“Fatihə” surəsinin təfsiri

Yeddinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html)

(ikinci ayə - “əl-Həmdu lıllahi Rəbbil-aləmin”)

Allah-Taala Öz nurunu varlıq aləmindən əsirgəsə, bütün aləm yox olar. Allah sanki bir çıraq kimi kainatı nura qərq edir, onların zahir olmasına, yoxluqdan (zülmətdən) varlığa (nura) çevrilməsinə imkan yaradır. Əgər bu çıraq sönsə, hər şey zülmətə qərq olar, yox olar.

Beləliklə, aydın olur ki, İslam fəlsəfəsində müstəqil surətdə başqasından asılı olmayaraq mövcud olan yeganə varlıq Allahdır. Ondan başqa hər şeyin mövcudluğu nisbidir və möhtacdır. Elə Qurani-Kərimdəki “Allah ehtiyacsızdır” (İxlas, 2) və “Allah ehtiyacsızdır, siz isə ehtiyaclısınız” (Mühəmməd, 38) ayələri də bu həqiqəti bəyan edir.

İslam maarifində Allahın gözəl adları və gözəl sifətləri sonsuzdur. Bütün kainat Allahın ad və sifətlərinin təzahürüdür. Demək, bütün aləm elə “əsmaüllah”dır (Allahın adlarıdır) İnsan Allahın zatını dərk etməyə acizdir, ona görə də yalnız Allahın adlarını dərk edə bilər.

“Fatihə” surəsinə yazılmış təfsirlərdən birində oxuyuruq: “Allah-Taalanın müqəddəs zatı insanın dərketmə səviyyəsi üçün əlçatmaz zirvədir. Hətta bəşəriyyətin ən elmlisi və ən şərəflisi olan Sonuncu Peyğəmbər belə, ilahi zatı anlamaqda acizdir. Bu zatın məqamını Allahın Özündən başqa heç kim dərk edə bilməz. Bəşərə mümkün olan şey – Allahın adlarını (əsmaüllahı) dərk etməkdir. Allahın adları da müxtəlif məqam və səviyyələrə malikdir. Bəzi məqamları biz də anlayırıq, bəzi məqamları isə yalnız övliyalar, Peyğəmbər və ondan təlim almış şəxslər anlaya bilərlər. Bütün aləm ismullahdır (Allahın adıdır). Ad nişanə olduğu üçün aləmdəki bütün varlıqlar da Allahın müqəddəs zatının nişanələridir. Bəziləri bu nişanələrin dərinliyinə nüfuz edib necəliyini anlaya bilərlər. Bəziləri isə yığcam şəkildə yalnız nişanələrin varlığını başa düşməyə qadirdirlər...” (Ayətullah Xomeyni. Fatihə surəsinin təfsiri, səh. 7).

Kitabın başqa bir yerində deyilir: “Bütün aləm diridir və ismullahdır. Hər şey Allahın adıdır, siz özünüz Allahın adlarındansınız. Diliniz, əliniz həmd edərkən, dodaqlarınızın hərəkəti, qəlbinizin döyüntüsü, nəbzinizin vurması, əsən küləklər Allahın adlarındandır. Biz elə bilirik ki, müstəqil şəkildə mövcuduq, amma belə deyil. Əgər mövcudat aləmində təcəlla edən o şüa aradan getsə, bütün mövcudat öz varlıq şəklindən çıxar və ilkin formaya (yoxluğa, zülmətə) qayıdar. Varlığın davamı həmin təcəllaya bağlıdır. Allah-Taalanın təcəllası ilə bütün aləm var olub. Bu təcəlla və əsl nur varlığın həqiqətidir, yəni ismullahdır” (səh. 13).

Nəticə olaraq bir daha vurğulayırıq ki, kainatda hər kimə həmd edilsə, son mənada Allaha həmd edilmişdir. Allahdan savayı hər şey Allahın nişanəsi olduğu üçün bütün həmdlərin də son və həqiqi ünvanı Allahdır.

Dini və dünyəvi elmlər sahəsində zəmanəsinin yeganəsi olmuş mərhum Şeyx Bəhai (1547-1621) də Allah-Taalaya həsr etdiyi irfani şeirlərinin birində bu mövzuya toxunub. Bu şeir Bəhai tərəfindən “Xəyali” adlı şairin qəzəlinə təxmis kimi yazılıb və 7 bənddən ibarətdir. Aşağıda təxmisin bəzi bəndlərinin fars dilindən tərcüməsi verilir:

Hansı qapını döysəm, o evin sahibi Sənsən,

Haraya getsəm, sarayların nuru Sənsən,

İrfan məclislərində əsl sevgili Sənsən,

Kəbə və bütxanadan mənim məqsədim Sənsən,

Nəzərimdə tutduğum yalnız Sənsən, Kəbə və bütxana bəhanədir.

 

Bülbül çəmənlikdə gül üzündən bir nişanə gördü,

Pərvanə alovun içinə girdi və nuru aşkar gördü,

Arif Sənin üzünün sifətlərini qocada və cavanda gördü,

Yəni hər yerdə Yarın üzünün əksini görmək olar,

Divanə mənəm ki, (Səni axtararaq) qapı-qapı gəzirəm.

 

Aqil insan ağıl qanunları əsasında Sənin yolunu gedir,

Divanə hər şeyi tərk edib, sənin dinini izləyir,

Bu bağın hələ açılmamış qönçəsi belə, (Sənin) ətrini verir,

Hər kəs bir dil ilə Sənə həmd deyir –

Xanəndə qəzəl oxumaqla, bülbül öz təranəsi ilə.

(ardı var)


Yerləşdirilib:5 İyul, 2019, Baxılıb:1504, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com