“Fatihə” surəsinin təfsiri

Doqquzuncu hissə

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html; http://az.islam.az/article/a-1049.htmlhttp://az.islam.az/article/a-1050.html)

(ikinci ayə - “əl-Həmdu lıllahi Rəbbil-aləmin”)

Həmd edərkən həddən artıq təmtəraqlı ibarələr işlətmək və xüsusi ayinlər icra etmək lazım deyil, əsas şərt niyyətin xalisliyidir. Allaha təmiz qəlblə, tam səmimiyyət və ixlasla bircə dəfə “əl-həmdu lillah” deyə həmd etmək kifayətdir. Səhabələrdən biri rəvayət edir ki, bir gün İmam Cəfər Sadiqin (ə) atı itdi. İmam buyurdu ki, əgər at tapılsa, Allaha layiq olduğu şəkildə şükr edəcəyəm. Az sonra atı tapıb gətirdilər. İmam bircə dəfə buyurdu: “Əl-həmdu lillah”. Yanındakılardan biri İmamdan qeyri-adi təmtəraqlı şükr gözlədiyi üçün soruşdu: “Sənə fəda olum, məgər demədinmi ki, Allaha layiq olduğu kimi şükr edəcəyəm?” İmam Sadiq (ə) də ona sualla cavab verdi: “Məgər eşitmədinmi ki dedim: Əl-həmdu lillah?” (Üsul əl-Kafi, Kitab əl-iman və-l-küfr, şükr babı, hədis 18).

İslam mənbələrindəki hədislərə müraciət etsək görərik ki, məsum imamlar insanların Allaha həmd etməsini yüksək qiymətləndirmiş, hər bir nemətin Allah tərəfindən verildiyini, başqa şəxslərin yalnız vasitəçi olduğunu dərk edən insanları razılıqla qarşılamışlar.

Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabələri ilə birlikdə Minada (Məkkə yaxınlığında həcc əməlləri icra edilən məkanların birində) üzüm yeyirdi. Bir dilənçi onlara yaxınlaşıb pay istədi. İmam bir üzüm salxımını götürüb ona təklif etdi. Dilənçi qəbul etməyib pul istədi. İmam bu nankorluğu görəndə buyurdu: “İstədiyin payı Allah verər”. Dilənçi inciyib getdi, az sonra yenə qayıdıb heç olmasa, o üzüm salxımını verməsini xahiş etdi. İmam əvvəlki cavabı təkrar etdi.

Bir müddət sonra başqa bir dilənçi onlara yaxınlaşdı. İmam Sadiq (ə) süfrədən üç üzüm giləsi götürüb ona uzatdı. Dilənçi üzümləri alıb belə söylədi: “Həmd olsun aləmlərin Rəbbi olan o Allaha ki, mənə ruzi verdi”. İmam iki ovcunu üzümlə doldurub dilənçiyə verdi. Dilənçi bu payı da razılıqla aldı, “əl-həmdu lillahi Rəbbil-aləmin” söylədi.

İmam yanındakı xidmətçilərdən birinə sarı dönüb soruşdu: “Yanında nə qədər pul var?” Xidmətçi 20 dirhəm pul olduğunu söylədi. İmam tapşırdı ki, həmin məbləği dilənçiyə versin. Dilənçi pulu alıb belə dua etdi: “Əl-həmdu lillah. Ey Allah, bu nemət Səndəndir, Sən vahidsən və şərikin yoxdur”. Həzrət İmam əynindəki köynəyi çıxarıb ona bağışladı. Dilənçi köynəyi geyinib, əvvəlcə Allaha şükr etdi, sonra İmama təşəkkürünü bildirdi və çıxıb getdi.

Hədisin rəvayətçisi deyir ki, əgər o dilənçi bu dəfə də yalnız Allaha həmd etsəydi və İmamı təşəkkürə şərik etməsəydi, İmam ona yenə nə isə verəcəkdi və bu bəxşişər sonsuzluğa qədər davam edərdi (Füru əl-Kafi, Kitab əl-zəkat, Nəvadir babı, hədis 12).

Rəbb

Allahın gözəl adlarından biri və bəlkə də ən məşhuru “Rəbb”dir. Ərəb dilindən tərcümədə “rəbb” bəsləyən, tərbiyə edən mənasını verir. Dilimizdə işlənən “tərbiyə”, “mürəbbi” kimi sözlər  də bu kökdən qaynaqlanır. Məşhir lüğət alimi Rağib İsfahani yazırdı: “Rəbb – kök etibarilə tərbiyə və inkişaf etdirmək, yəni bu əşyanı malik olduğu vəziyyətdən daha kamil və son həddə çatdrmaq sözündəndir” (Rağib İsfahani. Əl-Müfrədat, “Rəbb” kəlməsi).

Qurani-Kərimdə bu kökdən qaynaqlanan 980 söz işlənmişdir. “Rəbb” kəlməsi Yaradanla bəndə arasında ən səmimi əlaqə yaradan söz olduğu üçün əksər duaların əvvəlində “Rəbbi” (ey Rəbbim) və “Rəbbəna” (ey Rəbbimiz) ifadələri vardır. Dini kitablardan məlum olur ki, izafət birləşməsi olmadan, təklikdə işlənən “Rəbb” sözü yalnız Allah-Taalaya aid edilir. Əgər “Rəbb” sözü izafət tərkibi kimi işlənərsə, Allahdan başqasına aid edilə bilər (məsələn, rəbbüd-dar – ev sahibi, rəbbüs-səfinə - gəmi kapitanı və s.).

Allah-Taala bütün varlıq aləmini Öz iradəsi ilə yaratmış, hər şeyi nizam-intizamla, öz ölçüsündə xəlq etmişdir. Lakin Allahın kainatla əlaqəsi bununla bitmir. Allah-Taala hər şeyi yaratdığı kimi həm də onu yaşadır, bəsləyir, tərbiyə edir. Kainatda olan hər şey öz varlığına görə Allaha borcludur. Əşyanın mövcudluğunun hər anı Allahla qırılmaz rabitənin sayəsində mümkündür.

Varlıq aləminin mövcudluğunun səbəbi Allahın rübubiyyət (rəbblik) sifətinin fasiləsiz təzahüründən ibarətdir. Əgər Allah hər hansı cismdən (canlı və ya cansız) Öz rübubiyyətini kəssə, həmin cism məhv olar və yoxluq halına keçər. Deməli, Allahın “Rəbb” sifəti varlıq aləminin mövcudluğunu təmin edən şərtdir.


Yerləşdirilib:17 İyul, 2019, Baxılıb:1863, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com