maraqlanıb Şeyx Ənsaridən soruşur ki, özünüzə ev aldınızmı? Şeyx cavab verir: “Almadım, tikdirdim. İstəyirsənsə, gedək, evimi sənə göstərim”. Şeyx Ənsari həmin adamı özü ilə götürüb məscidə gəlir. Məscidin qapısından girəndə deyir: “Bax, tikdirdiyim ev budur”. Şeyxin müsahibi heyrətlə deyir: “Mən bu pulu sizə məscid tikmək üçün yox, özünüzdən ötrü ev tədarük etmək üçün vermişdim”. Şeyx Mürtəza Ənsari isə ona belə cavab verir: “Mən özümdən ötrü yox, Allahdan ötrü ev tikdirdim. Öz evim ancaq mənim ixtiyarımda olacaqdı, məndən sonra varislərim ya orada yaşayacaq, ya da onu satacaqdılar. Amma bu məscid əsrlər keçdikcə müsəlmanlara xidmət edəcək. Heç kimin onu satmağa, bağışlamağa, sökməyə haqqı yoxdur. Burada qılınacaq namazların savabından sənə də pay düşəcək”.

Buranı “Şeyx Ənsarinin məscidi” də adlandırırlar, lakin məşhur adı “Türklər məscidi”dir. Bu adın verilməsinin səbəbi haqqında deyirlər ki, həmin məscidə Azərbaycan türkləri (həm şimallı, həm də cənublu) daha çox gəlirdilər. Xüsusilə, mühərrəmlik mövsümündə Nəcəfin azərbaycanlı tələbələri bu məsciddə təziyə saxlayırdılar. Şeyx Ənsari özü də həmin məsciddə camaat namazı qıldırır, dərs təşkil edirdi. Ondan sonra ən ünlü mərceyi-təqlidlərdən sayılan Ayətullah əl-üzma Seyyid Mühəmməd Kazim Yəzdi (məşhur “Ürvət əl-vüsqa” kitabının müəllifi) Türklər məscidində camaat namazlarına imamlıq edir dərs deyirdi. Daha sonralar Ayətullah əl-üzma Seyyid Əbdülhadi Şirazi, Ayətullah Seyyid Həsən Xərsan da bu məsciddə fəaliyyət göstərmişlər. Ayətullah əl-üzma Xomeyni də İraqda sürgündə olduğu illərdə Türklər məscidində imamlıq etmişdi.

Məscid 1941-ci ildə təmir edilmiş, 1999-cu ildə isə sahəsi genişləndirilmiş, ətrafında dəstəmazxana və köməkçi binalar tikilmişdir.


Yerləşdirilib:19 Avqust, 2019, Baxılıb:1157, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com