İmam Əli Nəqinin (ə) hədislərindən seçmələr

Həzrətin şəhadətinin ildönümü münasibətilə

İmam Nəqi (ə) yaxınlarından birinə buyurdu ki, filankəsi (gördüyü pis işlərə görə mənim adımdan) danla (tənbeh et) və ona söylə: “Allah bir bəndəyə yaxşılıq etmək istəyəndə elə edər ki, onu başqası danlayanda sözünü qəbul edər” (“Tühəf əl-üqul”).

“Hər kim Allaha münasibətdə təqvalı olsa, başqaları da ondan çəkinərlər. Hər kim Allaha itaət etsə, başqaları da ona itaət edərlər. Hər kim Yaradana itaət etsə, yaradılmışların qəzəbindən (əziyyətindən) qorxmaz. Amma kim Yaradanı qəzəbləndirsə, yaradılmışların da əziyyətinə düçar olar” (“Bihar əl-ənvar”).

“Dünya bir bazardır, bəziləri burada qazanır, bəzilər isə uduzur (itirir)” (“Müstədrək əl-Vəsail”).

“Allah dünyanı bəla məkanı, axirəti isə əbədi məkan qərar verib. Bu dünyadakı bəlalar axirətdə savab qazanmağa səbəb olar. Axirət savabı dünya bəlalarının əvəzidir” (“İlam əl-din”).

“Hər kim özündən razı olsa, ona əziyyət verənlər (onu çətinliyə salanlar) çox olar” (“Müntəha-l-amal”).

“Hər kimin Allahdan istəyi varsa, qüsl alıb babam Rzanın (ə) Tusdakı (Məşhədin keçmiş adı) qəbrini ziyarət etsin, onun məzarının baş hissəsində iki rükət namaz qılıb qünutda istəyini Allaha bildirsin. Günah işlər və qohumlarla əlaqəni kəsməkdən başqa bütün istəklər bu yolla həll olar” (“Vəsail əl-şiə”).

“Həsəd yaxşı əməlləri məhv edər, yalan isə düşmənçilik yaradar” (“Bihar əl-ənvar”).

“İnsanlar dünyada öz malları, axirətdə isə əməlləri ilə birlikdədirlər” (“Bihar əl-ənvar”).

“Hər kim öz (din) qardaşları ilə münasibətdə təvazökarlıq etsə, Allahın hüzurunda doğrucullardan (siddiqlərdən) və Əli ibn Əbitalibin (ə) həqiqi tərəfdarlarından sayılar” (“İhticac”).

O həzrətdən helmin mənası barədə soruşdular. Buyurdu: “Helm odur ki, özünə sahib olasan (özünü tam nəzarətdə saxlaya biləsən) və intiqam almağa gücün olduğu halda qəzəbini udasan” (“Müstədrək əl-Vəsail”).

“Sənin ixtiyarın altında olmayanlara qarşı (haqsız) qəzəblənmək acizlik əlamətidir, əlin altında olanlara qarşı qəzəblənmək isə alçaqlıqdır” (“Müstədrək əl-Vəsail”).

“Əgər insanlar ölümdən sonrakı nemətləri tanısaydılar, özlərinə ölüm arzulayardılar; ağıllı xəstə sağalmaq üçün dərmanı necə istəyirsə, ölümü ondan da artıq sevərdilər” (“Məani-l-əxbar”).

Bir nəfər həyat yoldaşının oğul dünyaya gətirməsi üçün dua etməsini İmamdan (ə) xahiş etdi. Həzrət buyurdu: “Nə çoxdur elə qız uşaqları ki, oğuldan daha yaxşıdırlar” (“Bihar əl-ənvar”).

“(Əlinizə gələn) nemətləri başqalarına da verin. Nemətlərə şükür etməklə onları artırın” (“Müstədrək əl-Vəsail”).

“Haram mal artmaz; artsa da, bərəkəti olmaz. Haram malı paylasan da, savab qazanmazsan. Yığıb saxlasan, cəhənnəmin yolunda sənə yük olar” (“Bihar əl-ənvar”).


Yerləşdirilib:9 Mart, 2019, Baxılıb:2046, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com