Bütün həmdlər Allaha məxsusdur

“Əlhəmdu lillahi Rəbbil-aləmin” ayəsinin təfsiri

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html)

Allahdan başqa heç kim dolğun və mütləq həmdə layiq ola bilməz. Hətta başqalarına edilən həmdlər də son mənada Allahın müqəddəs zatına qayıdır.

Təfsir kitablarında bu fikrin sübutu üçün bir neçə dəlil göstərilmişdir. Aşağıda həmin dəlillərin ən mühümlərini qısa şəkildə qeyd edirik.

1. Allah-Taala mütləq gözəllik və kamillik mənbəyidir, buna görə də əsl həmd Ona edilməlidir. Allah-Taala hər cür nöqsandan və eyibdən uzaqdır, Onun bütün felləri də nöqsandan uzaq və kamil səviyyədədir. Ümumiyyətlə, kainatda hər canlının əməlləri onun keyfiyyətindən, xüsusiyətlərindən xəbər verir. Qurani-Kərimdə buyurulur: “De ki, hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər” (İsra, 84). İnsan Alahın zatının kamilliyini birbaşa dərk edə bilməz, onun şüuru bundan acizdir. O, Allahın fellərindəki kamilliyə (hər şeyi nizamla yaratması, onlara ruzi verməsi və s.) diqqət yetirsə, başa düşər ki, bu kamil fellərin faili (icraçısı) da tamamilə kamil və nöqsansız olmalıdır. Allahın kamilliyi və nöqsansızlığı tələb edir ki, Ona həmd olunsun. Çünki kamil və gözəl vücuda həmd söyləməmək ən azı insafsızlıqdır.

2. Yuxarıda qeyd etdiyimiz kimi, həmd hər bir kəsin öz ixtiyarı ilə etdiyi yaxşı hərəkət, yaxud qazandığı müsbət xüsusiyyət müqabilində onu təmənnasız tərifləməkdir. Düzdür, həmd olunan şəxs həmdə layiq hərəkəti öz istəyi və iradəsi ilə icra edir, yaxud həmdə layiq sifəti öz iradəsi ilə qazanır. Lakin, şübhəsizdir ki, onu bu yola hidayət edən Allahdır. Deməli, əslində həmdə layiq olan hərəkətin və sifətin ilk səbəbkarı və təkanverici qüvvəsi Ulu Yaradandır. Belə isə, əsl həmd də Ona ünvanlanmalıdır.

3. Həqiqi həmd ona görə Allaha məxsusdur ki, Onun bütün nemətləri lütfdür, təmənnasızdır. Allah Özü ehtiyacsız olduğu halda, hamının ehtiyaclarını ödəyir: “Allah ehtiyacsızdır, siz isə ehtiyaclısınız” (Mühəmməd, 38). Əlbəttə, başqalarına təmənnasız ehsan edən bir vücud həmdə daha layiqdir. Buna görə də Allaha həmd etməmək (yaxud həmdi danmaq) vicdana uyğun deyildir.

4. Aləmdəki hər şey Allahın təcəllası olduğu üçün, son mənada həmd də Allaha ünvanlanmalıdır.

Miladi XII əsrdə yaşamış məşhur mütəfəkkir Şeyx Şihabəddin Sührəverdi (1154-1191) İslam fəlsəfəsində yeni bir cərəyan yaratdı. Bu cərəyan “işraqilik” adlanırdı. Qısa müddət ərzində işraqilik görünməmiş sürətlə inkişaf edərək, İslam fəlsəfəsində aparıcı yer qazandı. İşraq fəlsəfəsinə görə, Allah-Taala mütləq nur mənbəyidir: “Allah göylərin və yerin nurudur” (Nur, 35). Allahdan başqa bütün varlıq aləmi Onun təcəllası, yəni nurunun zahir olma yeridir. İşraqilikdən əvvəl fəlsəfədə hakim olmuş və Aristotelin görüşlərinə dayaqlanan məşşai cərəyanında bütün məfhumlar 2 qrupa bölünürdü: varlıq (vücud) və yoxluq (ədəm). Vücud da iki qrupa ayrılır: vacibül-vücud və mümkünül-vücud.

Vacibül-vücud elə bir varlıqdır ki, onun mövcudluğu zərurətdir, onun yoxluğu mümkün deyildir. Daha doğrusu, onun yoxluğu təsəvvür edilməzdir. Həmçinin, vacibül-vücud heç nəyə möhtac deyildir, öz-özünə dayanıqlıdr (buna “qaim biz-zat” deyilir, yəni öz zatına bağlı və dayanıqlı). Mümkünül-vücud isə elə varlıqdır ki, onun həm varlığı, həm də yoxluğu eyni dərəcədə mümkündür. Mümkünül-vücudun yoxluğu ilə varlıq alıminə köklü ziyan gəlməz. Mümkünül-vücud öz varlığını davam etdirmək üçün mütləq vacibül-vücuda möhtacdır, ondan asılıdır, yəni ona dayanıqlıdır.

Şeyx Sührəverdi belə bir nəzəriyyə irəli sürdü ki, varlıq elə nur deməkdir. Nur (varlıq) iki qismdir: öz zatına dayanıqlı nur (nuri-qaim) və başqasına dayanıqlı nur.

Öz zatına dayanıqlı nur yalnız Allahdır (bu, elə həmin vacibül-vücud deməkdir). Allahdan başqa heç kim və heç nə bu ada layiq deyildir. Allahdan savayı hər şey öz nurunu Ondan alır və Ona dayanıqlıdır (bu da həmin mümkünül-vücud məfhumudur). Bütün varlıq aləmi Allah tərəfindən yaradılqığı kimi, həm də öz varlığını davam etdirmək üçün hər an Allaha möhtacdır. Varlığın mövcudluq imkanı birbaşa Allahdan asılıdır. Varlıq aləmi öz varlığını davam etdirmək üçün Allahın himayəsini tələb edir. Allahdan savayı bir şey varsa, demək, mütləq onun himayədarı və mənbəyi olan Allah da vardır. Çünki təcəlla varsa, demək, nur da vardır.


Yerləşdirilib:1 Mart, 2019, Baxılıb:2391, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com