Peyğəmbərlər - Allahla bəşər arasında vasitəçilər

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1035.html)

Peyğəmbər də bir insandır

Məşhur fransız alimi Emil Dermengem “Mühəmməd Peyğəmbərin (s) həyatı” kitabında peyğəmbərlərin əhəmiyyətini çox gözəl bənzətmə ilə ifadə etmişdir: “Quru torpağı cana gətirib münbitləşdirən Günəş, yağış, qar və s. təbiət hadisələri necə xeyirlidirsə, peyğəmbərlər də dünya üçün elə əhəmiyyətlidirlər”.

Qurani-Kərimdə dəfələrlə təkrar edilir ki, insanlara onların öz cərgələrindən peyğəmbər seçilib göndərilmişdir. Allah insanlara mələk ya cin növündən peyğəmbər yollaya bilərdi. Lakin bu zaman insanlar həmin məxluqu özlərindən əskik hesab edib ona tabe olmaq istəməzdilər, yaxud onu yad bilib sevməzdilər. Buna görə Allah insanlar üçün göndərdiyi peyğəmbərləri insanların öz içindən seçdi. Hətta bəzən müəyyən millət və tayfaların təəssübkeşlik etməmələri naminə onların öz içindən tanınmış və möhtərəm şəxsləri peyğəmbərliyə təyin etdi. Qurani-Kərimdə hər növ məxluq üçün yalnız öz cinsindən peyğəmbər göndərilməsi zərurəti belə vurğulanır: “De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik” (İsra, 95).

Peyğəmbərlərin sayi neçədir?

Dini mənbələrdə peyğəmbərlərin sayı barədə müxtəlif ədədlər göstərilib. Geniş yayılmış məlumata görə, peyğəmbərlərin sayı 124 min nəfər olmuşdur.

Allah-Taala heç bir milləti və tayfanı peyğəmbərsiz qoymayıb. Çünki Allahın mərhəməti və diqqəti istisnasız olaraq bütün insanlara aiddir. Qurani-Kərimin ayələrində buyurulur: “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz” (Yunis, 47). “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlib-getməsin” (Fatir, 24).

Qeyd etdiyimiz kimi, Allah Öz bəndələrinə qarşı çox mərhəmətlidir və ən zəruri halları çıxmaqla Öz bəndələrinə əzab göndərməz. Allah bir kəsi (və ya bir ümməti) tam xəbərdar etməyincə (buna dini mətnlərdə “hüccəti tamam etmək” deyilir) onu cəzalandırmaz. Allahdan üz çevirdiyinə görə dəhşətli əzabla məhv olmuş tayfaların da hamısına vaxtilə peyğəmbər göndərilmişdir: “Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik” (İsra, 15).

Yer üzündə hər millət öz dilində danışdığı üçün bütün millətlərə öz dilində danışan peyğəmbər göndərilib: “Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin.” (İbrahim, 4).

Peyğəmbərlərin sayı 124 min nəfər olsa da, onların çox az hissəsinin adı və əhvalatları tarixlərdə qalmışdır. Yəhudi, xristian və müsəlman mənbələrində üst-üstə cəmi 100 nəfərə yaxın peyğəmbərin barəsində məlumat vardır. Qurani-Kərimdə isə yalnız 26 nəfər səma elçisinin adı çəkilir. Quranda peyğəmbərlərin heç də hamısının adının çəkilməməsi bir neçə ayədə xatırlanır. Məsələn, ayələrin birində buyurulur: “Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik” (Qafir, 78).

Quranda adı çəkilən peyğəmbərlərin əksəriyyəti Fələstin, Babilistan və Ərəbistan ərazilərində yaşamışdır. Əlbəttə, yer üzündə yaşamış hər millət və tayfanın öz dilində danışan peyğəmbəri olmuşdur. Amma Həzrət Mühəmməd Peyğəmbər (s) ərəb millətindən olduğu və öz dinini öncə vətənində yaydığı üçün məhz Şərq peyğəmbərlərinin əhvalatını müsəlmanlara xəbər verməyi Allah məsləhət bilmişdir.

Qurani-Kərimdə 26 peyğəmbərin hamısı barədə eyni həcmdə və eyni dəqiqliklə bilgi verilməyib. Allah-Taala bəzi peyğəmbərlərin tarixini onlarla ayədə işıqlandırmış, bəzilərinin isə yalnız adını çəkməklə kifayətlənmişdir. Bu fərq hər şeydən əvvəl həmin peyğəmbərlərin sərgüzəştlərinin tərbiyəvi gücü və ibrətamiz xüsusiyyətləri ilə izah edilir. Allah-Taala Quranda o peyğəmbərlərin tarixini geniş təsvir etmişdir ki, onların həyatı müsəlmanlar üçün nümunə ola biləcək, eyni zamanda, anlaşılıb qəbul edilə biləcək hadisələrlə zəngindir.


Yerləşdirilib:11 Aprel, 2019, Baxılıb:1761, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com