Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış

Nəcəf, Kərbəla, Kazimeyn, Samirra kimi müqəddəs şəhərlər bütün dünyada olduğu kimi, Azərbaycanda da Əhli-beyt dostlarının sevdiyi və ziyarət üçün həsrətində olduğu məkanlar sayılmışdır. Əsrlər boyunca inanclı ata-babalarımız nəqliyyat, rabitə və təhlükəsizliklə bağlı çətinliklərə dözərək min-bir əziyyətlə ziyarətə getmişlər.

Dünyasını dəyişmiş insanların cənazəsini müqəddəs torpaqlarda dəfn etmək halı geniş yayılmışdı. Hətta cənazələr bir neçə il “əmanət” saxlanılır, sonra imkan düşəndə Kərbəlaya və ya Nəcəfə aparılıb orada torpağa tapşırılırdı.

Nəcəf azərbaycanlılar üçün həm də elm mərkəzi, müctəhidlərin şəhəri demək idi. Maraqlıdır ki, nə çar Rusiyasının, nə də sovet hakimiyyətinin İslama qarşı yönəlmiş siyasəti bu bağlılığı aradan qaldıra bilməmişdi. Azərbaycanla Nəcəf hovzəsi arasındakı əlaqələrin kuliminasiya nöqtəsi XIX əsrə təsadüf edir. Bu dövrdə Azərbaycanın demək olar ki, bütün bölgələrindən, bütün iri şəhərlərindən yüzlərlə tələbə Nəcəfə gedərək dini təhsil almışdır. Azərbaycanın Lənkəran, Naxçıvan, Bakı kimi bölgələrindən hətta elə bir kənd tapmaq çətindir ki, oradan Nəcəf təhsilli alim çıxmamış olsun. Nümunə kimi araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, XIX əsrin ikinci yarısı - XX əsr əsrin birinci yarısında təkcə Bakının Maştağa kəndindən 30 nəfərdən artıq şəxs Nəcəfi-əşrəfdə təhsil almışdır. Onların əksəriyyətinin təhsil müddəti 15-25 il arasında olmuşdur.

Tədqiqatçı alim Adil Movlayi “Qafqazda elm dünyasının ulduzları” adlı kitabda 100 nəfər Azərbaycan alimi haqqında məlumat verir. Onların böyük əksəriyyətini Nəcəf, Kərbəla, Samirra hovzəsinin məzunları təşkil edir. Müəllif özü də müqəddimədə kitabın məhdud əhatə dairəsinə malik olduğunu vurğulayır, yalnız fotoşəkli qalmış alimlərin həyatını işıqlandırdığını qeyd edir. Əslində İraqda təhsil almış alimlərin sayı bundan qat-qat çoxdur. “Qafqazda elm dünyasının ulduzları” kitabında Lənkəran, Bakı, Naxçıvan, Gəncə, Quba, Salyan, İrəvan, Şamaxı bölgələrinə mənsub alimlər haqqında informasiya verilir: Şeyx Əbasəlt Badkubeyi, Mirzə Əbutürab Axundzadə, Mir Əbdülvahhab Maştağayi, Şeyx Cavad Əlizadə, Molla Müseyid Gəncəvi, Şeyx Həsən Nardarani, Şeyx Məhəmməd və Şeyx Fərəculla Pişnamazzadə Gəncəvilər, Mir Əşrəf ağa Salyani, Mir Haşım Salyani, Şeyx Qüdrətullah Lənkərani, Şeyx Bəşir Ərkivani, Seyyid Məhəmməd Badkubeyi, Mir Məhəmmədtəqi Təbatəbai Şirvani, Şeyx Müctəba Hatəmi Lənkərani, Seyyid Mürtəza Naxçıvani, Mirzə Yusif İrəvani, 1932-ci ildə güllələnmiş bakılı şəhid alimlər Şeyx Əbdülqəni, Şeyx Hənifə və Seyyid Məhəmməd, repressiya qurbanları Şeyx Həsən, Şeyx Rəsul və Şeyx Əhməd Nardaranilər, Mir Ələkbər Maştağayi, Mir Bağır Ağazadə Salyani və b.

Bunu qeyd etmək yerinə düşər ki, 1918-20-ci və 1944-52-ci illərdə Qafqazın şeyxülislamı vəsifəsini icra etmiş Zeynalabidin Əlizadə (Axund ağa), XX əsrin əvvəllərində bir neçə dini məzmunlu kitab (o cümlədən, “Zübdət əl-təvarix”, “Müxtəsər tarixi-İslam”, “Tarixi-ənbiyayi-üzam” və s.) yazmış Şeyx Həsən Mollazadə Gəncəvi, görkəmli şair Seyyid Əzim Şirvani və b. Nəcəfdə dini təhsil almışlar. 1904-cü ildə çap olunmuş Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin müəllifi Şeyxülislam Məhəmməd Həsən Mövlazadə Şəkəvinin də tərcümeyi-halında İraqda təhsil aldığı yazılır, amma hansı şəhərdə oxuduğu göstərilmir. Ehtimal edirik ki, o və mənbələrdə Bağdadda oxuduğu yazılan Bakı qazısı Mirməhəmmədkərim Mircəfərzadə (Azərbaycan dilində Quran təfsirinin müəllifi) Nəcəf şəhərində ilahiyyat təhsili almışlar.

Azərbaycanlı gənclər bir qayda olaraq, ibtidai təhsili yerli mollaxanada alır, daha sonra ya birbaşa Nəcəfə yollanır, ya da bundan əvvəl bir müddət İran Azərbaycanında hazırlıq dərsləri keçirdilər. Əsasən, Ərdəbil, Təbriz, Zəncan kimi şəhərlərdə, bəzən Tehranda təhsilin Nəcəfdən əvvəlki mərhələsi həyata keçirilirdi. Şəxsdən asılı olaraq, bir neçə aydan bir neçə ilə kimi davam edən hazırlıq mərhələsindən sonra tələbə Nəcəf hovzəsinə qədəm basırdı.

Azərbaycandan Nəcəfə yollanaraq təhsil almış tələbələrin bir hissəsi İraqın müqəddəs şəhərlərində (Nəcəf, Kərbəla) qalaraq, müəllimlik edir, əksəriyyəti isə müəyyən müddət təhsil aldıqdan sonra vətənə qayıdırdı. Bir qayda olaraq, İraq hovzəsinin böyük mərceyi-təqlidləri tələbəni bəlli səviyyəyə kimi yetişdirdikdən sonra şəraitdən asılı olaraq, ona ya Nəcəfdə qalıb təhsilini davam etdirməyi və dərs deməyi, ya da öz ölkəsinə qayıtmağı məsləhət görürdülər. Xüsusilə, Azərbaycan kimi rus işğalı altında olan və dini mübəlliğlərə ehtiyac duyulan ölkələrin mənsublarına öz ölkələrinə qayıtmaq daha çox tövsiyə edilirdi. Buna görə də, XIX əsrin ortalarından XX əsrin ortalarına kimi Azərbaycanda xeyli sayda Nəcəf təhsilli azərbaycanlı alim olmuşdur.


Yerləşdirilib:22 İyun, 2019, Baxılıb:1609, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com