İmam Əlinin (ə) bəzi məşhur ləqəbləri

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1032.html)

Siddiq əl-Əkbər (ən böyük doğrucul)

“Siddiq” sözünün ərəb dilindən tərcüməsi “doğrucul, düzgün danışan, sədaqətli” deməkdir. Qurani-Kərimdə bu söz tək və cəm (“siddiqun”, “siddiqin”) şəklində bir neçə işlənmişdir. Peyğəmbərlərdən Yusif (ə), İbrahim (ə) və İdris (ə) “siddiq” ləqəbi ilə Quranda təsvir edilmişlər (Yusuf, 46: Məryəm, 41 və 56).

“Siddiq” sözü əhli-sünnə mənbələrində birinci xəlifə Əbu Bəkrin ən məşhur ləqəbi kimi göstərilir. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) meraca gedib qayıtdıqdan sonra bu xəbəri camaata danışdıqda çoxları ona istehza edib güldülər. Amma Əbu Bəkr Peyğəmbərin (s) sözlərini doğru sayaraq təsdiq etdiyi və inandığı üçün müsəlmanlar ona “siddiq” deməyə başladılar. Bəzi alimlər “Zümər” surəsinin 33-cü ayəsini də bununla bağlı təfsir edirlər.

“Səhihi-Buxari”dəki bir rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əbu Bəkr, Ömər və Osmanla birlikdə Ühüd dağına qalxmışdı. Dağ onların altında silkələndi. Bu zaman Peyğəmbər (s) ayağını yerə çırpıb buyurdu: “Möhkəm dur, ey Ühüd dağı! Sənin üzərində peyğəmbər, siddiq və iki şəhid durublar” (Səhih əl-Buxari, 3686-cı hədis). Burada “siddiq” kəlməsi Əbu Bəkri, “iki şəhid” kəlməsi isə Ömər ibn Xəttabla Osman ibn Affanı ifadə edir (çünki onların hər ikisi sui-qəsd nəticəsində həlak olmuşlar).

Şiə mənbələrində isə “siddiq” ləqəbi Əli ibn Əbu Talibə (ə) aid edilir və bu ləqəbin Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən Ona verildiyi bildirilir. “Bihar əl-ənvar” kitabındakı bəzi rəvayətlərdə bildirilir ki, Əbu Bəkrin xilafətinin başlanğıcında Əli ibn Əbu Talib (ə) “əl-siddiq əl-əkbər” (ən böyük siddiq) və “əl-faruq əl-əzəm” (ən əzəmətli fərqqoyan) ləqəbləri ilə tanınırdı.

Məşhur hədis alimi İbn əl-Əsir “Üsüd əl-ğabə” kitabında Peyğəmbərin (ə) bu hədisini rəvayət edib: “Məndən sonra fitnə baş verəcək. O zaman Əli ibn Əbu Talibə tabe olun. O, qiyamət günündə mənimlə ilk görüşəcək və qucaqlaşacaq şəxsdir. O, ən böyük siddiqdir (siddiq əl-əkbər). O, bu ümmətin faruqudur; haqla batili bir-birindən ayırır. O, möminlərin başçısıdır” (5-ci cild, səh. 287). Bu hədisi Təbərani də “əl-Möcəm əl-kəbir”də təqdim edib (6-cı cild, səh. 269; 6184-cü hədis).

İbn Əbil-Hədid Şafii “Nəhc əl-bəlağə”yə yazdığı şərhdə İmam Əhməd ibn Hənbələ istinadən Peyğəmbərin (s) bu hədisini təqdim edir: “Siddiqlərin sayı üçdür: şəhərin ucqar nöqtəsindən tələsik gəlib İsanın həvarilərini müdafiə edən Həbib Nəccar, öz imanını gizli saxlayan Ali-Fironun mömini və Əli ibn Əbu Talib. Əli bunların ən üstünüdür” (İbn Əbil-Hədid. Şərh Nəhc əl-bəlağə, 9-cu cild, səh. 172).

“Sünən İbn Macə”də isə İmam Əlinin (ə) belə buyurduğu rəvayət edilib: “Mən Allahın bəndəsi və Onun Rəsulunun qardaşıyam. Mən ən böyük siddiqəm. Hər kim məndən sonra bunu söyləsə, o, yalançıdır. Mən camaatdan 7 il əvvəl namaz qılmağa başlamışam” (120-ci hədis).

Mənbələrdə bu mövzuya aid hədislərin sayı çoxdur. Əllamə Əbdülhüseyn Əmini “əl-Ğədir” kitabında Həzrət Əlinin (ə) “əl-siddiq əl-əkbər” ləqəbi ilə tanınması barədə onlarla əhli-sünnə mənbəyindən sübut gətirib (2-ci cild, səh. 312-314).

Faruq

Bu sözün ərəb dilindən tərcüməsi “fərq qoyan, fərqləndirən” deməkdir; haqla batili fərqləndirən və bunların bir-birinə qarışmasına imkan verməyən adam mənasında işlədilir. Bəzi mənbələrdə ikinci xəlifə Ömər ibn Xəttab bu ləqəblə xatırlanır. Ona bu ləqəbin Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verilməsi haqqında məlumatlar mövcuddur (Üsüd əl-ğabə, 4-cü cild, səh. 57). Lakin bu ləqəbin Ömər ibn Xəttaba əhli-kitabdan olanlar tərəfindən verildiyi haqqında da qeydlər vardır. Məşhur tarixçi Təbəri ilk dəfə Şam yəhudilərindən birinin Ömərə “ya faruq” deyə müraciət etdiyini yazır (Təbəri tarixi, 2-ci cild, səh. 448, hicri 15-ci ilin hadisələri, Qüdsün fəthi bölümü). İbn Kəsirin “əl-Bidayə və-l-nihayə” əsərində Həzrət Mühəmməd Peyğəmbərin (s) belə bir hədisi verilir: “Cənnətdə bir ağac var. Onun elə bir yarpağı yoxdur ki, üzərində bu cümlə yazılmamış olsun: “La ilahə illəllah, Mühəmmədun rəsulüllah, Əbu Bəkr əl-siddiq, Ömər əl-faruq, Osman zün-nureyn”. Lakin İbn Kəsir bu hədisi verdikdən dərhal sonra onun zəif olduğunu bildirir (10-cu cild, səh. 365-366).

Şiə məzhəbində “faruq” ləqəbi İmam Əli ibn Əbu Talibə (ə) aid edilir və bu ləqəbin Ona Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verildiyi bildirilir. Hətta bəzi əhli-sünnə mənbələrində də belə məzmunlu hədislər gözə çarpır. Məsələn, hənəfi məzhəbli məşhur alim Xətib Xarəzmi “əl-Mənaqib” kitabında İslam Peyğəmbərinin (s) belə buyurduğunu rəvayət edib: “Məndən sonra fitnə yaranacaq. O zaman Əli ibn Əbu Talibə tabe olun ki, o, haqla batil arasında fərq qoyandır” (səh. 105, 108-ci hədis). İmam Əli (ə) haqqında Peyğəmbərin (s) bu hədisini əhli-sünnə alimlərindən İbn əl-Əsir (“Üsüd əl-ğabə”, 5-ci cild, səh. 287), Müttəqi Hindi (“Kənz əl-ümmal”, 11-ci cild, səh. 612, 32964-cü hədis), Şeyxülislam Həmmuyi (“Fəraid əl-simteyn”, 1-ci cild, səh. 178) və başqaları da qeyd etmişlər.


Yerləşdirilib:27 Mart, 2019, Baxılıb:2055, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com